
"İRAN BÖHRANI" ADLI BÖYÜK ŞOU
Mahmud Əhmədinejat müasir "Siyasi aktyor" adına layiqdir
Müəllif: Eldar PAŞAYEV Bakı
İranın nüvə proqramı ətrafında yaranmış böhran bütün lazımi şou keyfiyyətlərinə malik serialı xatırladır: gizli intriqalar, söz atışması, casusluq ittihamları, səs-küylü ifşa faktları, hədələr, nəhayət, ən başlıcası, dünyanın hər an aviabomba səsi eşidə biləcəyinə edilən işarələr. Tamaşanın əsas qəhrəmanları isə əlbəttə ki, Corc Buş və Mahmud Əhmədinejatdır. Rejissorluğa görə də məsuliyyəti onlar daşıyırlar. Amerika və İran prezidentləri missiyalarının öhdəsindən məharətlə gəlirlər - onların iştirak etdikləri hər epizodda təbiilik və saxta olmayan həyəcan var.
Lakin bu beynəlxalq layihədə digər personajlar və məsələyə aidiyyəti olan insanlar da var. Sadəcə, onların missiyaları heç də həmişə nəzərə çarpmır və heç də hamı həmin personajların mövcudluğunu etiraf etmək istəmir. Məsələn, bəzi britaniyalı, rusiyalı və israilli siyasətçilərin burada iştiraklarını qeyd etmək yerinə düşər, çünki şounun daha maraqlı olmasında onların da rolu az deyil.
Buraya digər Avropa ölkələrindən, həmçinin, Yaxın Şərqdən olan "siyasi aktyorları" da əlavə etmək mümkündür.
Süjetə gəlincə, onun İranın nüvə dosyesi ilə əlaqəli olduğu yalnız ilk baxışda hiss edilir. Tamaşanı diqqətlə izləyən və onun bir epizodunu belə nəzərdən qaçırmamağa çalışan tamaşaçılar serialda bir neçə xəttin olduğunu və onların bir nöqtədə birləşdiyini, həmçinin, filmi məhz bu amilin belə cəlbedici etdiyini çoxdan anlayır. Söhbət Yaxın Şərq karbohidrogenlərindən, sünni-şiə qarşıdurmasından, nəhayət, regional və dünyəvi liderlik uğrunda mübarizədən gedir.
Bununla yanaşı, serialın uğuru ondadır ki, tamaşaçının hər biri orada özünə yaxın tərəfi tapa bilir. Yəni, müxtəlif səbəblərdən amerikalıları, iranlıları, yəhudiləri, müsəlmanları, xristianları, mollaları, şiələri, sünniləri, varlıları, kasıbları və s. sevməyən hər bir şəxs bu süjetdən razı qalır. Ən başlıcası isə şounun nə ilə nəticələnəcəyi heç kəsə məlum deyil.
Odur ki hələlik ən incə fantaziyalara belə yer tapılır. Çox güman ki, bütün yaxşı seriallarda olduğu kimi, burada da sonluq işin gedişinə əsasən düşünüləcək və oynanılacaq. Hər şey şounun prodüserlərinin hansı məqsədlər güdməsi və layihəyə nə qədər pul xərcləməyə hazır olmasından asılıdır. Bu isə Böyük Sirrdir.
Əsas səhnə № 1: "Qətnamə qəbulu"
Xalq məsəlində deyildiyi kimi, "Hər bir zarafatda, müəyyən həqiqət var". Bu deyim qeyd olunan vəziyyətlə bağlı da tamamilə yerinə düşür. Həqiqətən də BMT Təhlükəsizlik Şurasında keçirilən növbəti səsvermə yaxşı oynanılan səhnəciyi xatırlatmırmı? Ötən ay Təhlükəsizlik Şurasının, Rusiya və Çin də daxil olmaqla, 15 üzvünün hər biri İranla bağlı 1747 saylı yeni qətnamənin qəbuluna səs verib. Sənəd ötən ilin sonunda qəbul olunan və Tehran tərəfindən birmənalı şəkildə rədd edilən 1737 saylı qətnaməni əvəz edib. Maraqlıdır ki, son qətnamə özündən əvvəlkindən ciddi şəkildə fərqlənmir: İrana yenə də dinc xarakter daşımayan nüvə proqramını dayandırmaq üçün 60 gün vaxt verilir. Sənəddə yenilik, sadəcə, islam respublikasının uranın zənginləşdirilməsi və raket istehsalı layihələrinə aidiyyəti olan 13 şirkətinin və 15 fiziki şəxsin hesablarının dondurulmasıdır. İri dövlətlər, eyni zamanda, hamını İrana silah satışından və kredit verilməsindən yayınmağa çağırıb. Müəyyən viza məhdudiyyətləri də yeni qətnamədə əksini tapıb. Bununla yanaşı, qadağalar humanitar proqramlar və əvvəllər imzalanmış iqtisadi sazişlərə aid edilməyib. Təbii ki, yeni qətnamə Tehranı güzəştlərə məcbur etmədi və hər şey olduğu kimi qalır. Amma Mahmud Əhmədinejat həmişəki kimi "tamaşaçıları" darıxmağa qoymadı. Əvvəlcə - qətnamənin səsə qoyulduğu gün - BMT Təhlükəsizlik Şurasında şəxsən çıxış etmək üçün Nyu-Yorka uçacağını bəyan edən Əhmədinejatın bu səfəri baş tutmayıb. Bunun dəqiq səbəbi isə naməlum olaraq qalır: ya İran lideri fikrini dəyişib, ya da Tehranın iddia etdiyi kimi, ABŞ rəhbərliyi Əhmədinejatın Nyu-York səfərini əngəlləmək üçün əlindən gələni edib. İstənilən halda, prezidentin qətnaməyə elə "evindən" verdiyi reaksiya da kifayət qədər sərt olub. Xüsusilə, Əhmədinejatın İran xalqının qətnaməyə səs verənləri unutmayacağı haqda bəyanatı daha yaddaqalan idi.
Əsas səhnə № 2: "Buşəhr AES"
Aydındır ki, Əhmədinejatın bu vədi əsasən son zamanlar Tehranı əvvəlkitək müdafiə etməyən Rusiyaya ünvanlanıb. Buna səbəb, yəqin ki, İranın Moskvaya istədiyi qarşılığı verməməsidir ki, nəticədə, Rusiya çəkdiyi əziyyətə dəymədiyini anlayıb. Bu üzdən də serialın növbəti epizodunun Buşəhr Atom-Elektrik Stansiyası ətrafında oynanılması təəccüb doğurmur.
Məlum olduğu kimi, bu stansiyanın tikintisi ilə məhz rusiyalı mütəxəssislər məşğul olurlar. Xatırladaq ki, ötən ilin payızında "Rosatom"un rəhbəri Sergey Kiriyenko sözügedən AES-in inşasının başa çatmasından, təxminən, yarım il əvvəl, 2007-ci ilin martında İranda nüvə yanacağı ilə təchizatın həyata keçiriləcəyini bildirmişdi. Lakin fevralda Moskva qeyd olunan müddəti uzadaraq bildirib ki, İran bunun üçün lazımi məbləği ödəmir. Bu fikirlər İranın Atom Enerjisi Təşkilatının rəhbəri Qulamrza Ağazadənin belə bir açıqlama ilə çıxış etməsinə səbəb olub: "Ruslar bizə enerji nəql etmək istəmirlərsə, bizim özümüzün uranı zənginləşdirmək ehtiyacımız yaranır". İranın versiyasına görə, bu addımla Moskva Tehranı nüvə proqramını sürətləndirməyə təhrik edib. Qarşı tərəf isə Buşəhr AES-də işləri dayandırmaqla beynəlxalq ictimaiyyət tərəfindən ünvanına səsləndirilən tənqidlərdən yaxa qurtarmaq qərarına gəlib. Belə ki, Moskva sözügedən stansiyada gördüyü işlərlə bağlı dəfələrlə dünya ictimaiyyəti tərəfindən tənqidlərə məruz qalıb. Hər halda məlumdur ki, Rusiya ilə İran arasında ödənişlə bağlı problem heç də birinci dəfə meydana çıxmayıb. Sadəcə olaraq, artıq Moskvanın bu amildən istifadə etməsinin vaxtı yetişib. Bu kontekstdə bir müddət əvvəl Rusiyada nəşr olunan "Nezavisimaya qazeta"da yer alan məqaləni xatırlatmaq yerinə düşər. Müəllifin fikrincə, Fars körfəzində hərbi əməliyyatların başlanması Rusiya üçün iqtisadi cəhətdən səmərəli ola bilər. Söhbət bu halda neftin qiymətinin sürətlə artacağından gedir. Məlum olduğu kimi, İran dəfələrlə bəyan edib ki, ABŞ tərəfindən hücuma məruz qalacağı halda, dərhal Hörmüz boğazı və Fars körfəzini bağlayacaq. Dünyaya neft ixracının 20%-dən artığının isə məhz bu boğaz və körfəzdən keçdiyi məlumdur.
Əsas səhnə № 3: "300 spartalı və 15 britaniyalı"
Martın 23-də İran sərhədçilərinin 15 britaniyalı dəniz piyadasını əsir götürməsindən sonra həm BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə Tehranın reaksiyası, həm də Buşəhr AES ətrafında yaşananlar arxa plana keçdi. Qeyd edək ki, saxlanılan britaniyalı hərbçilər İranın su sərhədlərini pozmaqda və casusluqda ittiham olunurdu. Tehran qanunvericiliyi belə şəxslər barəsində ömürlük həbs cəzasını nəzərdə tutur. London isə öz növbəsində İranın ittihamlarını birmənalı olaraq rədd edərək, hərbçilərin İraq sularından kənara çıxmadıqlarını bildirirdi. Hər halda, bu məsələ düz 13 gün davam etdi və bu müddət ərzində saxlanılan dənizçilər İranın dövlət sərhədlərini pozduqlarını etiraf edərək, ölkə rəhbərliyindən üzr istədilər, hətta Toni Bler və Corc Buş siyasətinin qurbanına çevrilmələrinə dair məktub da yazdılar.
Yeri gəlmişkən, ABŞ prezidenti sözügedən hərbçiləri "girov" adlandırıb. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Əli Hüseyn keçirdiyi mətbuat konfransında Ağ ev sahibinin açıqlamasını cavabsız qoymayaraq, Buşa "qeyri-rasional, düşünülməmiş və savadsız iradlardan çəkinməyi" və "vəziyyəti ağırlaşdırmamağı" məsləhət görüb.
Qeyd etmək lazımdır ki, ABŞ hökuməti 15 hərbçinin yanvarda amerikalı hərbçilərin İraqın Ərbil şəhərində keçirdiyi əməliyyat nəticəsində saxlanılan beş iranlı ilə dəyişdirilməsi versiyasını birmənalı olaraq rədd edib. Xatırladaq ki, həmin iranlılara qarşı da casusluq və İraq yaraqlıları ilə əlaqə ittihamı irəli sürülüb. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, bəzi xarici mətbuat vasitələri ABŞ-ın əvvəlcə İranın Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini Məhəmməd Cəfərini və İslam Respublikasının İnqilab Qvardiyası Kəşfiyyatının rəhbəri, general Məniçöhr Fruzandunu həbs etməyi planlaşdırmasına dair məlumatlar yayıb. Üstəlik, Ərdəbilin yerləşdiyi Kürdüstan regional hökuməti administrasiyasının rəhbəri də təsdiqləyib ki, amerikalıların əməliyyatı zamanı həm Cəfəri, həm də Fruzandu İraqda olub. Bu dərəcədə yüksəkrütbəli şəxslərin həbs edilməsi planının olması isə bir daha ABŞ ilə İran arasında gərginliyin nə dərəcədə yüksək olduğunu göstərir. Bundan başqa, britaniyalı hərbçilərin İran sərhədçiləri tərəfindən saxlanıldığı vaxt ABŞ-ın Dövlət Departamenti İranın cənubunda Amerika vətəndaşının yoxa çıxması haqda məlumat yayıb.
Uzun müddət itmiş vətəndaşın şəxsiyyəti haqda açıqlama verilməsə də, sonradan onun adının Robert Levinson, özünün isə Federal Təhqiqatlar Bürosunun sabiq əməkdaşı olduğu üzə çıxıb.
Hadisələrin bundan sonrası daha da maraqlıdır. "Ey-Bi-Si nyus" informasiya agentliyinin ABŞ və Pakistanın xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumatda bildirilir ki, 2004-cü ildən Mərkəzi Kəşfiyyat İdarəsi Pakistanın "Cundallah" ("Allahın əsgərləri") terrorçu qruplaşmasının fəaliyyətini koordinasiya edir. Qruplaşmanın üzvləri və başçısı Əbdülmalik Riqinin əsas fəaliyyəti İran hərbçilərinin, həmçinin, hökumət nümayəndələrinin oğurlanması və qətlə yetirilməsidir. Yeri gəlmişkən, sözügedən qruplaşma İranın Hazidan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun zabitinin də içərisində olduğu avtobusa edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu heç də yeganə hadisə deyil.
Onu da qeyd edək ki, İranın Pakistan və Əfqanıstanla sərhəddə yerləşən, sünnilərin üstünlük təşkil etdiyi Bəlucistan və Sistan əyalətləri digərlərindən xeyli geri qalır. Bu ərazi eyni zamanda narkotik qaçaqmalı üçün əsas dəhliz sayılır. Mahmud Əhmədinejat hakimiyyətə gəldikdən sonra bu əyalətə özünün köhnə dostunu (təbii ki, şiə) rəhbər təyin edib və əraziyə geniş hərbi birləşmələrin göndərilməsinə qərar verib. Beləliklə, "Ey-Bi-Si"nin yaydığı məlumat həqiqətdirsə, ABŞ-ın İranın kifayət qədər zəif cəhətindən lazımınca yararlandığı məlum olur. Xatırladaq ki, ABŞ öz əməllərini xüsusi xidmət orqanlarının İraq yaraqlılarına partlayıcı maddələrin məhz İrandan keçirilməsi haqda məlumatlara malik olması ilə əsaslandırır.
Britaniyalı dəniz piyadaları ilə bağlı məsələyə qayıdaraq, qeyd edək ki, bu proses Mahmud Əhmədinejat tərəfindən hazırlanmış parlaq finalla yekunlaşıb. Yalnız onu xatırlatmaq kifayətdir ki, İran prezidenti həmin hərbçilərin ona minnətdarlıq etməsinə nail olub və kifayət qədər xoş olmayan bu hadisədən xeyirxah insan imici ilə çıxmağı bacarıb.
Baş verənlərin əvvəlcədən diqqətlə planlaşdırıldığı da istisna olunmur. Çox güman ki, burada Əhmədinejatın əsas məqsədi dünyaya heç də kütləvi qırğın silahını "əzizləyən" kütbeyin tiran və fanatik olmadığını nümayiş etdirmək olub.
Yeri gəlmişkən, bu, həqiqətən belədirsə, britaniyalı hərbçilərin saxlanılması ABŞ-ın bütün sivil dünyaya "Fars körfəzindəki təhlükədən danışan" mübahisəli "300 spartalı" filminə layiqli cavab olub. Görünür, əlində Hollivud studiyaları olmayan Əhmədinejat təbii çəkilişlərə üstünlük verib.
Lakin digər bir versiya da var: Böyük Britaniyanın sərt inadı və ABŞ tərəfindən hücuma məruz qalacağı ilə bağlı məlumatlar qarşısında qalan Tehran simasını itirmədən geri çəkilmək qərarına gəlib. Bir sıra analitiklər, hətta belə bir fikir irəli sürür ki, britaniyalıların saxlanılması, Rusiya hərbçilərinin Pentaqonun İrana hücuma hazırlaşması haqda açıqlamaları və Corc Buşun "girovlar" haqda bəyanatı eyni zəncirin bəndləridir.
Ümumiyyətlə, britaniyalı hərbçilərin məsələsində xeyli anlaşılmaz məqam qalmaqdadır - xırdalıqlardan tutmuş (məsələn, əsir götürülmüş qadın hərbçi nəyə görə hicabı gah çıxarırdı, gah geyinirdi?), əsas məsələlərədək (Tehranın hərbçiləri buraxmaq qərarına nə səbəb oldu?). Hər halda, versiyalar həddindən artıq çoxdur.
Əsas səhnə № 4: "Baş tutmayan sancma"
Amma bütün qeyd olunan intriqalar müxtəlif KİV-də ABŞ-ın İrana hava zərbələri endirəcəyilə bağlı məlumatların yaratdığı ajiotajın yanında zəif təsir bağışlayır. Guya aprelin 6-sı saat 04:00-a təyin olunan, şərti olaraq "Sancma" (Bite) adlandırılan əməliyyat haqda məlumat Rusiyanın "Arqumentı nedeli" qəzetində yer alıb. Bundan sonra isə "Rusiyanın güc strukturlarındakı mənbəyə" və İsrail xüsusi xidmət orqanlarına istinadən İnternetdə bu haqda geniş məlumatlar yayılmağa başlayıb. Geosiyasi Elmlər İnstitutunun vitse-prezidenti Leonid İvaşovun Vaşinqtonun yaxın günlərdə İranın müxtəlif nüvə obyektlərinə zərbə endirməyə hazırlaşması haqda açıqlaması isə "odun üstünə yağ töküb".
ABŞ Hərbi Hava Qüvvələrinin İrana hücuma hazırlaşması haqda məlumatlar digər rusiyalı rəsmilərin dilindən də səslənib ki, burada Rusiya Baş Qərargahının rəisi Yuri Baluevski və xarici işlər nazirinin müavini Andrey Denisovun adlarını çəkmək olar.
Daha sonra 15 britaniyalı hərbçinin İran sərhədçiləri tərəfindən saxlanılması aprelin 6-na təyin olunmuş hücumla bağlı ehtimalları daha da artırmışdı.
Qeyd etmək lazımdır ki, bütün bu məlumatlar Azərbaycanda da təbii olaraq böyük həyəcan yaratdı. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Metü Brayzanın açıqlaması prosesi daha da qızışdırdı. Xatırladaq ki, Gürcüstanda səfərdə olan Brayza bildirmişdi ki, ABŞ İrana hücum edəcəyi halda, Azərbaycanın hərbi aerodromlarından da istifadə oluna bilər. Lakin deyilənlər dərhal Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib olundu. Prezident İlham Əliyevin Azərbaycanın ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyatların reallaşdırılmasında istifadə edilməyəcəyi haqda dəfələrlə səsləndirdiyi bəyanatları da unutmaq olmaz. Lakin bununla yanaşı, həm Azərbaycanda, həm də digər ökələrdə bir sıra mətbuat orqanları aprelin 6-dək mövzunun müzakirəsini davam etdirdi.
Məlum olduğu kimi, proqnozlar doğrulmadı və artıq ABŞ-İran müharibəsinin başlanacağı ilə bağlı yeni tarixlər səsləndirilməyə başlanıb. Bir çox ekspertlərin fikrincə, tərəflər arasında ehtirasların yenidən qızışması mayın sonlarında gözlənilir. Xatırladaq ki, İrana nüvə proqramının icrasını dayandırması üçün verilən müddət də məhz mayın sonunda başa çatacaq. Elə həmin vaxt Fars körfəzinə ABŞ-a məxsus üçüncü təyyarədaşıyan gəmi gələcək.
Bəzi məlumatlara görə, İranla yanaşı, Suriya və Livan da ABŞ-a qarşı müharibəyə hazırlaşır.
Odur ki tamaşaçılar "İran böhranı" adlı şounun hələ çox epizodlarının şahidi olacaqlar.
MƏSLƏHƏT GÖR: