
BAĞDADA ULTİMATUM
Artıq vaşinqton türkiyənin iraqın şimalında hərbi əməliyyatlar keçirməsinə o qədər də sərt şəkildə etiraz etmir
Müəllif: Ramin ABDULLAYEV Bakı
Aprelin əvvəli Türkiyə ilə İraq arasında münasibətlərin qəflətən pisləşməsi ilə yadda qaldı. Ankaranın İraq siyasətinin dəyişməz qaldığı və "status-kvo"nun Türkiyədə mayda keçiriləcək prezident seçkisinin nəticələri məlum olanadək dəyişməyəcəyi haqda proqnozlar doğrulmadı. Münasibətlərin gərginləşməsinə isə Şimali İraqın kürd icmasının lideri, Kürdüstan Demokratik Partiyasının (KDP) rəhbəri Məsud Bərzaninin bəyanatı səbəb oldu.
Söhbət onun "Türkiyə Ordusunun Şimali İraqa girərək Kərkük şəhərini tutacağı halda, İraq kürdlərinin cavab olaraq Türkiyənin Diyarbəkir şəhərini ələ keçirəcəkləri" ilə bağlı bəyanatından gedir. Kürd liderinin bu açıqlamasına ilk və sərt reaksiya Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğandan gəldi: "Ankara Məsud Bərzaninin Şimali İraqda öz nüfuzunu yüksəltmək məqsədilə ortaya atdığı "şou"ya uymayacaq. Yalnız onu deyə bilərəm ki, Bərzani səsləndirdiyi hədənin cüzi bir hissəsini də reallaşdıra bilməz. Amma qoy o əmin olsun ki, Ankara səsləndirdiyi fikirlərə görə onu peşman edəcək".
Türkiyənin xarici işlər naziri Abdulla Gül daha konkret danışıb: "Cavab uzaqda deyil və o, İraqda da yaxşı eşidiləcək".
Qeyd edək ki, Bərzaninin səsləndirdiyi "hədələr" Abdulla Gül ilə ABŞ-ın dövlət katibi Kondoliza Rays arasında təcili telefon danışığına səbəb olub və müzakirələrdə rəsmi Ankaranın İraqdakı situasiyadan narahat olduğu vurğulanıb.
Bütün bunlara baxmayaraq, bəlkə də Ankara ənənəvi "diplomatik addımlar"la kifayətlənəcəkdi, lakin Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarının türk əsgərlərə hücumu və nəticədə, 10 türkiyəli hərbçinin qətlə yetirilməsi vəziyyəti gərginləşdirib. Nəticədə, yaraqlıların ələ keçirilməsi üçün İraqla sərhəd əyalətlərdə genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı isə PKK terrorçularının ölkə ərazisinə Şimali İraqla sərhəddən keçdiyini bəyan edib. Bununla da Baş Qərargah rəsmi Ankara qarşısında PKK-nın "köməkçi"lərinə təcili "cavab" verilməsi tələbini qoyub.
Ankaranın üç şərti
İndiyədək ABŞ-ın neqativ reaksiyası üzündən İraqa qarşı sərt bəyanatlar səsləndirməkdən çəkinən Türkiyə XİN bu dəfə Bağdada nota göndərib və bunu hətta ultimatum kimi qəbul etmək də mümkündür. Belə ki, notanın mətnində üç konkret tələb qoyulub və Türkiyə-İraq münasibətlərinin bundan sonra necə inkişaf edəcəyinin məhz bu tələblərə əməl olunub-olunmamasından asılılığı qeyd edilib. Tələblər isə bunlardır:
birincisi, Bağdad ölkənin şimal hissəsində terrorçu bazalarının zərərsizləşdirilməsi üçün təcili tədbirlər görməlidir. Əks təqdirdə, Ankara beynəlxalq hüquqa əsaslanaraq öz milli maraqları üçün təhlükə yaradan halların aradan qaldırılması məqsədilə lazımi tədbirlər görəcək. Bu kontekstdə o da vurğulanır ki, indiyədək qeyd olunan istiqamətdə Bağdad tərəfindən atılan addımların heç biri Türkiyəni qane etməyib.
ikincisi, Ankara İraqdan Türkiyə ərazisində törədilən partlayışlar və digər terror aksiyalarında günahkar bilinən şəxslərin onlara təhvil verilməsini tələb edib. Qeyd edək ki, hələ bir il əvvəl Türkiyə terrorçuların dəyişdirilməsi ilə bağlı sənədi İraq hökumətinə təqdim etsə də, qarşı tərəf onu hələ də ratifikasiya etməyib ki, notada bundan Ankaranın narazılığı da əksini tapıb;
nəhayət, üçüncüsü, Türkiyə İraqın təcili şəkildə PKK ilə mübarizəyə başlamasını tələb edib.
Bundan başqa, Ankarada prezident Əhməd Nejdət Sezərin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbədənkənar toplantısı keçirilib və iclasın sonunda Türkiyə Ordusunun İraqla sərhəddə antiterror əməliyyatlarını genişləndirməsi haqda qərar qəbul olunub. Təhlükəsizlik Şurasının üzvləri İraqın ərazi bütövlüyünün dəstəklənməsi mövqeyinə sadiq qaldıqlarını və bu ərazidə kürd dövlətinin yaradılmasının yolverilməz olduğunu bəyan ediblər.
Bundan sonra Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu əməliyyatlarda 14 terrorçunun qətlə yetirildiyini açıqlayıb. "Ötən illərdən fərqli olaraq, Ankara əldə edilən nəticə ilə kifayətlənməyi düşünmür və terrorçuların bazasını məhv etməkdə qərarlıdır", - deyə Aksu bildirib.
Eyni zamanda, mətbuatda ölkənin İraqla sərhəd ərazilərində, xüsusilə Şirnak əyalətində türk ordusunun tank manevrlərinə başlaması haqda məlumatlar dərc olunub. Təhlükəsizlik Şurasının toplantısından dərhal sonra yerli KİV-ə baş nazir Ərdoğanla İraq kürdlərinin lideri Bərzani arasındakı telefon danışığının mətni də çıxıb. Mətbuatın bildirdiyinə görə, Türkiyə hökumətinin başçısı qarşı tərəfdən nəzarətində olan ərazilərdəki PKK bazalarının məhv edilməsini sərt şəkildə tələb edərək, əks halda Ankaranın "lazımi addımlar" atacağını bildirib. KİV Bərzaninin Ərdoğana cavabını dərc etməmək qərarına gəlsə də, İraq mətbuatı bu haqda xəbər verməkdə xəsislik etməyib. "Məsud Bərzani Ankaranı İraqın daxili işlərinə qarışmamağa çağırıb", - deyə İraq mətbuatı bildirir. KİV-də yer alan məlumatlara görə, kürdlərin lideri bildirib ki, Şimali İraqda paytaxtı Kərkük olan kürd dövləti, hətta öz rəmzləri ilə birlikdə mövcud olmalıdır: "Biz heç İraq bayrağını da qəbul etmirik. Çünki o bizə Səddam Hüseyn rejimini xatırladır".
ABŞ-ın mövqeyində yumşalma
Hər halda, Ankaranın son bəyanatları göstərir ki, Türkiyə, hətta Vaşinqtonla münasibətlərinin "sərinləşməsi" hesabına olsa belə, PKK bazalarının kökünü kəsmək üçün əlindən gələni etməkdə israrlıdır. Xatırladaq ki, Ağ ev indiyədək dəfələrlə bəyan edib ki, Türkiyənin Şimali İraqda hərbi əməliyyatlara başlaması regionda "yeni münaqişə ocağı"nın yaranmasına səbəb olacaq. ABŞ-ın Ankaranı terrorizmlə mübarizədə dəstəkləməsi isə ritorikadan başqa bir şey olmayıb.
Amma son vaxtlar məsələ ilə bağlı Vaşinqtonun mövqeyində bir qədər yumşalmanın olduğu danılmazdır. ABŞ dövlət katibinin İraq üzrə köməkçisi Barbara Stefensonun bəyanatı da deyilənləri sübut edir. O, ilk dəfə olaraq Türkiyənin Şimali İraqda keçirə biləcəyi hərbi əməliyyatlara neqativ münasibət bildirməkdən çəkinib: "Terrorçuların İraqdan Türkiyə ərazisinə keçməsi və bu ölkəyə hücumlar təşkil etməsi yolverilməzdir. Ankaranın adekvat addımlar atmaq üçün tam haqqı var". Bundan başqa, Dövlət Departamentinin nümayəndəsi də "axır ki" Şimali İraq əhalisinin əksər hissəsinin Kərkükün statusu ilə bağlı referendumun təxirə salınmasını istədiyini görüb. Xatırladaq ki, artıq xeyli vaxtdır, Ankara məhz bu məsələdə israr edir.
ABŞ-ın Ankaradakı səfiri Ross Uilson öz növbəsində Türkiyənin İraqla bağlı son addımlarını dəstəkləyərək, XİN-in Bağdada nota verməsini "tamamilə başa düşülən" addım adlandırıb. "Türkiyə PKK-nın kökünün kəsilməsi üçün addımlar atmaqda tam haqlıdır. Hər bir dövlətin öz milli maraqlarına təhlükənin qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərə hörmətlə yanaşılmalıdır", - deyə səfir bildirib. Bununla da Vaşinqton Ankaranın "əllərini açaraq" ona terrorçulara qarşılıq vermək imkanı yaradıb.
Təzyiqin ilk mərhələsi
Bunu baxmayaraq, Ankaranın Şimali İraq kürdləri ilə bağlı konkret addımları hələ ki görünmür. Türkiyə hələ ki Bağdada verdiyi notanın cavabını gözləyir və İraqda başlaya biləcəyi hərbi əməliyyatların nəticələrinin nədən ibarət olacağını hesablayır. Ankara yaxşı anlayır ki, Şimali İraqa daxil olan Türkiyə ordusu yalnız PKK terrorçularının deyil, həm də Məsud Bərzaninin rəhbərlik etdiyi "peşmerq"lərin müqaviməti ilə üzləşəcək. Bu isə az qanla başa çatdırılması mümkün olan əməliyyat deyil.
Bundan başqa, əməliyyatın uğursuzluqla nəticələnməsi Ərdoğanın imicinə ciddi zərbə vuracaq. Unutmaq olmaz ki, mayda keçiriləcək prezident seçkisindən sonra Türkiyədə dərhal noyabrda baş tutması planlaşdırılan parlament seçkisinə hazırlıq başlanacaq. Həddindən artıq gözləmə, yaxud payızda keçiriləcək referendum nəticəsində Kərkükün mümkün olan itirilməsi, bununla da onun faktiki Kürdüstanın paytaxtına çevrilməsi Ərdoğanın siyasi karyerasının sonu olacaq. Odur ki baş nazirin İraqla bağlı sərt addım atması qaçınılmazdır.
MƏSLƏHƏT GÖR: