
İNQİLAB "KABUSU" MƏRKƏZİ ASİYAYA QAYIDIR
Qırğızıstandan yenidən zanbaq qoxusu gəlir
Müəllif: İbrahim AYXAN Bakı
İnqilaba başlamaq çətin, onu yarıyolda qoymaq isə daha da çətindir. Qırğızıstanda bu gün yaşananlar bu deyimi bir daha təsdiqləyir. "Zanbaq inqilabı"nın ciddi problemsiz başa çatmasından sonra, ölkədə növbəti prezident seçkisi ərəfəsində yenidən mütəmadi olaraq böhranlı anlar yaşanmaqdadır. Və ya əksinə, vaxtilə "zanbaq inqilabı"na aparan "əsas böhran" yenə də zaman-zaman üzə çıxmaqdadır.
Hələ inqilabdan sonra "centlmen razılaşması" əsasında prezident kürsüsünü rusiyapərəst Kurmanbek Bakiyevin, baş nazir vəzifəsini isə qərbyönümlü Feliks Kulovun tutduğu vaxt çoxları Qırğızıstanda lazım olan balansın əldə edildiyi haqda fikirlər yürütməyə tələsdilər. Lakin təəssüf ki, "ali vəzifələrin bölüşdürülməsi" bununla başa çatmadı və Bişkekin mərkəzi meydanında yenidən etiraz aksiyasının rəmzi olan çadırlar quraşdırıldı.
Qırğızıstan qərbpərəstlərinin lideri olan Feliks Kulovun bir müddət əvvəl baş nazir postundan istefa verməsi zamanı müşahidəçilərin əksəriyyəti belə bir fikir səsləndirirdi ki, rusiyapərəst Kurmanbek Bakiyev və onun tərəfdarları situasiyanı tamamilə özlərinin istədiyi istiqamətə yönəldərək, Rusiya ilə daha sıx əməkdaşlığa doğru addım atıblar. Lakin artıq prezidentin də geri çəkilməli olduğu zaman yetişib. Hələ martın ortalarında Bakiyev ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsində heç üç ay işləməmiş Osmonali Quronovu, bir qədər sonra isə özünün əsas silahdaşlarından sayılan baş prokuror Kambaralı Konqantiyevi istefaya göndərib. Daha sonra isə artıq sabiq baş nazir Əzim İsabekov hökumətin beş üzvünü vəzifəsindən kənarlaşdırıb. Söhbət baş nazirin birinci müavini Daniyar Useynov, hökumət aparatının rəhbəri Tınıçbek Tabıldiyev, fövqəladə hallar naziri Canış Rüstəmbekov, səhiyyə naziri Şayloobek Niyazov, həmçinin, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəhbəri Sabırbek Moldokulovdan gedir.
Adıçəkilən şəxslərlə yanaşı, iki dövlət agentliyinin rəhbəri də vəzifələrindən kənarlaşdırılıb. Hökumət başçısı bu addımını ölkənin idarəolunmasına gənc kadrların cəlb edilməsi niyyəti ilə əsaslandırıb. Lakin bir qədər sonra Əzim İsabekovun özü dövlət başçısından onun istefasının qəbul olunmasını xahiş edərək vəzifəsindən gedib. İsabekovun sözlərinə görə, o bu addımı Qırğızıstanda yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün atıb. Bundan dərhal sonra "Vahid Qırğızıstan uğrunda" müxalifət hərəkatının lideri Almazbek Atambayevə baş nazirin səlahiyyətlərinin icrası həvalə olunub ki, bununla da ölkə müxalifətinin əsas tələblərindən biri olan koalision hökumətin formalaşdırılmasına start verilib. Lakin bu heç də prezidentin getdiyi ilk güzəşt olmayıb.
Bakiyevin bu addımı atmaqla vəziyyətdən "az itki" ilə çıxmaq niyyətində olduğu aydındır. Lakin artıq müxalifətə keçdiyini bəyan edən sabiq baş nazir Feliks Kulovun dövlət başçısına ünvanladığı sərt tələblər özünü çox gözlətməyib. Belə ki, Kulovun rəhbərlik etdiyi "Qırğızıstanın layiqli gələcəyi uğrunda" vahid cəbhə ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi tələbi ilə aprelin 11-dən etibarən etiraz aksiyalarına başlayacaqlarını bəyan edib. Bakiyev qarşı tərəfin tələbinə dərhal reaksiya verərək bildirib ki, ayrı-ayrı siyasətçilərin bu cür tələbləri "tamamilə qeyri-ciddi" məsələdir.
"Heç kəs şübhə etməsin ki, mən ölkədə prezidentə etimad məsələsi ilə bağlı referendum elan etməyə hazıram. Lakin bu yalnız ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra baş tuta bilər. Qırğızıstan üçün tarixi əhəmiyyət kəsb edən sammit ərəfəsində siyasi aksiyalara qərar vermək məsuliyyətsizlikdən başqa bir şey deyil", - deyə prezident bildirib.
Qeyd edək ki, ŞƏT-in sammiti bu il avqustun 16-da Bişkekdə keçiriləcək və Bakiyevin o vaxtadək situasiyanı xeyrinə dəyişməyi düşündüyünə şübhə yoxdur.
Bundan başqa, Almazbek Atambayevin baş nazir təyin olunması ilə Bakiyevin müxalifəti parçalamaq məqsədi güdməsi versiyası da inandırıcıdır. Həqiqətən də bir müddət əvvələdək Qırğızıstanın aparıcı müxalifət qüvvəsi "İslahatlar uğrunda" hesab olunurdusa, artıq Roza Otunbayeva, Azimbek Beknazarov, Almaz Atambayev, Edil Baysalov və Dooronbek Sadırbayev kimi tanınmış siyasətçilər digərlərindən ayrılaraq, "Vahid Qırğızıstan" partiyasını təsis ediblər. "İslahatlar uğrunda" hərəkatın daha bir neçə üzvü isə Kulovun rəhbərlik etdiyi "Qırğızıstanın layiqli gələcəyi uğrunda" cəbhəsinə qoşulublar. Müxalifət qruplarının nümayəndələri bildirirlər ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, həlledici məsələlərdə əməkdaşlıq etməyə hazırdırlar. Amma reallıqda müxalifət liderləri arasındakı fikir ayrılıqlarını nəzərə almamaq mümkün deyil.
Avropa siyasətində kompromisə getmək bacarığı həmişə siyasi comərdlik siyahısında ilk yerləri tutub. Yəni, hakim koalisiya və seçkiqabağı blokun formalaşdırılması zamanı razılığa gələ bilmək bacarığı və təmas nöqtəsini tapmaq tələb olunan əsas bacarıqlardandır. Demokratiyanın və müvafiq olaraq "əxlaq kodeksi"nin yeni yaranmağa başladığı ölkələrdə isə güzəştlərin zəiflik əlaməti kimi qəbul olunması reallıqdır. Bundan başqa, Qırğızıstan prezidenti Bakiyev indiyədək bir dəfə də olsun opponentləri ilə razılığa gəlməyə hazır olduğunu nümayiş etdirməmişdir.
Bütün bunlarla yanaşı, Qırğızıstanın yeni hökumətinin tərkibinə hələ bir nəfər də olsun müxalifət nüma-yəndəsi daxil olmayıb. Fövqəladə Hallar Nazirliyinə əvvəl iqtisadi inkişaf və ticarət nazirinin müavini olmuş Turatbek Cunuşaliyev, Səhiyyə Nazirliyinə isə 2005-ci ilin iyulundan 2006-cı ilin dekabrınadək Mərkəzi Seçki Komissiyasının sədri işləmiş Tuyqunaalı Abdraimov rəhbər təyin olunub. O, MSK-ya rəhbərlik edənədək Səhiyyə Nazirliyində yüksək vəzifə də tutub. Bundan başqa, Vergi və Yığım Üzrə Dövlət Komitəsinə rəhbərlik Bişkekin Vergi Komitəsinin sabiq rəhbəri Temirbek Kurmanbekova həvalə edilib. Beləliklə, hökumətin yeni üzvləri arasında bir nəfər də müxalifət təmsilçisi yoxdur.
Nəqliyyat və kommunikasiya naziri Nurlan Sulaymanov, iqtisadi inkişaf və ticarət naziri Sabırbek Moldokulov, həmçinin, Miqrasiya və Məşğulluq Üzrə Dövlət Komitəsinin rəhbəri Ayqul Rıskulov da vəzifələrində saxlanılıblar. Bununla əlaqədar olaraq mətbuat xatırladır ki, prezident Bakiyev martın 30-da baş nazir postuna Sosial-Demokrat Partiyasının lideri və tanınmış müxalifətçi Almazbek Atambayevin təyin edən zaman ona yeni hökumətin tərkibinə radikallar da daxil olmaqla, müxalifət təmsilçilərini təyin etməyi tapşırıb. Lakin Qırğızıstanın "İslahatlar uğrunda" və "Qırğızıstanın layiqli gələcəyi uğrunda" cəbhəsi kimi radikal müxalifət hərəkatlarının liderləri Nazirlər Kabinetinin formalaşmasında iştirakdan imtina edərək bildiriblər ki, "hökumətdə fərdi dəyişikliklər respublikada siyasi situasiyanın dəyişməsinə gətirib çıxarmayacaq". Onlar növbədənkənar prezident seçkisinin keçirilməsi tələbindən imtina etməyəcəklərini də açıqlayıblar. Müxalifətçilərin fikrincə, Qırğızıstanda ilk olaraq siyasi sistemin, həmçinin, hakimiyyətin müxtəlif qurumlarının səlahiyyətlərinin bölüşdürülməsinin dəyişilməsi vacibdir. Belə ki, ölkə konstitusiyasına əsasən, hökumət prezidentdən asılı vəziyyətdədir və özbaşına hər hansı qərar qəbul edə bilməz.
Yeni baş nazir Almazbek Atambayev isə bildirib ki, adıçəkilən hərəkatların liderləri ilə görüşərək onların nümayəndələrinin kabinetin tərkibinə daxil edilməsinə dair danışıqlar aparacaq. Lakin Bişkekdə yaşanan son hadisələr göstərir ki, müxalifət hakimiyyətin güzəştə getdiyini görərək, Bakiyevi "tam sıxışdırmaq" qərarına gəlib.
Qırğızıstan parlamentinin deputatı, "İslahatlar uğrunda" hərəkatın və "Qırğızıstanın layiqli gələcəyi uğrunda" cəbhənin üzvü Omurbek Tekebayev jurnalistlərə bildirib ki, Atambayevin müxalifətin köməyi olmadan nəyisə dəyişməsi mümkün deyil. "Biz məqsədimizdən imtina edərək aprelin 9-u və 11-nə təyin olunmuş mitinqləri təxirə salsaq, "Ağ ev" yeni baş nazirlə, ümumiyyətlə, hesablaşmayacaq", - deyə parlamentar qeyd edib. Bununla yanaşı, Bişkekin mərkəzindəki Qədim Meydanda radikal müxalifətçilərin birləşdiyi "Qırğızıstanın layiqli gələcəyi uğrunda" hərəkatının 117 fəalı aclıq aksiyasına başlayıb. Onlar ölkədə növbədənkənar prezident seçkisinin və konstitusiya islahatlarının keçirilməsini tələb edib. Cəbhənin lideri Kulov isə keçirdiyi mətbuat konfransında Bakiyevi növbədənkənar prezident seçkisinin keçirilməsinə, konstitusiya islahatlarına başlanmasına, həmçinin, prezident seçkisində inzibati resurslardan istifadə olunmayacağına zəmanət verən koalision hökumətin qurulmasına qərar verməyə çağırıb. Sabiq hökumət başçısının sözlərinə görə, müxalifət yalnız bu halda prezidentlə danışıqlara getməyə hazırdır.
Qeyd edək ki, müxalifətin planına əsasən, aprelin 9-da regionlarda, 11-də isə Bişkekdə fasiləsiz kütləi aksiyalara başlanılacaq. Kulov "aprelin 11-də ölkədə dinc hakimiyyət dəyişikliyinin baş verəcəyini" də bəyan edib.
Bütün qeyd olunanlarla yanaşı, əsas ehtiyat edilən amil başqadır. Belə ki, əksər analitiklər bu gün Qırğızıstanda baş verənləri daha çox iki klan - "şimallılar" (Bakiyevin başçılığı ilə) və "cənublular" (Kulovun tərəfdarları) arasında mübarizə kimi şərh edir və bunun üçün onların kifayət qədər əsasları var. Məlum olduğu kimi, klan mübarizəsi siyasi mübarizədən bir neçə dəfə təhlükəlidir. Odur ki Qırğızıstanda situasiyanın tezliklə düzələcəyinə inam azdır.
MƏSLƏHƏT GÖR: