
PREZİDENT PARLAMENTƏ QARŞI
Ukrayna ikiyə bölünə bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
Ukraynada növbəti siyasi böhran yaşanmaqdadır. Ölkə yenidən iki hissəyə bölünüb və onlardan hər biri qarşı tərəfə düşmən kimi baxır, məhz özlərini düzgün yolda sayaraq, qələbələrinin qaçılmaz olduğunu düşünürlər. Eyni zamanda, hazırkı situasiyada paradoks ondan ibarətdir ki, artıq çoxdan mövcud olan bu qarşıdurmada tam qələbə çalan tərəf, güman ki olmayacaq.
Xatırladaq ki, hər şey aprelin 2-də prezident Viktor Yuşşenkonun parlamentin buraxılması və 2007-ci il mayın 27-də Ali Radaya növbədənkənar seçkinin keçirilməsi haqda sərəncam imzalaması ilə başlayıb. Dövlət başçısının sözlərinə görə, Ali Rada "qeyri-konstitusion çoxluq formalaşdırması, qeyri-legitim qərarlar verməsi və seçkilərin nəticələrini təftiş etdiyi üçün" layiqli cəzaya məruz qalıb.
Təbii olaraq hakim Milli Birlik Koalisiyası (Regionlar Partiyası, Ukrayna Sosialist Partiyası və Ukrayna Kommunist Partiyası) Yuşşenkonun sərəncamına tabe olmağı ağıllarına belə gətirmir. Parlamentarlar əmindirlər ki, Radanın buraxılması üçün heç bir səbəb yoxdur və o, fəaliyyətini davam etdirməlidir. Deputatlar, həmçinin, prezidenti dövlət çevrilişi ilə nəticələnə biləcək təhlükəli presedent yaratmaqda günahlandırıblar. Məhz bu səbəb-dən Yuşşenkonun qərarı məlum olduqdan bir neçə saat sonra, parlament hökumətə istənilən seçkinin təşkili ilə bağlı hər hansı fəaliyyəti qadağan edib. Nazirlər Kabinetinə seçkinin maliyyələşdirilməsi məqsədilə vəsaitin ayrılması da qadağan olunub. Qeyd edək ki, Ali Radada bu sənədin qüvvəyə minməsi üçün 226 səs kifayət olsa da, onun lehinə 261 nəfər səs verib. Bununla paralel olaraq Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət də qəbul edilib və orada Ukrayna prezidentinin səlahiyyətindən kənar qərarlar verdiyi əksini tapıb.
Brüssel isə Ukrayna hakimiyyətinin bütün subyektlərinə Konstitusiya Məhkəməsinin qərarına tabe olmağı məsləhət görüb. Qeyd edək ki, hazırda bu qurumda baş nazir Viktor Yanukoviçin tərəfdarları çoxluq təşkil edirlər. Lakin qarşıdakı günlərdə nələrin yaşanacağını bilmək olmaz. Ukraynada bir sıra KİV-in məlumatına görə, artıq Konstitusiya Məhkəməsinin hakimlərinin rəyləri uğrunda əsl "ov" başlanıb. Xatırladaq ki, prezidentin parlamentin buraxılması haqda sərəncamından sonra, hakim koalisiyaya daxil olan deputatlar ali məhkəmə orqanına müraciət edərək, onu dövlət başçısının qərarının konstitusiyaya nə qədər uyğun olmasını araşdırmağa çağırıb. Qanuna əsasən, məhkəmənin məsələni araşdırmaq üçün yarım il vaxtı var...
Baş nazir Yanukoviçin sözlərinə gəlincə, o, prezidentin sözügedən qərarını "hakimiyyətin qəsb edilməsi" və "konstitusion quruluşa sui-qəsd" adlandırıb. Hökumət başçısı eyni zamanada prezidenti "daha pis vəziyyətin yaranmasından qaçmaq üçün" qərarını geri götürməyə çağırıb. Çox güman, baş nazir "daha pis vəziyyət" dedikdə növbədənkənar prezident seçkisini nəzərdə tutub.
Lakin görünür Yuşşenko bu ssenarinin reallaşa biləcəyindən elə də narahat deyil. Belə ki, rəqibinin çağırışına o, növbədənkənar seçkidə "asayişin ordu və şəxsən general-polkovnik Qritsenko tərəfindən təmin olunacağını" bəyan etməklə cavab verib. Məlum olduğu kimi, Ukraynanın müdafiə naziri A.Qritsenko ordunun, Ali Baş Komandan olan prezidentə tabe olduğunu bəyan edib. Maraqlıdır ki, prezidentin parlamenti buraxmaq qərarı verdiyi məlum olan zaman, nazir Kiyev yaxınlığındakı Konça-Zaspı rayonunda Ukrayna Müdafiə Nazirliyi Mərkəzi Komandanlığının operativ reaksiya qüvvələrinin təlimlərində olub. Məhz bu səbəbdən Ukrayna ordusunun ən güclü birləşmələrindən biri olan 1-ci tank briqadası prezident iqamətgahına aparan yola çıxarılıb. Sözü-gedən briqadaya son iki ildə ilk dəfə olaraq ehtiyat dizel yanacağının gətirilməsi və təlim üçün dolu mərmilərin verilməsi də KİV-in diqqətindən yayınmayıb. Müdafiə naziri briqadanın şəxsi heyətinin yüksək mənəvi ruha malik olduğunu bildirib və deyib ki, Viktor Yuşşenkonun müvafiq tapşırığı olacağı halda, ordu istənilən təxribatın qarşısını almağa, asayişi təmin etməyə hazırdır.
Maraqlıdır ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbərinin səlahiyyətlərini icra edən Valentin Nalivayçenko da onun rəhbərliyi altında olan qüvvələrin Mərkəzi Seçki Komissiyası (MSK) və ölkənin digər seçki orqanlarının normal işinin təmin edilməsi üçün lazım olan bütün addımları atacağını söyləyib. Söhbət ölkədə "narıncılar"ın qələbəsindən sonra təyin olunan MSK-nın Yaroslav Davidoviçin rəhbərlik etdiyi yeni heyətinin mühafizəsindən gedir. Məsələ ondadır ki, bu günlərdə Ali Rada MSK-nın 2004-cü ildəki tərkibinin fəaliyyətinin dayandırılması haqda qərarı ləğv edib və bununla da növbədənkənar seçkinin keçiriləcəyi təqdirdə, quruma Regionlar Partiyasından olan Sergey Kivalovun sədrliyini təmin edib. "Pora" Partiyasının lideri Vladislav Kaskiv isə bildirib ki, Kivalov "iş yerinə yalnız kanalizasiyadan keçməklə gedə bilər".
Ölkədə baş verənlərlə bağlı "Yuliya Timoşenkonun Bloku"nun (YTB) üzvləri daha qərarlıdırlar. Sabiq sosialist, hazırda isə Timoşenkonun silahdaşı olan İosif Vinskinin sözlərinə görə, "Əgər prezident və "Bizim Ukrayna" Bloku Regionlar Partiyası ilə razılığa getsə belə, "YTB"çilərin mövqeyi dəyişməyəcək. Belə olarsa, biz təkbaşına fəaliyyət göstərəcəyik. Yəni, hadisələrin bu cür axarı bizi qorxutmur. Meydan olmaya-caqsa, nəsə başqa variant olacaq", - deyə Vinski bildirib. YTB-nin "Bizim Ukrayna" ilə birləşmək fikrində olmadığı da məlumdur. Belə ki, bu iki blok hesab edir ki, onlar növbədənkənar seçkidə ayrı-ayrılıqda iştirak etməklə daha artıq uğur qazana bilər. YTB lideri Yuliya Timoşenko blokunun seçkiyə gedəcəyi siyahı haqda danışarkən deyib: "Bizim fraksiyamızın yolunu azmamış bütün üzvləri siyahının əsas hissəsini təşkil edəcəklər. Satqınlara isə əlbəttə ki, burada yer yoxdur".
Regionlardakı əhval-ruhiyyəyə gəlincə, burada qüvvələr nisbəti "narıncı inqilab"dan əvvəl olduğu kimidir. Bu da təbiidir. Çünki xalq artıq Kiyevdə bitmək bilməyən siyasi qalmaqallardan bezib. Konkret olaraq, Krım Ali Sovetinin sədri bildirib ki, o, hökumətə sadiqdir və konstitusion quruluşun müdafiəsi üçün öz tərəfdarlarını paytaxta göndərəcək. Odur ki artıq yalnız analoji aksiyaların dinc xarakter daşıyacağına ümid etmək qalır.
Həqiqətən də, hazırda Ukraynada baş verə biləcək ən pis hadisə yaranmış durumun güc yolu ilə həllinə qərar verilməsi ola bilər. Belə ki, ölkə artıq iki hissəyə bölünüb: parlament və hökuməti dəstəkləyənlər bir tərəfdə, prezidentin yanında olanlar və müxalifət isə digər tərəfdə qruplaşıb. Qeyd edək ki, koalisiyanı dəstəkləyənlərin sırasında Daxili Qoşunlar, Yuşşenkonun tərəfində olanlara isə ordu və UTX aiddir. Bununla yanaşı, parlamentin öz müdafiə nazirini təyin edə biləcəyi də bildirilir. Ölkədə artıq iki MSK-nın mövcudluğunu da xatırladaq.
Məlumdur ki, müxalifət istənilən halda növbədənkənar seçki keçirmək qərarını versə, Regionlar Partiyası və onun tərəfdarları (əsasən, ölkənin şərq və cənub hissəsi) seçkini boykot edə və yeni Ali Radanın tərkibini tanımaya bilər.
Nəzəri cəhətdən, bütün bunlar ölkənin iki hissəyə parçalanmasına səbəb ola bilər.
Beləliklə, hələ ki prezident Viktor Yuşşenkonun nə vaxtadək qətiyyət göstərəcəyi bilinmir. Hər halda, artıq bir dəfə onun ölkədəki böhranı aradan qaldırmaq məqsədilə baş nazirlə "narıncı xanım" Timoşenkoya qarşı birləşdiyi məlumdur. Burada daha bir məqam mövcuddur: "Bizim Ukrayna" və YTB-nin seçkiyə ayrı-ayrılıqda getmək qərarı verməsi prezidentin tərəfdarlarının hakimiyyəti əldə saxlaya biləcək qədər səs yığacağına müəyyən şübhələr yaradıb. Bir maraqlı cəhət də ondan ibarətdir ki, Ukraynada yaranmış vəziyyəti şərh edən analitiklərin əksəriyyəti onu yalnız Rusiya ilə Qərbin maraqlarının toqquşması konteksində izah etməkdən boyun qaçırır. Belə ki, onların fikrincə, ölkədəki son hadisələr Yanukoviçin Rusiyanı o qədər də çox istəmədiyini, Yuşşenkonun isə Moskvaya son dərəcə nifrət etmədiyini göstərib.
Müşahidəçilərin fikrincə, hazırda prezident özü də ölkədə hadisələrin gedişinin belə şəkil almasından məmnun deyil. Lakin onun sadəcə olaraq, başqa yolu qalmamışdı. Belə ki, son zamanlar Yanukoviç və onun tərəfdarları dövlət başçısına son dərəcə ciddi təzyiq göstərirdi və nəticədə getdikcə Yuşşenkonun səsi daha az eşidilirdi. Nazirlər Kabineti haqda qanunda dəyişikliklərlə bağlı müzakirə zamanı hakimiyyətin iki qolu arasında baş verən toqquşma da bunu bir daha sübut edirdi. Prezidentin fikrincə, "Hökumət istədiyi qanunu hazırlayır, sözəbaxan parlament isə onu təsdiqləyirdi". Yəni, hökumət bir qədər fərqli mövqe tutsaydı, bəlkə də hazırda baş verənlər yaşanmazdı. Yanukoviçin parlament çoxluğunun və hökumətin başına keçməsindən sonra o, sadəcə, prezident seçkisini gözləməli idi. Lakin həm Yanukoviç, həm də onun Kremldəki himayədarları ölkəyə rəhbərliyi tam ələ keçirmək üçün hadisələrin gedişini sürətləndirməyə çalışdılar. Məhz bununla da onlar Yuşşenkonun parlamentin buraxılmasına dair qərar verməsinə səbəb oldular.
Hər halda, görünür, Ukraynada baş verən siyasi böhrandan ən çox əziyyət çəkən ölkə iqtisadiyyatı olacaq. Çünki investorlar artıq Kiyev tərəfə ehtiyatla baxır. Vəziyyət isə getdikcə daha da dramatik xarakter ala bilər.
MƏSLƏHƏT GÖR: