
BAKI-VAŞİNQTON:STRATEJİ TƏRƏFDAŞLIQ MÖHKƏMLƏNİR
Gündəlikdə duran məsələlər sırasına humanitar problematika da əlavə olundu
Müəllif: Roma NEYMAN Bakı
Jurnalımızın ötən saylarının birində (15 fevral 2007-ci il, № 4) oxuculara Azərbaycanla ABŞ arasında İqtisadi Tərəfdaşlıq Komissiyasının (İTK) ilk iclasının uğurla başa çatması haqda məlumat verilmişdi. Həmin toplantını iki ölkə arasında iqtisadi-ticari və investisiya sahəsində qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə keçməsinin rəmzi kimi göstərmişdik. Birgə işçi qrupunu əvəz edən İTK-nın əməkdaşlığın yeni formatı kimi meydana çıxması, hər iki tərəfin ticarət, iqtisadiyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığa prinsipial şəkildə yeni yanaşmada maraqlı olduğunu üzə çıxarıb və bunu ABŞ-Azərbaycan münasibətlərində real pozitiv dəyişikliklərin göstəricisi saymaq olar.
Martda bu tendensiya daha da inkişaf edib. Martın 20-23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Kondoliza Raysın dəvətilə Vaşinqtona işgüzar səfər edib və orada Konqres, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Energetika Nazirliyində mühüm görüşlər keçirib. Dövlət Departamentinin martın 23-də mətbuat üçün verdiyi açıqlamada qeyd olunur ki, xarici siyasət idarəsi rəhbərlərinin növbəti görüşündə məqsəd (2004-cü ildən etibarən mütəmadi olaraq belə səfərlər keçirilir) demokratiya və iqtisadi islahatlar, energetika sahəsində əməkdaşlıq və təhlükəsizlik sahələri kimi üç müxtəlif istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsidir.
Diplomatik mənbələrdən isə məlum olub ki, Vaşinqtonda keçirilən görüşlərdə əsas müzakirə obyekti Azərbaycanın demokratikləşməsi və insan haqları ilə bağlı olub. Özü də qeyd edək ki, bu mövzu ətrafında müzakirələr kifayət qədər dostluq atmosferində keçib. Xüsusilə E.Məmmədyarovun ABŞ dövlət katibinin insan haqları və əmək məsələləri üzrə müavini Barri Lovenkron ilə görüşündə Azərbaycanda insan haqları ilə bağlı durum, vətəndaş cəmiyyətinin qurulması, mətbuat azadlığının təmin olunması, qanunun aliliyi və vətəndaş cəmiyyətinin formalaşdırılmasının digər vacib aspektləri ətrafında müzakirələr aparılıb. Amerika tərəfi danışıqların gedişində Azərbaycan prezidentinin insan haqlarının qorunması üzrə Milli Planı təsdiqləməsini (28 dekabr 2006-cı il) müsbət qiymətləndirərək, planın reallıqda əksinin tapmasının Azərbaycanda hüquqi dövlət qurulması və cəmiyyətin demokratikləşməsində böyük rol oynayacağını qeyd edib. Bununla yanaşı, hər iki tərəf bildirib ki, sözügedən sənəddə planın reallaşmasına QHT-lərin cəlb olunmasının vacibliyinin əksini tapması ölkə rəhbərliyinin bu sahədə ciddi işlərin görməsi niyyətindən xəbər verir və planın uğurla reallaşması üçün vacib faktor sayıla bilər.
Onu da qeyd edək ki, bu səfər çərçivəsində E.Məmmədyarov ABŞ-ın aparıcı hüquq-müdafiə təşkilatları və QHT rəhbərləri ilə də görüşüb və bu diskussiyalar da qarşılıqlı hörmət şəraitində keçib. Görüşlərdə hər iki tərəfin Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratik cəmiyyətin möhkəmləndirilməsi, insan haqlarının təmin edilməsi, mətbuat azadlığı, siyasi və məhkəmə sistemində islahatların aparılması və digər vacib məsələlərin konstruktiv ruhda həllinə hazır olduqları göstərilib.
Amma Elmar Məmmədyarovun Vaşinqtonda keçirdiyi görüşlərdə qeyd olunan məsələnin müzakirəsi əsas yer tutsa da, digər sahələr də diqqətdən kənarda qalmayıb. XİN başçısının ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik üzrə müavini Con Rud və müdafiə nazirinin müavini Erik Edelmanla görüşlərində ikitərəfli münasibətlərin inkişafı, həmçinin, regional və beynəlxalq vəziyyət müzakirə edilib.
Bu baxımdan qeyd etmək olar ki, Vaşinqton Cənubi Qafqazdakı vəziyyət, həmçinin, İranın nüvə proqramı və Əfqanıstan problemi kimi həssas məsələlərlə bağlı Azərbaycanla fikir mübadiləsi aparmağa böyük əhəmiyyət verir. ABŞ rəhbərliyi Azərbaycanın regionda artan iqtisadi və siyasi gücünü, İKT-dəki mövcud statusunu və ümumiyyətlə, müsəlman dünyasındakı rolunu, Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən vacib enerji layihələrinin kəsişmə nöqtəsi olmasını nəzərə alır.
E.Məmmədyarovun Vaşinqton səfəri çərçivəsində ABŞ-la Azərbaycan arasında energetika sahəsində ikitərəfli dialoqun daha da genişləndirilməsi istiqamətində vacib addım atılıb. Ölkələrinin hökumətləri adından Azərbaycanın XİN başçısı və ABŞ-ın dövlət katibi energetika sahəsində qarşılıqlı anlaşma Memorandumu imzalayıblar. Sənəddə hər iki hökumətin xarici siyasət idarələri arasında "yüksək səviyyədə dialoqun qurulması" niyyətləri əksini tapıb ki, burada əsas məqsəd Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın enerji təhlükəsizliyinin təmin olunması üçün iki ölkə və bu ölkələrin şirkətləri arasındakı əməkdaşlığın gücləndirilməsi, həmçinin, Azərbaycanın resurs və tranzit potensialının möhkəmləndirilməsidir.
Beləliklə, ABŞ Azərbaycanın energetika sahəsində Avropa İttifaqından sonra daha bir tərəfdaşına çevrilib və bu münasibətlər müvafiq siyasi-hüquqi sənədlə təsdiqlənib. ABŞ Dövlət Departamentinin press-relizində qeyd olunduğu kimi, Azərbaycanla Amerika arasında aparılacaq "yüksək səviyyəli dialoqda" prioritet Azərbaycanda neft və qaz hasilatının artırılması imkanlarının öyrənilməsi olacaq. Burada məqsəd həmin resursların Türkiyə-Yunanıstan-İtaliya, Nabucco və digər boru xətləri ilə kommersiya rentabelliliyi prinsipi əsasında Cənubi və Mərkəzi Avropa ölkələrinə nəql olunmasıdır. Bununla yanaşı, hər iki tərəf Avropa bazarlarına əlavə qaz nəqlinin təmin edilməsi məqsədilə Mərkəzi Asiyanın qaz istehsalçıları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq məqsədlərinin olduğunu ortaya qoyublar. Vaşinqton, hətta Azərbaycana bərpa edilmiş enerji mənbələrinin inkişafında dəstək verməyə, enerjiyə qənaət məqsədilə tədbirlərin həyata keçirilməsində və enerji sistemlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsində köməklik göstərməyə hazır olduğunu bildirib.
E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq enerji dialoqunun bu il keçiriləcək ilk raunduna hazırlıq kontekstində Vaşinqtonda qeyri-formal dəyirmi masada iştirak da edib. Tədbirdə ABŞ tərəfini bu ölkənin dövlət katibinin müavini Deniel Sallivat təmsil edib.
Beləliklə, Azərbaycanla ABŞ arasında tərəfdaş münasibətləri mərhələli şəkildə dialoqun yeni istiqamətləri ilə güclənir. Azərbaycan XİN başçısının Vaşinqtona səfərinin yekunu olaraq iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı fəal dialoqa, İqtisadi Tərəfdaşlıq Komissiyası çərçivəsində əməkdaşlıq kimi sahələrə, xarici siyasət idarələri arasında enerji məsələsi və humanitar problemlərlə bağlı dialoq da əlavə olunub. Bu tendensiya Bakı və Vaşinqtonun ikitərəfli münasibətlərinin strateji xarakterinin möhkəmlənməsində, onların xarici siyasətlərinin prioritetləri sırasında bir-birlərinin rolunun və yerinin artmasında maraqlı olduqlarını göstərir.
MƏSLƏHƏT GÖR: