15 Mart 2025

Şənbə, 00:44

KƏSİŞMƏ NÖQTƏSİ

Gürcüstan postsovet məkanında Rusiya ilə Qərbin maraqlarının toqquşduğu əsas meydandır

Müəllif:

15.04.2007

Moskva-Tbilisi münasibətlərində yeni "ağrılı nöqtə" əmələ gəlib: Gürcüstan Rusiyaya qarşı iddia ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Gürcüstanın Ədliyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirir ki, ötən ilin sonunda Rusiyada həyata keçirilən deportasiya prosesində gürcü immiqrantların azadlıqları və hüquqları kobud şəkildə pozulub. Rəsmi Tbilisinin fikrincə, ötən ilin sonlarından başlanan gürcülərin Rusiyadan kütləvi şəkildə deportasiyası milli zəmində köçürülmədən başqa bir şey deyil. "Avropa məhkəməsinə ərizənin təqdim olunmasına əsas Rusiyadan deportasiya prosesində ( 2006-cı il) yüzlərlə Gürcüstan vətəndaşı və gürcü millətindən olan şəxslərin hüquqlarının kobud şəkildə pozulmasıdır", - deyə Gürcüstanın Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Beləliklə, Strasburqdakı məhkəmədə hakimlər kifayət qədər geniş materialı öyrənməlidirlər - Tbilisinin iddiası 200 səhifədən və 30 saatlıq videogörüntülərdən ibarətdir. 

Gürcüstan tərəfi iddia edir ki, iki ölkə arasında 2006-cı ilin payızında münasibətlərin korlanmasından sonra, Rusiyadan miqrasiya haqda qanunun tələblərinə zidd olaraq, 5 minə yaxın gürcü deportasiya edilib. Bu proses zamanı deportasiya olunanlardan 7 nəfəri dünyasını dəyişib. Gürcüstan hökumətinin parlament katibi Georgi Xuroşvili jurnalistlərə bildirib ki, "Gürcüstan tərəfi uzun müddət ərzində lazımi sübutları toplayıb". Nəticədə, Strasburqa Rusiyadan deportasiya olunan şəxslərin işləri ilə dolu olan 5 qutu göndərilib. Gürcüstan hökumətinin nümayəndəsi onu da bildirib ki, "İddia siyasi xarakter daşımır və insan haqlarının pozulmasına dair konkret fakt-lara əsaslanır". "Tbilisidə əmindirlər ki, məhkəmə bu sübutlara özünün əsas prinsipləri əsasında, insan haqlarının qorunması sahəsində mövcud olan əsas sənədlərə əsaslanaraq baxacaq", - deyə Xuroşvili bildirib.

Moskva Tbilisinin iddiasına dərhal reaksiya verib. "Belə fəaliyyət Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşmasına xidmət etmir. Biz Tbilisi ilə bağlı fəaliyyətimizdə məhz münasibətlərin düzəlməsinə çalışırıq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kamınin bildirib. 

Rusiyanın Federal Miqrasiya Xidməti (FMX) isə ölkə ərazisində qanunsuz şəkildə yaşayan və işləməyə icazəsi olmayan şəxslərin Rusiyadan çıxarıldığını və onların yalnız gürcülərdən ibarət olmadığını bildiriblər.

Müşahidəçilər məhkəmənin necə qərar çıxaracağını proqnozlaşdırmağa tələsmir. Bir tərəfdən "qeyri-leqal miqrasiya", "vaxtı keçmiş viza" və "icazəsiz əmək fəaliyyəti" kimi ifadələr avropalılar üçün kifayət qədər normal arqument kimi səslənir. Amma digər yandan, elə Rusiya telekanallarının məlumatlarında bildirilirdiyi kimi, bu ölkədə orta məktəb müəllimlərindən, hətta gürcü uşaqların siyahısının tələb olunması da Avropada geniş rezonans doğurub.

Bu problemin başqa bir tərəfi ondan ibarətdir ki, Tbilisinin iddiası məhkəməyə Rusiyada əcnəbilərin pərakəndə satışla məşğul olmasına qadağanın qüvvəyə minməsi ilə eyni vaxtda təqdim olunub. Rusiya bazarlarında yoxlamaların başlanacağı və "günahkarlar"ın deportasiya olunacağı isə heç kəsdə şübhə yaratmır. Məhz bu vaxt iddianın ortaya çıxması və Strasburq məhkəməsinin prosesə diqqəti FMX-nin "ehtiyatlı" davranacağını proqnozlaşdırmağa əsas verir.

Bundan başqa, Tbilisidə günün əsas xəbərinin Avropa İnsan Haqları Məhkəməsinə müraicət olduğu bir vaxtda, ABŞ Konqresi Gürcüstan və Ukraynanın NATO-ya qəbuluna dair palatanın katibliyi və Senatda təsdiqlənmiş qanun layihəsini qəbul edib. Sənəddə həm Tbilisinin, həm də Kiyevin alyansın meyarlarına cavab verməyə çalışdıqları qeyd olunub. Məhz bu səbəbdən ABŞ NATO-dakı müttəfiqlərini "layiqli dövlətlər"in birliyə qəbulunu dəstəkləməyə çağırıb. Konqres NATO-ya yeni üzvlərin qəbuluna hazırlıq çərçivəsində seçilmiş ölkələrin Amerikanın "təhlükəsizlik sahəsində birgə fəaliyyət" proqramına daxil edilməsini qərara alıb. Bu məqsədlə ABŞ-ın 2008-ci il üçün nəzərdə tutulan federal büdcəsindən müəyyən məbləğ ayrılaraq "Albaniya, Xorvatiya, Gürcüstan, Makedoniya və Ukraynaya yardım üçün bölünəcək". 2008-2012-ci illər aralığında bu məqsədlə 30 milyon dolların xərclənəcəyi proqnozlaşdırılır.

Amerikanın qanunverici proseduruna əsasən, "NATO-da azadlıqların möhkəmlənməsi üzrə 2007-ci il Aktı" adlanan bu sənəd imzalanmaq üçün ölkə prezidenti Corc Buşa göndərilib.

Xatırladaq ki, Gürcüstan parlamenti, öz növbəsində, hələ martın 13-də ölkənin NATO-ya tam və təcili üzvlüyü haqda bəyannaməni yekdilliklə - 160 səs lehinə olmaqla qəbul edib. Bəyannaməyə parlamentdəki bütün siyasi qüvvələr və fraksiya liderlərinin imzasının olduğu memorandum da əlavə edilib. Bundan bir ay əvvəl isə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, onun ölkəsi 2009-cu ildə Şimali Atlantika Alyansının üzvü olacaq. "Bizim üçün bu o deməkdir ki, Gürcüstan bəşəriyyətin tarixində mövcüd olmuş ən güclü hərbi blokun üzvü olacaq. Gürcüstan bunu əsrlərboyu arzulayıb", - deyə prezident qeyd edib.

Əksər müşahidəçilər hesab edir ki, "NATO sıçrayışı" və Strasburq məhkəməsinə təqdim olunan iddia eyni strategiyanın tərkib hissələridir. Belə ki, onların fikrincə, Gürcüstan hakimiyyəti, sadəcə, Avropa strukturlarını, həmçinin NATO və ABŞ-ı Moskva ilə arasında yaşanan "sakit qarşıdurma"ya cəlb etmək istəyir. Bu gün Rusiyanın Qərb ölkələri, xüsusilə Birləşmiş Ştatlarla münasibətlərinin "sərinləşməsi" fonunda Tbilisi ciddi "mənəvi dəstək" əldə edə bilir. Bu yerdə ABŞ-ın dövlət katibi Kondoliza Raysın bəyanatını xatırlatmaq yerinə düşər: "Corc Buş administrasiyası Rusiyanın qonşuları, keçmiş SSRİ ölkələri ilə münasibətlərin inkişafını fəal şəkildə davam etdirəcək, baxmayaraq ki bu bəzən Rusiya tərəfindən çətin qəbul olunur. Mən başa düşürəm ki, Rusiya üçün çoxlu onilliklər, hətta əsrlərdən sonra həmin dövlətləri tamamilə başqa münasibətlərdə görmək, onların öz xarici siyasətlərini istədikləri kimi müəyyənləşdirdiyini müşahidə etmək çətindir. Amma Moskva başa düşməlidir ki, ABŞ bu ölkələrə Rusiyanın vassalları kimi yox, bərabərhüquqlu dövlətlər kimi yanaşacaq", - deyə dövlət katibi bildirib.

Bundan başqa, Rays deyib ki, ABŞ ilə Rusiya arasında gərginlik, əsasən, söhbət "soyuq müharibənin nəticələrindən", yaxud "Sovet İttifaqının aqibətindən" getdiyi zaman yaranır. Dövlət katibi ümumilikdə Moskva-Vaşinqton münasibətlərini yüksək qiymətləndirməyi də unutmayıb.

Beləliklə, Kondoliza Raysın sözlərini Kremlin ünvanına aşkar xəbərdarlıqdan başqa heç cür qiymətləndirmək mümkün deyil. Budan başqa, son vaxtlaradək Vaşinqton postsovet məkanında Rusiya ilə münasibətləri düşünürdüsə, artıq açıq şəkildə deyir ki, o, Moskvanın narazılığını nəzərə almadan fəaliyyət göstərmək fikrindədir. 

Bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, ABŞ-ın münasibətləri inkişaf etdirmək istədiyi postsovet ölkələrindən danışarkən, Rays yalnız Vaşinqtonla Moskvanın maraqlarının daha sərt şəkildə toqquşduğu Gürcüstanın adını konkret olaraq çəkib.

Ola bilər ki, bu, ayrıca götürülmüş bir regionda "soyuq müharibə"nin başlanması haqda danışmağa əsas vermir. Amma o da aydındır ki, artıq Moskvanın Tbilisiyə təzyiqləri yalnız Rusiya ilə Gürcüstanın qarşılıqlı münasibətlərinə aid məsələ deyil.


MƏSLƏHƏT GÖR:

318