Müəllif: Vəfa ZEYNALOVA Bakı
Xaricdə təhsil istənilən gənc ölkə üçün yalnız əhəmiyyətli yox, həm də vacib prosesdir. Hələ ADR dövründə 100-dək tələbə təhsil almaları üçün Avropanın və Türkiyənin bir sıra ali məktəblərinə göndərilmişdilər. Lakin ilk Azərbaycan Respublikasının mövcudluğuna son qoyulması bu gözəl işin də yarımçıq bitməsinə səbəb oldu. O dövrün xaricdə təhsil almış görkəmli ictimai, siyasi və mədəniyyət xadimlərinin adlarını xatırlamaq heç də çətin deyil.
Konstitusiya hər bir vətəndaşın təhsil almaq hüququnun qarantıdır. Konstitusiyanın 42-ci maddəsi həm də vətəndaşların keyfiyyətli təhsil almasının qarantıdır. Eyni hüquq İnsan Haqları Konvensiyasında da əksini tapıb. "Təhsil haqqında" qanunun 32-ci maddəsi isə hər bir vətəndaşın fasiləsiz təhsil almaq hüququnu tanıyır. Bundan başqa, heç bir insanın təhsil alma məkanı seçiminə məhdudiyyət qoyula bilməz. O, ixtisas və öyrənmək istədiyi fənlərin seçimində də sərbəstdir.
Bütün dünyada qəbul olunmuş xaricdə təhsil konsepsiyasının mövcudluğunun özü insanların daha keyfiyyətli təhsil almasına, ixtisasları daha dərindən öyrənməsinə, ixtisaslaşmış və elmi biliklərə daha yaxşı yiyələnməsinə imkan verir. Bunlara heç də hər zaman yerli ali məktəblərdə yiyələnmək mümkün olmur.
Artıq 25 ildir ki, Azərbaycan müstəqil ölkədir. Dövlətçiliyin, tamhüquqlu vətəndaş cəmiyyətinin formalaşması prosesi savadlı, təhsilli, şüurlu kadrlarla sıx bağlı məsələdir. Təəssüf ki, ölkə təhsilində baş verən mənfi proseslər yüksəkixtisaslı kadrların ortaya çıxarılacağına olan ümidlərə kölgə salır. Halbuki ölkə onlara ciddi ehtiyac duyur. Odur ki, xaricdə ali təhsilin alınması ilə bağlı dövlət və özəl proqramlar əsl nemət sayıla bilər.
Cəmiyyətin inkişaf amili
Seymur Kazımov Gürcüstanın İctimai Münasibətlər İnstitutunu bitirmiş müəllimdir. O, yerli və xarici ali təhsil arasındakı fərqi belə izah edir: "Sovet təhsil sisteminin qalığı olan hazırkı ali təhsil sistemi mənəvi baxımdan tükənib; auditoriyalarda lazımsız nəzəriyyələrə, artıq köhnəlmiş metodikaya və köhnəlmiş dərsliklərə həddindən çox vaxt ayrılır. Əksər müəllimlər xarici dilləri bilmir, təhsildə, öz ixtisasında yeni tendensiyaları müşahidə etməyi bacarmır, elmi əsərləri oxumaq imkanına malik deyil. Əlbəttə ki, belə çatışmazlıqlarla yanaşı, müəllimin çox az məvacib alması da bu işdə ciddi rol oynayır. Müasir Azərbaycan müəllimi eyni zamanda bir neçə ali məktəbdə məruzələr oxuyur, bir ali məktəbdən digərinə qaçır, evə çox gec qayıdır və təbii ki, o, hələ öz ailəsinə də vaxt ayırmalıdır. Təbii ki, normal yaşaya bilmək üçün zəruri olan bu qaçaqaçda müəllimin öz inkişafı ilə məşğul olmağa vaxtı qalmır. Hər hansı elmi fəaliyyət haqda danışmaq isə ümumiyyətlə artıq olardı. Bütün bu amillər tədris prosesinə o qədər də müsbət təsir göstərmir. Avropa, Amerika ali məktəblərində işləyən müəllimlərə gəlincə, əksər hallarda onlar yalnız bir yerdə işləyir, qalan vaxtlarını isə elmi işlərə həsr edirlər".
Kazımov bu fikirlərin heç də bütün müəllimlərə aid olmadığını da deyir; təbii ki, onların arasında çox bacarıqlı, çalışqan, inkişaf etməyə çalışan, tələbələrə informasiyaların doğru, yaradıcı şəkildə çatdırılmasına səy göstərənlər də var. Lakin belə müəllimlərin sayı çox azdır; ali məktəblərdə çalışan müəllimlərin, təxminən, 75%-i "köhnə məktəbin" təmsilçiləridir. Xarici dil bilməmələri onları elmi görüşlərdən, konfrans və simpoziumlardan kənarda qoyur, yeni informasiya almalarına mane olur. Seymur Kazımov öz tədris prosesi haqda da danışıb: "Mən Gürcüstanın təhsil proqramı çərçivəsində fəaliyyət göstərən məşhur alim məktəblərindən birində jurnalistika təhsili almışam. Oxuduğum dövrdən məndə bir dənə də məruzə və ya konspekt qalmayıb - bizdə onlar, ümumiyyətlə, olmayıb. Bizə hər şey təcrübədə öyrədilirdi: məqalənin yazılması prosesi, videosüjetlərin çəkilməsi, radioverilişlərinin hazırlanması, montaj. Üstəlik, bunlar şərti laboratoriya məşğələləri yox, əsl təcrübə idi. Diplom layihəsi də saysız-hesabsız sözlərdən ibarət deyil, konkret tapşırıq idi - məqalə və ya videosüjet. Tədris prosesində biz özümüzü auditoriyada yox, redaksiyada hiss edirdik". Təbii ki, bu cür sırf təcrübəyə əsaslanan tədris prosesi nəinki daha maraqlı və gəlirlidir, həm də auditoriyalardakı darıxdırıcı monoton məruzələrdən daha effektivdir.
S. Kazımovun sözlərinə görə, xaricdə təhsil cəmiyyətin inkişafı baxımından vacib sosial və iqtisadi amildir: "Tələbələri ixtisasları üzrə yaxşı təhsil almaları üçün xaricə göndərmək vacibdir. Bu zaman onlar nəinki əmək bazarı üçün dəyərli kadra çevrilirlər, həm də yiyələndikləri ixtisasın baza əsaslarını yerli tələbələrə də öyrədə bilirlər". Ümumilikdə, cəmiyyətin çiçəklənməsi ətalətdə olan köhnə sistemin çərçivələrini aşmağı bacaran elmli gənclərdən asılıdır. Xaricdə təhsil ölkənin inkişafı üçün vacib amillərdən biridir.
Dövlət xətti ilə
Azərbaycanda gənclərin lazımi ixtisaslara yiyələnməsi və ölkənin inkişafında bilavasitə iştirakının təmini məqsədilə 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı haqqında fərman imzalanıb. Bu proqram çərçivəsində 2007-2015-ci illərdə istedadlı gənclərin təhsilinin təşkili üçün vahid sistem yaradılıb. Dövlət proqramına 24 ölkənin 331 universiteti daxil edilib. Siyahıda ən nüfuzlu ali məktəblər, həmçinin daha prioritet əhəmiyyət daşıyan ixtisaslar yer alır.
Lakin tam məntiqi olaraq, xaricdə təhsil almaq istəyən abituriyentlər özlərini dövlət proqramına daxil edilmiş ali məktəblərlə məhdudlaşdırmaq istəmirlər. İngiltərənin Birmingem Universitetində təhsil alan azərbaycanlı tələbə Günay Fərzəliyeva öz seçimini belə izah edir: "Xaricdə ali təhsil almaq uşaqlıq arzum olub. Mənim prioritetlərim məhz İngiltərə ali məktəbləri idi. Çünki ingilis dilinin vətənində təhsil almaq istəyirdim. Təhsil sahəsində beynəlxalq araşdırmalar ixtisası üzrə oxuyuram. Təhsilə yollanmazdan əvvəl ali məktəblərin siyahısını ətraflı öyrəndim, sonda təqaüd üçün Təhsil Nazirliyinə müraciət etdim. Bu ali məktəb istiqaməti ölkəmiz üçün prioritet olduğundan dövlət proqramına ilk dəfə daxil edilmişdi. Oraya müraciət etdim və təqaüd aldım".
G. Fərzəliyevanın sözlərinə görə, abituriyentlərin görməli olduqları ilk iş xarici dil bilikləri üzrə lazımi sertifikatlara yiyələnməkdir. Bu, İELTS, TOEFL sertifikatlarıdır. Sual-cavabdan keçmək və ali məktəbə daxil olmaq o qədər də çətin deyil. Daha çətin olanı təhsil almaq üçün lazımi vəsaitin tapılmasıdır. Bu üzdən də, yeni tələbələr üçün əsas məsələlərdən biri sponsorların siyahısıdır. Bu rolda həm dövlət, həm tələbənin yollandığı ölkənin səfirliyi, həm də müxtəlif beynəlxalq proqramlar çıxış edə bilər - Erasmus, Backis, Alrakis, Fulbright, Social Work, DAAD və s.
Amma xaricdə təhsil almaq üçün maliyyəni heç də hər tələbə tapa bilmir. Dövlət ona təqaüd ayırmaqdan imtina edə bilər. Məsələn, Amerikanın nüfuzlu Berkeley ali məktəbinin məzunu arzusuna düşmüş azərbaycanlı qız bu bahalı təhsilin ödənişini etmək üçün Təhsil Nazirliyinə məktubla müracət edib. Nazirlikdən ona müsbət cavab verilməyib. Xoşbəxtlikdən, onun üçün hər şey yaxşı alınıb və ali məktəb ödənişi öz üzərinə götürüb.
Seymur Kazımov bildirir ki, dövlət proqramı ABŞ-ın humanitar elmlər üzrə ixtisaslaşmış ali məktəblərində təhsili təşfiq etmir: "Söhbət humanitar sahələrdən - hüquq, insan haqları, jurnalistika - gedirsə, dövlətdən təqaüd almaq mümkün deyil". Kazımov kənd təsərrüfatının, tibbin, mühəndisliyin inkişaf üçün daha vacib olduğunu qəbul edir. Bununla yanaşı, hesab edir ki, vətəndaş cəmiyyətinin mövcudluğu və normal fəaliyyəti beynəlxalq hüquq və insan haqları sahəsində lazımi ekspertlər olmadan mümkün deyil.
Diplomların tanınması
Bəzi həmvətənlərimiz, xüsusilə qəbul imtahanında aşağı bal toplayanlar dünyanın nüfuzlu ali məktəblərinin verdiyi "normal" təhsillə yanaşı, diqqəti onlarda qəbul imtahanı vermədən də oxumağın mümkünlüyünə çəkirlər. 1996-cı ilin mayında qəbul edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında Konvensiya" elə həmin ilin sentyabrında Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Bu sənəd iştirakçı ölkələrin diplomatlarının hər bir ölkənin qanunvericiliyinə, xarici diplomların müəyyən prosedurlara uyğun tanınması üçün əsasdır. Bununla yanaşı, diplomun tanınması üçün iki vacib şərt var: onlardan birincisi xarici ali məktəbin ölkədə akkreditasiyasıdır. Yəni həmin ali məktəb ölkənin qanunvericiliyinə əsasən qəbul olunmalıdır.
İkinci şərt orada təhsil almış tələbənin əldə etdiyi diplomla bağlıdır. Tələbə diplomu əldə etdikdən sonra onun Azərbaycanda tanınması üçün nostrifikasiya prosedurunu keçməlidir: bu, bir sıra hüquqi prosedurlardır. Yeri gəlmişkən, hazırda bu prosedur Təhsil Nazirliyinin təklif etdiyi elektron xidmətlər çərçivəsində aparılır. Diplomun tanınması haqda qərar isə təqdim olunmuş diplomda göstərilmiş ixtisas haqda müvafiq informasiyalara uyğun çıxarılır.
Nostrifikasiya məqsədilə Təhsil Nazirliyinin Aparatında təhsil haqqında sənədlərin tanınması sektoru yaradılıb. Burada məqsəd xarici ölkələrdə əldə edilmiş ixtisasların tanınması prosedurunun reallaşdırılması, xarici təhsilin ölkənin təhsil standartlarına cavab verib-vermədiyinin müəyyənləşdirilməsidir.
Azərbaycan parlamenti də öz növbəsində tələbələrin keyfiyyətsiz təhsil almasını önləmək üçün tədbirlər görür. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif olunan dəyişikliklərdə bir sıra xirici ali məktəbdə təhsilə görə hərbi xidmətdən möhlət hüququnun ləğvi nəzərdə tutulur. Parlament sədrinin müavini Ziyafət Əsgərovun sözlərinə görə, xaricdə əyani təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi çağırışdan təsadüfi yayınma hallarına yol açıb. Məsələ ondadır ki, Təhsil Nazirliyi bəzi hallarda ayrı-ayrı şəxslərin bir sıra xarici təhsil ocaqlarından əldə etdikləri diplomları tanımaqdan imtina edir. "Qanun layihəsi bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün hazırlanıb", - deyə o, qeyd edib.
Ümid edək ki, bu dəyişikliklər məhz abituriyentlərin xarici ali məktəb seçimini daha diqqətlə etmələrinə xidmət göstərəcək, gənclərin yalnız ordudan yayınmaq məqsədilə üçüncü dərəcəli xarici ali məktəblərə üz tutmasının qarşısını da alacaq.
MƏSLƏHƏT GÖR: