Müəllif: İlahə MƏMMƏDLİ Bakı
"Moody's"Investors Service beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı son hesabatına görə, milli valyutanın fevral devalvasiyasından sonra yerli bankların aktivlərinin keyfiyyətini itirməsi mümkündür. Çünki xarici valyuta ilə kreditlərin əksəriyyəti qazancı xarici valyuta ilə olmayan şəxslərə verilib.
Bununla yanaşı, stress-testin nəticələrinə görə, bu bankların əksəriyyəti mümkün itkiləri kompensasiya etmək iqtidarındadır.
Martda BVF ilə birlikdə ölkənin maliyyə sektorunda ikinci qiymətləndirməni həyata keçirmiş Dünya Bankının bu məsələyə öz baxışı var. Bu haqda "R+"a Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə koordinatoru Anjela Priqojina danışıb.
- Azərbaycanın maliyyə sektorunun inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Qlobal qeyri-sabitlik fonunda hansı çatışmazlıqları və riskləri qeyd etmək olar? Ümumiyyətlə, region ölkələrinin maliyyə sektorları arasında hansı fərqlər var?
- Ölkənin bank sektorunda vəziyyətin sabitləşməsindən çox məmnunuq. Bununla yanaşı, regionda vəziyyət zəifdir və Azərbaycan da istisna deyil. Çünki ölkələrin iqtisadiyyatı xarici bazarlardakı dəyişikliklərdən asılıdır. Azərbaycanın maliyyə bazarının ikinci qiymətləndirilməsi (FSAP) çərçivəsində biz qanunvericilikdə, tənzimləyici sahələrdə bir sıra əlavə dəyişikliklərin edilməsi təklifini irəli sürmüşük. Bu, hadisələrin müxtəlif istiqamətlərdə inkişafına hazır olmaq üçün lazımdır.
Azərbaycanın üstünlüklərindən biri ölkədə uzun müddətdir ki, böhranın olmamasıdır. Bu, iqtisadiyyatın sabit qalmasına, yüksək inkişaf templərinə, əhalinin rifahının ciddi şəkildə artırılmasına imkan verib. Lakin, məsələnin digər tərəfi də var. Məsələn, ABŞ-da maliyyə və ya iqtisadi dəyişikliklər yaşanır, ölkə iqtisadiyyatı tez-tez müxtəlif stresslər keçirir. Daim dəyişikliklərə məruz qalan iqtisadiyyat isə adaptasiya prosesini daha tez keçir, immunitetə sahib olur, yaxud ən azı bu və ya digər dəyişikliklərə reaksiya göstərilməsi üçün çoxsaylı alətlər yaranır. Uzun müddət ərzində sabit inkişaf edən iqtisadiyyat isə belə dəyişikliklərə necə sinə gərilməli olduğunu "unudur".
Azərbaycanda uzun müddət silkələnmə olmadığından ölkəyə daha innovativ olmaq, dəyişikliklərə operativ reaksiya göstərmək imkanı verən daxili hərəkat yoxdur.
Bununla yanaşı, Azərbaycanın böyük üstünlüyü də var. Bu, fiskal buferin və Mərkəzi Bankda təcrübəli komandanın olmasıdır. Elə ölkələr var ki, orada uzun müddətdir böhranın yaşanmaması ilə yanaşı, belə hallarla qarşılaşmış peşəkarlara da rast gəlinmir. Bu üzdən, hətta sabit iqtisadi vəziyyətdə, daxili risklərin olmadığı bir halda belə, stress-testlər keçirmək, böhranlı vəziyyət modelləşdirmək, alternativ fəaliyyət planlarına malik olmaq lazımdır.
Üstəlik, 2007-2009-cu illərdən sonra qlobal maliyyə bazarı ciddi şəkildə dəyişib. Bütün dünyada dəyişikliklər yaşanır: ölkələr maliyyə nəzarətinin nizamlanması sistemini təkmilləşdirir, qanunları dəyişir, əmanətlərə zəmanət fondlarını gücləndirir, istehlakçıların hüquqlarının müdafiəsilə məşğul olur. Bütün bunlarda məqsəd sistemli böhran risklərinin azaldılması, maliyyə sistemində təhlükəsizliyin təmini, xarici amillərin iqtisadiyyata təsirinin azaldılmasıdır.
- Son zamanlar Azərbaycan Mərkəzi Bankının ölkənin bank sistemində risklərin azaldılması məqsədilə atdığı addımları nə dərəcədə effektiv hesab edirsiniz?
- AMB ölkədə istehlak kreditlərinin artımını dəstəkləmək üçün doğru addımlar atır. Birincisi, məhdudiyyətlər istehlak kreditlərinin həcminin azaldılmasına və banklar üçün gələcək risklərin qarşısının alınmasına yönəlib. Banklar əhalinin ödəmə qabiliyyətini nəzərə almadan istehlak krediti portfelini artırırsa, bununla əhalinin borcunun da artdığını nəzərə almalıdırlar.
İkincisi, istehlak kreditləri daha gəlirli olduğundan banklar bu sahəyə xüsusi diqqət ayırır. Lakin iqtisadiyyatın inkişafını sahibkarlığın kreditləşdirilməsilə də stimullaşdırmaq vacibdir. Əlbəttə, istehlak kreditləri bir çox hallarda daxili iqtisadiyyatın inkişafına kömək edir. Amma iqtisadi artım templərini yüksəltmək üçün ixrac da stimullaşdırılmalıdır.
İstehlak kreditlərinin inkişaf tempi zəif olmalıdır. Bu, bank texnologiyalarının istehlak portfelinin artımı ilə ayaqlaşa bilməsi üçün lazımdır. Üstəlik, məsələn, Azərbaycanda bank borc öhdəlikləri portfelini sata bilməz. Odur ki, bu istiqamətdə qanunvericilik inkişaf etdirilməlidir. Bununla, banklar artmaqda olan istehlak krediti portfelindən xilas ola, yeni portfellərin inkişafına diqqət ayıra bilərlər.
Bu, onu göstərir ki, istehlak kreditlərinin həcminin artması ilə yanaşı, risklərin, bank texnologiyasının idarəetmə mexanizmlərinin inkişaf etdirilməsi də vacibdir.
Azərbaycanda çatışmayan elementlərdən biri "Fərdi müflislik haqqında" qanundur. Elə etmək lazımdır ki, banklar üçün kreditin bağlanması, girovun müsadirəsi işində prosedur asan olsun. Amma bu zaman istehlakçının hüquqlarının müdafiəsi mexanizmi də yalnız "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanundan ibarət olmamalıdır. Onlar bunu müflislik proseduru vasitəsilə də edə bilməlidirlər. Bu elementlərin bəziləri hələ də qanunvericilikdə öz əksini tapmayıb. Odur ki, AMB istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində addımlar atır və o müvafiq önləyici tədbirlər görməlidir.
Bizim AMB, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində son dərəcə fəal əməkdaşlıq proqramımız var. Xüsusilə hazırkı şəraitdə əhalinin müdafiəsi, maliyyə xidmətlərinin əlçatan olması çox aktualdır. İsveçrə hökumətinin texniki yardımı ilə reallaşdırılan bu proqram çərçivəsində tənzimləyicilərə lazımi normativ bazanın yaradılmasında kömək edirik. Məqsəd maliyyə qurumlarının maliyyə məhsulları haqda informasiyaları aşkara çıxarmasıdır. Bu, əhalinin bu və ya digər sığorta polisi, bank krediti və depozitlər alan zaman hansı risklərin, öhdəliklərin, üstünlüklərin olduğunu bilməsi üçündür. Eyni zamanda maliyyə qurumunun müştərilə müraciət etikasını, öz öhdəliklərini pozduğu zaman nizamlayanın buna təsir imkanları olmalıdır. Proqramın icrasında məqsəd həm də budur.
- Azərbaycanın maliyyə sektorunun inkişafı üçün hansı islahatlar aparılmalıdır?
- FSAP qiymətləndirməsi zamanı maliyyə bazarının gələcək təkmilləşdirilməsi, qanunverici və nizamlayıcı bazanın inkişafı ilə bağlı bir sıra tövsiyələr verilib. Bu səbəbdən də, biz Azərbaycana həm də iyulun əvvəlində etdiyimiz son səfərimiz zamanı AMB, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq və yardımlaşma üçün mümkün istiqamətləri müzakirə etmişik. Müzakirələr zamanı FSAP tövsiyələrinin yerinə yetirilməsi, normativ, qanunvericilik və institusional bazanın gələcək təkmilləşdirilməsi üçün hansı yardımları göstərə, hansı əməkdaşlıqları qura biləcəyimizi müəyyənləşdirməyə çalışmışıq.
Biz bu məqsədlərlə yeni qrantların cəlb olunması imkanlarının öyrənilməsi məqsədilə İsveçrə hökumətinin nümayəndələrilə də görüşmüşük. Bu, sosial müdafiə baxımından çox vacib aspektdir. Hər bir ailənin əmanəti var, bank hesabından, kartından istifadəyə ehtiyac var. Bu, alış-veriş edilməsi, səfərlər zamanı kartdan istifadə, hesabdan pul çıxarılması, hesablaşmaların aparılması üçün vacibdir. Bank depozitləri, bank köçürmələrinin həyata keçirilməsi imkanı, hesabın açılması, kredit kartından istifadə, hesabdan pul çıxarılması kimi baza, lakin vacib maliyyə məhsulları rahatlığın təmini üçün vacibdir. Bununla yanaşı, gələcəyi planlaşdıran bir çox insan ya həyat sığortası polisinin alınmasına, ya gələcəkdə təhsil, ipoteka və digər uzunmüddətli investisiyaların təmini üçün kreditdən istifadəyə ehtiyac duyur. İnsanlar bu maliyyə məhsullarının inkişaf səviyyəsindən asılı olaraq, həyat səviyyələrinin, rifahlarının və rahatlıqlarının artırılması üçün onlardan istifadə edə bilərlər.
Təəssüf ki, insanların bu məhsullardan xəbərdar olmamaları, öz büdcələrini düzgün hesablamaması, öhdəliklərə görə ödənişlərin edilmə qaydalarından xəbərsiz olmaları, valyuta və ya faiz risklərinin necə ola biləcəyini anlamamaları ona gətirib çıxarır ki, rifah halını yüksəltmək imkanında olan şəxs əksinə, maliyyə stressi yaşayır.
Maliyyə bazarında gələcək islahatların maliyyə biliklərinin, müdafiəsinin artırılması ilə müşayiət olunması çox vacibdir. Bu, həm də xüsusi qanun-qayda ilə həyata keçirilməlidir. Qanunvericilik maliyyə qurumunun üzərinə etik peşəkar siyasət yürütmək, informasiyaları düzgün açıqlamaq öhdəliyi qoymalıdır. İqtisadi inkişaf, cəmiyyətin sosial inkişafı bizdə daha çox istəklər yaradır, insanların iştahasını artırır. Demək, biz maliyyə və iqtisadi sahədə savadlı olmalıyıq. Bu üzdən də, sözügedən məsələyə böyük diqqət ayırırıq.
- Bəs, maliyyə xidmətləri istehlakçılarının hüquqları necə qorunmalıdır? Bunun üçün hansı effektiv mexanizmlər var?
- Bir çox ölkələrdə istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri yaradılır, məhz maliyyə xidmətləri istehlakçılarının şikayətlərinə reaksiya verən mexanizmlər formalaşdırılır. Azərbaycanda bu cür mexanizmlər yoxdur. Ona görə də bizim müzakirə etdiyimiz məsələ bu sistemi necə təkmilləşdirməkdir. Bu mexanizmlərin inkişafı peşəkar assosiasiyalar və ya ayrıca orqanın iştirakı ilə qurulmalıdır, yoxsa antiinhisar siyasət və istehlakçıların hüquqlarını müdafiə üzrə Dövlət xidməti nəzdində maliyyə sektoru ilə iş üzrə xüsusi sektor yaradılmalıdır?
Bu gün müəyyən narazılıqları olan müştərilərin heç də hamısı məhkəməyə müraciət edə bilmir. Bu cür mexanizmin olmaması ona aparıb çıxarır ki, şikayətlər AMB-yə ünvanlanır. Lakin AMB hakim deyil. Onun vəzifələri tamamilə başqadır. Bu qurumun hər hansı şikayəti qəbul etməsi, onunla məşğul olması nadir halda baş verə bilər. Yaxud AMB bütün şikayətləri sistemləşdirməklə əsas pozuntuların harada olduğunu müəyyənləşdirməyə, qanunvericilik və ya tənzimləyicilik baxımdan hansı sahədə işlərin aparılmalı olduğunu üzə çıxarmağa çalışa bilər. Onlar şikayətlərə baxmamalıdırlar.
Maliyyə məhsullarının çətinliyini nəzərə alsaq, müştərilərin şikayətlərilə məşğul olmaq üçün xüsusi səlahiyyət, bu məhsullar haqda anlayış lazımdır.
Bunun üçün müxtəlif modellər var. Azərbaycana hansı modelin daha uyğun olduğu detallı şəkildə müzakirə edilməli, bu zaman ölkənin mədəniyyəti, maliyyə bazarının inkişaf səviyyəsi, üstəlik, haraya inamın daha çox olacağı nəzərə alınmalıdır.
Bu gün biz AMB, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsilə fəal iş aparır, yeni əməkdaşlıq proqramı çərçivəsində hansı əlavə tədbirlərin görülə biləcəyini müzakirə edirik.
MƏSLƏHƏT GÖR: