
İRAQ MÜTTƏFİQ AXTARIŞINDA
ABŞ-ın Yaxın Şərq strategiyası böhran yaşayır
Müəllif: Zərifə BABAYEVA Bakı
İraqda onsuz da ağır olan vəziyyət bir qədər də gərginləşir. Bu ölkədə dini zəmində toqquşmaların intensivliyi inanılmaz dərəcədə yüksəlib. Son dövrədək İraqda vətəndaş müharibəsi ehtimalı yalnız fərziyyə idisə, artıq o, real forma almaqdadır. Bununla yanaşı, son zamanlar İraq ətrafında bir sıra maraqlı hadisələr yaşanıb.
Əvvəla, ötən ayın ortalarında İraq prezidenti Tehrana səfər edib və şübhə yoxdur ki, ABŞ-ın razılığı olmadan bu səfər baş tuta bilməzdi.
İkincisi, İordaniya paytaxtı Əmmanda ABŞ Prezidenti Corc Buş ilə İraqın Baş naziri Nuri əl-Maliki arasında görüş keçirilib.
Nəhayət, bütün bu hadisələrin məntiqi yekunu kimi, dekabrın 7-də ABŞ Konqresinin İraq məsələsi üzrə komissiyasının məruzəsi açıqlanıb. Sənəddə Vaşinqtona İraqdan qoşunların çıxarılması təklif edilir.
Vaşinqtonun səhvi
Bu gün əminliklə söyləmək olar ki, ABŞ-ın İraqda yürütdüyü xarici siyasət strategiyası "dalana dirənib" və oradan çıxmaq heç də asan olmayacaq. Son aylarda bu ölkədə törədilən terror aksiyaları nəticəsində ölənlərin sayı rekord həddə çatıb. Yalnız oktyabrda İraqda 80-dən artıq amerikalı əsgərin öldüyünü qeyd etmək kifayətdir. Son iki il ərzində Amerika hərbçiləri bir ayda bu qədər itki verməmişdi.
İraqda son aylar belə halları artmasının səbəbini Vaşinqtonun bu ölkədə yürütdüyü siyasətdə axtarmaq lazımdır. Demokratiyanın güc yolu ilə qurulmasına cəhd əks-effekt yaradır. Donald Ramsfeldin qlobal problem olan beynəlxalq terrorizmin kökünü kəsmək niyyəti ilə apardığı kompromissiz siyasət gözlənilən nəticələr vermədi və noyabrın sonunda Pentaqon rəhbərinin öz postundan uzaqlaşdırılmasına səbəb oldu.
Eyni zamanda, İraq parçalana və vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Aydındır ki, İraqdakı müqavimət hərəkatlarının liderləri səylərini daha da artırmağa çalışır. Çətin "yeriyən" İraq kampaniyası Corc Buş administrasiyasına elə də geniş seçim imkanları qoymur. İstisna deyil ki, Ağ evdə İraq probleminin həllinə nail olunması və yaranmış situasiyadan layiqincə çıxılması üçün bütün variantlar nəzərdən keçirilir. Bu halda Vaşinqton dilemma qarşısında qalır - ya problemi təkbaşına həll etmək cəhdlərini davam etdirmək, ya da məsələnin həllini asanlaşdıracaq üçüncü tərəfin prosesə gəlb edilməsi.
"Köhnə-yeni" fiqurantların cəlb edilməsi
Son zamanlar İraq böhranının həlli ilə bağlı ABŞ-ın İran və Suriya ilə əməkdaşlığı məsələsi tez-tez hallandırılır. Bu ilin noyabrında ABŞ prezidenti administrasiyasının rəhbəri Coş Bolten Ey-Bi-Si-yə açıqlamasında bildirib ki, Vaşinqton İraqın gələcəyi ilə bağlı danışıqlara İran və ya Suriyanın cəlb ediləcəyini istisna etmir. O, etiraf edib ki, problemin həllinə yeni yanaşmanın meydana çıxması vacibdir. Vaşinqtonun yüksəkrütbəli rəsmilərinin belə bəyanatla çıxış etməsi göstərir ki, ABŞ artıq İraqla bağlı hazırkı siyasi kursun ciddi korrektələr olunmadan davam etdirilməsinin mümkünsüzlüyünü anlayıb.
Dəməşq və Tehran isə sözügedən məsələdə ABŞ-a müəyyən şərtlər daxilində kömək etməyə razıdır. Məsələn, Suriyanın ABŞ-dakı səfiri bildirib ki, öncə Vaşinqton İraq əməliyyatının tam iflasa uğradığını etiraf etməlidir. İran isə öz növbəsində ABŞ-ın Tehrana qarşı yürütdüyü "hədə və təzyiq" siyasətindən əl çəkməsini istəyir.
Hazırkı durumu nəzərə alan ABŞ-ın qarşısında heç də asan olmayan seçim durur. Çünki bu variantlardan heç biri Vaşinqton üçün tam qəbulolunan deyil.
Ötən ayın sonlarında İraq prezidentinin Tehrana səfəri də ciddi əhəmiyyət kəsb edən məsələlərdəndir. Noyabrın 28-də İraq Prezidenti Cəlal Təlabani iranlı həmkarı Mahmud Əhmədinejat ilə danışıqlar apardı və tərəflər İraqdakı situasiyanın sabitləşdirilməsinə İranın köməklik göstərməsinin vacibliyi haqda razılığa gəldi. Qeyd edək ki, prezidentlər arasında bu görüşün keçirilməsi təşəbbüsü İran tərəfdən gəlmişdi və aydındır ki, bu addım Tehranın regional siyasətdə gələcək uğurları baxımından vacib addımdır.
Əvvəla, Tehranın İraqda sülhün bərqərar olunmasında iştirakı, İranın Yaxın Şərqin fövqəldövləti adına iddia etməsinə imkan verəcək. Bununla, İran mövqeləri heç də həmişə ABŞ-la üst-üstə düşməyən ərəb dövlətlərini öz ətrafında birləşdirmək imkanı əldə edəcək. Ərəb dövlətlərinin Qərbin aqressiv siyasətinə qarşı birləşməsi isə İranın aparıcı regional fövqəldövlət kimi rolunu artıra bilər.
İkincisi, güman ki, İranın Yaxın Şərqdə sülhün qurulmasına istiqamətlənən siyasəti, ona uranın zənginləşdirilməsi siyasətini maneəsiz həyata keçirməyə də şərait yaradacaq.
Qeyd etmək lazımdır ki, həm İran, həm də Suriya İraqdakı vəziyyətin nizamlanmasına nail olmaq üçün böyük potensiala malikdir. Amerikanın kəşfiyyat xidmətinin məlumatına görə, hər ay Suriyadan İraqa 90-dək yaraqlı keçir. Bu baxımdan, Dəməşqlə Bağdad arasında sərhədlərə nəzarətin gücləndirilməsi ilə bağlı razılaşmanın əldə ediləcəyi təqdirdə, İraqda ehtirasların qızışmasının qarşısı alına bilər.
Şiə İranı isə İraq rəhbərliyinə dinlərarası razılaşmanın əldə edilməsi məsələsində böyük köməklik göstərə bilər. Bundan başqa, ABŞ-ın hazırda yürütdüyü siyasətə radikal dəyişikliklər etmədən, İraqdakı gərgin siyasi situasiyaya nəzarət etmək imkanında olmadığını nəzərə alsaq, İran və Suriyanın şanslarının daha da artdığını görmək olar.
Bu konteksdə Vaşinqton administrasiyası yaxın zamanlarda həlledici seçim etməli olacaq - İraqda sülh və demokratiyanın güc yolu ilə qurulmasını davam etdirmək, ya da Vaşinqton üçün arzuedilməz rejimlər olan Dəməşq və Tehranla əməkdaşlığa getmək. Amma ikinci varianta üstünlük verilsə, ABŞ növbəti dəfə dünya tərəfindən ikili standartlarda ittiham olunmaq risqi ilə üzləşəcək.
İraqda muxtar zonalara "yox"
Corc Buş ilə İraq hökumətinin başçısı Nuri əl-Maliki arasında görüşə gəlincə, bu danışıqlarda əsas tezis ondan ibarət olub ki, İraqın muxtar zonalara bölünməsi yolverilməzdir. Qeyd olunub ki, ölkənin istənilən formada parçalanması dinlərarası toqquşmaları artıracaq. Bununla yanaşı, bu konfrontasiya nəticəsində İraqın məhz hansı şəkildə parçalanacağını heç kim təsəvvür etmir.
Hər şeydən əvvəl Kürdüstan ABŞ-ın əsas başağrısı olaraq qalır. Çünki heç bir kürd lider vahid İraq haqda danışmaq belə istəmir.
İraq ordusu və polisinin hazırlanmasına gəlincə, onların köməkçi qüvvədən bölmələrə çevrilməsi, Amerika və Britaniya qüvvələrinin köməyi olmadan hansısa əməliyyatı keçirə bilməsi istiqamətində də ABŞ probelmlərlə üzləşib. Bu güc strukturlarının əksəriyyəti klan, tayfa və ya partiya birləşmələrinə çevrilib. Onlar, əsasən, ölüm eskadronu funksiyasını həyata keçirir, öz liderlərinin düşmənlərinə qarşı terror aktları təşkil edir.
Şiələrin məskunlaşdığı rayonlarda sabitliyin hansı yolla əldə olunacağı da qeyri-müəyyən olaraq qalır. Çünki sünni və xristianlardan fərqli olaraq, dövlətçiliklə bağlı heç bir təcrübəyə malik olmayan şiə liderləri bu gün yalnız sünnilərə qarşı deyil, həm də özləri-özlərinə qarşı vuruşur.
Görüş zamanı Buş İraqın baş nazirinə tam dəstək də nümayiş etdirərək, Ağ evin İraq hökumətinin hazırkı rəhbərinə etimad göstərməməsi haqda fikirlərin yanlış olduğunu göstərib. "Əl-Maliki güclü liderdir və o, İraqın azad, demokratik ölkə olmasına çalışır. Birləşmiş Ştatlar bu məqsədə çatmasında ona kömək edəcək", - deyə Buş bildirib.
Ağ evin sahibi bir daha bildirib ki, onun siyasətində əsas hədəf İraqın müdafiəsinin tədricən bu ölkənin ordusuna, daxili nəzarətin isə ölkənin asayiş keşikçilərinə təhvil verilməsidir. Prezidentin açıqlamalarından belə məlum olub ki, o, İraqla bağlı kursun təcili dəyişməsini tələb edən kənar və daxili qüvvələrin təzyiqi qarşısında geri çəkilməyəcək.
Bütün bunların fonunda qərargah rəislərinin birgə komitəsinin rəhbəri Piter Peys bəyan edib ki, ordunun ali zabitləri arasında ABŞ-ın İraq strategiyasının korrektələrə məruz qalacağı ilə bağlı müzakirələr gedir. Məlumata görə, hətta Ağ ev bu münaqişə ilə bağlı baxışlarında dəyişiklik etməyə hazır olduğunu bəyan edib. Lakin Buşun Konqresin komissiyasının hesabatına reaksiyası göstərdi ki, bu belə deyil.
Beyker-Hamilton komissiyası haqda
Buşun İraqla bağlı məruzəyə reaksiyası haqda danışmazdan əvvəl onu hazırlayan komissiya haqda məlumat vermək yerinə düşər. İraqla bağlı ekspertlər komissiyası Konqres tərəfindən yaradılıb və onun tərkibinə 10 nəfər daxildir. Komissiyaya rəhbərliyi isə sabiq dövlət katibi Ceyms Beyker və eks-konqresmen, Nümayəndələr Palatasının Beynəlxalq Komitəsinin rəhbəri, demokrat Li Hamilton həyata keçirir. Komissiyada həm respublikaçılar, həm də demokratlar təmsil olunublar.
Corc Buşun məruzəyə münasibətinə gəlincə, sənədi "konstruktiv" adlandıran prezident etiraf edib ki, komissiya üzvlərinin İraqla bağlı gəldiyi qənaətlər "araşdırılmalıdır". Bununla yanaşı, Buş məruzədə əks olunan əsas məsləhətləri rədd edib. Beləliklə, ABŞ administrasiyasının İraq siyasətinin dəyişdirilməsi ilə bağlı bütün yeni ideyalara açıq olması haq-da bəyanatlar hələ ki bəyanatdan o tərəfə keçmir.
Dekabrın 7-də Vaşinqtona səfər edən Böyük Britaniyanın Baş naziri Toni Bler ilə Corc Buşun keçirdiyi birgə mətbuat konfransı da bu fikri təsdiqləyib. Məlumata görə, bu səfər zamanı Ağ ev sahibi Bleri məruzənin xülasəsi ilə tanış edib.
Komissiyanın hazırladığı məruzədə əks olunan məsələlərə gəldikdə, orada ilk olaraq, problemlə bağlı İran və Suriya ilə birbaşa danışıqlara başlanması məsləhət görülür. Buş isə bu ideyanı birmənalı şəkildə rədd edib. O, yalnız Tehran və Dəməşq nümayəndələrinin də daxil olduğu hansısa "İraq üzrə beynəlxalq qrup"un yaradılmasına razılıq verib və bunu da sərt şərtlər daxilində mümkün sayıb. "İnsanlar İraqdakı durumu müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşirsə, onlar üzərlərnə hansı vəzifənin düşdüyünü anlamalıdırlar. Buraya terroru maliyyələşdirməmək, gənc demokratiyaya yardım etmək, iqtisadi köməklik göstərmək aiddir. Əgər Suriya və İran belə konsepsiyaya hörmət etmək fikrində deyilsə, onlar danışıqlar masasının yaxınlığına belə fırlanmamalıdır", - deyə Buş bəyan edib.
"Terroru dəstəkləməmək" ifadəsinin nəyi nəzərdə tutduğu, yəqin ki, yalnız ABŞ prezidentinin özünə məlumdur. İstənilən halda, Buş bununla açıq şəkildə göstərib ki, nə qədər ki İran uranın zənginləşdirilməsini davam etdirir, Suriya isə Livanın işlərinə qarışır, o, Tehran və Dəməşq ilə dialoq aparmaq fikrində deyil.
Bundan başqa, Konqresin İraqla bağlı yaratdığı komissiya hesab edir ki, Vaşinqtonun İraq hökumətinin sərbəstlik və müstəqil fəaliyyətinə imkan yaratmalıdır. Komissiya üzvləri bunun yolunu da göstərirlər: İraq ordusunun sıralarının genişləndirilməsi, onlara təlimlərin keçilməsinin sürətləndirilməsi, bununla da ölkədə asayişin bərpa edilməsində məsuliyyətin həmin qüvvələrin üzərinə qoyulması təklif edilir.
Amma həm Buş, həm də Bler bu məsələyə skeptik yanaşırlar. Onlar bu dəfə də İraqdan qoşunların çıxarılacağının konkret tarixini göstərməkdən imtina ediblər. Bu isə onunla əsaslandırılır ki, guya İraq hökuməti hələ ölkənin və xalqın təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil.
Amerikanın bir sıra siyasətçiləri, keçmiş və hazırkı məmurlar da belə fikirdədirlər ki, komissiyanın məruzəsində əks olunan ideyalar "qeyri-real" və "icrası mümkün olmayan" təkliflərdir. Komissiya isə öz növbəsində Buş və onun administrasiyasını tənqid edib. Onların fikrincə, Ağ evin "demokratiyanın yayılması" və "azadlıq prinsipi əsasında cəmiyyət qurulması" siyasəti sadəlövh və qeyri-realdır.
Beləliklə, Amerika isteblişmentində İraq məsələsində olduğu kimi, xarici siyasətin əsas prinsiplərində də parçalanma dərinləşir. Görünür, ən fundamental məsələlərdə belə hansısa konsensusa gəlinməsi cəhdləri İraqla bağlı komissiyanın işində olduğu kimi, iflasa məhkumdur.
MƏSLƏHƏT GÖR: