
XƏZƏRYANI "ENERJİ SIÇRAYIŞI"
Avropada xəzər neft və qazına maraq xeyli artıb
Müəllif: NURANİ Bakı
Tarixçilər iddia edirlər ki, Olimpdə allahlardan odu oğurlayıb insanlara verən və buna görə Qafqaz dağlarında zəncirlənən Prometey haqqında əfsanənin müəyyən tarixi əsası var: Qafqaz dağlarından cənubda Azərbaycan - Odlar yurdu yerləşirdi. Mədəniyyətşünaslar və Qədim Şərq tarixi üzrə mütəxəssislər insan sivilizasiyasının yaranmasında İraqın şimalında yerləşən müasir "türkmən xəttinin" nadir şəraitinin hansı rol oynadığına dair ciddi müddəalar irəli sürürlər. Burada torpaq məhsuldar idi, Dəclə və Fərat çayları axırdı, Kərkük ətrafında Abşeronda və İranda,daha dəqiq desək, Cənubi Azərbaycandakı Azərşəhrdə olduğu kimi, birbaşa yerdən od çıxırdı.
Doğrudur, böyük neft biznesinin əsası Azərbaycanda deyil, Amerikada, Pensilvaniyada qoyuldu. Buna baxmayaraq, artıq XX əsrin əvvəllərində Bakıda neft bumu kifayət qədər ciddimiqyaslı hadisə idi. İkinci neft həyəcanı İkinci Dünya müharibəsinə təsadüf etdi.
Üçüncü neft həyəcanı haqqında söhbətlər 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanandan dərhal sonra başladı. Artıq doxsanıncı illərin ortalarında "The New York Times" qəzetinin analitik yazarı Stefan Kinzer Tayvan aksiyalarını, Cənubi Afrika brilyantlarını və xammal üzrə füçers əməliyyatlarını yaddan çıxararaq, dünyada bölünməmiş yeganə sərvətə - Xəzər neftinə diqqət yetirməyi məsləhət görürdü.
Lakin bir çox əlamətlərə ğörə, Xəzər neftinin böyük siyasətə sıçrayışı ancaq indi, neftin qiymətinin bütün mümkün və qeyri-mümkün hədləri keçdiyi zaman başlayır və analitiklər enerji daşıyıcılarının əsl defisitindən danışırlar.
İlk addımı kim atıb?
Bu gün artıq "enerji təhlükəsizliyi" və "Xəzər nefti" sözlərini bir cümlədə ilk dəfə kimin işlətdiyini demək çox çətindir. Ola bilər ki, Cenevrədə, BMT-nin mənzil-qərargahında Yaxın Şərqə alternativ neft mənbələri axtarışının vacibliyi məsələsinin müzakirə olunduğu yığıncaq təkan rolunu oynadı. Onda ekspertlər bu qərara gəldilər ki, 16 milyon barrel kəşf olunmuş neft ehtiyatlarına malik Azərbaycan və Qazaxıstan yaxın gələcəkdə Avropa ölkələri üçün əsas neft ixracatçılarına çevrilə bilər. BMT ekspertlərinin məlumatlarına ğörə, hazırda Yaxın Şərq dünyada istifadə olunan neftin 30 %-ni təmin edir. Ekspertlər 2020-ci ilədək bu rəqəmin 40%-ə qədər yüksələcəyini gözləyirlər. Asılılığın getdikcə artmasından ehtiyatlanan idxalçı ölkələr Yaxın Şərq regionundan kənarda yeni mənbələr axtarırlar. Bir çox ölkələrin Xəzər reqionuna böyük marağı da yəqin elə bununla izah olunur, axı ekspertlər burada xam neft hasilatının artacağını vəd edirlər.
Əslində, Şimal dənizində karbohidrogen ehtiyatlarının tükənməsi və narahat Yaxın Şərqdən ixraca alternativin vacibliyi barədə hələ 90-cı illərdə söhbətlər gəzirdi, amma bu çox məhdud çevrədə baş verirdi. Buna baxmayaraq, artıq 2001-ci ilin mayında öz "Milli energetika xartiyası"nda ABŞ Prezidenti Corc Buş Xəzəryanı əraziyə diqqət yetirməyi məsləhət gördü. Lakin deyəsən, əsl siyasi "məşhurluq" ancaq indi - 2005-2006-cı illərin qışında - bütün dünya Rusiyanın öz enerji daşıyıcılarının ixracından siyasi silah kimi istifadə etməyə hazır olduğunu görəndən sonra başlayır.
Xəzər sərmayədarları üçün
"Riqa balzamı"
Rusiyanın Gürcüstan və Ukrayna ilə əlaqələrində "qaz böhranı"ndan sonra Avropa İttifaqında "enerji daşıyıcılarının idxalı sahəsində əməkdaşlıq" əvəzinə, Xəzəryanı ölkələrlə danışıqlarda "enerji təhlükəsizliyi" ön plana keçdi, bu problem özü isə birincidərəcəli problem kimi qiymətləndirildi. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Türkiyə, Ukrayna, Ermənistan, Belarus, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusu ilə Rusiyanın da iştirak etdiyi Avropa Şurası, Qara dəniz və Xəzər dənizi bölgəsi ölkələri nazirlərinin Astanada keçirilən konfransında energetik "yol xəritəsi" qəbul olundu.
Yekunlara həsr olunmuş mətbuat konfransında Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baxtıkoja İzmuxambetov qeyd etdi ki, "Qəbul etdiyimiz əsas sənəd yaxın və uzaq perspektivlərimizin əks olunduğu "yol xəritəsi"dir. Yaxın məqsədlərimiz bazarlarımızı yaxınlaşdırmaqdan, uzunmüddətli perspektivlərimiz isə energetika sahəsində regional bazarın yaradılmasından ibarətdir". Nazir vurğuladı ki, bu məqsədlərə nail olunarkən, "ekoloji, o cümlədən nüvə təhlükəsizliyi təmin edilməli, eləcə də bütün ölkələrin daxili maraqları nəzərə alınmalıdır".
Öz növbəsində, AŞ-nın energetika üzrə komissarı Andris Pibalqs da dedi ki, "Konfrans dünyanın bu bölgələrinin daha sıx energetik inteqrasiyasına aparan yol oldu".
NATO-nun Riqadakı sammitinin gedişində isə bu mövzu tamamilə fərqli kontekstdə səsləndi. Riqada NATO sammiti ərəfəsində kuluar söhbətlərində xarici işlər üzrə Senat Komitəsinin sədri, respublikaçı senator Riçard Luqar bəyan etdi ki, Şimali Atlantika sazişi təşkilatı Rusiyanın "energetik" zərbəsinə cavab verməyə hazır olmalıdır. Senatorun fikrincə, "energetikadan silah kimi istifadə artıq baş verib" və NATO Rusiya, yaxud İranın belə hərəkətlərinə adekvat cavab verməyə hazır olmalıdır. Luqar təklif etdi ki, hərbi blokun istənilən üzvünə qarşı "energetik" hücum bütövlükdə NATO əleyhinə çıxış kimi qiymətləndirilsin və "energetik" müharibələr silahlı hücuma bərabər tutulsun. RİA-"Novosti" amerikalı senatordan sitat gətirir: "Energetikanın silah kimi işlənməsi gələcəkdə ola biləcək nəzəri təhlükə deyil, bu artıq baş verir". Luqarın sözlərinə görə, "Rusiyanın Ukraynaya enerji verilməsini dayandırması enerjidən siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasının cəlbediciliyini nümayiş etdirdi". "Qərbin kəskin reaksiyasından sonra Rusiya qarşıdurmadan cəkindi, amma əgər o, embarqonu davam etdirsəydi, NATO-nun cavabı necə olardı?" - sualını verən amerikalı senator xəbərdarlıq etdi ki, bu halda, "Ukraynanın iqtisadiyyatı və hərbi qüvvələri bircə atəşsiz çökər, bir sıra NATO ölkələri üçün təhlükə və itkilər isə əhəmiyyətli dərəcədə artardı". Luqara görə, "NATO mütləq müəyyənləşdirməlidir ki, əgər Polşa, Almaniya, Macarıstan, yaxud Latviya da Ukrayna kimi təhlükə ilə üzləşərsə, o hansı addımlar atmağa hazırdır". Senatorun fikrincə, bu halda, energetika sahəsinə NATO nizamnaməsinin "beşinci bəndi"ni tətbiq etmək lazımdır. Burada qeyd olunur ki, alyansın hər hansı bir üzvünə edilən hücum bütün hərbi bloka hücum kimi qiymətləndirilir. "Energetikadan silah kimi istifadə etməklə həyata keçirilən hücum ölkə iqtisadiyyatını çökdürmək, həmçinin, yüzlərlə, hətta minlərlə qurban verməklə nəticələndiyindən, alyans öhdəlik götürməlidir ki, belə hücumdan müdafiə "beşinci bənd" çərçivəsində öhdəlikdir", - deyən Senat Komitəsinin başçısı vurğuladı ki, müasir şəraitdə energetik münaqişə hərbi qarşıdurmaya bərabər tutulur. Luqar, həmçinin, belə bir ifadə işlədib:" siyasi mənfəət əldə etmək üçün enerji ilə manipulyasiya cəhdləri o demək deyil ki, NATO buna hərbi cavab verməlidir". "Alyans energetikadan NATO üzvlərinə qarşı silah kimi istifadə etmək cəhdlərinə hazır olmağa və onları cavablandırmaq barədə öhdəlik götürməyə borcludur", - deyən senator "NATO liderləri enerjinin təcavüzkarlıqla kəsilməsinin qurbanları üçün enerji nəqlini nəzərdə tutan strategiya işləyib-hazırlamalıdırlar" - bəyanatını da səsləndirib. Bu zaman, hətta energetik blokada şəraitində kömək göstərmək üçün xüsusi təlimlərin keçirilməsi də mümkündür.
"Əgər ona qarşı iqtisadi sanksiyalar tətbiq olunarsa, İranın da dəfələrlə neft ixracını azaldacağı ilə hədələdiyini" xatırldan Luqar iddia edib ki, bu gün enerji daşıyıcıları bu ehtiyatlara malik olan ölkələr üçün yeni silahdır. NATO-ya belə ssenarilərə hazır olmaq çağırışı ilə müraciət edən Luqar həm də "NATO ilə Rusiya arasında enerji təhlükəsizliyinə dair yüksək səviyyədə müntəzəm məsləhətləşmələrə başlamağı" təklif edib. Bundan başqa, Luqar Xəzəryanının "neft krallarını" - Azərbaycan və Qazaxıstanı fəal şəkildə alyansa cəlb etməyi məsləhət görüb.
Minsk sammitində "energetik bomba"
Hazırda Xəzər nefti MDB məkanında da daha ciddi siyasi amilə çevrilir. Belə ki, sammitin yekunlarına əsasən, Azərbaycanın enerji daşıyıcılarının Ukrayna vasitəsilə Belarusa, oradan isə Baltik və Şərqi Avropa ölkələrinə nəqli planlarının elan edildiyi üç prezidentin - İlham Əliyevin, Viktor Yuşşenkonun və Aleksandr Lukaşenkonun görüşü duruma yenidən nəzər salmağa təhrik edir: Rusiyada "Qazprom" Belarus üçün qazın min kubmetrinin qiymətini 46 dollardan 200-ə qaldırdıqdan və Kreml bu tələbləri müdafiə etdikdən sonra, Xəzəryanının enerji daşıyıcıları ilə Aleksandr Lukaşenko da maraqlandı. Və əgər nəzərə alınsa ki, Xəzər neftinin Rusiyanın nəzarətindən kənar marşrutla Qara dənizə çıxarılması GUAM-ın yaranması ilə nəticələndi, onda Belarus tranziti Baltik-Qara dəniz qurşağının bərpası imkanları barədə düşünməyə əsas verir.
Əlbəttə, Lukaşenko heç də Şuşkeviç deyil, amma siyasi yön iqtisadiyyatdan əksəriyyətin düşün-düyündən də çox asılıdır, postsovet məkanı isə belə başgicəlləndirici kulbitləri çox görüb.
"Buraxmamalı!"
Rusiyada müəyyən dairələrin reaksiyası da çox şeylər barədə düşünməyə sövq edir. Bir tərəfdən, rus siyasətçiləri Luqarın bəyanatlarına və enerji təhlükəsizliyi barədə söhbətlərə çox əsəbi reaksiya verərək, hər yerdə hamını inandırmağa çalışırlar ki, Gürcüstan və Ukrayna üçün qiymətlərə yenidən baxılmasında heç bir siyasi kontekst olmayıb: şəxsi heç nə yoxdur, bu yalnız biznesdir. Lakin eyni zamanda, Azərbaycan üçün qazın qiymətinin qaldırılmasının ölkəmizin Gürcüstan və Ukraynaya qaz verməsinə cavab olduğunu gizlətmək barədə belə düşünmürlər. Bundan başqa, Moskva bazarlarında "etnik təmizləmələrin" də Azərbaycanın neft və qazı Avropaya müstəqil ixrac etmək istəyinə cavab olduğunu düşünməmək çətindir.
Əlbəttə, rəqabət xoşagələn iş deyil. Lakin yaxın illərdə Avropa bazarının tutumu elə həcmdə olacaq ki, burada hamıya yer çatacaq - təki neft olsun. Yalnız bir şərtlə: Rusiya Avropa bazarında inhisarcı statusunu ələ keçirmək niyyətində olmasın və enerji daşıyıcılarının nəqlindən siyasi təzyiq vasitəsi kimi istifadə etməsin. Amma bu halda, Moskva Riçard Luqarın təşəbbüsünün çox vaxtında meydana çıxdığına dair əlavə sübutlar verir.
MƏSLƏHƏT GÖR: