14 Mart 2025

Cümə, 22:30

"AVROPA SƏDRLİYİ"nə QALMAQALLI BAŞLANĞIC

Ermənistanda moldovalı hüquq müdafiəçisinə qarşı hədə kampaniyasının səbəbi nədir?

Müəllif:

16.07.2013

İyulun 1-dən Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Azərbaycan və digərləri ilk gündən əsaslı olaraq məhz buna etiraz edirdi: bu cür missiyanın digər ölkəyə təcavüz etmiş, onun ərazilərinin 20%-ni işğal altında saxlayan və işğal etdiyi ərazilərdə "etnik təmizləmə" siyasəti aparan ölkəyə həvalə olunması Avropanın əsas dəyərlərinə ziddir. Ermənistanın sözügedən quruma sədrliyinin qalmaqalla başlamasına isə yəqin ki, təəccüblənməyə dəyməz. Sədrliyin Ermənistana keçməsilə əlaqədar bu ölkənin parlamentində "Qanunun aliliyi barədə Avropa standartları və Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının səlahiyyət hüdudları" mövzusunda ümumavropa konfransı keçirilib. Konfransın işində 32 ölkə və beynəlxalq strukturu təmsil edən 80-dən artıq nümayəndə iştirak edib. Tədbirdə Moldovadan olan hüquqşünas Aureliya Qriqoriu "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" mövzusunda məruzə ilə çıxış edib. Qriqoriu çıxışı zamanı son dərəcə açıq danışıb: "Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib, azərbaycanlılara qarşı soyqırımı törədib". Qriqoriu "Xocalıda soyqırımının da ermənilər tərəfindən törədildiyini, bunun beynəlxalq səviyyədə tanınmış fakt olduğunu" da bildirib. Forumun zalda oturmuş bəzi iştirakçıları moldovalı həmkarlarının bu fikirlərini alqışlarla qarşılayıblar.

Bundan sonra "cavab bəyanatı" üçün tribunaya Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan çıxıb. O, yəqin ki, xanım Qriqoriuya etiraz edə bilməyəcəyini anlayırdı. Odur ki, vitse-spiker çıxışını parlament etikasından çox uzaq olan təhqir üzərində qurub: "Mən sizin burada kimin sifarişini yerinə yetirdiyinizi bilmirəm. Amma çıxışınızı sifarişçinizə göstərmək üçün yaza bilərsiniz. Düşünürəm ki, ali qonaqlar kiminsə elmi konfransı yolverilməz müzakirələr meydanına çevirmək cəhdinə etirazlarını bildirməlidirlər", - deyə Naqdalyan bildirib.

Moldovalı hüquqşünas da öz növbəsində, bu ittihamları cavabsız qoymayıb: "Mən münaqişənin detalları haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir".

Sonradan baş verənləri isə sadəcə biabırçılıq adlandırmaq olar. Ermənilər Qriqoriudan üzr istəməsini tələb etsələr də, o, bundan imtina edib. Belə olduqda "ev sahibi" hədələrə başlayıb.

Aureliya Qriqoriu sonradan APA-ya verdiyi müsahibəsində bildirib ki, Ermənistanda ona "ölkəni maneəsiz tərk etməsi üçün üzr istəməsi" məsləhət görülüb. Açığı bu, insanın girov götürülməsinə bənzəyir. "Mənə daim təmasda olduğum diplomatlar və di-gər insanlar zəng vurur, üzr istəməli olduğumu bildirirdilər. Şübhəsiz ki, onlar erməni tərəfilə əlaqəli adamlar idi", - deyə hüquqşünas bildirib. Xanım Qriqoriunun "Facebook" sosial şəbəkəsindəki səhifəsinə də hədələr gəlməyə başlayıb: "Oteldə nömrəmə zəng vurmuşdular. Məni saçımdan sürüyərək nömrədən çıxaracaqlarını və mənimlə haqq-hesab çəkəcəklərini bildirirdilər. Əlbəttə ki, bu haqda  Xarici İşlər Nazirliyimizə və qohumlarıma məlumat verdim. Ailəmi də hədələyirdilər. Mən yola düşməyə hazırlaşarkən sürücü maşına əyləşməyimə imkan vermədi. Cəmi 1 dəqiqə sonra isə "Facebook" sosial şəbəkəsindəki səhifəmə məni hələ çox sürprizlərin gözlədiyini yazdılar. Bunadək çoxlu sayda təhqirlər də alırdım. Fikrimcə, sürücünün məni aeroporta aparmaqdan imtinası, cəmi 1 dəqiqə sonra isə sosial şəbəkədə bu məktubun yazılması bütün bu işlərin bir-birilə əlaqəli olduğunu göstərir. Bu, ev sahibinin mövqeyi idi".

"Erməni qonaqpərvərliyi"nin təfərrüatları KİV-ə və internetə çıxdıqda isə İrəvan Qriqoriuya Ermənistanı tərk etmək imkanı yaratmaq məcburiyyətində qalıb.

Bu gün əksər ekspertlərin qeyd etdikləri kimi, Aureliya Qriqoriunun başına gələnlərdən siyasi nəticə çıxarmaq lazımdır. Şübhəsiz ki, bu, İrəvanın dözümsüzlüyünün göstəricisidir. Amma bu, fərqli düşüncəyə, İrəvanın rəsmi mövqeyilə uyğun gəlməyən qiymətləndirməyə yox, Ermənistan-Azərbaycan münaqişə zonasındakı real vəziyyəti göstərən bəyanata və terminlərə dözümsüzlükdür. Aydındır ki, Ermənistanın mövqeyi rəsmi İrəvanın mövqeyilə üst-üstə düşməyən əcnəbi qonaqlara elementar təhlükəsizlik zəmanəti verəcəyi gözlənilən deyil. Ekspertlər WikiLeaks saytında yer alan ifşaedici sənədlərdə əcnəbi diplomatlara təşkil edilən hücumların arxasında "siyasi motivlərin" dayandığının qeyd olunduğunu da yada salırlar. Bu yerdə bir məqamı da qeyd etmək lazımdır ki, bu, hələ İrəvanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin başlanğıcıdır.

Beləliklə, hələlik bu mövzuya nöqtə qoymaq tezdir. İrəvanın bir sıra politoloqları rəsmi instansiyaları "nədənsə" susmağa üstünlük verdikləri üçün tənqid atəşinə tutur. Tənqid olunanlar arasında Ermənistan parlamentinin spikeri Ovik Abramyan, xarici işlər naziri Edvard Nalbandyan da var. Tənqidçilər ironiya ilə bildirirlər ki, Nalbandyan üçün İrəvana səfər etmiş erməni əsilli fransız şanson ifaçısı Şarl Aznavuru müşayiət etmək etiraz notası yazmaqdan daha xoşdur. Ermine Naqdalyanın moldovalı hüquqşünasa verdiyi qalmaqallı cavab da, təbii ki, tənqidçiləri qane etməyib. Onlar vitse-spikerin cavabını "qeyri-adekvat" sayır, hüquqşünasa cavab verənlərin heç birinin ortaya əks-arqumentlər qoymamasından və s. hiddətləndiklərini bildirirlər.

Şübhəsiz ki, artıq İrəvanda moldovalı hüquqşünasa qarşı aparılan hədə və təhqir kampaniyasının Ermənistanın siyasi elitasının nüfuzuna ciddi zərbə vurduğunu başa düşürlər. Təəssüf ki, onlar hələ də adi həqiqəti etiraf etməyə hazır deyillər: erməni tərəfində Aureliya Qriqoriunun dediklərini təkzib edəcək "əks-arqumentlər", sadəcə, yoxdur. Bunu həm Edvard Nalbandyan, həm Ovik Abramyan, həm də elə Ermine Naqdalyanın özü də anlayır. "Artsaxın öz müqəddəratını təyin etməsi" və s. haqda danışılanlar ola bilsin ki, daxili auditoriyada silinməz iz buraxır. Peşəkar diplomatlar isə anlayırlar ki, bununla beynəlxalq arenaya çıxmağa dəyməz. Ən başlıcası, İrəvan erməni tərəfinin "informasiya müharibəsi"ndə uduzmağa başlamasına hazır deyilmiş. Nə qədər ki, erməni tərəfi öz diasporunun informasiya və lobbi  rıçaqlarına bel bağlayırdı, İrəvan bölgədə iğşal və etnik təmizləmələri kimlərin həyata keçirməsi haqda düşünmür, bunu qulaqardına vururdu. Dünya ictimaiyyətinin Azərbaycana marağının artdığı, beynəlxalq arenada ölkənin nüfuzunun gücləndiyi hazırkı şəraitdə isə vəziyyət tədricən dəyişir. Bu mənada Aureliya Qriqoriunun çıxışı İrəvan üçün əlamətdar hadisədir.

İndi İrəvanın dəyişən vəziyyətə necə cavab verəcəyi maraq doğurur. Ekspertlər nə növbəti mənəvi terroru, nə də fiziki terroru istisna edir - hər halda, ermənilərin siyasi zorakılıq ənənələri hər kəsə bəllidir. İrəvanda sağlam düşüncənin qələbəsi haqda isə təəssüf ki, düşünən yoxdur.



MƏSLƏHƏT GÖR:

680