
SEÇMƏ YANAŞMA
Avropaya inteqrasiya proseslərinin problemli məqamları
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Hələ bu ilin fevralında Avropa İttifaqına üzv dövlətlərin liderləri Ukrayna ilə Assosiasiya Sazişi imzalamağa, artıq noyabrda isə digər ölkələrlə assosiasiya haqda danışıqları başa vurmağa hazır olduqlarını bəyan etmişdilər. Lakin mayın sonunda Brüssel faktiki olaraq bu bəyanatı rədd etdi, sözügedən ölkələrin demokratik dəyərlərin möhkəmləndirilməsi və insan haqlarının qorunması sahəsində hələ çox iş görməli olduqlarını bildirdi.
Ədalət naminə qeyd etmək lazımdır ki, Brüssel tərəfindən bu cür tələblərin irəli sürülməsi həmin ölkələrdə demokratikləşməyə təkan verir və bu prosesi dönüşü olmayan prosesə çevirir. Bununla yanaşı, təəssüf ki, bəzən hadisələrin sürətləndirilməsinə lazım olandan artıq cəhdlər, bir sıra izahı çətin olan addımlar inteqrasiya layihələrinin uğurla reallaşdırılmasına mane olur.
Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərindən bir həftə əvvəl Avropa Parlamentinin (Aİ-nin qanunverici orqanı) 754 deputatından cəmi 32-nin qərarı ilə "Azərbaycan: İlqar Məmmədov işi" adlı qərəzli qətnamə qəbul olundu. Sənəddə haqqında Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsilə cinayət işi açılmış İlqar Məmmədovun dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Qətnamədə Bakı sərt şəkildə tənqid edilir, ölkədə, guya, söz və sərbəst toplaşmaq azadlığı, insan haqları sahəsində ciddi pozuntuların olduğu bildirilir. Bundan başqa, qətnaməni qəbul edən avroparlamentarilər Avropa Parlamentinin rəhbəri Joze Manuel Barrozunu Azərbaycan Prezidentilə gözlənilən görüşdə tonunu sərtləşdirməyə də çağırırdılar. Yeri gəlmişkən, Avropa Parlamenti Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ilə bağlı da oxşar mövqedədir. Qurum rəsmi Kiyevdən sabiq hökumət başçısının dərhal həbsdən buraxılmasını tələb edir. Konkret cina-yət əməlində ittiham olunan insanların azadlığa buraxılması tələbini irəli sürən Brüssel faktiki olaraq, bu məsələləri siyasiləşdirir.
Gözlənildiyi kimi, Azərbaycanda Avropa Parlamentinin qətnaməsi obyektivlikdən uzaq yanaşma, yeni qaz dəhlizilə bağlı qərarın qəbulu və Azərbaycan Prezidentinin Brüsselə səfəri ərəfəsində suveren dövlətin daxili işlərinə məqsədyönlü şəkildə kobud müdaxilə cəhdi kimi qiymətləndirilib. Milli Məclisin avroparlamentarilərə müraciətində bildirilir ki, müstəqil və özünü təmin edən Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqluluq əsasında inkişaf etdirir və heç bir qüvvə onu demokratik inkişaf yolundan çəkindirə bilməz. Müraciətdə heç bir beynəlxalq qurumun Azərbaycanla buyuruq tonunda danışmaq haqqının olmadığı da vur- ğulanır.
Maraqlıdır ki, Avropa Parlamentinin mövqeyi onun rəhbəri J.M.Barrozunun bir neçə gün sonra verdiyi açıqlama ilə qətiyyən üst-üstə düşməyib. Barrozu Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Bakının demokratiyanın inkişafı və insan haqlarının qorunması sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirib. Hələ bütün standartlara əməl olunmadığını qeyd edən Barrozu eyni zamanda Prezident İlham Əliyevin suveren dövlətin başçısı kimi ölkəsinin müasirləşdirilməsinə, onun imicinə və nüfuzuna xüsusi diqqətlə yanaşmasına əminliyini də dilə gətirib.
Yeri gəlmişkən, İlham Əliyev də xarici KİV-ə müsahibələrində dəfələrlə diqqəti bu sahədə vəziyyətin ideal olmadığına, lakin Azərbaycanın demokratik prinsiplərin inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürütdüyünü, bu məsələyə təkamül prinsipilə yanaşılmasının vacibliyini bildirib. Odur ki, bugünkü vəziyyətə yüzilliklər keçərək çatmış Aİ-nin bezdirici mövqeyi müstəqilliklərini cəmi 20 il əvvəl qazanmış postsovet ölkələrində bu prosesin uğurlu inkişafına kömək etmir. Bundan başqa, Avropa İttifaqının postsovet ölkələrilə dialoqda öyüdverici tonda danışması bəzən əks-effekt verir. Çox zaman bu, öz iradəsini hazırkı müstəqil dövlətlərə qəbul etdirən SSRİ dövrünü xatırladır.
Əlbəttə, Brüsselin postsovet ölkələrini ümumavropa dəyərlərinə cəlb etmək istəyi təbii və tamamilə başadüşüləndir. Üstəlik, həmin ölkələr bu sahədə üzərlərinə müəyyən öhdəliklər də götürüblər. Amma çətin ki, bu işdə sərt inadkarlıq düzgün taktika olsun. Unutmaq olmaz ki, əksər postsovet ölkələrində ənənəçilik əsrlərlə formalaşıb və müəyyən stereotiplərin keçilməsi üçün onilliklərə ehtiyac var.
Diqqəti cəlb edən daha bir məqam brüsselliərin tez-tez həm ümumavropa məsələlərində, həm də postsovet ölkələrilə münasibətlərdə seleksiyalı yanaşma ortaya qoymasıdır. Son 2 il ərzində Aİ ölkələri iqtisadi tələblərlə küçələrə çıxan nümayişçilərə qarşı sərt tədbirlərə əl atıblar. Bəzi ölkələrdə, hətta icazəsiz piketlərin, nümayişlərin təşkilatçılarına qarşı cəzaların nəzərdə tutulduğu qanunlar sərtləşdirilib. Bu, hüquqi nöqteyi-nəzərindən tamamilə anlaşılandır. Amma bir postsovet ölkəsində məsələn, legitim hakimiyyətin güc yolu ilə devrilməsinə çağırış etmiş bir şəxs həbs olunan kimi, dərhal həmin ölkə ittihamlara tuş gəlir.
Brüssel siyasi müstəvidə müəyyən şəxslərin hüquqlarını müdafiə edərkən tez-tez yalnız Cənubi Qafqazda sayı milyondan artıq olan məcburi köçkünlərin təbii hüquqlarını unudur.
Aİ-nin Avropa qonşuluq siyasəti və Şərq Tərəfdaşlığı proqramında iştirak edən bu və ya digər ölkədə demokratik normalar və insan haqları ilə bağlı vəziyyəti qiymətləndirməsində də eyni yanaşma müşahidə olunur. Ayrı-ayrı ölkələrdə insan haqları sahəsində ən cüzi çatışmazlığa ciddi reaksiya verən Aİ-nin 2008-ci ilin martında Ermənistanda dövlət başçısı Serj Sarqsyanın prezident seçkisindən sonra keçirilən nümayişləri son dərəcə sərt şəkildə dağıtmasına münasibəti qeyri-adekvat olub. Halbuki, Ermənistanda günahsız insanların qanı axıdılırdı.
Ermənistanla Şərq Tərəfdaşlığı proqramının digər üzvü Azərbaycan arasında münaqişə olduğundan istər-istəməz bu iki dövlətin Avropa dəyərlərinə və Aİ ilə tərəfdaşlığa münasibətini müqayisə etməli olursan.
Bu ilin sonunda Aİ İrəvanla assosiasiya haqqında danışıqları başa vurmalıdır. O İrəvanla ki, BMT Baş Assambleyasının gürcü qaçqınların daimi yaşayış yerləri olan Abxaziya və Cənubi Osetiyaya qaytarılması hüquqlarının dəstəkləndiyi qətnaməsinin əleyhinə səs verib. Fasiləsiz olaraq bütün həmsərhəd ölkələrə qarşı ərazi iddiası irəli sürən monoetnik Ermənistan Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı proqramının digər iştirakçıları ilə müqayisədə çox az tənqid olunur. Halbuki, erməni etnofundamentalizmi Avropa dəyərlərinə, demək, həm də inteqrasiya proseslərinə birbaşa təhlükədir. Avropa qonşuluq siyasəti və Şərq Tərəfdaşlığı proqramı isə həm Aİ ilə postsovet ölkələri, həm də həmin ölkələrin öz aralarında inteqrasiya proseslərinin dərinləşdirilməsini nəzərdə tutur.
Ermənistandan fərqli olaraq, Azərbaycan yük yox, milli-dini tolerantlığın yüksək olduğu, polietnik, özünü təmin edən tərəfdaşdır. Bakı Avropaya inteqrasiya sahəsində ardıcıl siyasət yürüdür və artıq özünü sabit, etibarlı tərəfdaş kimi təsdiqləyib. "Şahdəniz" konsorsiumunun bu yaxınlarda Azərbaycan qazını Avropaya çıxaracaq marşrut kimi Transadriatik qaz xəttini seçməsi də bunu bir daha təsdiqlədi. Bakının bu qərarı Aİ-nin enerji məsələləri üzrə ali komissarı G.Ottinger tərəfindən də yüksək qiymətləndirilib: "Bu işdə Azərbaycanın marağı nədir? Bəzən bir çoxlarının dərk etmədiyi həqiqəti Azərbaycan başa düşür: Avropanın qaydaları sabitdir, gəlirləri daimi və qiymətlidir. Azərbaycan öz gələcəyini Avropa ilə bağlayır".
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini məsələsində Brüsselin gözləntilərini tam doğruldur. Amma bununla yanaşı, Azərbaycanın öz təhlükəsizliyinin təminində problemlər var və Aİ bu sahədə ciddi fəallıq göstərməlidir. Bu mənada amerikalı professor Maykl Keynin mayın sonunda Bakıda keçirilmiş "Azərbaycan-ABŞ: gələcəyə baxış" forumunda səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir: "Azərbaycanın təhlükəsizliyi təmin olunmadan Avropanın enerji təhlükəsizliyinin təminindən danışmaq mümkün deyil".
Brüsseldən Gürcüstan və Moldovaya qarşı da bu cür münasibət tələb olunur. Çünki Azərbaycan kimi, Gürcüstan və Moldova da separatçılıq problemi, ərazilərinin işğalı ilə üzləşib. Avropa qonşuluq siyasəti və Şərq Tərəfdaşlığı layihələrinin əsas məqamlarından biri isə məhz təhlükəsizlik sahəsində əməkdaşlıqdır.
MƏSLƏHƏT GÖR: