Müəllif: Alyona MOROZ Bakı
Atrıq soyuqlar, rəsmi dillə desək, payız-qış mövsümü gəlib. Bu sözləri eşidən bir çox sıravi vətəndaş artıq adət etdiyimiz bir panikaya düşür: mənzilləri nə ilə qızdırmalı? Qazlamı? Elektrikləmi? Axı bunlar əlavə, həm də o qədər də az olmayan xərclərdir. Üstəlik, dövlət məmurları addımbaşı enerji ehtiyatlarına qənaət etməyin zəruriliyindən danışırlar!
Binaların və sosial obyektlərin - uşaq bağçaları, məktəblər, xəstəxanaların istilik təchizatından danışarkən qeyd etmək lazımdır ki, 2004-2005-ci payız-qış isitmə mövsümü ərəfəsində dövlət məmurları respublikanın qızdırma sisteminin kökündən rekonstruksiyasına girişdilər. Lakin keçən mövsümdə nəyə nail olunması və noyabrın 15-dən başlanan yeni isitmə mövsümündə bizi nə gözlədiyi barədə danışmazdan əvvəl, onu da vurğulayaq ki, istilik təminatı sahəsində problemlərin həlli, nə qədər paradoksal olsa da, təsadüfən tapıldı.
Təsadüfi başlanğıc
Ölkənin yanacaq-energetika kompleksinin (YEK) islahatı məsələsini qaldıran Azərbaycan hökuməti 2004-cü ildə texniki yardım almaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə müraciət etdi. Agentliyin keçirdiyi tenderdə isə PA Consulting Group qalib gəldi. Şirkətin səmərələşdirici təkliflər hazırlanması üzərində işləyən mütəxəssisləri aşağıdakı qənaətə gəldilər: YEK-i islah etməzdən əvvəl, bütövlükdə mənzil-kommunal təsərrüfatını, o cümlədən, istilik təchizatı sistemini dirçəltmək lazımdır. Odur ki Azərbaycanın istilik sisteminin islahatına keyfiyyətcə yeni yanaşmada məhz PA Consulting şirkətinin ekspertləri ən fəal şəkildə iştirak ediblər.
Həm xarici, həm də ölkə ekspertlərinin təklifləri hökumət strukturlarında da, 2005-ci ilin yayında istilik təchizatı sisteminin yenidən qurulmasına ciddi girişən hökumətin özündə də diqqətlə araşdırılırdı. Məhz onda, 2005-2006-cı illərin istilik mövsümü başlanmazdan hələ xeyli əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "İstilik təchizatı sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı çərçivəsində sərəncamlar verdi. "Azəristiliktəchizat" ASC yaradıldı və mövcud istilik təchizatı sisteminin yenidənqurulması kimi məsul vəzifə ona həvalə edildi.
2006-cı ilin qış ərəfəsində respublikada istilik qurğularının durumu araşdırıldı və onların əksəriyyəti təmir edildi. Son 15 il ərzində ölkədə ilk dəfə olaraq sahənin payız-qış mövsümünə hazırlanması üzrə tədbirlər planı həyata keçirilməyə başlandı.
İrimiqyaslı tədbirlərlə yanaşı, 2005-ci ilin oktyabr ayında təkcə bakılıların deyil, Azərbaycanın bütün əhalisinin "qış" həyatını yaxşılaşdırmalı olan sənəd işlənilib-hazırlandı: "2006-2015-ci illər üçün istilik təchizatı strategiyası". Elə ondaca "Azəristiliktəchizat" rəhbərliyi 2007-2008-ci illərdə Azərbaycanda "İstilik təchizatı haqqında" qanunun meydana çıxacağını və orada dövlətin bu sahədə siyasətinin öz əksini tapacağını vəd etdi.
Hər şey plan üzrə gedir
Zahirən, normativ-hüquqi bazanın qaydasında olduğu görünür. Belə olan halda, "Bəs hazırda nəticələr necədir?" - deyə soruşa bilərsiniz. Məsələn, 2004-2005-ci illərin payız-qış mövsümündə paytaxtda cəmi 988 bina istilik alıb. Keçən il belələrinin sayı artıq 1519 olub. "Azəristiliktəchizat" ASC-nin həm də PA Consulting Group şirkətinin Azərbaycanın istilik təchizatı strategiyası üzrə eksperti olan sədr müavini İlham Mirzəliyevin sözlərinə görə, bu qışda daha 400 bina çoxdan intizarında olduğu istiliklə təchiz olunacaq. İ.Mirzəliyevin "R+"a dediklərindən: "Daha dəqiq desək, artıq 1901 obyekt də hazırlanıb - qazanxanalar, magistral xətlər tam təmir edilib, binalarda daxili sistemlərin yenidən qurulması başa çatdırılıb. Lakin bu, ilkin rəqəmdir. Yəni qızdırma mövsümünün gedişində belələrinin sayı daha da artacaq".
Qızdırma mövsümünün məhz noyabrın 15-də başlanacağı da birmənalı fakt deyil. Adətən, evlərə istilik çöldə temperatur bir neçə gün 8°S-dən aşağı olandan sonra verilməyə başlanır.
Hər halda, "Azəristiliktəchizat"ın belə "ləng tərpənməsinin" səbəbi nədədir? Bu sualı ASC-nin sədr müavininə ünvanladıq. İ.Mirzəliyev: "Bəli, prezidentin sərəncamı var, lakin bu tarixi sənəd çərçivəsində xeyli problemi həll etmək lazım gələcək. Bir düşünün: mənzilləri, yaşayış və inzibati binaları, uşaq bağçalarını, tədris müəssisələrini, sosial və tibb idarələrini və i. a. istiliklə təchiz etmək zəruridir. Bunun üçün isə bildiyiniz kimi, illər lazımdır. Odur ki işin əsas hissəsi bir payız-qış mövsümü yox, 2-3 il çəkəcək. Bu müddət ərzində respublikada istilik təchizatı sisteminin tam bərpası və yenidən qurulmasının həyata keçirilməsi planlaşdırılır. Bütün digər hissələr, əsasən, qanunvericilik hissəsi, normativ baza, onun təkmilləşdirilməsi, struktur və instutisional dəyişikliklər 2009-2015-ci illər arasında olacaq", - deyə cavab verdi.
Yeri gəlmişkən, prezidentin sərəncamında istilik təchizatına dair Dövlət Proqramının hazırlanmasından da danışılır - bu sənəd bütün respublikanı ehtiva etməlidir. Sənəd, demək olar ki, 1 il bundan əvvəl işlənilib-hazırlanmış və prezidentə təqdim olunmuşdur. Lakin İ.Mirzəliyevin sözlərinə görə, hələlik, prezident Dövlət Proqramını imzalamayıb: "Sənədə baxılıb və o, imzalanma üçün hazırdır. Lakin orada konkretləşdirilməli çoxlu məqam var. Məsələn, sosialyönümlü obyektlərin - uşaq bağçaları, məktəblər, xəstəxanaların istilik təchizatı. Bu səbəbdən də sosial obyektlərə dair aralıq proqram qəbul edildi. Dövlət proqramının özündə isə stratejiyönümlü məsələlər qaldı. Fikrimcə, proqram tezliklə prezident tərəfindən bəyəniləcək".
Daha bir məqam - qazanxanaların xeyli vaxt və vəsait tələb edilən inşası. "İstilik təchizatı üzrə strategiya"da aydın deyilir ki, ölkə istilik təchizatı sahəsinin səmərəli şəkildə yenidənqurulmasını arzulayırsa, özünü dünyanın bir çox ölkəsində çox gözəl göstərmiş avtonom qazanxanaların tədricən istismara verilməsi zəruridir. Nəhəng qazanxanalar dövrü arxada qalıb və ən yaxın vaxtlarda paytaxtda və bölgələrdə onların yerinə 3-5 binaya xidmət edən avtonom qazanxanalar meydana gələcək. İ.Mirzəliyev deyir: "Beynəlxalq təcrübə göstərir ki, belə qazanxanaların işi mərkəzləşdirilmiş istilik təchizatı sistemindən daha səmərəlidir. Bu, Azərbaycanın bölgələri üçün də çox aktualdır. Məsələn, Gəncə, Sumqayıt, Mingəçevir və s. şəhərlərdə azmərtəbəli, bəzən isə hətta birmərtəbəli evlər üstünlük təşkil edir. İstiliklə mərkəzi şəbəkə vasitəsilə təchiz edilən çoxmərtəbəli binalar, demək olar ki, yoxdur. Üstəlik, müasir konstruksiyalar çox məhsuldar, yığcamdır, gözəl dizayna malikdir, avtomatik rejimdə işləyir. Araşdırmalarımız onu da göstərir ki, ölkədə istilik avadanlığı bazarı da inkişaf edib".
Önəmli olan üçüncü məqam: məlumdur ki, istilik verilməsi qazanxanaların özündən, magistral və binadaxili borulardan birbaşa asılıdır. Öz növbəsində, sonuncuların da işləməsinə müəyyən qədər elektrik enerjisi və qaz sərf edilir. Paytaxt əhalisi də elə məhz elektrik enerjisi və qazla təchizatda sabitlik olmaması üzündən bir neçə il evlərində istiliyə həsrət qalmışdı. Lakin İ.Mirzəliyevin sözlərinə görə, bu gün işıq və qaz məsələləri 2 il bundan əvvəlki qədər kəskin deyil. Üstəlik, qazanxanaların inşasına başlamazdan əvvəl, ASC müvafiq təşkilatlardan - "Azərsu"dan, qaz idarələrindən və i. a. texniki şərtləri təqdim etmələrini, qaz, işıq və suyun normal rejimdə verilməsi üçün şərtləri və zəmanət tələb edir.
Qeyd etmək lazımdır ki, ölkənin qazlaşdırılması üçün "Azəriqaz" ASC tam bir sıra irimiqyaslı tədbirlər həyata keçirir. Ölkənin tezliklə "Şahdəniz" yatağından qaz əldə edəcəyini də nəzərə alınarsa, heç bir problem olmamalıdır. Elektrik enerjisi verilməsi sahəsində də durum bunun kimidir.
"Gürz" əməliyyatı
Yuxarıda sadalanan bütün neqativ səbəblərin aradan qaldırılması üçün, sadəcə, zamana ehtiyac var. Nə qədər qəribə olsa da, sözün həqiqi mənasında, ciddi problem sırf məişət səviyyəsində meydana çıxa bilər. Məsələ ondadır ki, istilik veriləcəyinə bütün ümidlərini itirən vətəndaşların böyük əksəriyyəti mənzillərin xarici görünüşünü korlayan boruları, istilik radiatorlarını ləğv edib. Vəziyyətin dəyişdiyi indiki dövrdə isə onları "amputasiyaya" uğratdıqları boruları bərpa etməyə məcbur etmək (üstəlik, mənzil təmirli olarsa) çox mürəkkəb məsələdir. İ.Mirzəliyevin dediklərindən: "Eyni binanın bir blokuna istiliyin verildiyi, digərinə isə verilmədiyi hallarla üzləşirik. Səbəb isə həmin blokda binadaxili istilik sisteminin pozulmasıdır. Məntiqlə, vətəndaşlar nəyin bahasına olur-olsun, boruları və radiatorları öz vəsaitləri hesabına bərpa etməlidirlər. Amma bu heç də belə deyil! Mənzildaxili avadanlığın bərpasında mənzil-istismar sahələrinin (MİS) əməkdaşları israrlı olmalıdırlar. Bizdə olan informasiyaya görə, bunun da bir xeyri olmur. Odur ki hazırda binadaxili istilik avadanlıqları sistemlərinin sıradan çıxması çox kəskin bir problem olaraq qalmaqdadır".
Biz 91 saylı MİS-in (Xətai rayonu) rəisi Abdulla Rəhimovla əlaqə saxladıq və ondan aşağıdakıları eşitdik: "Bunun xeyri yoxdur. Başa düşürəm ki, istilik təchizatı sistemi işləməlidir. Lakin sakinlərlə söhbətdə heç nə təsir etmir - nə xahiş, nə tələb, nə də ölçü götürülməsi ilə hədələmə. Nə edək? Əlimizə gürz alıb qapılara düşək?".
Eyni zamanda, MİS rəisi əmindir ki, paytaxtda istilik hər yerdə mütəmadi olaraq verilərsə, sakinlər evləri elektrik enerjisi və ya qazla qızdırmaqdansa, istilik təchizatına görə pul ödəməyin daha əlverişli olduğunu gec-tez başa düşəcəklər.
Bəs nə qədər pul ödəmək lazım gələcək? Ödəniş o qədər də çox olmayacaq. Perspektivdə, bütün qazanxanalar yerli bələdiyyələrin balansına köçürüləcək, özəl operatorların idarəetməsinə veriləcək və isti su-istilik təchizatına görə tarifləri də onlar müəyyənləşdirəcəklər. Lakin "Azəristiliktəchizat"da qeyd edildiyi kimi, isti su və istilik təchizatı əldə etmək üçün istehlakçıların həmişə qaz, elektrik enerjisi və kənardan təminat arasında seçim etmək imkanları olacaq. ASC-də bildirdilər ki, "iqtisadiyyat qanunlarına görə, istehsalçılara xidmətləri və məhsullarını son dərəcə şişirdilmiş qiymətlərlə təqdim etmək sərfəli olma-yacaq, çünki bu halda onlar istehlakçılarını itirəcəklər. Odur ki operatorların tarifləri yalnız azacıq şişirdilmiş ola bilər. Deməli, onlar əhali üçün də kifayət qədər məqbul olacaq".
Yeri gəlmişkən, elə həmin PA Consulting bütün sutka ərzində isti su və istilik təchizatının olmasının sıravi vətəndaşa neçəyə başa gələcəyini də hesablayıb. Belə ki, bir mənzilin istilik və isti su ilə təchizatı üçün aylıq tarif, təxminən, 10 AZN təşkil edəcək. Bu qiymət operatorun xərclərini ödəməyə və müəyyən gəlir əldə etməyə imkan verəcək. Nəzərə alaq ki, bu tarif istilik təchizatı və isti su üçün mövcud standart qiymətlər əsasında hesablanıb. Yəni mənzillərdə sayğaclar quraşdırılıbsa, vətəndaşların xərcləri əhəmiyyətli dərəcədə aşağı olacaq.
Və sonda. Bizi - istehlakçıları təkcə evlərdə istilik təchizatının olması narahat etmir. Gec-tec qızdırıcılar isinəcək. Bəs isti su məsələsi necə olsun? İ.Mirzəliyev bunu belə cavablandırdı: "Bu məsələ hələ öz həllini tapmayıb. Biz bu problem üzərində də işləyirik, variantlar axtarırıq. Əslində, istilik təchizatı sisteminin bərpası tam olmalıdır. Yəni istilik təchizatı ilə yanaşı, əhali isti su da almalıdır. Lakin bu hələ belə tezliklə olmayacaq".
P.S. Qarşıdakı qış mövsümündə paytaxtın bütün uşaq bağçaları, məktəbləri, səhiyyə obyektləri çoxdan intizarında olduqları istiliklə təmin edilməlidir. Hazırda məktəblər üzrə müvafiq proqram yekun mərhələsindədir - demək olari, 50 məktəbdə istilik sistemi təmir edilib, 25 məktəbdə isə yeni qazanxanaların inşası üçün layihə smetaları tutulur. Ölkənin bölgələri üzrə əlavə proqram da var və o, gələn il dövlət proqramına çevriləcək. Hazırda Azərbaycanın yalnız bir neçə rayonunun icra hakimiyyəti başçıları "Azəristiliktəchizat" ASC-yə yardım üçün müraciət edərək, su və elektrik enerjisinin aramsız ötürülməsinə dair zəmanət veriblər. Bu il bölgələrdə 115 qazanxana fəaliyyət göstərəcək, halbuki keçən il onların sayı cəmi 78 idi...
MƏSLƏHƏT GÖR: