
KÖRPÜLƏR MÜXTƏLİF OLUR...
Hərəkətin təhlükəsizliyi və rahatlığını nə təmin edir
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
"Azərkörpü" ASC 1968-ci ildə, Bakıda SSRİ Nəqliyyat Tikintisi Nazirliyi nəzdində "Mostotryad 100" fəaliyyətə başlayarkən yaradıldı. Keçən müddət ərzində müəssisə Azərbaycanda infrastruktur obyektlərinin inşası sahəsində nəhəng təcrübə toplayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, təşkilat respublika tabeliyinə keçdi və "Azərnəqliyyatyoltikinti" Konserni nəzdində fəaliyyətə başladı.
2001-ci ildə başlanan özəlləşdirmə nəticəsində şirkət "Azərkörpü" ASC statusunu əldə etdi. Bu, neft sahəsində layihələrin gerçəkləşdirilməsində, həmçinin, sənaye və mülki tikintidə fəal iştirak edən Azərbaycan tikinti şirkətidir. Şirkət istehsalat fəaliyyətində müasir maşın və mexanizmlərdən, qabaqcıl xarici tikinti şirkətlərinin avadanlıqlarından istifadə edir. Ən son yerli və xarici texnologiyaların tətbiqi keyfiyyəti və dəqiq icra müddətlərini təmin edir.
"Azərkörpü" ASC körpü və yollar, hidrotexniki və meliorasiya qurğularının, energetika obyektlərinin, mənzil-mülki və sənaye tikililərinin, dayaq üzərində və dərin özüllərin, müxtəliftəyinatlı metal strukturların hazırlanması və montajı sahələrində ixtisaslaşıb.
Müsahibimiz "Azərkörpü" ASC Direktorlar Şurasının sədri Əfəndi İsmiyevdir.
- Demək olar, 40 il ərzində "Azərkörpü" körpü tikintisi üzrə ixtisaslaşmış yeganə təşkilat olub. Bu gün yolların yenidənqurulması və Bakı şəhərinin yeni nəqliyyat infrastrukturunun yaradılması sahəsində böyük dəyişikliklərin şahidiyik. "Azərkörpü" ASC hansı konkret layihələrdə iştirak edir?
- Azərbaycan prezidentinin 01.02.2006-cı il tarixli "Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı haqqında" sərəncamına müvafiq olaraq, "Azərkörpü" ASC respublikanın paytaxtında nəqliyyat qovşaqlarının inşasını həyata keçirir. Metronun "Əzizbəyov" stansiyası yaxınlığında Z.Bünyadov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində müxtəlif səviyyələrdə nəqliyyat kəsişmələrinin yaradılması üzrə işlər aparılır. Yol estakadalarının ümumi uzunluğu 2,6 km, qoşulma yollarının uzunluğu isə 3 km təşkil edir. 15 mart 2006-cı ildə başlanan tikinti, fors-major şəraiti yaranmasa, plana görə, 2006-cı ilin noyabr ayında başa çatmalıdır. Kifayət qədər məsuliyyətli olan ikinci obyekt H.B.Zərdabi küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşir. Üçsəviyyəli bu nəqliyyat qovşağının uzunluğu 278 m təşkil edir. Uzunluğu 260 m, eni 24 m olan tunel metronun "20 Yanvar" stansiyası ətrafındakı tıxaclar probleminin həllində önəmli rol oynayacaq. Bu körpülərin ilkin dəyəri 65-70 mln manat təşkil edir.
- Keçmişdə inşa olunan körpülərlə indi tikilənlər arasında fərq nədən ibarətdir?
- Əvvəllər kəsişən yollar üstündə salınan körpülər, demək olar, 100% uzunluğu, 15-33 m olan standart hissələrdən quraşdırılırdı ki, onlardan gözəl, memarlıq baxımından gözəgəlimli tikililər inşa etmək mümkün deyildi. İndi isə əsasən, M500 və yüksək möhkəmliyə malik armaturlu betondan düzəldilən monolit konstruksiyalardan istifadə edilir. Bizdə iqlim istidir və bu da monolit tikinti üçün əlverişlidir. Monolit dəmir-betonun tətbiqi isə çox gözəl formalara malik konstruksiyalar əldə etməyə imkan verir. Kəsişən yollar üzərində salınan müasir körpülər savadlı mühəndis düşüncəsi ilə keyfiyyətli inşaat materiallarının uzlaşdırılmasından ibarətdir ki, bu da rahatlıq və təhlükəsizliyi təmin edir. Məsələn, belə körpülərin tikintisi zamanı kəsimləri olmayan aşırım tikililərinin layihə həlli qəbul olunub, yəni qovuşma yerləri körpünün yalnız əvvəlində və axırında olur ki, bu da hərəkətin rəvanlığını və rahatlığınıı təmin edir. Əgər Çermet körpüsü ilə hərəkət etmisinizsə, müəyyən rahatsızlıq hiss etməyə bilməzsiniz, çünki həmin körpüdə hər 30 metrdən bir deformasiya bəndləri var ki, bu da nəqliyyatın normal hərəkətinə mane olur. Müasir körpüsalma belə bəndlərin olmasını istisna edir və bununla da konstruksiyanın uzunömürlülüyünün təminatçısı olur. Ən son texnoloji həll variantlarını, müasir avadanlıq, maşınlar tətbiq etməklə, mütəxəssislərimiz körpüləri və kəsişən yollar üzərində keçidləri çox qısa müddətə inşa edirlər.
- "Azərkörpü" ASC-nin potensialı iri regional proqramlarda iştirak etməyə imkan verir. Şirkətinizin Azərbaycanın hüdudlarından kənarda həyata keçirdiyi layihələr də varmı?
- Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, təşkilatımız bütün müasir norma və tələblərə hərtərəfli şəkildə cavab verir və çox mürəkkəb layihələrin də öhdəsindən gəlmək iqtidarındadır.
Bir çox layihələri "Texnokörpü" Şirkəti ilə birlikdə həyata keçiririk. Bu şirkətin müasir mühəndis həlli, beynəlxalq tələblərə cavab verən qabaqcıl texnologiyalar baxımından nəhəng potensialı var. "Azərkörpü" tikinti təşkilatı ilə "Texnokörpü" layihə təşkilatının sıx cütlüyü bazar münasibətləri şəraitində yüksək rəqabət qabiliyyətini təmin edir. Hazırda alyansımız Qazaxıstanda, Türkiyədə bir sıra layihələri gerçəkləşdirir.
- Şirkətiniz hazırda daha hansı layihələr üzərində işləyir və gələcək üçün hansı layihələr nəzərdə tutulur?
- Bir sıra layihələr artıq başa çatmaq üzrədir - Şəmkir-Qazax avtomobil magistralının, Böyük İpək Yolunun bir hissəsinin yenidənqurulması, Xaçmaz-Dəvəçi rayonları ərazisində Xanarx kanalının ikinci xəttinin, "Bulvar" Ticarət Mərkəzinin tikintisi, H.Seyidbəyli küçəsində yaşayış kompleksinin inşasının bərpası.
Yaxın gələcəkdə "Azərkörpü" ASC Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə Bakının su təchizatı üçün strateji önəmə malik obyektin - "Taxtakörpü" su anbarının inşasını gerçəkləşdirməyi planlaşdırır. Cəmiyyətin aktivində ən müxtəlif layihələrin həyata keçirilməsi var ki, bu da şirkətin özünün dinamik inkişafına, yüksəlişinə dəstək olur. Gənc kadrların hazırlanması və səhmdar cəmiyyətin texniki bazasının ən müasir avadanlıqla təchizatı sahəsində fəal iş aparılır. Yəni biz zamanla ayaqlaşırıq.
MƏSLƏHƏT GÖR: