
QARABAĞ NİZAMLANMASI ÜÇÜN NÖVBƏTİ MİNA
Vardan oskanyanın bəyanatının dramatik nəticələri ola bilər
Müəllif: NURANİ Bakı
Həm Bakıda, həm də Yerevanda hələ də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələri müzakirə olunur. Məlum səbəblərdən nazirlər, xüsusilə də vasitəçilər əldə olunan razılaşmaların detallarını açıqlamaq istəmirlər. Eyni vaxtda, iki ölkənin müdafiə naziri arasında da görüşün keçirilməsi isə hadisələrdəki intriqanı bir qədər də artırdı. Səfər Əbiyev bu görüşdə işğal olunmuş ərazilərin boşaldılması məsələsinin müzakirə olunduğunu bildirsə də, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bunu təkzib etməyə çalışdı.
Bunlarla yanaşı, görünən digər məqamlar da var. Paris görüşündən sonra məsələni sərt şəkildə qoyan Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi nəticə verməyəcəyi halda, Bakı problemlə bağlı siyasətinə yenidən baxa bilər. Beləliklə, vasitəçilər tam açıq siqnal aldı: "görüşmək naminə görüş"lərin dövrü sona çatmaq üzrədir.
Qeyd olunan bəyanatla məhz İ.Əliyevin çıxış etməsi müşahidəçiləri heç də təəccübləndirmir. Çünki işğal altında olan məhz Azərbaycan torpaqlarıdır (rəsmi Bakının hesablamalarına görə, ölkə ərazisinin 1/5 hissəsi), məhz Azərbaycan vətəndaşları torpaqlarından qaçqın düşüb və aydındır ki, real irəliləyişləri, konkret olaraq, torpaqların boşaldılması və qaçqınların öz yurdlarına qayıtmasını məhz Bakı gözləyir. Burada münaqişənin başqa cür həlli təsəvvür belə olunmur. Bundan başqa, bu tələblər BMT-dən Avropa Şurasınadək beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
İndi isə Ermənistan "erməni əraziləri" məsələsini qaldırmaqla, Azərbaycanın tələblərini "tarazlaşdırmağa" çalışır. Hər halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vardan Oskanyan ölkə parlamentindəki çıxışında Azərbaycanla "ərazi məsələsi"ni müzakirə edəcəyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, sözügedən məsələnin müzakirəsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən sonra mümkündür: "Yalnız bundan sonra biz ərazi məsələsini dəqiqliklə müzakirə edəcəyik. Ərazi dedikdə, biz bütün əraziləri nəzərdə tuturuq. Buraya Qarabağın cənub və şərqində yerləşən rayonlar - Mardakert, Martuni də aiddir. Şaumyan da paketin tərkib hissəsinə daxildir". Oskanyan onu da əlavə edib ki, "Bu məsələlər paketin tərkib hissəsidir".
Qeyd edək ki, burada söhbət münaqişənin əvvəlində erməni separatçılarının nəzarətində olan, sonradan isə Azərbaycan Ordusu tərəfindən azad edilən Ağdərə, Xojavənd, Goranboy, Füzuli və Xanlar rayonunun bir hissəsindən gedir.
Erməni tərəfinin Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsi tələblərini "tarazlaşdırmaq" cəhdinə əl atacağı gözlənilən idi. Məsələ ondadır ki, son dövrlərədək Yerevan rəsmiləri sözügedən "erməni əraziləri"ndən danışmırdı və bu məsələyə yalnız "yarırəsmi" səviyyədə toxunulurdu.
Amma Vardan Oskanyanın bəyanatı boş yerə səsləndirilmədi: Ermənistan "ərazi" amilini çoxdan ehtiyatda saxlayırdı. Bu ilin avqust ayında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metü Brayzanın regiona səfəri və həmsədrlərin Paris görüşü zamanı indiyədək adı heç kəsə bəlli olmayan, Azərbaycan və Naxçıvandan qaçqın düşmüş ermənilərin maraqlarını qoruyan "Qaçqınlar və beynəlxalq hüquq" ictimai təşkilatı peyda oldu. Vasitəçilərə müraciət ünvanlayan qurum bununla beynəlxalq ictimaiyyətin diqqətini "500 minlik erməni qaçqını"na yönəltməyə çalışdı. Müraciət müəlliflərinin iddiasına görə, "Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı bugünədək təklif etdiyi variantların heç birində onların tapdanmış hüquqlarının bərpası, Azərbaycan SSR və Naxçıvandan qovulmuş erməni qaçqınlara bu ölkənin rəhbərliyi tərəfindən vurulmuş maddi və mənəvi zərbəyə görə kompensasiyaların verilməsi məsələlərinə dair bir işarə belə yoxdur".
Bununla yanaşı, "erməni qaçqınlar"ının hüquq müdafiəçiləri son vaxtlar görünməmiş fəallığı davam etdirir: "Sizin diqqətinizə çatdırmağı vacib sayırıq ki, bizim qaçqınlar arasında apardığımız sorğular göstərir ki, onlar əvvəl yaşadıqları, hazırda hüquqi baxımdan Azərbaycanın nəzarətində olan ərazilərə qayıtmaya-caqlar". Daha sonra yeni peyda olan "vətəndaş cəmiyyəti şəbəkəsi" özünün siyasi proqramını açıqlayır: "Azərbaycan Respublikası Azərbaycan SSR-in varislik hüququndan imtina etməklə, nəinki erməni qaçqınlara kompensasiya verilməsi məsələsini həll etmək fikrində olmadığını nümayiş etdirdi, həmçinin, keçmiş Azərbaycan SSR-in bütün ərazisinə iddia etmək üçün hüquqi əsası itirdi". "Kompensasiya ödənilməsindən" imtina ilə ölkənin ərazi bütövlüyü məsələləri arasında hansı əlaqənin olduğunu dəqiq izah etməyən "hüquq müdafiəçiləri" "varislik haqqı" məsələsi ilə bağlı da şübhələrini ifadə ediblər: "Hüquqi baxımdan, Azərbaycan SSR-nin yeganə qanuni varisi "Dağlıq Qarabağ Respublikası"dır (dırnaq işarəsi bizə məxsusdur - red.)".
Təbii ki, sözügedən təşkilatın nümayəndələri, özü-özünü elan etmiş və dünyanın heç bir dövləti tərəfindən tanınmayan "DQR"in, hansı əsasla keçmiş Sovet İttifaqının müttəfiq respublikasının "varisi"nə çevrildiyini konkretləşdirməyiblər. Onlar, daha çox, öz tələblərini konkretləşdirməyə üstünlük veriblər: "Hesab edirik, Azərbaycan və Naxçıvandan qaçqın düşmüş ermənilərə DQR vətəndaşlığı verilsə və onların Dağlıq Qarabağa daxil olmayan ərazilərdə (işğal olunmuş digər 6 rayon - red.) torpaq paylanması, bu problemin qismən də olsa həllinə şərait yaradardı".
Tanınmamış "DQR"in legitimləşdirilməsi prosesinə cəhdlərə indiyədək çox rast gəlmişik. Amma ilk dəfədir, erməni tərəfi işğal olunmuş ərazilərin boşaldılmamasını məhz "erməni qaçqınları"nın taleyi ilə əsaslandırmağa çalışır. Bu cür "arqumentləri" irəli sürməklə ermənilərin konkret hansı məqsədlər güddüyü - işğal altındakı torpaqları əldə saxlamaq üçün "əsas" hazırladığı, yoxsa, sadəcə, siyasi kapital toplamaq istədiyi ayrıca söhbət mövzusudur. Amma fakt faktlığında qalır: artıq "ərazilər" problemi rəsmi şəkildə müzakirə obyektinə çevrilməkdədir.
Bu yerdə mövzudan bir qədər yayınaq. Azərbaycanda həm rəsmi, həm də qeyri-rəsmi şəkildə dəfələrlə sübut olunub ki, Ermənistanın ərazi iddiaları yalnız Dağlıq Qarabağla məhdudlaşmır. "National Geographic" jurnalında dərc olunmuş "tarixi Ermənistan"ın xəritəsinə Türkiyə, İran, Azərbaycan və Gürcüstana məxsus ərazilərin də salınması, bunu təsdiqləyən ilk və təəssüf ki, son fakt deyil.
Bakıda şübhə etmirlər ki, burada söhbət elmi tədqiqatlardan deyil, Ermənistan ərazisinin genişləndirilməsi ilə bağlı siyasi proqramdan gedir. Bunu sübut edən ciddi faktlar mövcuddur.
Bundan başqa, Ermənistan KİV-də mütəmadi olaraq yerli alimlər, mütəxəssislər və b. tərəfindən keçmiş DQMV-dən kənar, hazırda Yerevanın nəzarətində olan ərazilərin "tarixi erməni torpaqları" olduğunu iddia edən materiallar dərc olunur və həmin ərazilərin "Azərbaycana qaytarılmasının qeyri-mümkünlüyü" qabardılır.
Məsələn, elə bu ilin yazında "PanARMENIAN" portalında belə bir material yerləşdirilmişdi: ATƏT-in qanunsuz məskunlaşdırma faktlarını araşdırmaq üçün regiona gələn xüsusi missiyası, erməni jurnalistlər tərəfindən "Karvaçar" adlandırılan Kəlbəcər rayonuna baş çəkib, "Karvaçarda orta əsrlərə aid Dadivank erməni monastırını ziyarət edib və orada şam yandırıb". Məqalədə bildirilir ki, rəvayətə görə, "müqəddəs apostol Faddeyin cəsədinin dəfn olunduğu Dadivank monastırı təhlükəsizlik zonasında yerləşən xristian mədəniyyətinə aid çoxsaylı abidələrdən biridir". Erməni jurnalistləri, həmçinin, iddia edirlər ki, "Bu məbəd bir vaxtlar çiçəklənən, müsəlman tayfalarının bura köçürülməsindən sonra isə bərbad vəziyyətə düşən xristian sivilizasiyasının qalığıdır".
Qeyd edək ki, bu məqalədə Kəlbəcər "təhlükəsizlik zonası"nın tərkib hissəsi elan olunmuşdu (ermənilər Dağlıq Qarabağ ətrafında işğal olunmuş Azərbaycan rayonlarını məhz belə adlandırır).
Bundan başqa, 2004-cü ilin fevralında Yerevanda "Dağlıq Qarabağın tarixi abidələri" adlı xəritə də dərc olunub və orada Azərbaycana, yaxud albanlara məxsus memarlıq abidələri "erməni abidələri" kimi təqdim olunub. Onların sırasına Kəlbəcər rayonundakı abidələr, xüsusilə, And qalası da daxildir.
Bundan sonra, ATƏT missiyasının səfəri ilə sinxron şəkildə Ermənistan KİV-də "Karvaçar - Azərbaycan tərəfindən qəsb edilmiş qədim erməni torpaqları" mövzusunda materiallar dərc olunmağa başladı. İlk olaraq, Yerevanın "Novoye vremya" qəzeti Kəlbəcər rayonu ərazisindəki And qalası ilə bağlı "Andaberd monastırı" məqaləsini, daha dəqiq, bu abidə ətrafındakı qazıntılarla bağlı məqalə dərc etdi. İndi həmin qəzet "qazıntılar zamanı tapılan qədim yazı" haqda danışır. Guya orada kompleksin 1276-cı ildə "Vardapet David" tərəfindən tikildiyi, həmin ərazidə daha qədim kilsənin olduğu iddia edilir. "Yerin altından XII əsrə aid xaçkar tapılıb. Son dərəcə gözəl relyefə malik xaçkarın üzərində bir əlində nizə, digərində qədəh tutmuş atlı əks olunub. Bu xaçkar və digər relyeflər Arsax mədəniyyətinin tərkib hissəsidir"...
Bütün bunlardan ermənilər belə bir "nəticə"yə gəlir: "Bu, bir daha aborigenlərin kim olduğunu sübut edir. Onlar nə mifik albanlar, nə də hansısa oğuzlardır. Onlar ermənilər, arsaxlılardır".
"Kəlbəcər mövzusu"na "Azq" qəzeti də yer ayırıb. "Yegiş Markosyan bütün Karvaçarı dolaşıb; o dağıdılmış, bir hissəsi uçurulmuş kilsələrin, monastırların, onlarca əsr yaşı olan qədim xaçkarların yerini yaxşı bilir. Bu, türklərin deyitl, ermənilərin torpaqları olub. Türklərin kilsələri, monastırları, xaçkarları olubmu? Gəlin birlikdə onlarca kəndi gəzək və mən sizə bütün xaçkarlar və kilsələri bir-bir göstərim. 150 il bundan əvvəl bu ərazilər ermənilərə məxsus olub və yenə də ermənilərə məxsusdur", - deyə Yegiş dayı xırıltılı səsi ilə danışır. "Karvaçarda onlarca kilsə və monastır qalmaqdadır (yarıdağılı vəziyyətdə və ya tamamilə yerlə-yeksan olunmuş) və onlar arasında erməni memarlığının incilərindən olan Dadivank da var. XIII əsrdə inşa olunmuş bu kilsə kompleksi bu gün bərpa olunur", - deyə qəzet iddia edir.
Bundan sonra "Azq" Kəlbəcər rayonunun tarixinin "erməni versiyası"nı dərc edir: "Kürd naxırçılar və Qafqaz tatarları XIX əsrdə Kəlbəcər rayonuna köçüb. Məhz bu vaxt onlar rayonun adını öz dillərinə uyğunlaşdıraraq Kyəvacar, daha sonra Kəlbacar və ya Kəlbəcər adlandırıblar. Ananiya Şirkatsi özünün "Aşxaratsuytse"sində Arsaxı Böyük Haykın 10-cu quberni-yası kimi göstərir. Movses Kaxankatvatsi də Vaykunik adından istifadə edir. Sonrakı əsrlərdə bu rayon Tsar, Verin Xaçen, daha sonra Karvaçar və ya Karavaçar (daş satan) adlanıb. 1920-ci ildə - Müsavatçı Azərbaycanda sovet rejimi qurulan zaman, Karvaçar zorla Azərbaycana birləşdirilib".
Qeyd etmək lazımdır ki, bütün bunlar Kəlbəcər rayonuna qarşı ərazi iddiasına əsas verən genişmiqyasıl informasiya hazırlığından xəbər verir.
Maraqlıdır ki, eyni zamanda, Laçın rayonu ilə bağlı iddialar da meydana çıxıb. 2005-ci ilin payızında Yerevanda "Əlqulu" həmyerlilər birliyi xüsusi fəallıq göstərməyə başladı. Onun fəallarının iddialarına görə, qurumda Laçının Əlqulu kəndindən qaçqın düşmün ermənilərin nəslinin nümayəndələri cəmləşib. Qeyd edək ki, 1926-cı ilin siyahıyaalınmasında bu kəndin adı ümumiyyətlə çəkilmir. 1961-ci ildə isə o, Laçın rayonunun Pircahan Kənd Sovetliyinə məxsus kənd kimi göstərilir. Lakin Yerevanda sübut etməyə çalışırlar ki, guya XIX əsrin ortalarında Əlqulu adlı erməni kəndi olub (digər "tədqiqatçılar" onu Qazarapat adlandırır) və 1905-1906-cı illərdə azərbaycanlılarla ermənilər arasında yaşanan toqquşmalarda kənd "dağıdılıb" və bunun ardınca onun yerində Azərbaycan kəndi salınıb.
Daha sonra hazırda ermənilərin işğalında olan Əlquluda mitinq keçirilib və orada "talan zamanı zərər çəkmiş əlqululuların xatirəsinin əbədiləşdirilməsi üçün" "xatirə daşı" qoyulub. Mitinq iştirakçıları isə tanınmamış "DQR" "hakimiyyət"inə müraciət edərək, 1905-1906-cı illər hadisələrinin 100 illiyinin "dövlət səviyyəsi"ndə keçirilməsini istəmişdi. Bu çağırışa həsəd aparılacaq operativliklə cavab verən Xankəndi "hökumət komissiyası" yaradaraq, ona tədbirlər planının hazırlanmasını tapşırdı. Komissiya elmi konfrans da təşkil etdi və orada bəyan olundu ki, Laçın rayonu "qədim erməni torpağı olan Kaşataxdır". Bundan başqa, konfrans iştirakçıları tarixin saxtalaşdırılması ilə kifayətlənməyərək, 1992-ci ildə işğal olunmuş torpaqların azad olunması haqqında danışmağın belə qeyri-mümkün olduğunu bəyan etdilər. Onların iddialarına əsasən bu, Ermənistan və "Arsax"ın təhlükəsizliyi üçün problem yaradacaq.
Ermənilər, hətta Girdman xanlığının tarixi ərazisi olan Azərbaycanın Qəbələ rayonuna da iddia edir və oranı "Qardman" adlandırır. Yerevanın "Azq" qəzeti "Milli maraq" rubrikası altında yazır: "Qədim Ermənistanın Qardman vilayəti hamı tərəfindən unutdurulur". Qəzetin yazdığına görə, "Bu günlərdə millətçi "Qardman" şurası ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib və vasitəçilərdən Ermənistanın Qardman vilayətinə də diqqət ayırmaları istənilib". "Qardman" ümid edir ki, şuranın üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində iştirak imkanı yaradılacaq.
Bu, "Qardman"ın son beş ildə beşinci müraciətidir və onların hər birində "qardman erməniləri"nin problemlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinə qatılması istənilib. Erməni tarixçisi Sanandyan 1950-ci ildə dərc etdirdiyi "İmperator İraklinin fars yürüşü marşrutu" əsərində "Qardman"ı "hazırkı Şəmkir və Gəncənin cənubu, Şəmkir çayının şərqində yerləşən vilayət" kimi göstərir. O hesab edir ki, "digər Tiqranakertin yerini məhz buralarda axtarmaq lazımdır" (məlum olduğu kimi, Ermənistanda Türkiyənin Diyarbəkir şəhəri də "Tiqranakert" adlandırılır).
Müxtəlif araşdırmalara görə, müasir Şəmkir, Daşkəsən, Mingəçevir, hətta mümkündür ki, Qəbələ, həmçinin, əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Gürcüstanın Qardabani rayonlarının ərazilərini özündə birləşdirən qədim Girdiman xanlığının torpaqlarına ermənilərin iddiası da təzə şey deyil. Hər halda, "Qardmank" qəzeti mövcuddur və o, "Qardman" şurası tərəfindən 1996-cı ilin iyulunda təsis olunub.
Belə görünür ki, Azərbaycan torpaqlarının növbəti "porsiyalar"ına iddia edən ermənilər, bu məsələdə Rusiya intellektuallarının müəyyən hissəsinin dəstəyinə də bel bağlaya bilər. Belə ki, S.Lavrenov adlı tarix elmləri namizədi "İrs" saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı araşdırmaların nəticələrini "Rusiya: milli dövlətçilik siyasətinin problemləri" başlığı ilə dərc edərək yazır: "Praktik olaraq, milli-tarixi və etnik cəhətlər nəzərə alınmadan keçmiş Yelizavetpol quberniyasına daxil olan hazırkı Daşkəsən, Şaumyan, Keta-barqs (Gədəbəy - red.) kimi erməni dağ rayonları avtomatik olaraq Azərbaycan ərazisinə daxil edildi. Bu şimal rayonları Türkiyənin müdaxiləsi və Müsavat diktaturası zamanı yaxşı təşkil olunmuş müdafiə hesabına müstəqilliyini saxlaya bildi". Burada söhbətin erməni tarixçilərinin Qardman adlandırdığı ərazilərdən getdiyi aydındır. "Qardman kartı"nın oynanmasına cəhd haqda Lavrenov tam qəti şəkildə danışır: "Türkiyənin azərbaycanmeylli siyasətinin təhlükəsi dəfələrlə artıb. ATƏT-in Helsinki və Romadakı iclaslarında aydınlaşdığı kimi, Ankaranın NATO-ya üzvlüyündən istifadə edərək, ABŞ-dan dəstək almaq cəhdini nəzərə alsaq, təhlükənin nə dərəcədə olduğu üzə çıxar. Amerikanın nümayəndə heyəti Ermənistanın aqressiya və Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasında ittiham olunduğu qətnamə layihəsini irəli sürüb. O da məlum olub ki, ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin "Kipr nümunəsi" ilə həllinə üstünlük verilir ki, bu da özündə Qarabağda öz dövlətçiliyinə malik Azərbaycan icmasının yaradılmasını əks etdirir. Bu ona gətirib çıxaracaq ki, Ermənistanın öz növbəsində Naxçıvanda, Qardmanda, Gəncədə, Bakıda erməni icması məsələsini qaldırması qaçılmaz olacaq...".
Nəhayət, Ermənistanda, praktik olaraq, rəsmi şəkildə Naxçıvanla bağlı iddialar səsləndirilir. Və əgər Vardan Oskanyanın dediyi kimi, bu məsələlər mütəmadi olaraq Dağlıq Qarabağla bağlı danışıqlarda qaldırılacaqsa, bu, nizamlama prosesinin birdəfəlik qapanmasına səbəb ola bilər. Açıq etiraf etmək lazımdır ki, Yerevanın belə bir siyasət yürütməsinə heç nə mane olmur.
Yerevan üçün belə tələblərin irəli sürülməsinin "ümidsizlik manevri" olması da istisna deyil. Zaman keçdikcə, danışıqların təzyiqinə dözmək daha da çətinləşir. İşğal olunmuş torpaqların boşaldılmasına razılıq vermək Köçəryan və onun komandası üçün siyasi intihar olardı. Xüsusilə də nəzərə alsaq ki, onlar məhz indi 2008-ci ildə keçiriləcək seçki ilə bağlı strategiyalarını müəyyənləşdirməlidir. Belə olan halda, "qarşılıqlı ərazi tələbləri" ilə çıxış etmək vaxt udmaq cəhdi və eyni zamanda, publikaya "ultramillətçi" olduğunu nümayiş etdirmək cəhdlərinə çox bənzəyir. İstisna olunmur ki, Ermənistan Fransa parlamentarlarının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi məlum qərardan ruhlanıb. Bunun fonunda danışıqlar prosesinin yaxın zamanlarda arzulanan nəticələr verəcə-yini gözləmək isə çətindir.
Görəsən, beynəlxalq vasitəçilərin nizamlanma prosesini hansı tərəfin ləngitdiyini müəyyənləşdirmək və buna uyğun davranış nümayiş etdirmək üçün cəsarəti və siyasi iradəsi çatacaqmı?
MƏSLƏHƏT GÖR: