14 Mart 2025

Cümə, 22:30

"DOLAYI" YOL

Həsən Ruhaninin "mülayim kursu" İranla İsrail arasında getdikcə dərinləşən qarşıdurmanı səngidə biləcəkmi?

Müəllif:

23.07.2013

İsrail Tehranı növbəti dəfə mümkün önləyici hərbi zərbələrlə hədələyib. Amma indiki şəraitdə Təl-Əvivin bu hədəsi dünya ictimaiyyəti üçün bir qədər gözlənilməz olub. Çünki İranda keçirilmiş son prezident seçkisində Həsən Ruhaninin qalib gəlməsindən sonra beynəlxalq ictimaiyyətdə Tehranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllinə müəyyən ümidlər yaranıb.

İran prezidenti vəzifəsinin icrasına rəsmən avqustun 3-də başla- yacaq Ruhani hələ ki, islahatçı, "İran ölçülərində liberal" adını doğruldur. O, bəyanatlarında ölkədaxili qanunvericiliyin yumşaldılmalı olduğunu, İran ictimaiyyətinin daha açıq olmasının vacibliyini bildirir,  dünya ilə "konstruktiv əməkdaşlığa" çağırışlar edir.

"Bizə güclü cəmiyyət lazımdır. Biz insanlarla söhbətləşməliyik. Onların dediklərini xeyirxahlıqla dinləməliyik. Hökumətin total hökmranlığını azaltmalıyıq. Güclü və təcrübəli hökumətimiz varsa, bu, onun hər şeyə nəzarət etməli olduğu anlamına gəlməməlidir" de- yən Ruhani adi iranlı üçün az qala inqilabçı təsiri bağışlayır.

İranın yeni prezidenti, hətta son dərəcə həssas mövzu olan çarşab məsələsinə də toxunub. O, bildirib ki, geyimində sərt mühafizəkar prinsiplərə qəti şəkildə əməl edən qadınlar heç də həmişə ən təvazökar qadınlar olmurlar. Eyni cür, hicab geyməyən qadını da həmişə əxlaqsız adlandırmaq olmaz. Ruhani oğlanlarla qızların ayrı-ayrılıqda təhsil almasına da qarşıdır. O, rəssamlıq və mədəniyyət sahələrində, İnternetdə, KİV-də senzuranın yüngülləşdiriləcəyini də bəyan edib. Bununla da Ruhani ölkənin ciddi dəyişikliklərə ehtiyacı olduğunu düşünən islahatçı ruhlu elektoratın ümidlərini doğrultmaqdadır.

Mühafizəkar dairələr isə Ruhanidə vədlərinə əməl etməsi üçün cəsarət və ardıcıllığın çatıb-çatmayacağı haqda düşünür. Üstəlik, onlar prezidentin bu vədlərinə əməl edəcəyi təqdirdə bunun islam dövlətinin əsaslarına real təhlükə yarada biləcəyindən narahatdırlar. Həsən Ruhani isə seçkiqabağı vədlərinə əməl etməkdə israrlı olduğunu deyir, eyni zamanda mühafizəkarlara açıq mesaj verir: "Heç bir qrup özünü islamla, inqilabla və ali liderlə eyniləşdirərək rəqiblərini bu dəyərlərin düşməni adlandıra bilməz".

Amma Ruhaninin İranda mümkün "yenidənqurma"nın "atası", islam respublikasını dəfn edəcəyini düşünmək də sadəlöhvlük olardı. Ən azı ona görə ki, təxminən 35 il əvvəl imam Xomeyninin həyata keçirdiyi inqilab onun "damarlarında axır". Ruhani əlbəttə ki, inqilabçı deyil. O, klerikalların arasından çıxıb və nüfuzlu ruhanilərdəndir. Hazırda onun İranın hakimiyyət piramidasının zirvəsində yer alması yalnız bir şeydən xəbər verir: prezidentliyə namizədlərin si-yahısını təsdiqləyən dini ali lider ayətullah Xamenei də daxil olmaqla, islam respublikasının siyasi elitası ölkəyə yeni nəfəsin lazım olduğuna əmindir. Beləliklə, ölkədə islahatların aparılması, amma bu zaman onun fundamental əsaslarına toxunmamaq vəzifəsi məhz Həsən Ruhaninin üzərinə qoyulub.

Bu, Ruhaninin xarici siyasi məsələlərlə bağlı mövqeyində də özünü göstərir. O, əmindir ki, Tehran ciddi xarici təzyiqlərə sinə gərmək üçün tam açıq dövlət olmalıdır. Bununla yanaşı, Ruhani ölkəsinin strateji hədəflərindən imtinasını yolverilməz hesab edir. Yeni prezidentin fikrincə, Tehran bunlara özü üçün daha yumşaq beynəlxalq şəraitdə nail olmalıdır. Bu cür şəraiti isə yeni prezidentin nəzərdə tutduğu yeni siyasi xətt təmin etməlidir.

Mahmud Əhmədinejadın dövründəkilə müqayisədə İranın beynəlxalq aləmdəki yerini çox fərqli görən Ruhani Tehranın "mülayim kurs" yeritməsini vacib sayır. Amma bu, heç də "itaət və təslimçilik" olmayacaq. Ölkəsində ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan sərt beynəlxalq sanksiyalar üzündən yaranmış ağır siyasi və iqtisadi durumdan şikayətçi olan Ruhani deyir: "Biz ölkəmizin gələcəyi haqda düşünməliyik. Sülhü qoruyub saxlamaqla, həmrəyliyi və birliyi gücləndirməklə hazırki vəziyyətdən çıxış yollarını tapmalıyıq".

Ruhani "opponentlərlə dialoq" təklif edir. Onun ölkəsinin nüvə proqramı ilə bağlı beynəlxalq "altılıq" ilə (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) danışıqlar aparacaq yeni nümayəndə heyətini yaratması da bunu təsdiqləyir. Xatırladaq ki, tərəflər arasında son danışıqlar hələ apreldə, İranda prezident seçkisindən əvvəl keçirilib. İndisə beynəlxalq vasitəçilər və Tehran yeni görüş çərçivəsində hər iki tərəfi qane edəcək qərarların qəbul edilə biləcəyinə ümidlidir. BMT TŞ-də ekspertlər səivyyəsində baş tutmuş toplantı göstərib ki, hazırki şəraitdə İran problemilə bağlı hansısa konsensusun əldə edilməsi belə, nəinki İranın və onun rəqibi olan Qərbin, həm də bütünlükdə problemlər içərisində olan Yaxın Şərqin maraqlarına uyğundur. Toplantıda İranın "Şahab" ballistik raketini buraxmasının BMT TŞ-nin 2010-cu ildə qəbul etdiyi qətnaməyə (sənədə əsasən, İran nüvə başlığı daşıya biləcək ballistik raket əldə olunması istiqamətində heç bir fəaliyyət göstərməməlidir) zidd sayılmalı olub-olmadığı müzakirə edilib. Bir sıra ölkələrdən olan ekspertlər İrana təzyiqlərin artırılmamasını məqsədəuyğun hesab ediblər. Onlar fikirlərini islam respublikasının yeni prezidenti Həsən Ruhaninin ölkəsinin nüvə proqramını beynəlxalq ictimaiyyət üçün daha şəffaf edəcəyinə dair vədlərilə əsaslandırıblar. Tehranın uranın zənginləşdirməsini dayandırmayacağını bəyan etməsinə rəğmən, bu arqumenti əsaslı saymaq olar.

İranın yeni prezidentinin nüvə proqramını dayandırmaq fikrində olmaması İsraildə ciddi narahatlıq yaradır. Yəhudi dövlətində əmindirlər ki, Tehran nüvə silahı əldə etməyə çalışır. İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın CBS telekanalına müsahibəsində deyib: "İranın yeni prezidenti cələfini canavar dərisi geymiş canavar olmaqda ittiham edir. Onun strategiyası isə qoyun dərisi geymiş canavar olmaqdır. Gülümsəyərək bomba əldə etmək".

Netanyahu İsrailin onu məhv etməklə hədələyən rejimdən qorunması üçün lazım olan bütün addımların atılacağını bir daha dilə gətirib. O, ölkəsinin İrana ABŞ-ın köməyi olmadan təkbaşına da zərbə endirə biləcəyini  söyləyib. Bununla yanaşı, Netanyahu ABŞ-ı İran probleminin İsrail üçün məqbul olan hərbi yolla həllinə cəlb etməyə çalışır. ABŞ rəhbərliyinə müraciət edən Netanyahu deyib: "Siz İrana qarşı sanksiyaları artırmalısınız. Sanksiyalar nəticə verməzsə, iranlılar sizin hərbi yola əl atmağa hazır olduğunuzu anlamalıdırlar. Bu, onların diqqətini çəkə biləcək yeganə vasitədir".

Netanyahu daha da irəli gedərək Vaşinqtona amerikalılar üçün mövcud təhlükə haqda xəbərdarlıq  edib. Onun fikrincə, amerikalılar bu təhlükni qiymətləndirmir və ya görmür: "İran qitələrarası ballistik raketlər hazırlayır. Məqsəd bir neçə ildən sonra Amerika materikinə vurmaqdır".

Görünən odur ki, İran-İsrail qarşıdurması islam respublikası ilə Qərb arasındakı daha miqyaslı münaqişənin ilkin planı olaraq, Həsən Ruhaninin prezidentliyi dönəmində də əsas intriqalardan biri olaraq qalacaq. Onun bütün dünya ilə "konstruktiv əməkdaşlıq" haqda dedikləri yəhudi dövlətini də əhatə edəcəkmi? Yoxsa İranla İsrail arasında düşmənçilik sonadək davam edəcək? Bu sualın cavabı yalnız İranın yeni prezidentinin iradəsindən yox, həm də İsrail rəhbərliyindən asılı olacaq. Netanyahunun bəyanatı göstərir ki, İsrail Tehranla münasibətlərdə cüzi yumşalma perspektivininı belə, ehtimal etmir.



MƏSLƏHƏT GÖR:

748