14 Mart 2025

Cümə, 22:30

"ADA MENTALİTETİ", yoxsa "XARAB OLMUŞ MƏNƏVİ KOMPAS"?

London Avropa İnsan Haqları Məhkəməsinin tabeliyindən çıxacağı ilə hədələyir

Müəllif:

23.07.2013

İnsan haqları sarayı Avropanın ən gözəl şəhərlərindən birinin sakit, yaşıllıqlarla bol rayonundakı modern üslublu binada yerləşirdi. Beynəlxalq məhkəmə, həmçinin "Avropanın parlament paytaxtı" üçün əlbəttə ki, tarixi paytaxt olan Elzasın seçilməsi təsadüf deyildi. Uzun əsrlərboyu əbədi mübahisə obyekti olan Strasburq, nəhayət, Avropa İttifaqının yaradıcıları sayılan Fransa və Almaniyanın barışıq şəhəri oldu. Amma bütün dünya bundan nümunə götürməyə, Avropa Şurasına və Avropa İttifaqına daxil olan müxtəlif ölkələr Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına danışıqsız əməl etməyə hazırdırmı?

AİHM bu yaxınlarda qətldə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş 3 britaniyalı məhbusun işinə baxarkən, onların barələrində vaxtından əvvəl azadlığa çıxmanın istisna edilməsi  ilə çıxarılmış bu qərara etiraz edib. 17 hakimin 16-sı bu qərarın məhbusların hüquqlarını pozduğu qənaətinə gəlib.

Məsələ ondadır ki, 2003-cü ildə rəsmi London barələrində ömürlük həbs qərarı çıxarılmış müttəhimlərin işinə 25 ildən sonra yenidən baxılmasını mümkün edən qanunu ləğv edib. Halbuki, 25 illik həbs bir çox Avropa ölkələrində ən dəhşətli cinayətlər və qətllər üçün maksimum cəza hesab edilir. Məsələn, 77 nəfəri qətlə yetirmiş Anders Breyvik həbsxanada 20 ildən bir qədər artıq qalmalıdır. Bu müddəti yalnız bir halda uzatmaq mümkündür ki, Breyvik cəmiyyət üçün təhlükəli şəxs hesab olunsun. Amma bir şey məlum deyil ki, 20 ildə Breyvikin xislətini nə dəyişə bilər?

Böyük Britaniya hökuməti oxşar qəddar cinayət törətmiş 49 məhbusun işinə yenidən baxılmayacağını bəyan edib. Strasburq hakimləri  isə Britaniyanın bu ənənəsinin insanpərvərlikdən kənar olduğu fikrindədir.

Avropa Məhkəməsinin qərarı yaxın zamanlarda Britaniya hökumətinə göndəriləcək. Bununla yanaşı, beynəlxalq normalara əsasən, Britaniyanın apelyasiya vermək hüququ yoxdur. London 6 ay ərzində məsələyə Ədliyyə Nazirliyi vasitəsilə cavab verməlidir.

Britaniya hökuməti etirazını ifadə etmək üçün heç də centlmensa-yağı ifadələr axtarmağı lazım bilməyib. Ölkənin ədliyyə naziri Kris Qreylinq bildirib ki, "Yəqin Avropa insan haqları bəyannaməsinin müəllifləri məzarda çevriliblər". Onun bəzi həmkarları isə  "xarab olmuş mənəvi kompas"dan danışmağa başlayıblar. Qreylinqin fikrincə, "Britaniya xalqının qatillərin iddiasına müsbət cavabın verilməsini başa düşməsi çətin olacaq" və beləliklə, AİHM-in qərarı "Strasburq məhkəməsinin rolunun azaldılmasına yönələcək.

Britaniyanın daxili işlər naziri Tereza Mey də qərardan məyus olub və baş verənlərdən təəccübləndiyini söyləyib. O, təəccübünü ötən il məhkəmənin azadlığa buraxılmaları istisna olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyən bir neçə nəfərin ekstradisiyasına dəstək verməsi  ilə əsaslandırıb.

Baş nazir Devid Kemeron isə daha da irəli gedərək, Böyük Britaniyanın AİHM-in tabeliyindən çıxa biləcəyini bəyan edib. Onun sözlərinə görə, Mühafizəkar Partiyası 2015-ci ildə keçiriləcək parlament seçkisində qalib gələrsə, Londonun bu qərarı qəbul edəcəyi istisna de-yil. Qeyd edək ki, Böyük Britaniya AİHM sistemini tərk edərsə, o, bəyannamədən də imtina etməli, Avropa Şurasından çıxmalıdır.

Əksər müşahidəçilər düşünür ki, bu, sadəcə seçkiqabağı ritorikadır. Amma onu da unutmaq olmaz ki, "Dumanlı Albion"da hakimiyyət dəhlizlərində Avropa institutlarına etiraz çoxdan hökm sürür. Artıq xeyli vaxtdır, London Avropa İttifaqının özünə belə, qıcıqla yanaşır. Bu ölkə əhalisinin əksər hissəsi hesab edir ki, birləşmiş Avropaya tabelik Britaniya ənənələrinə, dəyərlərinə, yaşayış tərzinə zərər verir.

Bu mənada universal xarakterli, irqindən, cinsindən, dinindən, siyasi mövqeyindən, milli və ya sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsə eyni - bərabər şəkildə aid olunan insan haqları bəyannaməsi maraqlı göstəricidir. Məsələn, AİHM, əsasən vətəndaşın öz vətənində əldə edə bilmədiyi ədalətin axtarış mexanizmi kimi yaradılıb.

İnsan haqları artıq çoxdan qlobal fenomen kimi qəbul olunur. O, istənilən halda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məsələn, müəyyən beynəlxalq və regional təşkilatlara üzvlük üçün, silah-sursat almaq üçün həm də insan haqlarının vəziyyəti sahəsində yaxşı imicə malik olmaq lazımdır. Avropa İttifaqına üzvlük üçün bu, əsas meyarlardan biridir. Təcrübədə isə insan haqları sahəsində beynəlxalq normalar yalnız milli səviyyədə reallaşdırıla bilər. Məhz bu üzdən bu sahədəki qərarlar tez-tez milli hüquq normaları, milli konstitusiyanın maddələri  ilə ziddiyyət təşkil edir. İnsan haqları ideyasının özü daim beynəlxalq münasibətlərin əsasını, dayağını təşkil edən milli suverenliklə toqquşur.

Dövlət öz sərhədləri daxilində onların icrası ilə bağlı qanunları və mexanizmləri özü müəyyənləşdirir. Dövlətlər bir-birlərinə tabe deyillər. Amma sanki beynəlxalq hüquq normaları ilə hesablaşırlar. Suverenlik prinsipi elə bir müqəddəs qanundur ki, onu yalnız son həddə, məsələn, soyqırımı aktlarının sübuta yetirildiyi təqdirdə pozmaq olar. Vaxtilə milli suverenlik ideyası bəşəriyyəti irəli çəkib, o, quldarlığın ləğvi uğrunda bu ideya ilə mübarizə aparıb, müstəmləkəçiliklə vuruşub, imperiyaları devirib. Belə hesab olunurdu ki, İkinci Dünya müharibəsindən sonra artıq daha insansevər dövr gəlib. Ümumdünya insan haqları bəyannaməsi yaradılıb, orada hər birimizin özümüzü insan hesab etməyimiz üçün vacib olan bütün fundamental prinsiplər və şərtlər yazılıb - yaşamaq hüququndan tutmuş, sosial təhlükəsizliyədək. Və... elə bu yerdə "soyuq müharibə" başlayıb.

Bəşəriyyət insan haqları sahəsində inadla müxtəlif bəyannamələrin hazırlanması ilə məşğul olub, əslində, hər şey RealPolitik adı altında - "dostlar yoxdur, milli maraqlar var" formulu daxilində qalır. Düzdür - dövlət vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Böyük Britaniya da silsilə qətllər törətmiş şəxsləri, manyakları azadlığa buraxmamaqla məhz bununla məşğul olur.

Yeri gəlmişkən, Britaniyada, əslində Strasburq Məhkəməsinə qarşı qıcığın yaranmasına səbəb olmuş daha bir misal çəkək.  Avropa İnsan Haqları Məhkəməsinin ekstradisiyanı qadağan etməsinə rəğmən, "Dumanlı Albion"dan Fələstin-İordaniya əsilli islam moizəçisi Əbu Katada İordaniyaya ekstradisiya olundu. Özünü günahkar saymayan Əbu Katadanı İordaniyada ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyirdi. London və Əmman arasında Əbu Katadadan bəzi ifadələrin işgəncələrlə alındığının istisna olmamasına rəğmən, məsələyə yenidən baxılmamasına dair razılıq da əldə edilmişdi. "Epopeya" başa çatdıqda isə Britaniyanın baş naziri Devid Kemeron Əbu Katadanı deportasiya etdikləri üçün "çox xoşbəxt olduğunu" dilə gətirdi.

Britaniyalılar hesab edirdilər ki, Əbu Katada onların ölkəsinə təhlükə yaradır və bunun fonunda artıq Katadanın hüquqları o qədər də vacib deyil. Üstəlik, o, Britaniya büdcəsinə milyonlarla funt-sterlinqə başa gəlmişdi.

Yeri gəlmişkən, London bu məsələdə  yalqız deyil. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedev bəyan etmişdi ki, "Avropa və ya digər beynəlxalq məhkəmələrin səlahiyyət dairəsinin nə dərəcədə yayıla biləcəyinə dair məsələnin həllində nəzərə almaq lazımdır ki, Rusiya müvafiq razılaşmanı imzalayarkən öz suverenliyindən imtina etməyib. Buna görə də xarici məhkəməyə Rusiya qanunvericiliyini dəyişmək hüququ verilməyib". Moskva bu sözləri, az qala, AİHM-nin hər qərarından sonra təkrarlayır. Avropadan kənarda olmasına rəğmən, özünü insan haqları uğrunda mübarizənin flaqmanı kimi göstərən ABŞ-ın isə bir çox ştatlar nəinki ömürlük azadlıqdan məhrumetmə qərarları çıxarır, hətta ölüm hökmü də qüvvədədir.

Belə çıxır ki, insan haqları yalnız milli maraqların sərhədinədək vacibdir. Yəni, insan haqları ya milli maraqların təmini strategiyasına uyğun gəlir, ya da ona mane olur. Nəticədə, insan haqları ideyasına yanaşma da bundan asılı olaraq dəyişir.

Beləliklə, "ada mentaliteti"nə malik britaniyalılar bütünlükdə Avropanı müəmma içərisinə atıb. Əgər London həqiqətən də AİHM-in tabeliyindən çıxmaq qərarı verərsə, bu, son dərəcə arzuolunmaz presedent yaradacaq. Bu, bütünlükdə insan haqları ilə məşğul olan institutların imicinə zərbə vuracaq presedent olacaq. Belə görünür ki, Strasburq Məhkəməsinin mövcud sistemində müasirləşdirilməyə çağırışlarla məsələnin həlli yolları tapıla bilər. Qreylinqin bildirdiyi kimi, dövr dəyişib və indi hər şey 50 il əvvəlki kimi deyil. Londonun Aİ-nin milli məhkəmələrinə İnsan haqları bəyannaməsinin interpretasiyası ilə daha geniş hüquqlar verilməsinə dair çağırışı uğursuz olub. Bəlkə də bu variantın baş tutmamasına səbəb bu halda bir çox mexanizmlərə, norma və qaydalara yenidən baxılması zərurətini meydana çıxarması ilə bağlıdır.



MƏSLƏHƏT GÖR:

627