
AZƏRBAYCAN AVROPAYA İNTEQRASİYADA TƏLƏSKƏNLİK ETMİR
Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin payızda keçiriləcək sammitindən nə gözləmək olar?
Müəllif: Rasim MUSABƏYOV politoloq, Milli Məclisin deputatı Bakı
İyulun 22-də Brüsseldə Avropa İttifaqına üzv olan 28 ölkənin, həmçinin "Şərq tərəfdaşlığı" proqramının 6 iştirakçısının xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə 2013-cü il noyabrın 28-29-da Vilnüsdə ali səviyyədə keçirilməsi planlaşdırılan sammitə hazırlıq işləri də müzakirə olunub.
Görüşdən sonra Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun mətbuat xidməti tərəfindən yayılmış bəyanatda deyilir: "Avropa İttifaqı Vilnüsdə təşkil olunacaq "Şərq tərəfdaşlığı" sammitinin uğurlu keçməsini istəyir. Bu, böyük ölçüdə həm də tərəfdaş ölkələrdən asılıdır. Onlar öz öhdəliklərinə əməl etməlidirlər".
Xanım Eştonun özü isə bildirib ki, tərəfdaş ölkələr artıq "ciddi irəliləyişə nail olublar", lakin Vilnüs sammitinin "Aİ ilə tərəfdaşlar arasında münasibətlərdə dönüş nöqtəsi olması üçün" onlar əvvəlkitək ciddi səylə çalışmalıdırlar.
Azərbaycanı Brüssel görüşündə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. O, çıxışında Bakının Brüssellə hüquq bərabərliyi və strateji tərəfdaşlıq əsasında dialoqun inkişafında maraqlı olduğunu bildirib. O, Azərbaycan qazını Avropaya çıxaracaq Transadriatik qaz kəmərilə (TAP) bağlı bu yaxınlarda qəbul edilmiş qərarın əhəmiyyətini vurğulayıb, viza rejiminin yüngülləşdirilməsi istiqamətində aparılan danışıqların uğurla başa çatacağına, müvafiq razılaşmanın Vilnüs sammitində imzalanacağına ümidini ifadə edib. Bundan başqa, Məmmədyarov Aİ ilə Azərbaycan arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün addımların atılması təklifilə də çıxış edib. Nazir "Şərq tərəfdaşlığı" çərçivəsində gender bərabərliyi və qadınların cəmiyyətdəki rolunun artırılması kontekstində səylərin artırılmasına da çağırıb. Elmar Məmmədyarov Aİ təmsilçilərini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsilə bağlı öhdəliklərinə sadiq qalmağa səsləyib.
Artıq səthi nəticələrə gəlməyə meyilli olan bəzi yerli şərhçilər Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsinin həllində yükü Brüsselin üzərinə qoymağa cəhd etməkdə günahlandırır. Əslində isə söhbət konkret olaraq ondan gedir ki, Qarabağ Avropa İttifaqı ilə Ermənistan arasında imzalanacaq razılaşmadan birmənalı və açıq şəkildə kənarda qalmalıdır. Ermənilər isə Aİ ilə razılaşmanın mətninə ikimənalı fikirlər salmağa, yaxud bu prinsipial məsələdə qeyri-müəyyənliyi qoruyub saxlamağa çalışırlar.
Bakının Aİ ilə assosiativ sazişin imzalanmasını sürətləndirməməsinin səbəblərindən biri odur ki, Azərbaycan öz qərarını İrəvanla Brüssel arasında Vilnüsdə imzalanacaq və artıq hazır olan sənəddəki məqamlarını nəzərə almaqla qəbul edəcək. Yeri gəlmişkən, sözügedən sənədin mətni məhz Ermənistan hökuməti tərəfindən ictimaiyyətdən gizlədilir. Ola bilsin ki, bu, ermənilərin Dağlıq Qarabağı de-yure olmasa da, de-fakto razılaşmaya "sala" bilməməsilə bağlıdır. Amma istənilən halda, Azərbaycanın bu məsələdə ehtiyatla davranması və Avropa İttifaqına xəbərdarlıq etməsi lazımsız iş deyil.
Azərbaycanın Avropaya inteqrasiya məsələsində Ukrayna, Moldova, Gürcüstan, hətta Ermənistandan geri qaldığına dair tənqidlər əsassızdır və bu ittihamları səsləndirənlər Azərbaycandakı konkret vəziyyəti nəzərə almırlar. Azərbaycanın Aİ ilə münasibətləri bir çox istiqamətlərdə inkişaf edir. Bunu ilk növbədə enerji və nəqliyyat-kommunikasiya sahələrinə aid etmək olar. Bu münasibətlər unikal xarakterə malikdir. Tərəflər arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, investisiyaların, maliyyə-valyuta əməliyyatlarının həcmi yüksək səviyyədədir. Bu məsələdə Azərbaycan Ermənistan, Gürcüstan və Ermənistanın göstəricilərini 10 dəfədən çox üstələyir. Aydındır ki, belə olan şəraitdə Avropa İttifaqı ilə azad və hərtərəfli ticarət sahəsində razılaşmanın imzalanması istiqamətində aparılan danışıqlarda tələsməyə dəyməz. Çünki o, tariflərin liberallaşdırılmasını, məhsul və xidmətlərin yolunda texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropaya ixracının 95%-dən çoxunu enerji resursları təşkil edir. Neft və qazımızı dünya bazarlarına çıxarmaq məsələsində bizim problemimiz yoxdur. Hazırkı şəraitdə azad və hərtərəfli ticarət razılaşması qeyri-neft sektorumuzun Avropada genişləndirilməsi sahəsində ciddi nəticələr verməyəcək. Əvəzində bu, bizi daxili bazarımızda müdafiə baryerlərini ləğv etmək məcburiyyətində qoyacaq. Bu, kənd təsərrüfatı, bank və sığorta işi kimi həssas sahələrə də aiddir.
Yeri gəlmişkən, Bakı Avropa İttifaqı ölkələri ilə viza rejiminin sadələşdirilməsi üçün də kifayət qədər çətin danışıqlardan keçib. Bu razılaşma readmissiya öhdəliyini nəzərdə tutur. Yəni Azərbaycan vətəndaşlığından asılı olmayaraq, hətta Azərbaycandan sadəcə tranzit kimi istifadə edən və Avropa İttifaqı ərazisində qeyri-qanuni yaşayan istənilən şəxsin deportasiyasına görə xərcləri öz üzərinə götürməlidir. Bu cür tranzit axınının cüzi olduğu Ermənistan və Gürcüstandan fərqli olaraq, Bakı vasitəsilə Avropaya İran, Pakistan, Əfqanıstan kimi ölkələrin vətəndaşları uçurlar. Onların deportasiya xərclərini ödəmək heç də asan məsələ deyil. Məhz, bu səbəbdən, nəinki Avropa Komissiyası ilə bütün mübahisəli məsələlər razılaşdırılmalı idi, həm də arzuolunmaz şəxslərin Azərbaycandan tranzit kimi istifadə edərək Avropaya keçməsini önləmək üçün yerli sərhəd xidmətini buna hazırlamaq lazım idi.
Avropa İttifaqı ilə assosiativ sazişin əhəmiyyətini də şişirtməyə dəyməz. Brüsseldə Balkan, Şimali Afrika, Yaxın Şərq, hətta Latın Amerikasından olan 20 - dək ölkə arasında belə razılaşma mövcuddur. Brüssel ilə belə razılaşmanı ilk olaraq Türkiyə hələ 1963-cü ildə imzalayıb. Amma məlum olduğu kimi, həmin vaxtdan keçən yarım əsr ərzində Ankara hələ də Avropa ailəsinə qəbul olunmayıb. Odur ki, assosiativ sazişin imzalanmasının guya Aİ-yə gələcək üzvlük istiqamətində ciddi addım olduğuna dair xülyalara qapılmağa ehtiyac yoxdur. Təcrübə bunun belə olmadığını göstərir.
Assosiativ sazişin olmaması Azərbaycanla Aİ arasındakı münasibətlərdə hüquqi vakuum yaratmayacaq. Bu münasibətlər artıq 20 ildir ki, uğurla inkişaf edir. O, 1996-cı ildə Lüksemburqda imzalanmış və 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və əməkdaşlıq sazişi əsasında qurulur, "Avropa qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində imzalanmış protokollarla tənzimlənir. Bu proqramlarda Azərbaycan Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus (sonuncunun proqramlarda iştirakı dondurulub) iştirak edir.
Gürcüstan, Moldova və Ermənistanın Aİ ilə assosiativ saziş üzərində işləri tamamlamaları heç də bu ölkələrin öz inkişaflarında irəli atılacaqları, Azərbaycanı qabaqlayacaqları demək deyil. Rusiyanın ən səriştəli, ciddi analitiklərindən biri, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodr Lukyanov Rusiyanın Regnum informasiya agentliyinə müsahibəsində deyib: "Ermənistan üçün heç bir Avropaya inteqrasiya prosesi yoxdur". Lukyanov Ermənistanın Avropa və ya Avrasiya seçimilə bağlı mübahisələrinin reallıqdan uzaq olduğunu da söyləyib.
Yerli və Avropa ekspertlərinin ən nikbin hesablamalarına görə, Aİ ilə razılaşmanın qüvvəyə minməsilə Ermənistan iqtisadiyyatı ildə 146 milyon avro, yaxud ölkə ÜDM-nin 2,3%-i səviyyəsində inkişaf edəcək; ixracın 15,2%, idxalın isə 8,2% artacağı güman olunur. Gürcüstan üçün iqtisadiyyatda 4,3% və ya 292 milyon avro artım proqnozlaşdırılır. Göründüyü kimi, söhbət bir neçə yüz milyon avroluq məbləğdən gedir və bu, hələ nikbin proqnozlardır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın, ixracın, valyuta ehtiyatlarının artımı milyonlarla yox, milyardlarla avro ilə ölçülür. Əslində, Moldova, Gürcüstan və Ermənistan hökumətlərinin Aİ ilə assosiativ sazişin imzalanması prosesini sürətləndirməsi yalnız bir məqsədə qulluq edir: təcili olaraq əlavə maliyyə yardımının əldə edilməsi. Azərbaycanın isə belə yardıma ehtiyacı yoxdur.
Bütün deyilənlərdən, əlbəttə ki, Aİ ilə müvafiq razılaşmalar üzərində işin Azərbaycan üçün ikinci dərəcəli məsələ olduğu qənaətinə gəlmək də doğru olmazdı. Mən Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olaraq, Avropaya inteqrasiyanın ölkəmiz üçün əhəmiyyətini, alternativsizliyini yaxşı bilirəm. Avropa Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşıdır və ticarət dövriyyəmizin yarısı məhz onun payına düşür. Bundan başqa, Avropa Azərbaycanın əsas xarici investoru, iqtisadiyyatın və infrastrukturun müasirləşdirilməsi üçün lazım olan müasir texnika və texnologiyanın mənbəyidir. Azərbaycana müasir elm, təhsil, idarəçilik menecmenti də Avropadan gəlir.
İranın təklif etdiyi "islam dövləti və cəmiyyəti", eyni zamanda Rusiyanın təşəbbüsü ilə ortaya atılmış və hələ ki, abstrakt model olan Avrasiya İttifaqı Avropa İttifaqının effektiv və yüksək sürətlə inkişaf edən modelinə tam uduzur. Avropaya inteqrasiya prosesində tələskənliyə yol verməmək, prosesi düşüncəsiz şəkildə sürətləndirməmək heç də ölkənin Avroatlantik məkana inteqrasiyadan imtinası kimi başa düşülməməlidir. Azərbaycanın siyasi rəhbərliyi seçimini məhz bu geosiyasi istiqamətin xeyrinə edib. Sorğular ictimai rəyin də bu siyasətin tərəfində olduğunu göstərir. Bunun Vilnüsdə payızda keçiriləcək sammitdə təsdiqlənəcəyini düşünmək olar.
MƏSLƏHƏT GÖR: