14 Mart 2025

Cümə, 23:29

KRALLAR HƏR ŞEYƏ QADİRDİRMİ?

Avropada monarxlar cavanlaşsalar da, taxtsız qala bilərlər

Müəllif:

30.07.2013

Avropada bu yay "kralsayağı" keçir. Köhnə Dünyanın hökmdarları bir-birinin ardınca vacib anlar yaşayırlar. Buraya həm Niderland və Belçikada yeni kralların taxta çıxmasını, həm İsveç monarxı Kral XVI Qustavın kiçik qızının toyunu, həm də, nəhayət, Britaniya şahzadəsi Uilyamla xanımı, Kembric hersoginyası Keytin övladının dünyaya gəlməsini aid etmək olar.

Belçika kralı, 79 yaşlı II Albert, təxminən, 20 illik hökmranlıqdan sonra taxt-tacdan oğlu, şahzadə Filippin xeyrinə imtina edib. O, bu qərarını yaşının çoxluğu ilə izah edib, səhhətindəki problemlərin ona səlahiyyətlərini "lazımi səviyyədə" icra etmək imkanı vermədiyini söyləyib.

Təxminən, 3 ay əvvəl Niderlandda da kral evinin başçısı dəyişib. 30 ildən artıq hökmran olmuş kral Beatriks də taxt-tacdan oğlu, Oran şahzadəsi Villem-Aleksandrın xeyrinə imtina edib. "Artıq rəhbərlik edə bilmədiyim üçün getmirəm. Sadəcə əminəm ki, indi ölkəmizin məsuliyyəti yeni nəslin üzərinə düşməlidir", - deyə Beatriks kral qismində həmvətənlərinə etdiyi son telemüraciətində bildirib.

Həqiqətən də, hazırda Avropanın bir çox kral evlərində baş verənləri məhz nəsil dəyişikliyilə əlaqələndirmək olar. Bu prosesin qaçılmazlığı monarxların yaşının çoxluğu ilə izah edilir - Böyük Britaniya kraliçası, bu yaxınlarda 87 yaşı tamam olmuş II Yelizaveta, 76 yaşlı Norveç kralı V Harald, 75 illiyini qeyd etmiş İspaniya kralı Xuan Karlos, 73 yaşlı Danimarka kraliçası II Marqaret.

Yaxın zamanlarda Avropada növbəti hökmranların gənc nəslin xeyrinə taxtından imtina edəcəyi istisna deyil. Bu arada kral ailələrində gözlənilən, bəzi hallarda isə vaxtı çatmış dəyişikliklər baxımından rəmzi sayılacaq hadisə baş verib: Britaniya taxt-tacının valideynləri tərəfindən Corc Aleksandr Lui adlandırılan vəliəhdi dünyaya gəlib.

Bu, demək olar ki, bütün hadisələri kölgədə qoyub. Dünya KİV-nin diqqəti məhz Britaniya şahzadəsinin dünyaya gəlməsinə yönəlib. Dünyada yaşanan iqtisadi böhranlar, müharibələr, terror aktları və toqquşmalar mətbuat üçün ikinci plana keçib.

Yüzlərlə telekanal II Yelizavetanın nəticəsinin dünyaya gəlməsinin xronologiyasını aparır. Kembric hersoginyasının doğuşu ətrafında ciddi mətbuat dəstəyi hələ onun hamilə olduğu bəlli olandan yaranmışdı. Bu prosesin kulminasiyası isə Keytin körpəsini dünyaya gətirdiyi xəstəxanadan canlı yayım oldu. Kütləvi eyforiya yalnız pərəstişkar kütləsinin xəstəxananın qapısından qucaqlarında Kembric şahzadəsilə çıxan cütlüyü görməsindən sonra azalmağa başladı.

KİV və ictimaiyyətin Britaniya taxt-tacının daha bir vəliəhdinin dünyaya gəlməsinə bu qədər güclü diqqəti çoxlarını monarxiyanın müasir dünyanın tələblərinə nə qədər cavab verdiyinə dair təhlil aparmağa sövq edib. Avropanın bir sıra kral ailəsində baş verən təntənəli hadisələr fonunda Avropaya monarxiya institutunun lazım olub-olmadığı sualı yenidən meydana gəlib.

Şübhəsiz ki, bu məsələnin gündəmə gəlməsi həm də Avropada bitmək bilməyən iqtisadi böhranla bağlıdır. Brüssel Universitetinin professoru German Matiysin dediyi kimi, "büdcələrdə problemlər artdıqca, monarxiyalar və onların xərclərilə bağlı məsələlər də gündəmə gələcək".

Monarxiyanın bahalı "kef" olması, bu səbəbdən də, onlardan imtinanın vacibliyi haqda fikir çoxdan mövcuddur. Kral ailələrinin saxlanılmasına həddindən artıq böyük məbləğlərin xərcləndiyini təsdiqləyən çoxlu sayda fakt var. Amma bu arqumentə əks-arqument gətirənlərin faktları da az deyil.

Sonuncular prezidentlik institutunun kral ailəsindən heç də ucuz başa gəlmədiyini deyir, bu mənada hər 4-5 ildən bir prezident seçkisinin keçirildiyini xatırladır. Bu mövqedə olanlar monarxiyanın ölkələrinə turizmdən külli miqdarda gəlir gətirdiyini və s. də vurğulayırlar.

Amma buna rəğmən, Avropa ictimaiyyətində monarxiyanın bahalılığı haqda fikir geniş yayılıb. Üstəlik, taxt-tac sahibləri və onların varislərinin biədəb hərəkətləri haqda məlumatlar da məsələni qəlizləşdirir. Hazırda İspaniya kral evinin yaşadığı böhran buna bariz nümunədir.

Kral Xuan Karlos uzun illər vətənpərvər hökmran nümunəsi sayılıb. O, İspaniyanı zülmət faşist idarəçiliyindən çıxarıb, 1978-ci ildə hakimiyyəti konstitusion hökumətə verib. Vaxtilə, hətta qatı antimonarxistlər də onun heyranı olublar: 1981-ci ildə Xuan Karlosun hesabına baş tutmayan hərbi çevriliş cəhdindən sonra kommunistlərin lideri Serxio Karilyo deyib: "İlahi, kralı qoru!"

Amma son illər İspaniyanın kral ailəsi vətəndaşlarını son dərəcə məyus edib. Elə Xuan Karlosun Afrikada fil ovu etməsi nəyə desən dəyər! Halbuki, kral Vəhşi Təbiət Fondunun fəxri prezidentidir...

Bu azmış kimi, kralın kürəkəni İnyak Urdanqarinin korrupsiya qalmaqalı da ispanları xeyli əsəbiləşdirib: sən demə, kürəkən öz həyat yoldaşı ilə birlikdə Noos xeyriyyə fondunun hesabına özünə varidat toplayırmış.

Xuan Karlosun tənqidçiləri onu biznesə, siyasi partiyalara və KİV-ə təsir imkanlarından istifadə etməklə, ölkəni hazırkı böhranlı duruma salmaqda günahlandırır. Guya, İspaniyada iri biznesdəki özbaşınalıq və sosial bərabərsizlik məhz kralın "sayəsində" hökm sürür. İspaniya KİV-i adi vətəndaşların artıq neçə ildir böhrandan əziyyət çəkdiyi halda, kral ailəsinin  XVIII əsrə xas qızıl saraylarda kef etməsindən yazır. Yaxud, "diplomlu politoloqlar və sənətşünasların" özlərinə iş tapmadığı bir vaxtda kral Xuan Karlos "işləmədən büdcədən milyonlar qırır". Kral evi dövlətə rəhbərliyin varisliklə ötürülməsinin ədalətsizliyini təsdiqləyən "nəcib işsizlər ailəsi" adlandırılır.

Bu cür yanaşma təkcə İspaniyaya xas deyil. Avropada artıq 7 ölkənin respublikaçılarını özündə birləşdirən antimonarxiya hərəkatı da var. Məsələn, britaniyalı respublikaçılar yeni Konstitusiyanın qəbulunu vacib sayır. Onların fikrincə, orada istənilən britaniyalının dövlət başçısı ola biləcəyi göstərilməlidir. Britaniyalı respublikaçılar tez-tez "Monarxiya demokratiya deyil!" şüarı ilə nümayişlərə də çıxırlar.

Hakimiyyətin varisliklə ötürülməsinin prinsipcə vətəndaşların seçim hüququnu pozması fikrinə etiraz etmək çətindir (Avropa monarxları "padşahlıq edir, idarə etmir" prinsipilə yaşasalar belə). Cəmiyyətdə xüsusi imtiyazlarla doğulan uşaqlar varsa, o cəmiyyəti ədalətli, bərabərliyin hökm sürdüyü cəmiyyət adlandırmaq olmaz. Bununla yanaşı, bir məqam da etiraf olunmalıdır ki, qloballaşma suverenlik və ənənəvi dünyagörüşünü əzib-keçərək dövlətlər və xalqlara "hücuma keçdiyi" bir vaxtda monarxiya bütün çatışmazlıqlarına rəğmən, tarixi vərəsəliyin yeganə qarantı olaraq qalır. Bu, xüsusilə eyniliyini və sivil mahiyyətini sürətlə itirən, çoxəsrlik əxlaqi özülü rədd edən Avropa üçün aktualdır. Üstəlik, məsələn, Belçika kimi ölkədə vallonlarla flamanların maraqlarını uzlaşdıraraq dövlətin birliyini məhz monarx qoruyub saxlayır.

Odur ki, Avropada monarxiyanın qorunub saxlanılmasının məqsədəuyğunluğu ilə bağlı mübahisə, ən azı, onilliklər boyunca davam edəcək. Hətta günlərin birində çoxları tərəfindən milli qlamurun tərkib hissəsi olan şən tamaşa kimi qəbul olunan krallıq tarixin arxivinə atılsa belə, onlar uzun illər xalqın yaddaşında qalacaqlar. 



MƏSLƏHƏT GÖR:

618