
"AVTOBUS İNQİLABI"
İctimai nəqliyyatda bahalaşmaya qarşı kütləvi narazılıq nəticə versə də, sosial partlayış təhlükəsi hələ də aradan qalxmayıb
Müəllif: NURANİ Bakı
İrəvan meriyası ictimai nəqliyyatda gedişhaqqının 100 dramdan 150 drama qədər bahalaşdığını bəyan edib. Söhbət, 20-30 avrosent bahalaşmadan gedir. Səbəb aydındır. Məlumatlı şəxslər yaxşı bilirlər ki, İrəvanda ictimai nəqliyyatın əksər hissəsi (yeri gəlmişkən, bu gün İrəvan küçələrində PAZ markalı “antikvar”lara rast gəlmək olar) benzinlə yox, qazla işləyir. Rusiyanın Ermənistana təbii qazı min kubmetrə görə 180 dollara satdığı dövrdə qaz benzinlə müqayisədə daha ucuz idi. Amma bu yaxınlarda uzun sürən danışıqlardan sonra Moskva qiyməti 270 dollara qədər qaldırdı. Və Ermənistan iqtisadiyyatı bu zərbəyə tab gətirmədi. Əvvəlcə İrəvanda xırda qaz istehlakçıları üçün qiymət artımından danışmağa başladılar. Sonra elektroenerjinin də növbəsi çatdı - öz AES-i olmasına baxmayaraq, Ermənistanın enerji sektorunda qazın payı kifayət qədər yüksəkdir.
İndi İrəvan meriyası ictimai nəqliyyatda da qiymətləri artırıb. Bu isə erməni istehlakçıları üçün, artıq, qurşaqdan aşağı zərbə olub.
Ermənistan KİV-nin yazdığına görə, yeni tariflər qüvvəyə minən gündən etibarən, az qala, hər "marşrutka" mitinq yerinə çevrilib. Sərnişinlər kütləvi şəkildə yeni tariflərlə ödənişdən imtina edirlər. Öz növbəsində, sürücülər onları əvvəlki tariflərlə daşımaq istəmirlər. Bəzi yerlərdə etiraz dalğası, hətta "göz yaşı içində yumor"u xatırladır. Sürücülərdən bəziləri deyir: "Qoy, əlavə 50 dramı Taron Marqaryan ödəsin. Mən ünvana yerdəyişmə ilə gedirəm. Belə olan halda, bu qədər artımı necə ödəyim? Mən bunu edə bilməyəcəm, yəqin, piyada gəzməli olacağam".
Bəziləri, hətta üzərində İrəvanın meri Taron Marqaryanın profili olan yeni 150 dramlıq sikkə pərçimləməyi təklif edir.
Bəzən, gedişhaqqı ilə bağlı sürücülərlə sərnişinlər arasında mübahisələr təhlükəli həddə çatır. Məsələn, bu yaxınlarda İrəvan xəstəxanalarından birinə bıçaq yarası almış sürücü gətirilib...
Hələliksə, İrəvan meriyası qarşısında müddətsiz etiraz aksiyaları başlayıb. Burada "100 dram ödəyəcəyik!" şüarı altında piket keçirilib. Aksiya iştirakçıları meriyanın qapısı qarşısına üzərində "Nuş olsun!" sözləri yazılmış, 50 dramlıq sikkə formasında hazırlanmış tort gətiriblər. Piketin davam etdiyi 30 dəqiqə ərzində meriya işçilərindən heç kəs bu hədiyyəni qəbul etmək üçün bayıra çıxmayıb. Aksiya iştirakçılarının tortu meriyaya aparmaq cəhdlərinin qarşısını isə polis rəisinin müavini Valeri Osipyan alıb. Mətbuat "avtobus piketləri"ni kifayət qədər aktiv şəkildə işıqlandırır. Çünki baş qaldıran "avtobus inqilabı" Ermənistanda yekə-yekə "sivilizasiya seçimi" adlandırdıqları bir hadisə ilə eyni vaxta təsadüf edir: İrəvan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsündə qalmaq, yaxud Rusiyanın inteqrasiya layihələrinə qoşulması üzərində baş sındırır. Özü də, bu "sivilizasiya seçimi" İrəvanda misli görünməmiş anti-Rusiya isterikası ilə müşayiət olunur: hamı Podolsk yaxınlığındakı avtomobil qəzasının səbəbkarı olan Qraç Arutunyana "qadın xalatı" geydirilməsindən tutmuş, Rusiyanın Azərbaycana silah satmasına qədər, geniş "diskussiyalar"a qoşulub.
Belə görünür ki, ictimai nəqliyyatda gedişhaqqının bahalaşması İrəvanı sözügedən "sivilizasiya seçimin"in də qiyməti haqda düşünməyə vadar edir. Özü də söhbət həm marşrut avtobus rolunu oynayan "PAZik"lərdə gedişin qiymətindən də, çörəyin və ya sementin dəyərindən də gedir. Doğrudan da, son vaxtlara qədər Ermənistan Rusiyanın ürəkaçıqlığı və həm birbaşa, həm də dolayı maliyyə yatırımları sayəsində, az-çox duruş gətirə bilirdi. Moskva İrəvana bazar qiymətindən aşağı qiymətə qaz verirdi, hətta bu, "havayı qaz" müqabilində yığılıb qalmış borcları belə silirdi. Bunun müqabilində isə heç kəsə lazım olmayan keçmiş SSRİ hərbi-sənaye kompleksinin dağılmaqda olan müəssisələrini alırdı. Yəni, faktiki olaraq, Rusiya Ermənistanı xarici təhlükələrdən qorumaq missiyasını öz üzərinə götürmüşdü. Amma bu əliaçıqlıq belə, rəsmi İrəvana qazın bahalaşmasına tab gətirməyə imkan verəcək "təhlükəsizlik yastığı" yaratmağa imkan vermədi.
Görəsən, həqiqətənmi, qazın qiymətini bahalaşdıran Rusiya, bu addımla Avrasiya İttifaqına dair təşəbbüsləri həvəssiz qəbul edən Ermənistanı cəzalandırmaq qərarına gəlib, yoxsa söhbət, adi kommersiyadan gedir? İstənilən halda, Ermənistanın hazırkı iqtisadi durumunda "sivilizasiya seçimi" etmək iqtidarında olmadığı heç kəsdə şübhə doğurmur.
"Avtobus etirazları" Ermənistanda yaşanan sosial gərginliyin yalnız bir göstəricisidir. Özü də əsas səbəb heç də Rusiya qazının bahalaşması deyil. Səbəblər daha dərindədir: məsələ Ermənistan dövlətçiliyinin müflis olmasındadır. İşğalçı siyasəti nəticəsində bütün regional infrastruktur, enerji və iqtisadi layihələrindən kənarda qalan Ermənistan özünü tam təmin edən, ciddi iqtisadi əsaslar qurmağı hələ də bacarmayıb.
"Avtobus inqilabı"nın mümkün daxili siyasi nəticələri də maraq doğurur. İstənilən halda, aydındır ki, Ermənistan rəhbərliyi anlayır ki, "etiraz dalğasına" etinasızlıqla yanaşmaq mümkün olmayacaq. Nəticədə, İrəvan meriyası öz qərarını ləğv etmək məcburiyyətində qalıb. Düzdür, mer Taron Marqaryan yaydığı bəyanatda hamının nəzərinə çatdırıb ki, gec-tez qiymətlər artırılacaq. O, əlavə edib ki, 100 dramlıq gedişhaqqı olan nəqliyyatı "sivilləşdirmək" mümkün deyil.
Merin bu açıqlamalarından sonra meriya qarşısında etiraz aksiyaları davam etdirilib. Yaranmış vəziyyəti şərh edən baş nazir Tiqran Sarkisyan özü də istəmədən, hakim rejimin fobiyalarını ortaya qoyub. İrəvanda başlanan hərəkatı "kortəbii" adlandıran baş nazir qeyd edib ki, bu aksiyalar partiyalı xarakter daşımır. Bununla yanaşı, o etiraf edib ki, bəzi partiyalar yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərirlər. Lakin baş nazir vurğulayıb ki, bu hərəkat sırf sosial ədalət tələbindən doğur. "Ermənistanda vətəndaş və ictimai qüvvələr formalaşır və qərarlar qəbul edərkən, biz bu faktı nəzərə almalıyıq", - deyə T.Sarkisyan qeyd edib.
Daha sonra bütün günahı meriyanın üzərinə atan baş nazir xatırladıb ki, ictimai nəqliyyatda tariflərlə bağlı qərar qəbul etmək səlahiyyəti yalnız İrəvan meriyasına aiddir.
İqtidarın bu əsəbiliyini yaxşı anlayırıq. Hakim rejim yaxşı dərk edir ki, bu cür "avtobus etirazları"na laqeyd yanaşmaq olmaz. Axı, elə bu yaxınlarda analoji aksiyalar, az qala, gələn il Braziliyada futbol üzrə Dünya Çempionatının keçirilib-keçirilməyəcəyini sual altında qoya bilərdi: Rio-de Janeyro və San-Pauluda küçələrə çıxan yüz minlərlə insan əvvəlcə məhz "nəqliyyat" mövzusunda şüarlar səsləndirsələr də, sonradan iqtidarı korrupsiyada, vətəndaşların problemlərinə etinasız yanaşmaqda və s. ittiham etməyə başladılar.
Bundan bir qədər əvvəl isə Bolqarıstanda kommunal xərclərin artımına etirazdan doğan aksiyalar əməlli-başlı iğtişaşlara yol açmışdı.
Odur ki, bu gün İrəvanda yaxşı dərk edirlər ki, sosial etirazlarla siyasi şüarlar arasında sərhəd nisbidir. Ələlxüsus, hakimiyyətin öz vətəndaşlarına hər hansı uğur və nailiyyət nümayiş etdirmədiyi dövlətdə...
MƏSLƏHƏT GÖR: