14 Mart 2025

Cümə, 23:29

ÇOXDAN GÖZLƏNİLƏN UĞUR, YOXSA "YENİ KEMP-DEVİD"?

Ərəb-İsrail münaqişəsinin dinc nizamlanmasına daha bir şans verildi

Müəllif:

06.08.2013

Maraqlıdır, niyə məhz indi? Niyə Misirdə aranın qarışdığı, İraqda misli görünməmiş zorakılıq aktlarının baş verdiyi, Suriyada isə müharibənin qurbanlarının sayı günbəgün artdığı bir vaxtda? Bir çoxları hesab edir ki, məhz indi - Fələstin-İsrail münaqişəsi Yaxın Şərq regionunun ən qaynar nöqtəsi adından məhrum olduğu bir vaxtda, bu münaqişənin nizamlanması üçün əlverişli şərait yaranıb.

Fələstin Muxtariyyəti ilə İsrail arasında birbaşa danışıqların başlamasına dair razılıq iyulun ortalarında ABŞ-ın dövlət katibi Con Kerrinin Yaxın Şərqə səfəri zamanı əldə edilib. Odur ki, "əsas skripka" rolunda BMT, Aİ və Rusiya da daxil olmaqla, beynəlxalq vasitəçilər "kvarteti" de- yil, məhz Vaşinqton çıxış edir. Bu isə istər-istəməz sual doğurur: ABŞ öz arxa cəbhəsini Yaxın Şərqdə durumun daha da gərginləşəcəyini anladığı üçün möhkəmlədir, yoxsa Suriya və ya İrana qarşı aktiv addımlara hazırlaşır?

Digər tərəfdən Brüssel də öz rolunu oynayır. Əvvəla, bu yaxınlarda Aİ Livanın "Hizbullah" şiə təşkilatını terrorçu qurumlar siyahısına əlavə edib. Ola bilsin, bu yolla Qərb bir tərəfdən "Hizbullah" ilə HƏMAS arasındakı ziddiyyətlərdə oynamaq, di- gər tərəfdən də İran və Bəşər Əsədin tərəfdarlarına zərbə vurmaq məqsədi güdür. Maraqlıdır ki, Misirin artıq keçmiş prezidenti Mursi də HƏMASa simpatiyasını gizlətmirdi.

Odur ki, danışıqların məhz indi başlaması o qədər də gözlənilməz təsir bağışlamır.

Bundan başqa, Aİ qəfildən Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasına qarşı kifayət qədər sərt mövqe nümayiş etdirib.  Özü də Aİ-nin bu sərt mövqeyi amerikalıların ərəblərlə israillilər arasında danışıqlar prosesinin bərpasına girişdiyi vaxta təsadüf edir.  "Reuters" agentliyinin məlumatına əsasən, buna cavab olaraq İsrail Aİ-nin humanitar təşkilatlarının nümayəndələrinə Qəzza sektoruna girişi qadağan edib.  Bundan sonra isə rəsmilər qarşılıqlı ittihamları, bir növ, ört-basdır edərək, baş verənlərə görə məsuliyyəti KİV-in üzərinə qoymağa çalışıblar. İsrail prezidenti Şimon Peres Litvanın "Lietuvosrytas" qəzetinə müsahibəsində bəyan edib ki, Aİ  sülh danışıqlarının bərpa olunacağına inanmamaqla böyük səhvə yol verib.  Danışıqlar isə bərpa olunub - iyulun 29-da Vaşinqtonda, son üç il ərzində ilk dəfə olaraq İsrail və Fələstin rəhbərliyi arasında birbaşa dialoq başlayıb.  İsrailin nümayəndə heyətinə ədliyyə naziri Tsipi Livni, Fələstin nümayəndələrinə isə Mahmud Abbasın köməkçisi, təcrübəli "vasitəçi" kimi tanınan Saab Erekat rəhbərlik edir. Danışıqlar prosesinə isə ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndik başçılıq edir. Xatırladaq ki, bu diplomat indiyədək yəhudi yaşayış məskənlərinin demontajı, Fələstin ərazisindəki qoşunların çıxarılması, HƏMAS və "İslam cihadı" təşkilatlarının buraxılması kimi konkret təklifləri ilə məşhurdur.

Yaxın Şərqdə sülün bərqərar olmasını "mümkün və vacib" adlandıran ABŞ prezidenti Barak Obama da Fələstin və İsrail təmsilçilərilə görüşüb.

Bu arada, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton tərəfləri sülh danışıqlarının başlanması üçün yaranmış şansı əldən verməməyə çağırıb.  C.Kerri vurğulayıb ki,  "əgər biz heç bir cəhd etməsək, nəticələr daha da pis olacaq". T.Livni "gələcək nəsillər üçün sülh" haqda danışıb, S.Erekat isə vurğulayıb ki, "Fələstin xalqı üçün müstəqillik əldə etməyin vaxtı çatıb". "Haaretz" qəzetinin yazdığına görə, "bu gün fələstinlilər artıq fərqlidirlər, onların beynəlxalq tələblərə cavab verən dövlət strukturları formalaşıb".

Beləliklə, sülh prosesi hələ, ən azı, 9 ay davam edəcək. Bu müddət ərzində tərəflər razılaşmanın "final mərhələsi"nə çıxmalıdırlar. Hələlik isə görüşlərin proqramı üzərində iş gedir.

Diqqətəlayiq haldır ki, danışıqlar ərəfəsində İsrail hökumətinin baş nazir Binyamin Netanyahunun rəhbərliyilə qəbul etdiyi qanuna əsasən, Fələstinlə istənilən sülh razılaşmaları İsrail parlamentində təsdiqləndikdən sonra ümummilli referenduma çıxarılacaq.  Baş nazir bunu belə izah edib ki, "tarixi qərar qəbul edilərkən, hər bir vətəndaş öz səsi ilə yekun nəticəyə təsir göstərməlidir".

Maraqlı addımdır. Bu yolla İsrail hökuməti özünü nizamlanma prosesi zamanı ölkədaxili siyasi ziddiyyətlərdən  sığortalayır.  Digər tərəfdən bütün proses İshaq Rabinin hakimiyyəti illərində olduğu kimi, yalnız bir nəfərin adı ilə bağlı olmayacaq.

Bununla yanaşı, Netanyahu öz hökumətini həbsdə olan 104 fələstinli məhbusun 4 mərhələ ilə azadlığa buraxılmasına da razı sala bilib. Söhbət artıq 20 ildən çox həbsxana həyatı yaşamış FƏTH hərəkatının fəallarından gedir.  Və bu da fələstinlilərə doğru addım kimi təqdim olunur. Hərçənd, bu, bəlkə də, yeganə addımdır. 

Bu arada, danışıqlar prosesində əsas fikir ayrılıqları İordan çayının Qərb sahillərində və Şərqi Qüdsdəki yəşudi yaşayış məskənlərilə bağlıdır. 2010-cu ildə də sülh danışıqları məhz bu məsələyə görə dondurulmuşdu.  Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, 1967-ci ilin Altıgünlük müharibəsindən sonrakı dövr ərzində davam edən mübarizə və terror aktlarının əsas səbəbi məhz bu yaşayış məskənləridir. İndiyədək sülh prosesi zamanı ABŞ-ın bu tikinti işlərini dayandırmaq üçün İsrailə təzyiqləri də olub. Və məhz bu təzyiqlərin nəticəsi olaraq Madrid konfransı və 1991-ci ilin Oslo razılaşmasının imzalanması mümkün olmuşdu.  Amma yekunda nizamlanma prosesi ölü nöqtədən tərpənmədi.  1967-ci ildən bəri İsrailin nəzarətində olan ərazilərin sahəsi isə böyüməkdədir. 

İsraillilər, bir tərəfdən sülh istəyirlər və müstəqil Fələstin dövlətinin yaranmasına etiraz etmirlər. Amma bunun üçün ərazi güzəştinə getmək niyyətində deyil. Bundan başqa,  İsrailə gələcəkdə Fələstin ərazisinin terror aktları üçün plasdarma çevrilməyəcəyinə zəmanət lazımdır.  Buradakı yaşayış məskənləri təhlükəsizlik naminə  genişlənir, əslində isə, bu, fələstinliləri daha da radikallaşdırır və nəticədə, İsrail üçün təhlükə bir qədər də artır. Beləcə, qapalı çevrə alınır.

Öz növbəsində, fələstinlilər 1967-ci ilin sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmaq və fələstinli qaçqınların doğma torpaqlara qayıtmaq hüququ əldə etməsini istəyirlər. "Kursor"un yazdığı kimi, T.Livni İsrailin buna razı olub-olmadığına dair sualı birmənalı şəkildə cavablandırmaq istəməyib. "Biz bütün bu məsələləri danışıqlar prosesi zamanı müzakirə edəcəyik" , - deyə o vurğulayıb. İsrail KİV-i əmindirlər ki, danışıqlar prosesi zamanı baş naziri 1970-ci illərin sonundan yəhudi yaşayış məskənlərinin inşasına tam dəstək verən doğma "Likud" partiyasında daxili müxalifətlə ciddi qarşıdurma gözləyir. Bu azmış kimi, fələstinli məhbusların azadlığa buraxılması məsələsinin müzakirəsi zamanı da hökumətdə parçalanma yaşanıb. Netanyahunun dediyi kimi, "bəzən elə anlar olur ki, millətin rifahı naminə ağır qərarlar qəbul etməli olursan. İndi məhz belə bir andır".

İkinci əngəl  İsrailin hələ 1948-ci ildə müstəqillik uğrunda müharibədən sonra öz torpaqlarından qaçqın düşmüş fələstinlilərin və onların sonrakı nəslinin taleyilə bağlıdır.  Qaçqınlara geri qayıtmaq hüququ veriləcək, yoxsa məsələ kompensasiyaların ödənişi ilə həll olunacaq? Bəlkə, qaçqınlara yaşamaq üçün seçim təklif ediləcək - İsrail, Fələstin, ya da hansısa üçüncü dövlət? Bu məsələdən danışarkən, ilk növbədə, demoqrafik aspekt əsas götürülür. Məlum olduğu kimi, ərəb əhalisi israillilərdən daha sürətlə çoxalır, İsrailə keçmiş SSRİ-dən mühacirlərin axını isə artıq sona çatıb.  Odur ki, israillilər, həqiqətən də, qorxurlar ki, ərəblər öz dövlətini qurmaqdan imtina edərək, İsrail vətəndaşlığını seçsələr, axırı nə olacaq?

Nəhayət, ən ağrılı məsələ - Qüdsün statusudur. Axı, burada hamı bir-birinə qarşı ərazi iddiaları irəli sürür, üstəlik, dini hisslər də var: hər iki tərəf bu şəhəri məhz özü üçün müqəddəs hesab edir.

"Yeganə çıxış yolu problemin iki dövlət prinsipi əsasında həllidir. Bunu reallaşdırmaq üçün vaxtımız o qədər də çox deyil", - deyə Kerri İsrail və Fələstinin nümayəndə heyətlərinin rəhbərlərilə birgə mətbuat konfransında bildirib.

Öz növbəsində Barak Obama qeyd edib ki, İsraillə Fələstin Muxtariyyəti arasındakı danışıqların əsas məqsədi iki dövlətin sülh şəraitində mövcudluğunu təmin etməkdir.

Aydın olan odur ki, hər iki tərəf dəyişməlidir. İsrailin fələstinlilərə endirdiyi zərbələr də, fələstinlilərin israillilərə qarşı terror aktları qədər dəhşətlidir. Hər iki tərəfin mövqeyi ondan ibarətdir ki, "biz mövcudluğumuz naminə döyüşürük". Əsas məsələ isə bir-birini məhv etmək arzusu ilə alışıb-yanmadan dinc şəkildə mövcud olmaqdır. Fələstin əhalisi artıq blokada şəraitində, İsrail isə ömürlük müdafiə şəraitində yaşamamalıdır.

Hələlik bu danışıqlardan gözləntilər çoxdur. Amma unutmaq lazım deyil ki, uzaq 1993-cü ildə İsrailin baş naziri İshaq Rabinlə Fələstin lideri Yaser Ərəfatın Ağ Ev qarşısında bir-birilə əl sıxdığı zaman da belə gözləntilər var idi.  Hətta 2000-ci ildə  İsrail hökumətinin başçısı Ehud Barakla Y.Ərəfat arasında ABŞ prezidenti Bill Klintonun vasitəçiliyilə keçirilən və çoxunun iflas adlandırdığı Kemp-Devid sammitindən sonra da nikbinlik hissi qalırdı.  Kiçik-Corc Buşun dönəmində Milli Təhlükəsizlik Şurasında təmsil olunmuş Eliott Ebramsın "The New York Times" qəzetinə dediyi kimi, "hələlik yekun razılaşma əldə etmək üçün heç bir real imkan yoxdur. Ümid edirəm ki, Dövlət departamentində artıq iki komanda işləyir - birincisi sülh razılaşmaları hazırlayır, ikincisi isə, bu razılaşmaların iflasa uğrayacağı təqdirdə hansı addımların atılacağını müəyyənləşdirir".

Əgər iflas olsa, sonrakı hadisələr geniş spektrdə inkişaf edəcək - hüquqi addımlardan tutmuş (fələstinlilər Fələstin Muxtariyyətinə dövlət statusunun verilməsi tələbilə BMT-nin orqanlarına və Beynəlxalq məhkəməyə müraciət edə bilərlər) yeni zorakılıq dalğası və yeni "intifada"ya qədər. Bu isə Yaxın Şərqi birdəfəlik partladacaq.



MƏSLƏHƏT GÖR:

654