15 Mart 2025

Şənbə, 00:30

"BİZ ÖZ VƏTƏNDAŞLARIMIZI İTİRMƏK İSTƏMİRİK"

Prezident Mixail Saakaşvilinin anası, Gürcüstan-Azərbaycan Dostluq Evinin rəhbəri qiuli alasaniya Gürcüstan Azərbaycanlılarının problemlərinin həlli barədə

Müəllif:

15.06.2008

Onu hamı yalnız Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası kimi tanıyır. Lakin o, eyni zamanda, türkoloq alim, məşhur ictimai xadimdir. Qiuli Alasaniya Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görüb. Gürcüstan-Azərbaycan Dostluq evinin rəhbəri olan Q.Alasaniya ölkəsinin azərbaycanlı əhalisinin problemlərinin həlli, onların Gürcüstan cəmiyyətinə tamhüquqlu inteqrasiyası üçün az səy göstərmir. O, Azərbaycana ötəndəfəki səfərindən çox məmnun qalıb. Q.Alasaniya iki ölkə arasında strateji tərəfdaşlıqdan və Azərbaycanın gürcü əhalisinə münasibətdən də eyni dərəcədə məmnundur. Gürcüstan prezidentinin anası Azərbaycana növbəti səfərini bu ilin sentyabrında gerçəkləşdirməyi planlaşdırır. Bu dəfə də iki qonşu dövlət arasında mədəni əlaqələrin genişləndirilməsi, təhsil, səhiyyə və bir çox digər məsələlər diqqət mərkəzində olacaq.

Gürcüstan-Azərbaycan Dostluq evinin rəhbərinin ilk müsahibəsi jurnalımızda hələ iki il əvvəl dərc olunmuşdu. Lakin o vaxtdan çox şey dəyişib və biz belə qənaətə gəldik ki, danışılacaq çox şey var.

- Xanım Alasaniya, siz Gürcüstan-Azərbaycan Dostluq evinin yaradıcısısınız. Təşkilatınız əsasən nə ilə məşğul olur?

- Hələlik bu çox kiçik bir təşkilatdır. Ümumilikdə biz məişət, mədəniyyət, iqtisadi və vətəndaşları narahat edən digər problemlərlə məşğul oluruq. Mən indiyədək azərbaycanlılarla çox görüşmüşəm və bu görüşlərdən yaxşı təəssüratlar qalıb. Onlar çox zəhmətkeş, səmimi insanlar, öz işlərinin peşəkarlarıdır. Əlbəttə, indiki vaxtda yaşayış çətindir və çoxlu sayda problemlər var. Ancaq tədricən hər şey qaydaya düşür və artıq hamı görür ki, insanların öz rifahlarını yaxşılaşdırmaq imkanları artır. Məsələn, indi biznesə başlamaq üçün böyük kapitala sahib olmaq vacib deyil. Banklar sizin layihələrinizə kredit ayıra bilər və s.

- Dostluq evinin bugünkü fəaliyyətində əsas diqqət nəyə yönəldilir?

- Bizim təşkilatımızın layihələrindən biri məktəblərlə bağlıdır. Azərbaycanlı vətəndaşlarımızın gürcü dilini öyrənməsinə imkan yaratmaq üçün məktəblər açmağa başlamışıq. İlk belə məktəb Marneulidə fəaliyyətə başlayıb. Ən maraqlısı odur ki, bu məktəbdə parta arxasında müxtəlif yaşlı insanlar oturur. Məsələn, eyni parta arxasında əyləşmiş, çox gözəl xətlə hərflər yazan 7 yaşlı uşaqla yanaşı, gürcü dilində yazmağı öyrənməyə gəlmiş cavan oğlana da rast gəlinir. Onu da deyim ki, bu məktəblərdə yalnız gürcü dili tədris olunmur. İngilis dilinin tədris olunduğu qruplar da var. Yəni, kimlərsə gürcü, kimlərsə ingilis dili öyrənir.

- Buna görə, sizə ancaq minnətdarlıq etmək olar. Çünki doğrudan da bu gün Gürcüstanın azərbaycanlı əhalisinin ən böyük problemlərindən biri gürcü dilini bilməməsidir...

- Maraqlıdır ki, bu layihənin təşəbbüsü məhz azərbaycanlılar tərəfindən gəlib. Onların əksəriyyəti gürcü dilini bilmir. Çünki Sovet İttifaqı dönəmində bizim gürcü olmayan vətəndaşlarımız ənənəvi olaraq, rus məktəblərində təhsil alıblar. O zaman gürcü dilini bilmək vacib sayılmırdı. Orta məktəbi bitirdikdən sonra isə onların əksəriyyəti respublikanı tərk edirdi. Çünki ali məktəblərimizdə təhsil əsasən gürcü dilində idi. Əlbəttə, rus bölməsini bitirmiş uşaqların ali məktəbə qəbulunda müəyyən yüngülləşdirmə də var idi. Lakin sonradan təhsil gürcü dilində davam etdirilməli idi. Demək, onlar yenə də hansısa səviyyədə gürcü dilini bilməli idilər. Əks halda həmin insanlar əsasən Moskvaya, Leninqrada, Bakıya və ya Yerevana üz tuturdular. Bu gün isə biz vətəndaşlarımızı itirmək istəmirik. Elə onların özləri də öz evlərində yaşamaq istəyirlər. Bu gün ölkəmizdə normal təhsil almaq imkanı yarandığı bir vaxtda bu insanlar təhsillərini öz vətənlərində ala bilərlər.

- Söhbət ki təhsildən düşdü, türkologiyanı seçməyiniz nə ilə bağlı olub?

- Belə alındı. Bilirsiniz, bu bizim ailənin özünəməxsus ənənəsidir. Mənim yaxın qohumlarımdan biri Şərqşünaslıq İnstitutunun direktoru olub. O, məşhur ərəbşünas akademik idi. Daha bir yaxın qohumum türkoloq olub və o, Cəlaləddin Ruminin həyat və yaradıcılığına dair çoxsaylı kitabların müəllifidir. Yəqin ki, bütün bunlar mənim peşə seçimimdə rol oynayıb. 

Eyni zamanda, bu mənim üçün maraqlı idi. Çünki hər halda Türkiyə bizə qonşu dövlətdir - baxmayaraq ki Sovet İttifaqı dönəmində münasibətlərimiz yox idi: Türkiyə ilə həmsərhəd olsaq da, sərhədi keçmək mümkün deyildi. O vaxt Türkiyəyə getmək üçün biz Moskvadan uçmalı idik və bu heç də hamıya müyəssər olmurdu. 

İndisə vəziyyət tamamilə fərqlidir. Həyatımız dəyişib, münasibətlərimiz bərpa olunub. Bu gün artıq Türkiyə ilə viza rejimi də ləğv olunub və gündəlik reyslər açılıb. Özü də təyyarələrdə heç vaxt boş yer olmur.

Elmə gəlincə, hələ Sovet İttifaqı dönəmində bizdə universitetin türkologiya fakültəsi kifayət qədər güclü olub. Ümumiyyətlə, bizim şərqşünaslıq fakültəmiz daim öz müəllimləri ilə tanınıb. Gürcüstan türkologiyası elm olaraq, 19-cu əsrdən mövcuddur. Gürcüstanın ilk türkoloqu Dmitri Bakradze olub. Onun Türkiyə ilə bağlı araşdırmaları  var. Daha əvvəl - II Yekaterinanın vaxtında (onun Türkiyəyə daim böyük marağı olub) əslən gürcü olan Barataşvili Türkiyənin inzibati sistemi və torpaqdan istifadə qaydalarını öyrənmək məqsədi ilə İstanbula göndərilib. O, Türkiyədən qayıtdıqdan sonra məruzə hazırlayıb və sənəd Yekaterinaya təqdim olunub. Yəqin ki, ilk türkoloq elə Barataşvilini saymaq olar.

Daha sonra, sovetlər dönəmində universitetdə şərqşünaslıq fakültəsi açılan zaman bizdə artıq ərəbşünaslar da, türkoloqlar da, iranşünaslar da var idi. Bu fakültədə Sergey Cakiya kimi güclü müəllimlər dərs deyirdi. Yeri gəlmişkən, o, Türkiyədə təhsil almışdı - o zaman hələ sərhədlər bağlanmamışdı və bu, mümkün idi.

- Maraqlıdır ki, uzun illər bir-birindən təcrid olunmasına baxmayaraq, bu gün Gürcüstanla Türkiyə arasında həm siyasi, həm də iqtisadi sahələrdə yaxşı əlaqələr var.

- Bu təbiidir. Axı bizim ümumi sərhədlərimiz var. 

Digər tərəfdən, məsələ yalnız ümumi sərhədlərdə deyil. Türkiyədə çoxlu sayda gürcü yaşayır - müxtəlif rəqəmlər söylənilir. Məlumata görə, onların sayı 1,5 milyonla 4 milyon arasındadır. İstanbulda gürcülərin kompakt şəkildə yaşadıqları rayon var. Bursada da onların sayı çoxdur. Özü də orada gürcülərin əksəriyyəti kifayət qədər yüksək vəzifələr tuturlar. Bəziləri dillərini, mədəni ənənələrini qoruyub-saxlayıb ki, bu da yüksək tolerantlıqdan xəbər verir. Onlar gürcü olmaları ilə fəxr edir, eyni zamanda Türkiyəni sevirlər. 19-cu əsrdə Türkiyəyə köçmüş mühacirlər bu ölkəyə çox minnətdar idi. Çünki onları Türkiyədə çox yaxşı qarşıladılar, ən yaxşı torpaqlar verdilər. İndi bu ölkədə yaşayanlar daim bir fikri təkrarlayırlar ki, Türkiyədə karyera quran zaman milli mənsubiyyətləri ilə əlaqədar heç bir maneə ilə  üzləşməyiblər. Və təbii ki, bütün bunlara görə bu insanlar Türkiyəyə minnətdardırlar.


MƏSLƏHƏT GÖR:

381