15 Mart 2025

Şənbə, 00:34

PREZİDENTLƏRİN NEVA DEBÜTÜ

Deyəsən, Azərbaycan-Rusiya münasibətləri yeni vacib mərhələyə qədəm qoyur

Müəllif:

15.06.2008

PBİF-nin proqramı çox zəngin idi: "dəyirmi masa"lar, təqdimatlar, razılaşmaların imzalanma mərasimləri, danışıqlar və s. 

Forumun ilk günündə iştirakçılar beynəlxalq bazarların qloballaşması və ölkələrin milli maraqları ilə bağlı problemləri müzakirə etdilər. İkinci gün Rusiya və onun iqtisadiyyatının inkişafı məsələsinə ayrılmışdı. 

Forumda ümumilikdə "Ener-getika - qlobal oyunçular və hakimlər", "Dünya ərzaq bazarları üçün yeni qlobal çağırışlar", "İnnovasiyalar - rəqabət - iqtisadiyyatın diversifikasiyası", "Bilik və intellekt iqtisadiyyatı" kimi mövzular müzakirəyə çıxarılmışdı. 

Bununla yanaşı, müzakirələrə müxtəlif ekspozisiyalar, qəbullar, konsertlər və gəzintilər də əlavə edilmişdi. 

Qeyd edək ki, "MDB: inteqrasiya və əməkdaşlıq yolu ilə iqtisadiyyatların rəqabətə davamlılığının artırılması" mövzusunda çıxışın müəllifi Azərbaycanın maliyyə naziri Samir Şərifov oldu.

PBİF-də iştirak edən əcnəbi qonaqlar arasında ən yüksək səviyyəli nümayəndələr MDB ölkələrini təmsil edirdilər və bu da tamamilə qanunauyğundur. SSRİ-nin dağılmasından xeyli vaxt keçməsinə baxmayaraq, vaxtilə bu birliyə daxil olmuş, indi isə müstəqil olan respublikaların iqtisadiyyatı bir-birilə sıx şəkildə əlaqəlidir və bu iqtisadiyyatlarda cərəyan edən proseslərin təbiəti eynidir. 

MDB üzvü olan dövlət başçılarının hər birinin Sankt-Peterburqa təşrif buyurması, PBİF ilə yanaşı, Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitinin keçirilməsinə də imkan verdi. Məhz bu tədbir nəticəsində MDB üzvü olan dövlət başçıları müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi apardılar. Prezidentlər MDB-nin inkişaf strategiyasından tutmuş, nəqliyyat mövzusu, ərzaq təhlükəsizliyi probleminədək müzakirə ediblər. 

Bundan başqa, görüşdə MDB-nin sentyabrın 26-da Bişkəkdə keçiriləcək sammitinin gündəliyinə dair də fikir mübadiləsi aparılıb.

Əsasən, MDB-nin qeyri-formal sammitlərində hər hansı sənəd qəbul edilmir. Belə görüşlərdə daha çox qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə yer ayrılır. Xüsusilə də nəzərə almaq lazımdır ki, bu, Dmitri Medvedevin prezident kimi qatıldığı ilk sammit idi.

MDB mövzusuna toxunarkən, Birlik daxilində xeyli problemin yığılıb qaldığını da qeyd etmək lazımdır. Rusiyanın müttəfiqləri olan Ermənistan və Belarus, həmçinin Mərkəzi Asiya ilə münasibətləri belə, heç də qaydasında deyil. NATO-ya istiqamət götürmüş Ukrayna və Gürcüstana gəlincə, Moskvanın bu ölkələrlə münasibətinə yalnız bir ad vermək olar - böhran.

Bir müddət əvvəl Ukrayna prezidenti Viktor Yuşşenko 2017-ci ildə Rusiyanın Qara dəniz Donanmasının Ukrayna ərazisində mövcudluğuna son qoyulmasını nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim edilməsi haqda Sərəncam imzalayıb. Layihə deputatlara 2 ay ərzində təqdim olunacaq. 

Buna cavab olaraq, Rusiyanın Dövlət Duması Kiyevi iki ölkə arasındakı dostluq haqda müqavilədən çıxacağı və Sevastopola, bəlkə də, bütün Krıma iddiaların bərpa olunacağı ilə hədələyib.

Moskva-Tbilisi münasibətləri isə o həddə çatıb ki, dünya KİV-də, hətta iki ölkə arasında müharibənin başlana biləcəyinə dair xəbərlər yer alır. Onu da xatırladaq ki, Vladimir Putin prezident postunu tərk etməsinə bir az qalmış Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin qurulmasına dair sərəncam imzalayıb ki, bu da Gürcüstanın suverenliyini şübhə altına almaq deməkdir. 

Bunun ardınca Moskva hərbi qruplarını artırıb, Tbilisinin iddiasına görə, Gürcüstanın pilotsuz kəşfiyyat təyyarəsini vurub və gürcülərin icazəsi olmadan Abxaziyaya dəmir yolçu hərbçilərdən ibarət qrup göndərib.

MDB-nin əvvəlki sammitlərindən fərqli olaraq, bu dəfə Gürcüstan prezidenti Mixail Saakaşviliyə Sankt-Peterburqda rusiyalı həmkarı Dmitri Medvedevlə təkbətək görüş keçirəcəyi vədi verilmişdi və bu görüş həqiqətən də baş tutdu. 

D.Medvedev V.Yuşşenko ilə də analoji görüş keçirdi.

Lakin Rusiya və Gürcüstan liderlərinin danışıqlarından sonra da ölkələr arasında yığılıb-qalmış problemlərdən hansınınsa həllinə dair açıqlama eşidilmədi. Hazırda yalnız ona ümid etmək qalır ki, D.Medvedevin Kremlə rəhbərliyə başlaması ilə Moskva və Tbilisi arasında təhlükəli qarşıdurma aradan qaldırılacaq.

Azərbaycana gəlincə, təbii ki, diqqətçəkən əsas məsələ İlham Əliyevlə Ermənistanın yeni prezidenti Serj Sarkisyan arasında keçirilən görüş oldu. İki lider arasındakı görüşdə hər iki ölkənin xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak edib. 

Daha sonra prezidentlər danışıqları təkbətək davam etdiriblər.

Xatırladaq ki, görüş ərəfəsində Azərbaycan, Ermənistan və Rusiyadan olan analitiklər, həmçinin KİV şərhçiləri, danışıqların hansısa nəticə verə biləcəyi haqda çox ehtiyatla danışırdılar. Çünki Minsk Qrupu həmsədrlərinin səylərinə baxmayaraq, tərəfləri yekdil fikrə gətirmək hələ ki mümkün olmayıb. 

Görüşə gəlincə, o daha çox tanışlıq xarakteri daşıyırdı. Bununla yanaşı, dövlət başçılarının görüşü-nün Ermənistanda keçirilmiş ziddiyyətli prezident seçkisilə əlaqədar olaraq, uzun fasilədən sonra baş tutduğunu nəzərə alsaq, dialoqun bərpa edilməsinin özü müsbət faktor sayıla bilər.

Danışıqlardan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan iki prezidentin görüşünü müsbət və konstruktiv adlandırıblar. Qeyd olunub ki, prezidentlər öz xarici siyasət idarələrinə Minsk Qrupu ilə əməkdaşlığı davam etdirməyi tapşırıblar. 

Bununla yanaşı, o da bildirilir ki, İ.Əliyevlə S.Sarkisyan Madrid təkliflərinə dair müzakirə aparmayıblar. Çünki tərəflər bu təkliflərə müxtəlif cür yanaşır və onlara yenidən baxılmasına ehtiyac var.

Bəs Azərbaycan danışıqları Minsk Qrupu çərçivəsində davam etdirməyi düşünür, yoxsa başqa beynəlxalq qurum çərçivəsinədə  keçirilməsini lazım bilir? Bu suala cavab verən XİN başçısı Elmar Məmmədyarov Azərbaycanın BMT-də yeni təşəbbüslərlə çıxış edib-etməyəcəyinə toxunmayıb və yalnız onu vurğulayıb ki, Minsk Qrupu formatı real olaraq mövcuddur və onun fəaliyyəti davam etdiriləcək. Ermənistan XİN rəhbəri isə öz növbəsində danışıqlar prosesinin davam etdirildiyini, Sarkisyanla Əliyevin ilk görüşünün sülh prosesinin sıfırdan başlaması demək olmadığını söyləyib.

İki prezidentin ilk görüşü haqda Minsk Qrupunun həmsədri Metyu Brayza da fikirlərini bölüşüb: "Biz hər iki tərəfin istək və arzularını dinlədik. Bilirik ki, bizim Madrid təkliflərimiz sadəcə təklifdir və bu, tərəflərin onunla tam razı olması demək deyil. Bu təkliflər təkmilləşdirilməlidir və həmsədrlər, həmçinin prezidentlər bu istiqamətdə işi davam etdirməyə hazırdırlar". 

Amerikalı diplomat artıq bu ayın sonunda vasitəçilərin regiona səfər etmək fikrində olduqlarını da açıqlayıb.

Sankt-Peterburq sammitində iştirak İlham Əliyevə Rusiya prezidenti Dmitri Medvedevlə ilk dəfə təkbətək müzakirələr aparmaq üçün də yaxşı imkan yaratdı. Onlar çoxdan tanış olsalar da, Sankt-Peterburq görüşü tamamilə başqa format olmaqla yanaşı, həm də başqa əhəmiyyətə malik idi. İ.Əliyevi salamlayan Kreml sahibi xatırladıb ki, Rusiya ilə Azərbaycanın əməkdaşlıq etdiyi çoxlu sayda yeni layihələr var: "İyulun əvvəllərində mən Bakıya qonaq gələ bilərəm və biz əməkdaşlıq məsələlərini müzakirə edə bilərik".

Öz növbəsində, İ.Əliyev iki ölkə arasında münasibətlərin yeni tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib, diqqəti geniş əməkdaşlıq formatı və fəal qarşılıqlı fəaliyyətə yönəldib. "Ümid edirəm, münasibətlərimizin bundan sonrakı inkişafı əvvəlkitək pozitiv olacaq",- deyə Azərbaycan prezidenti bildirib.

Beləliklə, Azərbaycan-Rusiya münasibətlərinin yeni vacib mərhələyə qədəm qoyduğunu göstərən bütün əlamətlər var və bu mərhələdə prinsipial strateji qərarlar qəbul edilməlidir. Tərəflər bir-birinə çox şey verə bilərlər və onların qarşılıqlı əməkdaşlıqdan çox şey gözləməyə haqları var. Axı Azərbaycan regionda ən böyük, sürətlə inkişaf edən və alıcılıq qabiliyyətinə malik bazardır. Enerji resursları və ölkənin strateji mövqeyi baxımından, dünya və region fövqəldövlətləri ona ciddi maraq göstərir. Bir müddət əvvəl Bakıda ənənəvi "Azərbaycan neft-qaz sərgisi"nin keçirilməsi də buna sübutdur. Rusiyanın "Qazprom" şirkətinin tədbirdə iştirak edən rəhbəri Miller bildirib ki, onun rəhbərlik etdiyi qurum Bakıdan dünya bazarları ilə təbii qaz almağa hazırdır. O hələ Sovet İttifaqı dövründə tikilmiş boru xətlərindən karbohidrogen xammalının nəqli üçün istifadə edilməsi təklifi ilə də çıxış edib. 

Bununla yanaşı, Nabucco layihəsinə lobbiçilik edən Qərb təmsilçiləri və İrandan da cəlbedici təkliflər gəlir.

Hələ ki tərəflər arasında konkret razılıq əldə edilməsə də, Bakının öz qazına təlabatçıların diversifikasiyasında maraqlı olduğuna şübhə yoxdur. İlkin mərhələdə Azərbaycan üçün Rusiyanın enerji resursları istehsalçısı və təchizatçısından asılılığı aradan qaldırmaq vacib idisə, artıq bu məsələnin həll edildiyi bir vaxtda Moskva ilə qiymət və bazar sahəsində əməkdaşlıq aktuallıq qazanır. Axı hər iki ölkə Avropa bazarında neft və qazın yüksək qiymətinin qorunub saxlanmasında maraqlıdır.

Əlbəttə ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla, Rusiya ilə Azərbaycanın əməkdaşlığı yalnız bərabər əsaslarla mümkündür. Bakı Moskvaya sərf etdiyi üçün özünün qərbli tərəfdaşları, həmçinin Gürcüstan, Türkiyə və Ukrayna ilə sərfəli layihələrinin reallaşdırılmasından imtina etmək fikrində deyil. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ölkələrlə bağlı genişmiqyaslı planlarının və bu istiqamətdə yaxşı perspektivlərin olduğunu açıqlayıb. 

Elə Sankt-Peterburqa səfər ərəfəsində İlham Əliyev Naxçıvanda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı da "Şahdəniz" yatağından nəql olunan qazın qiyməti ilə əlaqədar problem həllini tapdı.

Yeri gəlmişkən, Naxçıvanda keçirilmiş bu görüş Ermənistanda kifayət qədər əsəbiliklə qarşılanıb və bu da səbəbsiz deyil. Azərbaycan Silahlı Qüvvələrini gücləndirir və Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların iflasa uğrayacağı təqdirdə, işğal edilmiş torpaqların hərbi yolla qaytarılacağını qətiyyən istisna etmir. Belə olan təqdirdə, Naxçıvanın təhlükəsizliyinin təmini məsələsində Türkiyənin rolu çox vacibdir və Ermənistan üçün arxada Azərbaycan Ordusunun güclü Naxçıvan korpusunun yerləşdiyi şəraitdə bütün silahlı qüvvələrini Qarabağ cəbhəsinə yönəltmək çətin olacaq. Güman etmək olar ki, Ermənistanın yeni prezidentinin Sankt-Peterburqda İlham Əliyevlə keçirdiyi görüşdə sülhsevər və konstruktiv mövqe nümayiş etdirməsi yuxarıda qeyd olunan məqamla da  bağlıdır.

Yekunda onu da qeyd etmək lazımdır ki, Azərbaycan sürətlə inkişaf edir və artan imkanlarına adekvat olan böyük planlar qurur. Bakının düşündüyü planların reallaşdırılması üçün qarşılıqlı təhlükəsizlik şəraitində sülhün yaradılması lazımdır. Moskva bunu anlayaraq, Ermənistana təsirindən istifadə edib onu işğalçı iştahından daşındıra bilsə, Rusiya ilə Azərbaycanın tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksələ bilər. Belə olarsa, onda beynəlxalq iqtisadi forumun təşkil olunduğu Peterburq yalnız siyasi məsləhətləşmələr məkanı kimi tanınmaz...


MƏSLƏHƏT GÖR:

330