
İKİNCİ DALĞA
"Ərəb inqilabı" Şimali Afrika ölkələrini sarsıtmaqda davam edir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Afrikanın şimalını və Yaxın Şərqi siyasi kataklizmlər sarsıtmaqdadır. Dramatik hadisələr Misiri, Tunisi, Liviyanı bürüyüb. Halbuki hələ bir müddət əvvəl bu ölkələr "ərəb inqilabı"nın farvateri hesab edilirdilər. Əslində, bu ölkələri yenidən bürüyən etiraz aksiyalarının iştirakçıları iddia edirlər ki, söhbət "ərəb inqilabı"nın davamından, bəlkə də, ikinci dalğadan gedir.
Misir
Misirdə hadisələr daha ağır formada cərəyan edir. Bir il əvvəl prezident seçilmiş Muhammed Mursinin hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılmasının ardından "fironlar ölkəsi", az qala, vətəndaş müharibəsi həddinəçatıb. Qahirədə və digər şəhərlərdə Mursinin tərəfdarlarının etiraz aksiyaları səngimək bilmir. Güc strukturları ilə "Müsəlman-qardaşlar"ın tərəfdarları arasındakı toqquşmalar nəticəsində həlak olanların sayı artıq 200-ü keçib.
Hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, "Müsəlman-qardaşlar" Misirin ən mütəşəkkil təşkil olunmuş və kütləvi siyasi qüvvəsi olaraq qalır və məhz buna görə, onlar bu mübarizədə uduzmadıqlarını və Mursini öz qanuni postuna qaytarmaq əzmində olduqlarını bəyan edirlər.
Amma Mursiyə qarşı etiraz hərəkatını başlamış digər nüfuzlu qüvvə olan liberallara söykənən hərbçilər islamçıların bu iddiaları ilə razı de- yillər.
Əvvəlcə belə təsəvvür yaranırdı ki, nə hərbçilər, nə də "Müsəlman-qardaşlar" genişmiqyaslı silahlı toqquşmalarda maraqlı deyillər. Ən azı ona görə ki, bu, dünya birliyinin nəzərində hər iki tərəfin imicinə yalnız mənfi təsir göstərərdi. Amma "Müsəlman-qardaşlar"ın və onların tərəfdarlarının etiraz aksiyaları davam etdikcə, Misir hakimiyyəti üçün kütləvi nümayişlərin dağıdılması zərurəti daha aktual xarakter almağa başladı. Axı, bu aksiyaların davam etməsi xalqın çox az hissəsinin Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını dəstəklədiyini göstərir və yeni hakimiyyəti qeyri-legitim edir. Buna görə də Misirin müvəqqəti hakimiyyəti bəyanatla çıxış edərək, Mursinin tərəfdarlarının müddətsiz aksiyalarını "milli təhlükəsizliyə təhdid" adlandırdı və DİN-i "bu təhlükəni neytrallaşdırmaq üçün tədbirlər görməyə" çağırdı.
Aparıcı beynəlxalq mərkəzlər isə Misirdə zorakılığa son qoyulmasını tələb edirlər. Hərçənd, Qərb fövqəldövlətlərinin Misirdəki hərbi çevrilişi (düzdür, onlar bu hadisəni "çevriliş" adlandırmaqdan yayınırlar), faktiki olaraq, dəstəklədikləri göz qabağındadır. Məsələn, ABŞ onun üçün "Müsəlman-qardaşlar"ın hakimiyyətilə işbirliyindənsə, hərbçilərləəməkdaşlığın daha məqbul olduğunu açıq-aşkar nümayiş etdirir. Axı, 1979-cu ildən - Misirləİsrail arasında diplomatik əlaqələri müəyyən edən Kemp-Devid razılaşması imzalanan gündən indiyədək Misir generaliteti ABŞ-ın regiondakıən sadiq müttəfiqi hesab edilir.
Avropa İttifaqının hadisələrə yanaşması da maraq doğurur: Aİ M.Mursinin 15 sutkalıq həbsindən və dinc əhali arasındakı kütləvi itkilərdən narahatlığını ifadə edib. Buna baxmayaraq, ərəb KİV-nin məlumatına əsasən, Qahirəyə səfər edən və Mursi ilə görüşən (devrilmiş prezident hərbi strukturlara məxsus villalardan birində saxlanılır) Aİ-nin xarici siyasəti və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton devrilmiş prezidentin nəzərinəçatdırıb ki, onun hakimiyyətə qayıtması mümkün deyil.
Maraqlı xarici qüvvələr arasında yalnız Türkiyə yeni Misir hakimiyyətinin tanınmasına qarşıçıxış edib. Baş nazir Rəcəb Tayyip Ərdoğan, hətta hərbçilər tərəfindən Misirin vitse-prezidenti təyin olunmuş Muhammed Əl-Baradeyi ilə telefon danışığından imtina edərək, bunu onun "hakimiyyətə seçki yolu ilə gəlməməsi" iləəsaslandırıb.
Məlum olduğu kimi, Ankara lap əvvəldən uzun illik diktaturaların hakimiyyətdə olduğu Yaxın Şərq ölkələrini bürümüş "ərəb inqilabı"na dəstək verib. Amma görünür, Misirdə "inqilab"ın yeni mərhələsinin başlanmasından sonra Ankara anlayıb ki, "ərəb baharı"nın xaricdəki havadarlarının istəyi heç də müsəlman ölkələrində sülh və sabitliyin bərqərar olması yox, regionda "idarə olunan xaosun" yaradılması imiş.
MƏSLƏHƏT GÖR: