15 Mart 2025

Şənbə, 01:16

AZƏRBAYJAN-GÜRJÜSTAN: MANEVRLƏR DAVAM EDİR

Qaz naminə tərəfdaşlıq

Müəllif:

01.08.2006

Məşhur bir atalar sözündə deyildiyi kimi, «dostluq ayrı, pul bölgüsü ayrı». Amma belə görünür ki, son illər Azərbaycan siyasi dostluq naminə tez-tez öz iqtisadi maraqlarından imtina etməli olur. Özü də bu güzəştlər, əsasən, Gürcüstanla bağlı baş verir. 

Əlbəttə, bu dövlət Azərbaycanın Cənubi Qafqazdakı yeganə tərəfdaşıdır. Hətta Gürcüstanı, müəyyən mənada,  strateji tərəfdaş da adlandırmaq olar. Çünki Azərbaycan üçün vacib olan iqtisadi xətlər məhz onun ərazisindən keçir. Gürcülər isə bu amildən son dərəcə bacarıqla yararlanır, özünün «tranzit ölkə» statusundan kifayət qədər istifadə edir.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tariflərinin müəyyənləşdirilməsi zamanı, onun Gürcüstan ərazisindən keçməsi ilə bağlı baş vermiş bir sıra xoşagəlməz epizodlar çoxlarının yaddaşındadır. O zaman Azərbaycan Prezidenti Heydər Əliyev gürcüstanlı həmkarı Eduard Şevardnadzeyə böyük güzəşt edərək, Azərbaycan neftinin Türkiyənin Ceyhan limanına çatdırılması ilə bağlı maksimum tarif müəyyənləşdirməyə razılıq verdi.

Gürcüstanın «yaralı yeri» olan borcların ödənilməsi məsələsini də xatırlamaq olar. Yeri gəlmişkən, bu məsələ ilə bağlı razılaşma hələ də imzalanmayıb... 

Azərbaycan-Gürcüstan münasibətlərində bu cür güzəştlərə çox tez-tez rast gəlmək olar. Nəyə görəsə, Azərbaycan daim «kiçik qardaşa» kömək etməli olan «böyük qardaş» rolunu oynayır və hər şeydə ona güzəştə gedir, faktik olaraq, öz şəxsi maraqlarından imtina edir.

 

Əbədi qaz problemi

İyulda Gürcüstanın Baş naziri Zurab Noqaidyelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etmişdi. Aparılan danışıqlar zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqla yanaşı, Qars-Axalkalaki-Tbilisi-Bakı (QATB) dəmir yolu layihəsi də ətraflı müzakirə olundu. Bundan başqa, BTC-nin açılış mərasimi, enerji sahəsində əməkdaşlıq kimi məsələlər də diqqət mərkəzində oldu. Səfərin qısamüddətli olmasına baxmayaraq, Gürcüstanın baş naziri, artıq ənənəvi müzakirə obyektinə çevrilmiş qaz mövzusunu da müzakirəyə çıxarmağa imkan tapdı.

Əvvəla, ondan başlayaq ki, gürcüstanlı qonaq hələ azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşündə BTC-nin açılışının əhəmiyyətini xüsusi vurğulayaraq, Qazaxıstanın layihəyə qoşulmasını alqışlayıb. Onun fikrincə, bu hadisə region və ümumilikdə dünya üçün əlavə stimulverici addım olacaq. «Qazaxıstanın BTC-yə qoşulması, həmçinin, neft qiymətləri ilə bağlı stabilləşdirici faktordur», - deyə Z.Noqaidyeli bildirib.

Baş nazirin fikirlərini diqqətlə dinlədikdə belə qənaətə gəlmək olar ki, Gürcüstan Azərbaycanın sürətli iqtisadi inkişafa nail olmasından məmnundur; çünki bu, müəyyən mənada, Gürcüstan iqtisadiyyatının, xüsusilə də nəqliyyat sahəsinin inkişafına təkan verir. Lakin bu ölkədə yaşayan azərbaycanlıların gömrük-sərhəd xidmətində üzləşdikləri problemləri xatırlayan zaman, Z.Noqaidyeli ortaya konkret mövqe qoyub: «Belə məhdudiyyətlər daim olub və indən sonra da olacaq. Beynəlxalq təcrübə var və insanlar sərhədi keçən zaman gömrük rüsumu ödəməlidirlər».

Qonaq bu il Bakı-Tbilisi-Ərzurum (SJP) qaz kəmərinin tikintisinin başa çatdırılacağını xüsusi qeyd edib. «Düşünürəm ki, ilin sonuna bu layihənin istifadəyə verilməsi regionun iqtisadi inkişafına böyük stimul olacaq və bu bizim əməkdaşlığımızın yeni səviyyəyə qədəm qoyacağı deməkdir. Söhbət qarşılıqlı investisiya yatırımlarından gedir», - deyə gürcü nazir qeyd edib. 

 

Məsləhətləşmələr bununla da başa çatıb 

Fikir verin: «qaz məsələsi»nə heç bir işarə belə yoxdur. Amma nümayəndə heyətinin hələ Bakıya gəlməsindən öncə Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze bildirmişdi ki, onların Azərbaycanda aparacaqları müzakirələrin əsas mövzusu «Şahdəniz»  yatağından Gürcüstana ayrılan qazın həcminin artırılması və Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisi ilə bağlı olacaq. Rəsmi Tbilisinin «Şahdəniz» yatağından daha artıq həcmdə qaz almağa ümid etdiyi Bakı səfərindən öncə bir daha bu ölkənin baş naziri tərəfindən də təsdiq edilib: «Bakıda bu ölkənin xarici işlər naziri və prezidenti ilə keçiriləcək görüşlərdə «Şahdəniz» yatağından Gürcüstana veriləcək qazın miqdarının artırılması məsələsi hərtərəfli müzakirə olunacaq. Bununla yanaşı, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqla bağlı digər məsələlər də diqqətdən kənarda qalmayacaq».

Lakin Gürcüstan nümayəndə heyətinin Bakıya səfərinin başladığı gün Azərbaycanın yanacaq və energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib ki, «Hazırda «Şahdəniz» yatağından Gürcüstana veriləcək əlavə qazın qiyməti haqda danışmaq tezdir». Onun sözlərinə görə, bütün qiymətlərlə yanaşı, «mavi qaz»ın qiyməti də dünya bazarı tərəfindən formalaşdırılır və Azərbaycanın Rusiyadan idxal etdiyi qazın qiyməti də belə müəyyənləşir. «Rusiya qazının qiymətinin gələn il necə olacağı bizə məlum deyil və təbii ki, onu baha alıb ucuz satmağı düşünmürük. Bununla yanaşı, qeyd etmək istərdim ki, Azərbaycan Rusiya qazını Gürcüstana ixrac etməyi düşünmür. Bu ölkəyə Azərbaycan qazı satılacaq və onun qiymətləri müəyyən edilmiş qaydalara əsasən qoyulacaq», - deyə N.Əliyev bildirib.

Xatırladaq ki, SJP-nin tikintisi 2004-cü ildən 2006-cı ilədək uzadılıb və hazırda o, sınaqdan keçirilir. Sözü-gedən boru ilə təbii qaz nəqlinə bu ilin sentyabrda başlanılması planlaşdırılır. Ölkələr arasında əldə olunan razılığa əsasən, Gürcüstan 2006-cı ildə SJP kəməri vasitəsilə 200 milyon kubmetrədək təbii qaz ala bilər. Üç il ərzində bu rəqəm 800 milyon kubmetrədək arta bilər. Bundan 300 milyon kubmetri borunun Gürcüstan ərazisindən keçdiyi üçün edilən ödəniş, 500 milyon kubmetri isə Gürcüstanın güzəştli qiymətlərlə əldə edə biləcəyi qazdır. Bununla yanaşı, uzun müddətdir, Gürcüstan əldə etdiyi qazın həcminin ildə 1,5 milyard kubmetrə çatdırılması üçün Azərbaycan, Türkiyə və «Şahdəniz» konsorsiumu ilə danışıqlar aparır. Görünürdü ki, bu istiqamətdə aparılan danışıqlar hələ çox uzanacaq (xüsusilə də Azərbaycanın yanacaq və energetika nazirinin açıqlamaları nəzərə alınarsa). Lakin BTC-nin rəsmi açılış mərasimindən cəmi bir neçə gün sonra, artıq «Şahdəniz»dən Gürcüstana veriləcək qazın həcminin artırılmasına dair razılığın əldə olunması ilə bağlı sensasion məlumat yayılıb. Məlumata görə, razılaşma Ceyhanda Gürcüstan, Türkiyə və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə baş tutub.

«2007-ci ildən Gürcüstan Azərbaycanın «Şahdəniz» yatağından ildə 1,2 milyard kubmetr qaz alacaq», - deyə Gürcüstanın energetika naziri Nika Gilauri bildirib. O qeyd edib ki, Gürcüstan Azərbaycanın timsalında Rusiyanın «mavi qaz» təchizatı marşrutuna alternativ əldə edib: «Beləliklə, Gürcüstanın indiyədək bel bağladığı yeganə qaz mənbəyi olan Rusiyadan «mavi yanacaq»ın idxalı 2007-ci ilin əvvəllərindən etibarən 40% azalacaq. Yaxın gələcəkdə ölkə dörd boru kəməri vasitəsilə qaz alacaq ki, onlardan ikisi Azərbaycan və Rusiyadan gəlir. «Şahdəniz»dən başqa, Azərbaycanın Dövlət Neft Şirkəti də Gürcüstana «mavi qaz» verməyə hazır olduğunu bildirib». Nazir bildirib ki, artıq Gürcüstanda «Qazprom»un rəqibi əmələ gəlib və bu çox yaxşı haldır. «Bu amil danışıqlarda bizim ölkəmizi qalib kürsüsündə saxlayacaq. İndi hər bir şirkət biləcək ki, Gürcüstanın başqa yerdən də qaz təchizatı var», - deyə N.Gilauri bildirib.

 

Razılıq... əldə olunmayıb?!

Gürcüstanlı məmurların sözlərinə görə, artıq avqustda Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşündə «razılaşmanın bəzi detalları» müzakirə olunacaq. Lakin eyni zamanda, bir sıra ekspertlər bəyan ediblər ki, Azərbaycan qazının qiyməti gürcülərin elə Rusiyaya ödədiyi məbləğə bərabər olacaq - 1 min kubmetrə 110 dollar. Bununla yanaşı, ekspertlər güman edirlər ki, 2007-ci ildə Rusiya Gürcüstana verdiyi «mavi yanacaq»ın 1 min kubmetrinə görə, ən azı, 170 dollar istəyəcək.

Lakin Tbilisi rəsmilərinin bu açıqlamasından cəmi bir neçə gün sonra Azərbaycan-Gürcüstan danışıqlarına yaxın mənbə bildirib ki, «Şahdəniz» yatağından Gürcüstana veriləcək qazın həcminin artırılması ilə bağlı razılaşmanın əldə olunduğundan danışmaq tezdir: «Bu gün «Şahdəniz» yatağından qaz hasilatına nə vaxt başlanacağı və Türkiyəyə bu ölkənin texniki hazırlığı ilə bağlı hansı həcmdə «mavi yanacaq» nəql olunacağı dəqiq məlum deyil». 

Gürcüstan tərəfinin açıqlamaları ilə Azərbaycanın Yanacaq və Energetika Nazrliyi də razılaşmayıb. N.Əliyev açıq şəkildə bəyan edib ki, hazırda Gürcüstana əlavə Azərbaycan qazının verilməsi və onun qiyməti ilə bağlı hər hansı razılaşma mövcud deyil: «Belə razılaşma indi mövcud ola bilməz və ona yalnız danışıqlar prosesi nəticəsində nail olmaq mümkündür. Azərbaycan hələ gələn il üçün yanacaq-enerji balansını müəyyənləşdirməyib. Bundan başqa, hələ qeyri-müəyyən faktorlar da qalmaqdadır. Onların sırasına Azərbaycan Dövlət Neft Şirkətinin qaz hasilatının həcmi də aiddir. Bu, xüsusilə, ARDNŞ-ın qaz həcminin artırılması üçün hansı tədbirlər görəcəyi ilə bağlıdır və belə tədbirlər hazırda müəyyənləşdirilir. Bu istiqamətdə ciddi investisiya yatırımları edilir. Vəsaitlər ARDNŞ-ın öz hesabına hasil etdiyi qazın həcminin artırılmasına və yeni quyuların qazılmasına yönəldiləcək. Həmçinin, ABƏŞ-in Azərbaycana verəcəyi «Azəri-Çıraq-Günəşli» yatağındakı səmt qazının həcmi, Azərbaycanın «Şahdəniz» yatağından əldə edəcəyi qazın həcmi, Rusiyaya qazın idxal həcmi və sair kimi faktorların da müəyyənləşdirilməsinə ehtiyac var. Bütün bu göstəricilərin dəqiqləşdirilməsindən sonra Gürcüstana qaz satışı ilə bağlı da qərar qəbul etmək olar».

Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, hələ Rusiyanın Azərbaycana «mavi yanacaq»ı hansı qiymətə satacağı məlum deyil. Bu amil Azərbaycan-Gürcüstan arasında qaz təchizatı ilə bağlı aparılan danışıqlarda böyük rol oynaya bilər. «Gələn il Rusiya qazının Azərbaycana idxalı ilə bağlı şərtlər builkindən daha ağır olacaq», - deyə Azərbaycan Yanacaq və Energetika Nazirliyinin başçısı bildirib.

Məlum olduğu kimi, Azərbaycana «mavi qaz»ı «Qazprom» şirkəti ixrac edir. 2005-ci ildə qurum qazın 1 min kubmetrini 60 dollara idxal edib. 2006-cı ildən isə  bu, Azərbaycana artıq 110 dollara başa gəlir. 

Yeri gəlmişkən, hazırda Azərbaycanın nümayəndə heyəti baş nazirin birinci müavini Eyyub Yaqubovun rəhbərliyi ilə Moskvada səfərdədir və məhz bu məsələ ətrafında müzakirələr aparılır. Səfərdə ARDNŞ-ı qurumun vitse-prezidenti Elşad Nəsirov təmsil edir. Hələlik danışıqların nə ilə yekunlaşacağı məlum olmasa da, aydındır ki, Azərbaycan öz maraqlarına ziyan vuracaq şərtlərlə Gürcüstana qaz satmayacaq.

Bununla yanaşı, azərbaycanlı ekspertlər artıq gələn ildən «Qazprom»un Azərbaycana ixrac etdiyi «mavi yanacaq»ın həcmini azalda biləcəyini düşünürlər. Belə ki, bu il Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» qaz kondensat yatağından hasil olunacaq qazın həcmi 1,2 milyard kubmetrə çatacaq. N.Əliyevin fikrincə, bu il Türkiyə sözügedən yataqdan qaz qəbul edə bilməyəcək və Azərbaycan bu qazın hamısını özündə saxlamaq fikrindədir.

«Şahdəniz» layihəsi ilə bağlı tərəfdaşlarla aparılan müzakirələrdə yenidən qaz hasilatının həcmi məsələsinə baxılıb. Əvvəllər güman olunurdu ki, bu il (yataqdan qaz hasilatına bu ilin sentyabrının sonlarında başlanması nəzərdə tutulub - müəllif) sözügedən yataq 850 milyon kubmetr qaz verəcək. Lakin hazırda bu göstərici artıb. «Yataqda dördüncü neft quyusu qazılıb və məlum olub ki, bu ilin sonuna «Şahdəniz»dən 1 milyard 140 milyon - 1 milyard 200 milyon kubmetr arasında qaz əldə olunacaq. Müqaviləyə əsasən buradan əldə olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə, həmçinin, o qədər də çox olmayan hissəsi BTC Co. şirkətinə satılacaq. Bundan başqa, «Azəri-Çıraq-Günəşli» yatağından ABƏŞ-in Azərbaycana verdiyi səmt qazının həcminin artırılması ilə bağlı da danışıqlar aparılacaq. Beləliklə, bu il Azərbaycan 2,2 milyard kubmetr qaz əldə edəcək. Gələn il isə bu rəqəmin 1,4 milyard kubmetr olacağı ehtimal edilir», - deyə N.Əliyev qeyd edib.

Yeri gəlmişkən, bu ilin əvvəlindən başlayaraq, ARDNŞ artıq ABƏŞ-dən əlavə qaz almağa cəhd göstərib, lakin bunun üçün dövlət şirkəti qarşısında laya vurulan qazın həcminin azlığı ucbatından, itirilən «mavi yanacaq»ın kompensasiya olunması məsələsi qoyulub. Bu şərt isə ARDNŞ-ı təmin etməyib. Qazın laya vurulmasına bu ilin mayında «Azəri» yatağının mərkəzi hissəsində başlanılıb.

 

2006-cı ilin sərt yanvarı

Bayağı «qaz məsələsi»ndən danışarkən yanvarda Şimali Osetiya və Qaraçay-Çərkəzdə törədilən terror aksiyalarını yada salmamaq mümkün deyil. Həmin vaxt eyni zamanda iki yüksəkgərginlikli elektrikötürücü xətti və iki qaz kəməri partladıldı ki, nəticədə Rusiyanın qaz və elektrik enerjisindən mərhum olan Gürcüstan və Ermənistan 2006-cı ilin soyuq qışı ilə üz-üzə qaldı. Artıq o zaman ekspertlər bu hadisədən sonra «qaz dastanı»nın öz kulminasiya nöqtəsinə çatacağını proqnozlaşdırmışdı. Belə də oldu: Rusiya və Gürcüstan siyasətçiləri dərhal qarşılıqlı sərt ittihamlarla çıxış etməyə başladılar. Gürcüstan Prezidenti Mixail Saakaşvili milli televiziya ilə silsilə bəyanatlar səsləndirərək, baş verənləri «Gürcüstanın enerji sisteminə qarşı sabotaj» adlandırdı. Prezident Rusiya tərəfinin məsələ ilə bağlı açıqlamalarının inandırıcı olmadığını və ziddiyyət təşkil etdiyini bildirdi.

Moskva da qarşı tərəfə «borclu» qalmadı. Tbilisinin ünvanına ən sərt bəyanat Rusiyanın Xarici İşlər Nazirliyindən gəlib. Məsələ ilə bağlı verdiyi rəsmi açıqlamada nazirlik Gürcüstan tərəfinin baş verənləri qiymətləndirməsini «isterika» adlandıraraq bildirdi ki, Tbilisinin ortaya qoyduğu mövqe «başqasının hesabına yaşama, riyakarlıq, əxlaqsızlıq, üstəgəl, məsuliyyətsizlik və öz antirus mövqeyinə görə Qərbdən dəstək qazanmaq istəyinə» arxalanır. Yəqin ki, Gürcüstanın alternativ təbii qaz mənbələri axtarmasına əsas da elə o zaman meydana çıxdı. Belə ki, Gürcüstan Təhlükəsizlik Şurasının fövqəladə toplantısında çıxış edən prezident M.Saakaşvili bildirdi ki, «Hazırda bütün Gürcüstan Rusiyadan qaz təchizatının alternativinin olmamasının əsirinə çevrilib». Prezident vurğuladı ki, onun ölkəsinin bu vəziyyətdən çıxmasına... Azərbaycan və İran kömək etməlidir. 

Azərbaycan isə kimin haqlı, kimin günahkar olduğunu müəyyənləşdirmək fikrində deyildi. Gürcüstan Milli Bankı dərhal fövqəladə iş rejiminə keçərək ölkənin Yanacaq və Energetika Nazirliyi və Gürcüstan Beynəlxalq Qaz Korporasiyası ilə birlikdə Azərbaycandan təbii qazın alınması ilə bağlı məsələni həll etdi. Bunun üçün təcili surətdə 1,65 milyon dollar vəsait köçürüldü. Gürcüstan AO «Tbilqaz» və TbilQRES enerji bloku vasitəsilə əhalini qazla təchiz etmək məqsədilə 4 milyon kubmetr «mavi yanacaq» almağı planlaşdırırdı. Gürcüstanın yanacaq və energetika naziri Nikolay Gilauri və ölkənin qaz korporasiyasının prezidenti David İnqorokva təcili şəkildə İrana ezam olunaraq, «mavi yanacaq»ın Azərbaycan ərazisindən keçməklə Gürcüstana nəql olunmasına dair danışıqlara başladılar. Bu zaman Tbilisi qazın hər min kubmetrinə görə, sanki Rusiyadan qisas alırmış kimi, İrana 120 dollar ödəməyə hazır idi.

Bütün bunlar öz yerində. Amma ortaya məntiqi sual çıxır: Azərbaycan öz ərazisindən qaz tranziti müqabilində nə qədər pul qazanacaq?

O zaman bu sualı cavablandırmaqdan imtina edən «Azəriqaz», məsələ ilə bağlı Sənaye və Energetika Nazirliyinə müraciət etməyi «məsləhət» gördü. Qeyd edək ki, Azərbaycan elə həmin vaxtdan Gürcüstana 2 mln kubmetr həcmində qaz nəql etməyə başladı. Özü də öz imkanları hesabına...

İctimaiyyəti narahat edən ikinci məsələ isə qeyri-qənaətbəxş olan infrastrukturun taleyi idi. Amma gürcülərin bəxti yenə gətirdi: 2005-ci ilin sonunda məlum oldu ki, xeyli vaxtdır, istifadə olunmayan ehtiyat qaz kəməri də mövcuddur. Bu kəmərlə aşağı təzyiqlə də olsa, Azərbaycandan Gürcüstana qaz nəqli mümkün idi.

Azərbaycan qazına «stavka» edən Gürcüstan, istənilən halda, uduzmadı. Çünki terror aktından sonra Rusiya  Gürcüstan üçün nəzərdə tutulmuş «mavi yanacaq»ın həcmini 3 mln kubmetrə çatdırmadı ki çatdırmadı. Üstəlik, məsələ ətrafındakı siyasi qalmaqalı da nəzərdən qaçırmayın. Ekspertlər şübhə etmirdilər ki, Rusiya Gürcüstana heç bir halda dəstək verməyəcək.

Buna görə də Gürcüstan üçün Azərbaycan və İran qazının məhz bizim ölkəmizin ərazisindən tranzit olunması çox vacib idi. Artıq terror aksiyasının nəticələrinin aradan qaldırılmasınadək Gürcüstan Azərbaycan ərazisindən keçməklə, saatda 93 min kubmetr (təxminən, sutkada 2,2 milyon kubmetr) İran qazı almağa başladı. Rusiya təəccübünü gizlədə bilmirdi: «Bu necə baş verdi?». Məlum oldu ki, hələ 80-ci illərin əvvəllərində Sovet İttifaqına 3-4 miyard kubmetr İran qazını idxal etməyə imkan verən infrastruktur mövcud imiş və o, Astara-Hacıqabul-Qazax-Yerevan-Tbilisi marşrutu üzrə Azərbaycan, Gürcüstan və Ermənistan arasında bölüşdürülübmüş. Eyni yol ilə Naxçıvan Muxtar Respublikası da «mavi yanacaq»la təmin olunurmuş. Azərbaycanla Gürcüstan arasındakı qaz kəmərinin isə təmirə ehtiyacı var və onun bəzi hissələri, demək olar, yox səviyyəsindədir. Bunun üçün isə xərcləri Tbilisi üzərinə götürməldir. Lakin bu yalnız sözdə belədir...

Bir qədər sonra Gürcüstan Azərbaycanla onlara verilən qazın həcminin sutkada 2,5 milyon kubmetrdən 5 milyon kubmetrə çatdırılması ilə bağlı da razılaşma əldə etdi. Lakin ARDNŞ-dən buna dərhal etiraz gəldi: Azərbaycan bu həcmdə qaz vermək üçün texniki imkanlara malik deyil. Məlum oldu ki, Azərbaycanla Gürcüstan arasındakı qaz kəməri sutkada yalnız 3 milyon kubmetr qaz nəql etmək iqtidarındadır; belə ki, qaz magistralı ilk olaraq Mingəçevir və Gəncə kimi şəhərləri də «mavi yanacaq»la təchiz edir. Beləliklə, Azərbaycan Gürcüstana 3 milyon kubmetr qaz nəql etməyə başladı. Bununla yanaşı, Azərbaycan Gürcüstana bu ölkə üçün vacib olan istənilən neft məhsulu - kerosin, soba mazutu, dizel yanacağı və s. göndərməyə hazır idi. Yalnız avtomobil benzini istisna təşkil edirdi ki, bu da keçmiş «Azərneftyanacaq»dakı təmir işləri ilə bağlı idi.

Bütün bunlar «mavi yanacaq»la bağlı məsələlərdir. Bəs enerji təchizatı nə yerdədir?

«Şimali Qafqaz-Cənubi Qafqaz», «Mozdok-Tbilisi» qaz kəmərləri və yüksəkgərginlikli «Kavkasioni» elektrik xəttindəki partlayışlardan sonra, soyuq yanvar günlərində 500 kilovoltluq «İmereti» elektrik xətlərində də qəza baş verdi. Nəticədə, daha 20 elektrik xətti və Tbilisi Hidroelektrik Stansiyasının 9-cu bloku da sıradan çıxdı.

Gürcüstan tərəfi dərhal iki ölkənin enerji sistemlərinin paralel işləməsinin təmin edilməsi və bu ölkəyə müəyyən həcmdə elektrik enerjisinin verilməsi xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət etdi. Nəticədə Azərbaycanın elektrik enerjisi sistemi dərhal qonşu dövlətlə paralel iş rejiminə keçdi və Gürcüstana 30 MVt elektrik enerjisi verildi. Şükürlər olsun, bu, Azərbaycanda istifadəçilər üçün enerji çatışmazlığı yaratmadı. Gürcüstanda baş verən ikinci qəzadan sonra bu ölkəyə elektrik enerjisi təchizatının 70 mbt həcminə qaldırılması qərara alındı. Bundan başqa, pik saatlarında bu rəqəm 100 mbt-a qədər artırılırdı. Bütün bu elektrik enerjisi Gürcüstanın həyatiəhəmiyyətli obyektlərinin təminatına istifadə edilirdi.

Beləliklə, qonşu dövlətə göstərilən bu kömək qəzanın nəticələri tam şəkildə aradan qaldırılanadək davam etdi. Nəticədə, gürcü tərəfi söz verdi ki, bu əməliyyatlarla bağlı yaranmış borc elektrik enerjisi şəklində geri qaytarılacaq.

BBC-nin məlumatına görə, İran qazının Gürcüstana nəqli, həmçinin, onun Azərbaycan ərazisindən keçən həcmi ölkədəki yanacaq böhranının aradan qaldırılmasına kömək etdi. «Mavi qaz»sız və böyük hissəsi elektrik enerjisiz qalmış Gürcüstanın 60%-inin yanacağa olan tələbatı ödənildi.

Bəs Gürcüstana müftə verilən qaz bizə gürcü xalqının minnətdarlığından başqa nə qazandırdı? Heç nə! Həmin vaxt da, indi də ekspertlər bir mövqe nümayiş etdirirlər: Gürcüstan çətin ki, nə vaxtsa cavab addımları atsın. Bəli, iki ölkə arasında fövqəladə hallarda qarşılıqlı yardım haqda hökumətlərarası saziş var. Amma biz nədənsə unuduruq ki, eyni zamanda, Azərbaycanla Gürcüstan arasında sərhədyanı ticarət haqda da saziş qüvvədədir. Və bu sənəd yalnız sərhədi keçmək deyil, həm də ticarətə sadələşdirilmiş sistemin tətbiqini nəzərdə tutur. Lakin Gürcüstan gömrükçülərinin azərbaycanlılarla necə qeyri-insani davrandıqları hamıya yaxşı məlumdur. Onlar azərbaycanlılardan yalnız ƏDV deyil, həmçinin, dövlət rüsumu da alırlar...

Ötən il dövlətlərarası razılaşmaya əsasən, biz Gürcüstana iki dəfə elektrik enerjisi vermişik. Əvəzində nə almışıq? Cəmi 2 milyon kvt/saat elektrik enerjisi. 32 milyon kvt/saat isə hələ də qalmaqdadır...

Qayıdaq «qaz məsələsi»nə. Azərbaycanın Sənaye və Energetika Nazirliyi və hökumətdəki mənbənin məlumatından bəlli olur ki, Gürcüstan hələ «Şahdəniz» yatağından əlavə qaz əldə edəcəyinə ümid bəsləyə bilməz. Qonşularımız yalnız ona ümid edə bilərlər ki, Azərbaycanın qaz strategiyasında bu ölkə «mavi yanacaq»ın potensial idxalçısı kimi qəbul olunsun.

Bununla yanaşı, ekspertlər güman edirlər ki, bu ənənəvi məsələ avqustda - Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının Batumda keçiriləcək iclasında yenidən qaldırılacaq. Bunun təsdiqi kimi Gürcüstanın baş nazirinin bir müddət əvvəl verdiyi açıqlamanı göstərmək olar: «Bizim Bakıya səfərimiz hökumətlərarası komissiyanın iclasına hazırlıqdır»...

 

Borclarımız nə vaxt qaytarılacaq?

 

Azərbaycanın Nazirlər Kabineti Maliyyə Nazirliyinə Gürcüstanın ölkəmizə borclarının restrukturizasiyasına dair razılaşma üzərində işləri sürətləndirmək haqda tapşırıq verib. Hökumətdən «Trend»ə bildiriblər ki, sənədin imzalanması avqustda Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyanın iclasına planlaşdırılıb. Həmçinin, daha bir sənədin - gömrük sahəsində əməkdaşlığa dair hökumətlərarası razılaşmanın imzalanacağı da istisna edilmir. 

Rəsmi Tbilisi borcun restrukturizasiyasına dair sazişin imzalanmasından dərhal sonra Azərbaycana 2,7 milyon dollar ödəməyə hazır olduğunu bildirib. Razılaşmanın imzalanması ilə bağlı ləngimələrin səbəbi kimi, ilk olaraq, Gürcüstan hökumətindəki kadr dəyişiklikləri göstərilirdi. Sonra isə rəsmi Bakı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanması üçün lazım olan prosedurların həll edilməsini gözləyirdi. İndi isə Nazirlər Kabinetində hesab edirlər ki, bu sənədlərin imzalanmasını bir-biri ilə əlaqələndirmək lazım deyil.

Maliyyə Nazirliyindən verilən məlumata görə, borcun ödənilməsi yalnız pulla həyata keçiriləcək. Hazırda Gürcüstanın Azərbaycana borcu ümumilikdə 16 189 573 dollar təşkil edir. Ödəmənin yeni variantına əsasən, ilk olaraq 2007-ci ildə borcun 3,239 milyon dolları qaytarılmalı və proses 2021-ci ilin sonlarına başa çatmalıdır. Bundan başqa, borcun 2,7 milyon dolları sözügedən sənədin imzalanmasından dərhal sonra ödənəcək. Bu hissənin ödənişi 2 mərhələdə həyata keçirilərək, 2006-cı ilin sonlarında başa çatdırılacaq. Qalan hissənin ödənişinə isə 2010-cu ildə başlanmalı və 2025-ci ilədək tamamlanmalıdır. Borca görə faiz isə 3% təşkil edir.


MƏSLƏHƏT GÖR:

430