15 Mart 2025

Şənbə, 02:43

CİNAYƏT VƏ CƏZASIZLIQ

"region plus"un rusiyada faşizm təhlükəsindən əndişəsi, təəssüf ki, doğrulur

Müəllif:

01.08.2006

Rusiyadakı skinhedlərdən söz düşəndə, biz pərakəndə yeniyetmə dəstələrindən deyil, mütəmadi olaraq qanlı qətllər törədən yaxşı təşkil olunmuş millətçi qruplaşmalardan danışırıq. Əslində, bu bəlanın köklərinə baxmaq lazımdır. Heç şübhəsiz, əsas günahkar dövlətdir. Səbəb də aydındır - başqa millətin nümayəndələrini öldürən skinhedlər cəzasızlıq mühitinə düşüblər. Buna misal kimi, bir müddət əvvəl Peterburqda qətlə yenirilmiş konqolu tələbənin aqibətini göstərmək olar.

Xatırladaq ki, "Region plus" artıq bu mövzuya toxunub və Rusiyada faşizm təhlükəsinin olduğunu bəyan edib. "Şimal paytaxtı"nın məhkəməsinin son qərarı Rusiya ictimaiyyətini yenidən "ksenofobiyaya haqq qazandırılması presedenti"lə üz-üzə qoyub. Rusiyada milli ekstremizm və ksenofobiyanın səviyyəsi, millətçi hərəkatların fəallaşması Rusiyanın özündə də etiraf olunur. İctimaiyyət arasında keçirilən son rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin 70%-dən çoxu Rusiyada faşizm təhlükəsinin mövcudluğuna əmindir. Düzdür, sosioloqlar konkret olaraq hansı təhlükədən söhbət getdiyini dəqiqləşdirmir. Bəlkə onlar XX əsrdə Almaniya və İtaliyada olduğu kimi, hakimiyyətə faşistlərin gələcəyindən ehtiyat edir? Və ya, bəlkə, söhbət məişət səviyyəsində ksenofobiyanın artmasından gedir. Kim daha böyük təhlükə mənbəyidir - qırxıqbaş skinhedlər, yoxsa Dövlət Dumasının yəhudi təşkilatlarını bağlamağa və ölkəni "yadlardan" təmizləməyə çağıran deputatları? Rusiya şəhərlərində başqa millətdən olan şəxslərə basqın edən yeniyetmələr, yoxsa dövlətin əvvəlki əzəməti və qüdrətini itirməsindən təəssüflənən millətçi-"filosoflar"?..

Bu ilin əvvəlindən indiyədək Rusiyada skinhedlər 19 nəfəri qətlə yetirib, 116-nı yaralayıb. "Bayquş" hüquq-müdafiə təşkilatının məlumatına görə, Rusiyanın 22 regionunda yüzlərlə "gəlmə"lər skinhedlərin hücumuna məruz qalıb. Bu şəhərlər arasında Moskva ilə Sankt-Peterburq "liderlik" edir. Bununla yanaşı, zaman ötdükcə, hücumlar daha qəddar, nümayişkaranə və kütləvi xarakter alır.

 

Müttəhimlər günahlarını etiraf etdilər və... Konqodan olan tələbənin qatilinə haqq qazandırıldı

Son həftə ərzində baş verən hadisələrə diqqət yetirək. İyulun 25-də Peterburq məhkəməsinin prisyajnıları konqolu tələbə, Lesotexnik Akademiyasında təhsil alan 29 yaşlı Rolan Frais Epassakın qətlində ittiham olunan hər dörd müttəhimə tam bəraət verdi. Müttəhimləri dəstəkləmək üçün məhkəmə zalına gələn 50 nəfər hökmün oxunmasından sonra qərarı alqışlayaraq, bir müddət "Müttəhimlərə alqış!" və "Halal olsun!" şüarları səsləndiriblər. Dövlət ittihamçısı müttəhimlərin günahkar bilinməsini tələb etsə də, məhkəmənin qərarından sonra onlar dərhal azad ediliblər.

Bununla da məhkəmə növbəti dəfə ictimaiyyəti təəccübləndirib. Növbəti dəfə cinayət axtarış idarəsi və prokurorluq boş-boşuna zəhmət çəkib. Prokuror qərardan şikayət verəcəyini bəyan etsə də, müttəhimlər azadlıqdadır və bu faktdır. 

Məhkəmə sənədlərinə görə, 2005-ci il sentyabrın 9-da müttəhimlər Andrey Gerasimov, Yuri Qromov, Andrey Olenev və Dmitri Orlov irqi ayrı-seçkilik zəminində Konqo vətəndaşı  Rolan Frais Epassaka hücum ediblər. Gənclərdən yaxa qurtara bilməyən Rolan, müqavimət göstərməyin yersiz olduğunu anlayıb. Müstəntiqin bildirdiyinə görə, Olyenev tələbənin sifətinə daşlarla zərbələr endirib. Gerasimov isə konqolunun başına, boynuna, əllərinə yeddidən artıq bıçaq zərbəsi endirib. Səs-küyə sakinlərin həyətə çıxdığını görən başıqırxıqlar, hadisə yerindən qaçıblar. Sakinlər dərhal milis və “təcili yardım”a xəbər veriblər. Lakin həkimlər tələbəni xilas edə bilməyib: Rolan aldığı yaralardan sentyabrın 13-də xəstəxanada dünyasını dəyişib.

Hadisə şəhərdə ciddi rezonans yaradıb. Hüquq-müdafiə təşkilatlarının nümayəndələri və əcnəbi tələbələr şəhərin aparıcı küçələrini bağlayaraq, hakimiyyətdən cinayətkarların tapılmasını, əcnəbi, digər irqlərdən olan tələbələrin təhlükəsizliyinin təmin olunmasını tələb ediblər. Tezliklə Cinayət Axtarış İdarəsinin səyləri nəticə verib və qətldə şübhəli bilinənlər həbs olunublar.

Məhkəmə prosesində prisyajnılar ittihamçı və müdafiə tərəfinin şahidlərini dinləyərək, müttəhimlərin qətl hadisəsində iştirak edib-etməməsi, onların hərəkətlərində irqi ayrı-seçkiliyin olub-olmaması və s. məsələlərə dair mövqelərini açıqlamalı idilər. Onlar isə bütün bu suallara yalnız bir cavab verdilər - "yox!".

Bəlkə də onların bu rəyinə müttəhimlərin böyük çətinliklə kağızdan oxuduqları son söz təsir etdi. Müttəhimlərdən üçü cinayətdə iştiraklarına dair heç bir dəlilin olmadığını xatırladıb - onların paltarlarında qan izləri tapılmayıb (hərçənd, hadisədən 1 ay sonra həbs olunan şəxslərdə qan izinin tapılması qəribə olardı), qətl baş verən dəqiqələrdə telefonla danışdıqları sübuta yetirilib (mobil telefon operatoru bununla bağlı faktları məhkəməyə təqdim edib). Müttəhimlərdən yalnız biri qətl zamanı hadisə yerində olduğunu etiraf etsə də, cinayəti törətmədiyini vurğulayıb. Bundan başqa, müttəhimlərin dördü də hər hansı faşist və ya ekstremist təşkilata üzv olmadıqlarını iddia edib.

Belə görünür, prisyajnılar müttəhimlərin "səmimiyyətinə" inanıb. Baxmayaraq ki onlar son sözü kağız üzərindən elə çətinliklə hecalayıb oxuyurdular ki, mətnin tamamilə başqa şəxslər tərəfindən yazıldığına şübhə yeri qalmırdı...

Prisyajnıların çıxardığı hökmlə razılaşmayan dövlət ittihamçısı Dmitri Mazurov artıq bəyan edib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Onun fikrincə, çıxarılan hökm ədalətsiz və əsassızdır. "Biz mütləq hökmün dəyişdirilməsinə nail olacağıq", - deyən ittihamçı əlavə edib ki, proses zamanı müdafiə tərəfi prisyajnıların psixikasına təsir  göstərib, müttəhimlərin istintaq zamanı verdikləri etirafdolu ifadələrin, onlardan guya işgəncələrlə alındığı haqda təsəvvür formalaşdırıb.

Qeyd dək ki, barəsində danışdığımız bu cinayətin Sankt-Peterburqda belə geniş rezonans doğurmasının səbəblərindən biri də, son vaxtlar şəhərdə analoji cinayətlərin sayının artması ilə bağlıdır. Məsələn, yalnız son 7 ay ərzində Sankt-Peterburq məhkəməsində irqi ayrı-seçkilik zəminində törədilmiş cinayətlə bağlı 4 işə baxılıb. Bu ilin fevralında 9 yaşlı tacik qızı Xurşeda Sultonovanın qətlində ittiham olunan bir qrup yeniyetmənin bərasində çıxarılmış hökm də şəhərdə əməlli-başlı narazılıq yaratmışdı. Qeyd edək ki, o zaman müttəhimlər müxtəlif müddətlərə azadlıqdan məhrum edilsələr də, nədənsə, onlar irqi ayrı-seçkilik zəminində qətldə deyil, adi xuliqanlıqda təqsirli bilindilər.

Bundan başqa, Sankt-Peterburqda etnik ayrı-seçkilik zəminində bir sıra cinayətlər törətmiş "Med Kraud" ekstremist qruplaşmasının üzvləri də məhkəmə qarşısında dayanıblar. 

Nəhayət, 2004-cü ilin payızında Vyetnamdan olan tələbə Vu An Tuanı qətlə yetirmiş bir qrup ekstremist yeniyetmənin məhkəmə prosesi hələ də davam edir.

 

Cinayətkarsız cinayətlər. Rusiya prisyajnılar məhkəməsinə hazırdırmı?

Qeyd edək ki, peterburqlu prisyajnılar son il yarım ərzində artıq ikinci dəfədir, əcnəbi vətəndaşın qətli ilə bağlı prosesdə bəraət hökmü çıxarır. Qəribədir, belə çıxır, cinayət həqiqətən də törədilib, amma müttəhimlərin günahını sübut etmək mümkün olmur ki olmur. Elə son prosesdə də prisyajnılar cinayət faktının özünü şübhə altına almasalar da, müttəhimlər kürsüsündə oturmuş 4 nəfərin nə cinayət yerində olmasını, nə də hadisədə irqi ayrı-seçkilik motivini təsdiqlədi. 

Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko da prisyajnıların çıxardığı hökmdən məyus olduğunu gizlətməyib. "Mən bu hökmdən çox məyusam. Çünki istintaqın gedişi ilə maraqlanmışam, müstəntiqlər öz işlərini peşəkarlıqla qurublar, müttəhimlərin günahları tamamilə sübuta yetirilmişdi", - deyə qubernator qeyd edib.

V.Matviyenko əlavə edib ki, onun fikrincə, prisyajnılar hökm çıxararkən hüquqdan çox, emosiyaya söykəniblər. Qubernator belə hesab edir ki, Rusiyada hələ prisyajnılar məhkəməsi tam formalaşmayıb: "İnsanlar bu işə hüquqi tərəfdən hazırlanmayıblar. Çox vaxt qərarlar yalnız emosional səviyyədə qəbul edilir".

V.Matviyenkonun mövqeyini təsdiqləyən daha bir fakt kimi, Beslanda baş verən qanlı hadisələrlə bağlı keçirilən məhkəmə prosesini misal çəkmək olar. Yalnız indi məlum olub ki, Beslanda orta məktəbi ələ keçirən silahlı dəstənin üzvlərindən olan Mayrbek Şebixanov, həmin hadisədən cəmi 2 ay əvvəl müttəhimlər kürsüsündə imiş. O zaman Şebixanov hərbi kolona hücumda ittiham edilirdi. Amma həmin prosesdə də prisyajnılar müttəhimin ünvanına səslənən ittihamların əsassız olduğunu iddia edərək, ona bəraət qazandırdılar. Məhz bu hadisədən sonra İnquşetiya Prezidenti Murat Zyazikov Şimali Qafqazda prisyajnılar məhkəməsinin ləğvini tələb edib.

 

Rusiya - skinhedlərin sayına görə şəriksiz liderdir!

Rusiya skinhedlərin sayına görə dünya ölkələri arasında liderliyi əlində saxlayır. Ekspertlərin hesablamalarına görə, hazırda Rusiyanın, təxminən, 85 şəhərində ümumilikdə 50 minə yaxın skinhed var. Bu rəqəmin nə qədər böyük olduğunu dərk etmək üçün yalnız bir fakta diqqət yetirmək kifayətdir: ümumilikdə dünyada skinhedlərin sayı 70 minə çatır. Belə çıxır ki, Rusiyada millətçi-ekstremistlərin sayı, dünyanın digər ölkələrindəkindən bir neçə dəfə çoxdur.

Rusiyanın daxilində isə "lider"lik Sankt-Peterburq şəhərindədir. Təxmini hesablamalara görə, bu şəhərdə başıqırxıqların sayı artıq 15 minə çatır. Sonrakı yerləri Kalininqrad (min), Rostov-Don (1,5 min), Nijni Novqorod (2,5 minə yaxın) tutur. Bir sözlə, Rusiyanın istənilən böyük şəhərində skinhed təşkilatlarına rast gəlmək olar. Artıq bu bəla nəhəng meqapolislərdən çıxaraq, Rusiyanın cənubuna doğru irəliləməkdədir. Bu isə daha böyük təhlükədir, çünki Rusiyanın cənubunda millətlərarası münasibətlər daim gərgin olub.

 

Və sonda...

 

Rusiyada məhkəmə instansiyalarının son qərarları, ölkədə skinhedlərin birbaşa hakimiyyət tərəfindən himayə olunduğuna dair şübhələri yenidən gündəmə gətirib. Doğrudan da, "ksenofobiya" artıq bütün ölkəni bürüyüb, amma hakimiyyət orqanları başıqırxıqların qarşısını almaq üçün heç bir ciddi tədbir görmür. Hərçənd, skinhedlərin "qəhrəmanlıqları" son vaxtlar Rusiyada hakimiyyətin prioritet kimi elan etdiyi "demoqrafik bəla"nın qarşısını almaq yolunda ciddi maneəyə çevrilməkdədir. Buna baxmayaraq, Rusiya rəsmiləri skinhedlərin əməllərini şərh etməkdən yayınırlar. 

Amma artıq hamı anlayır ki, əcnəbilərin üzləşdiyi basqılar, demoqrafik problemin həllini daha da çətinləşdirəcək.

Odur ki gec-tez rəsmi Moskva "skinhedlər" problemi ilə məşğul olmaq məcburiyyətində qalacaq. Təəssüf ki, bunun üçün yalnız xarici tribunalardan səslənən çağırışlar kifayət etmir. Məsələn, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə öz çıxışında skinhedlərin aktivləşməsindən narahatlığını bildirərək, Rusiya dövlətini ksenofobiya ilə mübarizəni gücləndirməyə çağırmışdı. 

O zaman bu çıxış rusiyalı deputatların laqeyd baxışlarından başqa, heç bir reaksiya doğurmadı...


MƏSLƏHƏT GÖR:

359