15 Mart 2025

Şənbə, 03:02

YENİ FORMAT: 12-4

Dörd ölkə prezidentinin toplantıya qatılmamasına baxmayaraq, MDB-nin sammiti kifayət qƏdƏr səmərəli alındı

Müəllif:

01.08.2006

«G-8» toplantısını dəbdəbəli ziya-fətlə müqayisə etsək, MDB üzvlərinin qeyri-rəsmi sammitini ailə üzvlərinin sakit şam süfrəsi adlandıra bilərik. İyulun 21-22-də Moskvada keçirilən «qalstuksuz görüş»un təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putin idi. İlk olaraq o, sammitə qatılmaq üçün Rusiyaya gələn dövlət başçılarını Rublevo-Uspensk şosesində yerləşən «Priçal» restoranında qonaq etdi. Səhərisi gün isə Moskva Mərkəzi İppodromuna dəvət alan qonaqlar, burada təşkil olunmuş çox maraqlı bir yarışı - Rusiya prezidentinin mükafatı uğrunda keçirilən at yarışını izləmək imkanı qazandılar.

Həmin gün uğur Azərbaycan və Rusiyanın üzünə güldü. Yarışın qalibini, hətta fotofiniş də müəyyənləşdirə bilmədiyindən, Azərbaycan ayğırı Eşqiyyə birinciliyi Rusiyanın kəhər atı Satellitlə böldü. 

Sammitin ən formal hissəsinə gəlincə, birdən-birə dörd prezidentin tədbirə qatılmaması əhvalı pozmaya bilməzdi. Qeyd edək ki, əvvəlcədən Qırğızıstan, Moldova, Özbəkistan, Belorusiya, Azərbaycan, Tacikistan və Qazaxıstan sammitdə iştirak edəcəklərini təsdiqləmişdilər.

 

Gəlməyənlərin versiyaları...

Son anadək tərəddüd içində olan Gürcüstan və Ukrayna prezidentləri sonda toplantıya qatılmamaq qərarına gəldilər. Bəzi informasiya agentlikləri, hətta Mixail Saakaşvilinin kortejinin aeroportun girəcəyindən geri qayıtdığını xəbər verir. Viktor Yuşşenkonun sammitə qatılmaqdan imtina etdiyi isə, görüşün başlanmasına cəmi bir neçə saat qalmış məlum oldu. 

Belə tədbirlərdə çox nadir hallarda iştirak edən Türkmənistan lideri Saparmurat Niyazov da Moskvaya gəlmədi. Onun mətbuat xidmətinin məlumatına görə, prezident Xəzər dənizində dincəlməklə yanaşı, İran Prezidenti Mahmud Əhmədinejadla görüşə hazırlaşır. 

Sammitə qatılmayanlar arasında ən «günahsız» səbəb Ermənistan prezidenti Robert Köçəryana məxsus idi: nəfəs yollarının kəskin virusa yoluxması. 

Beləliklə, mətbuatda uzun müddət müzakirə obyektinə çevrilmiş Moskvada İlham Əliyev-Robert Köçəryan görüşü baş tutmadı.

Mixail Saakaşvilinin həmkarları ilə görüşə qatılmamasının səbəbi də maraqlı idi və bununla bağlı bir neçə versiya səsləndirilir. Bəzi ekspertlər əmindirlər ki, Gürcüstanla Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşdiyindən, Saakaşvilinin Moskvaya gəlməsinin «yeri deyildi». Xatırladaq ki, sammit ərəfəsində Gürcüstan parlamenti gürcü-osetin və gürcü-abxaz münaqişə zonalarındakı Rusiya sülhməramlılarının oradan çıxarılması tələbilə çıxış edib. Bundan başqa, Gürcüstan rəhbərliyi bir müddət əvvəl yaşanmış «mineral-çaxır müharibəsi»ni xatırlayaraq, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə veto qoyduğunu açıqlayıb. 

Üstəlik, bu ölkənin müdafiə naziri İrakli Okruaşvili çox vacib bir bəyanat verərək bildirib ki, Gürcüstan gürcü-abxaz və gürcü-osetin münaqişəsi zonalarında Tbilisinin hüquqi nəzarətinin bərpa olunmasınadək hərbi əməliyyatların başlanmayacağına dair razılaşmaya imza atmayacaq. Müdafiə naziri vurğulayıb ki, onun ölkəsi «gürcü-abxaz və gürcü-osetin münaqişə zonalarında hadisələrin istənilən cür inkişafına hazırdır».

Saakaşvilinin Moskvaya səfərdən imtinasına dair daha bir versiyanı Siyasi Ekspertizalar Üzrə Beynəlxalq İnstitutun direktoru Yevgeni Minçenko səsləndirib. Onun fikrincə, gürcü lideri, sadəcə olaraq, Rusiya Prezidenti Putinlə Gürcüstandan rus hərbi kontingentinin çıxarılması və bundan qaynaqlanan problemlərin müzakirəsinə hazır olmayıb.

Maraqlıdır ki, Cənubi Osetiya Respublikasının Rusiyadakı səlahiyyətli nümayəndəsi Dmitri Myedoyev «Rosbalt»a müsahibəsində bildirib ki, Saakaşvili Moskvaya səfərini «müharibə partiyası»nın təzyiqilə təxirə salıb və bununla da Tbilisinin münaqişələrin sülh yolu ilə həllinə sadiq olduğunu nümayiş etdirmək şansını əldən qaçırıb. Myedoyevin fikrincə, Gürcüstanda hakimiyyət tamamilə «müharibə partiyası»nın əlində cəmləşib və prezident «oyuncağa» çevrilib.

Bütün bunlarla yanaşı, sammit ərəfəsində Gürcüstanda daxili siyasi vəziyyətin də gərginləşdiyi nəzərdən qaçmamalıdır. Xatırladaq ki, məhz həmin ərəfədə prezident hökumətin istefaya göndərilməsi haqda qərar qəbul etmişdi. Nəticədə yalnız münaqişələrin həlli üzrə dövlət naziri Georgi Xaindrava və ətraf mühitin mühafizəsi naziri Georgi Papuaşvili «oyundankənar» vəziyyətdə qaldılar. Xaindravanın yerinə namizədin adı dərhal açıqlandı. Bu, uzun müddət Gürcüstan-Rusiya münasibətlərini kurasiya edən xarici işlər nazirinin müavini Merabu Antadzedir.

Bütün bunlar, M.Saakaşvilinin Moskvaya səfərinə mane olan səbəblərlə bağlı versiyalar idi. İndi isə gəlin görək, Viktor Yuşşenkoya Rusiyaya baş çəkməyə nə mane oldu. Rəsmi versiyaya görə, V.Yuşşenko artıq 3 aydır, hökumətin formalaşdırılması istiqamətində baş verən qalmaqallar və böhranlar fonunda, ölkəni tərk etməyi məqsədəuyğun saymayıb. Bu səbəbdən də Ukrayna lideri Putinə məktub ünvanlamaqla kifayətlənib. Məktubda V.Yuşşenko ikitərəfli münasibətlərin səmimiliyini və Kiyevin Rusiyanı özünün əsas strateji tərəfdaşı hesab etdiyini bildirib. Lakin bütün bunlara rəğmən, Yuşşenkonun MDB-yə açıq sezilən skeptizmlə yanaşdığı məlumdur. O artıq dəfələrlə bu qurumun perspektivsizliyini və onun hazırkı formada fəaliyyətinin effektsiz olduğunu bəyan edib. Yuşşenko Kiyevin MDB-nin 2005-ci ilin avqustunda keçirilən sammitində irəli sürdüyü təşəbbüslərin elə kağız üzərində qalmasından və reallaşmamasından da narazıdır. Bundan başqa, Kiyev də Tbilisi kimi, bu ilin əvvəlində MDB-ni tərk etmək məsələsini ciddi şəkildə müzakirəyə çıxarıb.

Bir cəhət də maraqlıdır ki, bəzi siyasətçilər və ekspertlər Yuşşenkonun sammitə qatılmamasının səbəbləri arasında onun buna hazır olmamasını da göstərirlər (Saakaşvili ilə bağlı olduğu kimi).  Ukrayna Regionlar Partiyasının nümayəndəsi, Ali Radanın deputatı Taras Çernovol də bu fikirdədir: ««Mən sizə Yuşşenkonun sammitə qatılmamasının əsl səbəbini açıqlayaram. Məsələ burasındadır ki, o, qətiyyən toplantıda iştiraka hazır deyildi. O, təkbaşına, silahdaşları olmadan müzakirələr aparmaq iqtidarında deyil. Xarici İşlər Nazirliyi və katiblik isə prezident üçün, hətta adi tezisləri belə hazırlamamışdı. Mən bu haqda dəqiq məlumata malikəm və bu, ümumilikdə diplomatik xidmətin iflası deməkdir».

Eyni zamanda, Yuşşenkonun Putinə ünvanladığı «üzrxahlıq» məktubunun kifayət qədər sülhsevər tonda olması göstərir ki, Kiyev Moskva ilə münasibətləri gərgin nöqtəyə gətirmək istəmir. Ukrayna hələ də iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdədir və bununla hesablaşmamaq mümkün deyil. İki ölkə arasındakı «qaz müharibəsi» hələ çözümdən çox uzaqdır. Bundan başqa, hazırda Ukraynada rusiyapərəst siyasi qüvvələr, konkret olaraq, Regionlar Partiyasının lideri Viktor Yanukoviç mövqelərini daha da möhkəmlətməkdədir.

 

MDB-nin sonu?

Moskvadakı qeyri-rəsmi sammitin bir çox analitiklərə MDB-nin sonunun çatması haqda proqnozlar üçün əsas verməsi təəccüblü deyil. Belə ki, hazırda qurumun dörd üzvü (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) digər dövlətlərarası strukturda - GUAM-da cəmləşiblər. 

Məlum olduğu kimi, bir müddət əvvəl Kiyevdə keçirilən toplantıda bu qurum Demokrtiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata çevrildi. Moskvanın buna reaksiyası əsəbi oldu və Rusiya baş verənləri MDB-nin tezliklə «dəfn olunmasına» və Rusiyanın regionda mövqelərinin zəifləməsinə istiqamətlənmiş addım kimi qəbul etdi. Bütün bunlarla paralel olaraq, Rusiyanın özü də səylərini MDB-yə deyil, daha çox Şanxay Əməkdaşlıq Təşkilatının möhkəmlənməsinə yönəldir.

MDB-yə sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sammitdə birlikdə islahatların aparılmasına dair öz proqramını təqdim edib. Bu layihə quruma üzv olan ölkələrin xarici işlər nazirliklərinə göndərilib və hazırda ekspertlər tərəfindən öyrənilir. Qazaxıstan liderinin fikrincə, MDB-də bütün qərarlar konsensus yolu ilə qəbul edilməli və onların həyata keçirilməsi məcburi olmalıdır. Bundan çıxış edərək, MDB-nin iş prinsipində kordinal dəyişikliklər edilməlidir və o, təxminən, «Böyük səkkizlik»ə oxşar quruma çevrilməlidir.

Bundan başqa, Nazarbayev öz həmkarlarına konkret əməkdaşlıq istiqamətlərinə üstünlük verməyi məsləhət bilib. Buraya miqrasiya siyasəti, nəqliyyat sistemi, təhsil sistemi, humanitar problemlər və s. aiddir. Rusiya isə bu müddəalara beynəlxalq məsələlərə vahid yanaşma və ümumi müdafiə siyasətinin yeridilməsini də əlavə edib. Qazaxıstan prezidenti xüsusi olaraq vurğulayıb ki, MDB-nin məqsədi üzvlərindən heç birinin diqqətdən kənarda qoymamaq və bütün üzvləri qane edən parametrlər müəyyənləşdirməkdir. 

Bu mövqeyi Azərbaycan Prezidenti İlham Əliyev də dəstəkləyir. Rusiyanın RTR telekanalına müsahibəsində o bəyan edib ki, MDB-də islahatlar məsələsində bütün tərəflərin konsensusa gəlməsi vacibdir: «Hər bir ölkə bu və ya digər təşkilata üzvlüyü məsələsini, təbii ki, öz maraqları baxımından müəyyənləşdirir. Təşkilatda olmaq öhdəliklər götürmək, hüquq əldə etmək və bundan səmərə görmək deməkdir. Maraqsız bir təşkilatda və ya daim kiminsə təzyiqlərə məruz qaldığı qurumda təmsil olunmaq ağılsızlıqdır. Biz də istənilən quruma könüllü şəkildə üzv oluruq. Azərbaycan həm Avropa Şurasının, həm MDB-nin, həm İslam Konfransı Təşkilatının, həm İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, həmçinin, Asiyada etibarın möhkəmlənməsində, GUAM-da aktiv iştirak edirik. Yəni burada biri-digərini inkar etmir, əksinə, bu, Azərbaycana öz maraqlarını həyata keçirmək üçün əlavə imkanlar yaradır».

Beləliklə, belə qənaətə gəlmək olar ki, 4 ölkə rəhbərinin qatılmamasına baxmayaraq, ümumilikdə MDB-nin sammiti kifayət qədər səmərəli alınıb. O, bir daha mövqelərin tutuşdurulmasına imkan yaratdı və MDB ölkələri liderlərinin bu il keçiriləcək toplantısına özünəməxsus hazırlıq oldu. Qarşıdan gələn payızda birliyin 15 yaşı tamam olur və görünür, onun gələcək taleyi məhz onda həll olunacaq. Artıq birdəfəlik müəyyənləşdirmək lazımdır ki, bu təşkilatda islahatların aparılmasına ehtiyac var, yoxsa, artıq birlik dağılmaq ərəfəsindədir.

İstənilən halda, xoşbəxtlikdən, MDB-dən ikinci SSRİ yaratmaq heç zaman mümkün olmayacaq.


MƏSLƏHƏT GÖR:

403