15 Mart 2025

Şənbə, 03:04

«G-8»İN SANKT-PETERBURQ SAMMİTİ

Rusiyanın yeni rolunun etirafı, yoxsa Qərb ilə qısamüddətli dostluğun sonunun başlanğıjı?

Müəllif:

01.08.2006

İyulun ortalarında Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə «Böyük səkkizlik» ölkələrinin sammiti keçirildi. Bu hadisə hələ də sammitin nəticələrini analiz etməkdə davam edən KİV-in diqqət mərkəzindədir. Tədbir yüksək səviyyədə təşkil olunsa da («ev sahibi» onun təşkilinə 10 milyard rubldan artıq pul xərclədi və ondan yalnız 3 milyardı liderlərin görüşünə ayrıldı, qalan məbləğ isə Sankt-Peterburqun qaydaya salınmasına xərcləndi) və kənardan rəvan keçdiyi görünsə də, toplantı iştirakçıları, çox güman ki, Sankt-Peterburqdan daxilən o qədər də məmnun ayrılmadılar.

Rusiyadan başlayaq. «G-8»ə sədrlik etmək həmin ölkənin dünyanın ən qüdrətli və inkişaf etmiş ölkələrinin cəmləşdiyi bu təşkilatda tamhüquqlu üzvlüyünü təsdiq etməli idi. Eyni zamanda, Sankt-Peterburqda keçirilən sammit, mövqeyini müstəqil şəkildə müəyyənləşdirən dünyanın ən qüdrətli ölkələrindən biri kimi Kreml rəhbərliyinə Rusiyanın keçmiş rolunu bərpa etmək imkanı yaratdı. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin baha olması da Rusiyaya əlavə arxayınlıq yaratmışdı: axı qiymətlərin artımı nəticəsində Rusiya həm xarici borclarını vaxtlı-vaxtında ödəyib, həm də kifayət qədər sanballı valyuta rezervləri toplamağı bacarıb. Avropanın Rusiya qazı və neftindən asılılığının artması, Avropa Birliyi ilə ABŞ arasındakı münasibətlərdə soyuqluğun getdikcə daha da dərinləşməsi, Vaşinqtonun İraqla bağlı yaranmış çətinlikləri sanki Putin və onun ətrafına dünya liderlərinin sammitini özləri istədiyi qaydada təşkil etmək üçün əlavə imkan verirdi.

Doğrudan da, elə belə də oldu. Rusiyanın demokratiya və insan haqları sahəsində açıq-aydın «axsamasına» baxmayaraq, heç kəs Putinə bununla bağlı öyüd-nəsihət vermədi. Gürcüstan və Moldovanın gözləntilərinə baxmayaraq, Moskvanın separatçı rejimləri dəstəkləməsi açıq tənqidə hədəf olmadı. Bütün bunları, həmçinin, Kremlin möhtəşəm PR-nı Moskvanın aktivinə yazmaq olar. 

Lakin sammitin keçirilməsinə böyük məsrəflər edilməsinə baxmayaraq, bu, Rusiyaya birbaşa dividendlər gətirmədi. Belə ki, ABŞ Prezidenti Corc Buş və onun nazirləri Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı problemin həllinə olan ümidləri doğrultmadılar. Konqresin mövqeyinə əsaslanan ABŞ nümayəndələri Amerikanın donuz və mal ətinə baytarlıq sertifikatının verilməsini tələb etdilər. Rusiya nazirləri isə buna hazır olmadıqlarını ortaya qoydular. Bu səbəbdən, tərəflər məsələ ətrafında müzakirələrin davam etdirilməsi və qərarların qəbulunun payıza saxlanılması qərarına gəldilər.

«Səkkizlik» liderləri toplantının ilk günündəcə Rusiya tərəfindən müzakirəyə çıxarılan energetika, təhsil və səhiyyə sahələrinə dair əsas sənədləri bəyəndilər. Enerji təhlükəsizliyi sahəsində bəyanatın mübahisələrsiz qəbul edilməsi isə, heç də bu sahədə konsensusun mövcudluğunun göstəricisi deyil. Belə ki, prinsipial məsələlərdə ziddiyyətlər hələ də qalmaqdadır. Nəhəng neft və qaz ixracatçısı olan Rusiyanın maraqları forumun digər iştirakçılarının - enerji resurslarının istehlakçılarının maraqlarından kifayət qədər fərqlənir. Sammitdə qəbul olunmuş bəyanatda «qlobal enerji bazarlarının şəffaflığı və sabitliyi» haqda danışılır, «Enerji xartiyasının əsas müddəalarına dəstək» ifadə olunurdu. Lakin məlum olduğu kimi, bu sənəd imzalansa da, Rusiya tərəfindən ratifikasiya edilməyib. Bu haqda danışan prezident Putin bildirib ki, enerji daşıyıcılarının ixracatçısı olan ölkələrin enerji resursları və nəqliyyat infrastrukturunun başqaları üçün də açıq olması mümkündür. Lakin bunun müqabilində, Avropa və ya ABŞ-dakı qaz və neft məhsullarının  satış bazarları da eyni dərəcədə şəffaf olmalıdır.

Sammit ərəfəsində yenidən qızışan Yaxın Şərq münaqişəsi toplantı iştirakçılarının diqqətini əvvəlcədən müzakirə etməyə hazırlaşdıqları məsələlərdən yayındırdı. Təl-Əviv Livanın cənubunda məskunlaşaraq, mütəmadi olaraq İsrail ərazisinə raket zərbələri endirən, yəhudiləri girov göturən «Hizbullah» qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu məsələ ilə bağlı bir-birindən ciddi şəkildə fərq-lənən fikirlər yalnız ABŞ və Rusiya rəhbərliyi arasında deyil, həmçinin, Fransa prezidenti tərəfindən də səsləndirildi. Buş yaranmış böhranda «Hizbullah»ı günahlandırdı, Putin isə qeyd etdi ki, güc tətbiqi balanslaşdırılmalıdır. Onun fikrincə, İsrail sözdə ifadə olunandan daha genişmiqyaslı əməliyyatlar aparır. Putinlə həmrəylik nümayiş etdirən Jak Şirak isə birmənalı şəkildə Livanın hərbi zərbələrdən qorunmasını tələb etdi. Nəticədə, Yaxın Şərqdəki vəziyyətlə bağlı kompromis bir bəyanat qəbul edildi və sənəddə ekstremizm aksiyaları pisləndi. Lakin sammit iştirakçılarının bəzilərinin istəyi ilə yaranmış vəziyyətin səbəbkarlarının üstündən keçildi. Suriya və İrana təzyiq edilməsi çağırışları səsləndirilməsə də, məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilməsi qərara alındı.

İranın adı isə neqativ planda yalnız Livan böhranının müzakirəsi zamanı deyil, həmçinin, nüvə proqramını dayandırmaqdan imtina etməsi və MAQATE-nin suallarını cavablandırmaması ilə bağlı səsləndirildi. Xatırladaq ki, cəmi bir ay əvvəl Şanxayda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında İran lideri Mahmud Əhmədinejadla görüşən Putin bildirmişdi ki, Tehran özünün nüvə proqramı ilə ona təqdim olunmuş təkliflərə müsbət reaksiya verir. İran rəhbərliyinin belə qeyri-ardıcıl mövqeyinin yaratdığı təəssüf hissi ona gətirdi ki, Rusiya da Çin kimi ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiyaya qoşuldu və «altılıq» ölkələrinin xarici işlər nazirlərinin qərarı ilə məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verildi.

Sankt-Peterburq sammitinin gedişində postsovet məkanında, Dağlıq Qarabağ problemi də daxil olmaqla, «dondurulmuş münaqişələr»in taleyinə də toxunuldu. Toplantının yekununda qəbul olunmuş bəyanatda bildirilir ki, «G-8»  ATƏT-in Minsk qrupunun vasitəçiliyini dəstəkləyir və münaqişənin 2006-cı ildə həll edilməsi üçün prinsipial razılaşmanın əldə olunmasını vacib sayır. «Böyük səkkizlik» ölkələrinin rəhbərləri Azərbaycan və Ermənistanı siyasi iradə nümayiş etdirməyə, razılığa gəlməyə və öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırdılar. Mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bir daha təkrar etdi ki, kompromis bu dövlətlərin xalqları tərəfindən əldə edilməlidir və Rusiya öz tərəfdaşları ilə birlikdə əldə olunacaq razılaşmaya əməl olunmasının qarantı kimi çıxış etməyə hazırdır. «Biz nə Azərbaycan, nə də Ermənistan tərəfinə münaqişənin həllini zorla qəbul etdirməyəcəyik», - deyə Kreml sahibi bildirib.

Göründüyü kimi, Azərbaycan və Ermənistan liderlərinin Minsk qrupu tərəfindən təqdim olunmuş təkliflər əsasında razılaşmanı Sankt-Peterburqda, dünyanın nəhəng dövlətlərinin rəhbərlərinin iştirakı ilə imzalaması planı reallaşmadı. Münaqişə tərəflərinin mövqeləri bir sıra prinsiplərlə bağlı o dərəcədə fərqlidir ki, ziddiyyətlərin aradan qaldırılması üçün onlara ciddi təzyiqlərin edilməsi lazım gəlirdi. Lakin vəziyyət elədir ki, Azərbaycanın mövqelərinin möhkəmlənməsi fonunda vasitəçi dövlətlər şəxsi iqtisadi maraqlarının üstündən keçərək, rəsmi Bakı ilə münasibətlərini korlamağa meylli deyillər. Ermənistana da güclü lobbi faktoru ilə əlaqədar ciddi təzyiq göstərmək istəmirlər. Nəticədə, sülh prosesi yenə havadan asılı vəziyyətdə, üstəlik, artıq bu prosesdən bezmiş həmsədrlərin öhdəsində qalır.

Sammitin son günündə onun formatı genişləndirildi. Həmin ərəfədə Sankt-Peterburqa dəvət olunan Çin, Hindistan, Meksika, Braziliya, CAR, həmçinin, BMT-nin Baş katibi, bir sıra digər beynəlxalq qurumların rəhbərləri də «səkkizlər»ə qoşuldular. Onlar arasında MDB-yə sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də var idi.

Toplantının sonuncu günündə «G-8» qlobal tərəfdaşlıq haqda məruzə yayıldı. Sənəddə liderlər kütləvi qırğın silahlarının və materiallarının yayılmasına qarşı mübarizə ilə bağlı öhdəliyə imza atdılar. Məruzədə kimyəvi silahların məhv edilməsi, atom sualtı qayıqlarından kompleks istifadə, həmçinin, keçmiş silah-sursat ustası olan alimlərin işlə təmin olunması və s. məsələlər də öz əksini tapıb. 

«Böyük səkkizlik» qlobal tərəfdaşlıq çərçivəsində, 2012-ci ilədək Rusiyada köhnə silah-sursatın tullantılarından istifadə üçün 20 milyard dollara qədər vəsait ayırmağı qərara aldı.

Sankt-Peterburq sammitində ümumilikdə 12 sənəd qəbul edildi (əvvəlcədən onların sayının 7 olacağı güman edilirdi). Onların sırasında Yaxın Şərqlə bağlı bəyanat, «Ticarət» sənədi, «İntellektual piratçılıq və ədəbi saxtakarlıqla mübarizə», «Yüksək səviyyələrlə korrupsiya ilə mübarizə», «Afrika ilə iş» və s. sənədlər var. Dövlət başçıları terrorizmlə mübarizə bəyan-naməsi və BMT-nin terrorçuluqla mübarizə proqramının gücləndirilməsinə dair «G-8» bəyanatı da qəbul etdilər. Həmçinin, «G-8»in əməkdaşlıq və gələcək fəaliyyət bəyannaməsi də qəbul olundu. Raket-nüvə silahlarının yayılmasının qarşısının alınması məsələsi ilə bağlı da bəyanat verən «G-8», eyni zamanda, Şimali Koreyanı raketlərin buraxılmasına moratoriumla bağlı öhdəliklərə əməl etməyə çağırdı. Bundan başqa, artıq yuxarıda qeyd olunduğu kimi, İranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına təqdim olunması qərara alındı.

Son illər antiqlobalistlərin səs-küy və kütləvi etiraz aksiyaları ilə qarşıladıqları böyük beynəlxalq tədbirlərdən fərqli olaraq, Sankt-Peterburqda keçirilən «G-8» sammitini cəmi 1500 belə nümayişçi qarşıladı ki, onları da qovaraq, Vasilyevsk adasındakı stadiona toplaya-raq təcrid etdilər. Yerli və gəlmə antiqlobalistlərin yalnız kiçik bir hissəsi Rusiya kommunistlərinin təşkil etdikləri etiraz aksiyalarında iştirak edə bildi. Rusiyanın hüquq-mühafizə orqanları vitrinlərin dağıdılması, maşınların çevrilməsi kimi iğtişaşlara imkan vermədi. Profilaktika kimi, aksiya iştirakçılarından 150-si müvəqqəti olaraq saxlanıldı, iki nəfər isə deportasiya edildi.

Beləliklə, sammitlə bağlı bəzi  yekunlara gəlmək olar. Sankt-Peterburqda keçirilən «G-8» sammiti Rusiyanın müstəqil və nüfuzlu oyun-çu kimi, dünya siyasətinə qayıdışını təsdiq etdi. Moskvanın xahiş-minnətlə ABŞ və Avropanın kiçik tərəfdaşlarından kiçik maliyyə sədəqələri istəməsi dövrü, görünür, artıq geridə qaldı. Praqmatik Qərb bu yeni reallığı narazılıqsız qəbul etmədi. Lakin Sankt-Peterburq sammiti həm də bir faktı təsdiqlədi ki, avtoritar Rusiya Qərb üçün daim yad olub və yad olaraq da qalacaq. Odur ki sonuncu sammit Rusiya ilə Qərbin qısamüddətli dostluğunun sonu ola bilər. İstisna deyil ki, ABŞ və Avropa KİV-də səslənən Rusiyanın «səkkizlik»də olmasının məqsədyönlülüyünə olan şübhələr, sonradan Moskvanın «G-8»dən qovulmasına dair açıq tələblərə keçə bilər. Hər halda, bu yalnız güclülərin deyil, həm də demokratik dövlətlərin birliyidir. Nə üçün Rusiyanın «G-8»ə daxil olduğunu, dörd dəfə böyük iqtisadiyyata və 1,4 milyard əhaliyə malik Çinin isə bu klubdan kənarda qaldığını izah etmək çətindir. Eyni sözləri Hindistan və ya Braziliya haqda da söyləmək olar. Odur ki Rusiyanın «G-8»ki yerinin diskussiyalara səbəb olacağı qaçılmazdır.

«Səkkizlik» üzvlərinin növbəti sammiti Almaniyada keçiriləcək. Rusiyanın bu ölkə ilə xüsusi münasibətlərini nəzərə alsaq, kansler Angela Merkel V.Putini tədbirə dəvət etməkdən imtina eləməyəcək. Fransa və ABŞ-ın başında isə hazırkı rəhbərlərin durduğu dövrdə Rusiyaya münasibətdə ciddi dəyişikliyin olacağı inandırıcı görünmür. Bu onların Rusiyaya və Putinə münasibətlə apardıqları «dost qucağı» siyasətinin səhv olduğunu göstərər. Lakin Corc Buş və Jak Şirakın prezidentliyi dövrü, Toni Blerdə olduğu kimi, sona yaxınlaşmaqdadır. Elə Putinin ikinci prezidentlik müddəti də başa çatır. 

Rusiyada hakimiyyət dəyişikliyi necə baş verəcək? Vaşinqtonda, Londonda, Parisdə hakimiyyətə necə liderlər gələcək və onlar Rusiyaya qarşı hansı siyasəti yürüdəcək? Bunlara cavab vermək hələ tezdir. Şübhə doğurmayan yalnız bir məqam var. 

Bu da Qərbin Rusiyaya qarşı siyasətinin dəyişmək üzrə olmasıdır.


MƏSLƏHƏT GÖR:

446