
İRAN ÜÇÜN AYRILMIŞ VAXT DARALIR
Tehranın «altılıq»ın tələblərinə javabı nə olajaq?
Müəllif: Elmir SƏMƏDOV Bakı
Livan hadisələrinin başlanması «altılıq»ın (BMT Təhlükəsizlik Şurasının 5 üzvü+Almaniya) xarici işlər nazirlərinin İranın nüvə proqramı ilə bağlı keçirdikləri toplantı ilə eyni vaxta təsadüf etdi. İyulun 12-də Parisdə bir araya gələn 6 ölkənin XİN başçıları (P5+1)Tehranın nüvə proqramı ilə bağlı ortaya qoyduğu mövqedən təəssüflərini qeyd edərək bildiriblər ki, İran rəhbərliyinin «altılıq» tərəfindən verilən təkliflər paketinə müsbət cavab verməməsi, bu ölkənin nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilməsini zəruri edir.
Fransanın xarici işlər naziri Filip Dust-Blazi Paris görüşündən sonra bəyan edib ki, İran beynəlxalq təkliflərin müzakirəsi istiqamətində heç bir ciddi addım atmayıb.
Qeyd edək ki, «altılıq» tərəfindən Tehrana təqdim olunan təkliflər paketi özündə bu ölkəyə siyasi və diplomatik güzəştlər nəzərdə tuturdu. Bu güzəştlər müqabilində isə, İran uranın zənginləşdirilməsindən imtina etməli idi. Fransa paytaxtındakı görüşdə İrana, yekun cavabın verilməsi üçün avqustun ortalarınadək vaxt verildi.
Müşahidəçilər hesab edirlər ki, P5+1 qrupunun qərarı sonda İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə gətirib çıxara bilər. Tehrana qarşı hər hansı hərbi əməliyyatların başlanmasından isə söhbət getmir. ABŞ-ın BMT-dəki nümayəndəsi Con Bolton Nyu-Yorkdakı çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurası təcili olaraq, İrandan uranın zənginləşdirilməsi istiqamətində bütün işlərin dayandırılmasını tələb edən qətnamə hazırlamalıdır. Onun fikrincə, MAQATE-nin Tehrana qarşı irəli sürdüyü tələblər bu sənəddə də əksini tapmalıdır. London, Paris və Vaşinqton İran ərazisində nüvə sahəsində bütün işlərin dayandırılmasının rəsmən tələb olunduğu komünikenin qəbulunu vacib sayır. Dünyanın əsas iri dövlətləri iyunda İrana ticari güzəştlər, həmçinin, Tehranın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün dəstəklənməsi kimi təkliflər irəli sürərək, bunun əvəzində uranın zənginləşdirilməsinə son qoyulmasını istəyiblər. Onlar, həmçinin, İran AES-in fəaliyyətinin təmin edilməsi məqsədilə bu ölkəyə kifayət qədər nüvə yanacağının göndəriləcəyinə də zəmanət veriblər.
MAQATE isə bəyan edib ki, İran özünün nüvə proqramı ilə bağlı dünyanı aldatmaqla, beynəlxalq ictimaiyyətdə şübhə yaradıb. Qurum İranın nüvə silahı hazırlamasına dair fakt müəyyənləşdirməsə də, hesab edir ki, Tehranın MAQATE-nin müfəttişləri ilə əməkdaşlıq etməkdən boyun qaçırması, onun nüvə proqramının nə dərəcədə sülhtəyinatlı olmasını müəyyənləşdirməyə imkan vermir.
Faktik olaraq, İrana anladırlar ki, BMT Təhlükəsizlik Şurasının kifayət qədər geniş təsir imkanları var və qurum ticari-iqtisadi və digər sanksiyalar tətbiq edə bilər.
Görəsən, İran bu dəfə nə cavab verəcək? Cavab avqustun 22-dək veriləcək
Tehranın mövqeyi belədir ki, İran özünün nüvə proqramı ilə bağlı danışıqlara hazırdır, lakin bu zaman hər hansı ilkin şərt irəli sürülməməlidir. «İran özünün qanuni hüquqlarından imtina etmə-yəcək və əmindir ki, bütün problemlər hər hansı ilkin şərt irəli sürülmədən keçirilən danışıqlar vasitəsilə həll edilməlidir», - deyə İran XİN-in rəsmisi Həmid Rza Asəfi bildirib. O qeyd edib ki, məsələ ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən «altılıq» ölkələrinin danışıqlardan imtina etməsi «onlara xeyir gətirmir»: «Əgər «altılıq» İranın nüvə proqramı ilə bağlı mövqeyini dəyişərsə, Tehranın məsələyə yanaşmasında da dəyişiklik olacaq. Təbii ki, İran istənilən sərt addıma qarşı adevkat hərəkət edəcək».
İran Prezidenti Mahmud Əhmədinejad da oxşar bəyanatla çıxış edib. «İran dövləti beynəlxalq hüquq və qanunlara tabe olur, lakin özünün nüvə texnologiyasının əldə edilməsi ilə bağlı aşkar hüququndan imtina etməyi düşünmür», - deyə dövlət başçısı dövlət televiziyası ilə çıxışında bildirib. Onun sözlərinə görə, «altılıq» üzvlərinin təklifləri avqustun 22-dək cavablandırılacaq: «Siz bilməlisiniz ki, İran bu təkliflər paketinin onun maraqlarına cavab vermədiyi qənaətinə gəlsə, o, bir neçə məsələ ilə bağlı siyasətinə yenidən baxacaq».
Gözlənildiyi kimi, İranın dini lideri Əli Xamneyinin bəyanatı daha da sərt olub. Onun sözlərinə görə, Tehran BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı dövlətin maraqlarına zidd olan heç bir qərarı ilə razılaşmayacaq. Ə.Xamneyi vurğulayıb ki, nüvə texnologiyası əldə etmək İranın haqqıdır və BMT-nin dincxarakterli nüvə proqramının işlənməsinə qarşı yönələcək istənilən qərarı Tehran tərəfindən rədd olunacaq. «Biz hələ İraq müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının hədələri ilə üzləşmişik. Ölkəmizin maraqlarına cavab verməyən istənilən qərar rədd ediləcək», - deyə dini lider qeyd edib.
Xatırladaq ki, bu ilin aprelində prezident M.Əhmədinejad bəyan edib ki, İran laboratoriya şəraitində uranın zənginləşdirilməsi ilə bağlı mərhələni başa çatdırıb və onun ölkəsi rəsmi olaraq nüvə texnologiyasına malik dövlətlər sırasına daxil olub.
İranın eks-prezidenti Haşimi Rəfsəncani isə bildirib ki, Natanze nüvə mərkəzində 164 sentrifuqa fəaliyyət göstərir. Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Məhəmməd Səidi bu ilin sonunadək daha 3 min sentrifuqun istehsal olunacağını deyib. Bununla yanaşı, İran rəsmilərinin sözlərinə görə, hələlik uranı yalnız 3,5 % səviyyəsinə qədər zən-ginləşdirmək mümkün olub, izotopun tərkibi isə 235-dir. Bu, atom reaktorunun işləməsi üçün kifayət olsa da, nüvə silahının istehsalı üçün çox azdır. Yəni, formal olaraq, İran qeyri-qanuni heç bir hərəkət etməyib. Nüvə silahının istehsal edilməsi üçün daha çox zənginləşdirilmiş uran tələb olunur.
Vaşinqton Tehrana aramla, amma inadla təzyiq göstərir
İranın münasibətində və ABŞ-ın mövqeyində müəyyən dərəcədə dəyişikliklər görünməkdədir. ABŞ Prezidenti Corc Buş Almaniya kansleri Ange-la Merkel ilə bir müddət əvvəl keçirdiyi görüşdə İran probleminin diplomatik yolla həllinə tərəfdar olduğunu bildirib. Qeyd edək ki, əvvəllər Vaşinqton tərəfindən belə yanaşmalara rast gəlinmirdi. Bundan başqa, Buş əvvəllər ABŞ administrasiyasına heç xarakterik olmayan fikirlər də səsləndirib. Onun sözlərinə görə, Vaşinqton Tehranla «səmərəli münasibətlər» qurmağa hazırdır, İran isə öz növbəsində «verdiyi sözlərə əməl etməlidir». ABŞ administrasiyası, həmçinin, bəzi beynəlxalq şirkət və təşkilatların kütləvi qırğın silahı və raket texnologiyalarının yaradılması istiqamətində İranla əməkdaşlığına dair məruzənin hazırlandığını da xəbər verib. ABŞ Dövlət Departamentinin rəsmisinin müavini Tom Keysi bildirib ki, hazırda bu məruzə üzərində iş davam edir. «Bu yarımillik məruzədə İranla nüvə texnologiyaları istiqamətində əməkdaşlıq edə biləcək xarici şirkət və qurumları fəaliyyəti əks olunub», - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Amerika Konqresinin informasiya xidmətinin məlumatına görə, ABŞ tərəfindən qəbul olunan kütləvi qırğın silahlarının yayılmaması haqda qanun İrana kütləvi qırğın silahlarının və ya onun raket texnologiyaları verilməsində iştirak etmiş xarici şirkətlərə qarşı sanksiyaları nəzərdə tutur.
Bununla yanaşı, Ağ ev Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişerin ABŞ-ın İranla birbaşa danışıqlara qoşulması ideyasını bəyənməyib. «Biz yanaşmamızı, yəni «Avropa üçlüyü»nün (Fransa, Böyük Britaniya və Almaniya) fəaliyyətinin Rusiya, Çin və Hindistanla koordinasiya edilməsini doğru sayırıq», - deyə Dövlət Departamentinin rəsmisi Adam Ereli bildirib.
Beləliklə, «inam» faktoru, daha doğrusu, onun olmaması İranın nüvə proqramı ətrafında yaranan əsas problemdir. Lakin İraqdan fərqli olaraq, İrana münasibətdə Vaşinqton özünün əsas tərəfdaşı olan Böyük Britaniyanın dəstəyini ala bilməyib.
Rusiya Tehranın mövqeyindən «təəssüflənir»
Əlbəttə ki, hələlik Tehranın düşünmək üçün müəyyən qədər vaxtı qalır. Lakin artıq qeyd olunduğu kimi, İranla danışıqlar prosesinin iştirakçıları Tehran tərəfindən müsbət reaksiyanın olmamasından narahatdırlar.
Tehranın belə qeyri-müəyyən mövqeyi Moskvanı xüsusilə həm də ona görə narahat edir ki, bu, Mahmud Əhmədinejadla Rusiya Prezidenti Vladimir Putin arasında olan məsləhətləşmələrə ziddir. Bununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranı «Nə qədər vaxtın qaldığını düşünməkdənsə, vəziyyəti ciddi şəkildə ölçüb-biçməyə» çağırıb. Rusiyan XİN-in başçısı Parisdə 5+1 qrupunun məsləhətləşmələrinin yekunları ilə bağlı bildirib ki, qəbul oluna biləcək qətnamə, faktik olaraq, MAQATE-nin Tehrana ünvanladığı çağırışları təsdiq edir və orada uranın zənginləşdirilməsi prosesinə son qoyulması tələbi əksini tapır. «Biz MAQATE-nin tələblərini İran üçün öhdəliyə çevirəcək qətnamə üzərində işləyə-cəyik», - deyə S.Lavrov bildirib. Bu dəfə Tehran faktik olaraq ultimativ şəkildə xəbərdar edilib ki, MAQATE-nin tələblərini dəstəkləyən çağırışa lazımi cavab verilməsə, BMT Təhlükəsizlik Şurası yenidən İranın nüvə dosyesi ilə məşğul olacaq və istənilən varianta əl atacaq.
Xatırladaq ki, əvvəllər Moskva məsələ ilə bağlı özünəməxsus plan təqdim etmişdi. Sənədə əsasən, İranın dincxarakterli uranı zənginləşdirməsi üçün Rusiya ərazisində birgə müəssisələrin işə salınması təklif olunurdu. Bununla yanaşı, İran qurumun həmtəsisçisi olaraq, nüvə texnologiyalarına sahib ola bilməyəcəkdi. Lakin Tehran Moskvanın bu təklifini rədd etdi. Buna baxmayaraq, Rusiya yenə də iyulun ortalarında BMT Təhlükəsizlik Şurasına təqdim olunan qətnamənin «yumşaldılmasına» çalışaraq, orada İranın ünvanına səslənən sərt tələblərə dəyişiklik edilməsini lazım bildi. Moskva hesab edir ki, bu «tələblər» «çağırışlar»la əvəz olunmalıdır. Rusiya, həmçinin, təklif edib ki, sənədə sanksiyaların yubadılması ilə bağlı müəyyən dəyişikliklər edilsin: «Həmçinin, bu qətnamə, heç bir halda, İrana qarşı hərbi əməliyyatlara başlanmasına əsas olmamalıdır».
Avropa Birliyi: diplomatiyanın lehinə, müharibənin əleyhinə
Avropa Birliyi (AB) İran probleminin hərbi yolla həll variantına birmənalı olaraq mənfi münasibət bildirib. İran iqtisadiyyatının böyük bir hissəsini investisiyalaşdıran böyük Avropa təşkilatları, məsələnin diplomatik yolla həllinə lobbiçilik edir. Unutmaq olmaz ki, İran neftinin əsas istehlakçısı Çin və Hindistanla yanaşı, həm də AB-dir. Lakin AB ilə ABŞ-ın mövqeləri nə qədər fərqlənsə də, Qərb bir mövqedən çıxış edir: «Tehrana inanmaq olmaz».
İranın nüvə silahı istehsal edə biləcəyi Avropanı da ciddi narahat edir və bu faktor istənilən iqtisadi marağı üstələyir. ABŞ və onun avropalı müttəfiqləri əmindirlər ki, İran 18 ildən artıqdır ki, nüvə silahının istehsalı üzərində gizli iş aparır. Tehran iddia edir ki, o, sadəcə olaraq, uranı zənginləşdirməklə, nüvə enerjisi sahəsində özünə etibarlı yanacaq mənbəyi hazırlamağa çalışır.
Böyük Britaniya, Fransa və Almaniya artıq İranın uranın zənginləşdirilməsinə son qoymasını tələb edən qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim edib. Sənəddə, əks təqdirdə, Tehrana sanksiyaların tətbiqi əksini tapsa da, onların xarakteri göstərilməyib. Vaşinqton tərəfindən də dəstəklənən qətnamə dünya ölkələrini İrana ballistik raket və nüvə texnologiyasının satılmasına imkan verməməyə çağırır.
Türkiyə və Cənubi Qafqaz regionda yeni müharibənin başlanmasına qarşıdır
Rəsmi Ankara açıq şəkildə bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlara dəstək verməyəcək. Ölkənin xarici işlər naziri Abdulla Gül hələ bu ilin aprelində bildirib ki, Türkiyə ilə İranın hazırkı sərhədləri «hələ ABŞ bir dövlət kimi dünyanın siyasi meydanında mövcud olmamışdan əvvəl cızılıb». Bütün amilləri ölçüb-biçdikdən sonra, Ankara Tehrana münasibətdə neytrallıq nümayiş etdirməyə qərar verib. Hətta ABŞ dövlət katibi Kondaliza Raysın Türkiyəyə səfəri də bu istiqamətdə heç bir nəticə verməyib. Buna Vaşinqtonun «cavab zərbəsi»sə Türkiyənin Şimali İraqda terrorçu PKK (Kürd Fəhlə Partiyası) ilə mübarizəsinə loyal münasibəti oldu. Ağ ev nəinki PKK-ya qarşı mübarizəni boynundan atdı, hətta Türkiyə-İraq sərhədində Ankaranın terrorəleyhinə əməliyyatlar aparmasına qarşı çıxdı.
Azərbaycan və Ermənistan da problemin diplomatik yolla həllinin vacibliyini qeyd edərək, İranda müharibənin başlanmasının əleyhinə çıxıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, dünyanın istənilən ölkəsi dincxarakterli nüvə texnologiyası əldə etmək hüququna malikdir. O, İranı MAQATE ilə sıx əməkdaşlıq etməyə çağırıb. Yerevandan da oxşar bəyanatlar gəlib.
Region dövlətlərinin liderləri anlayırlar ki, İrana qarşı hərbi əməliyyatların ilk zərbəsi məhz sərhəd ölkələrinə dəyəcək. Qaçqınlar dalğası və sərhəddə gərginlik region ölkələrindən heç birinə sərf etmir. Hətta ilk baxışdan Ağ evi dəstəkləməli olan İraq da İrana qarşı hərbi əməliyyatların keçirilməsinə qarşı çıxıb.
Ekspert rəyi
Qərb ekspertləri o fikirlərində qalırlar ki, İranın nüvə sahəsində işləri davam etdirməsi bu ölkənin hər hansı beynəlxalq sanksiyalardan çəkinməməsinin göstəricisidir. İran onu ciddi sanksiyaların gözlədiyinə əmin deyil. Bu səbəbdən də İran ilə «səkkizlik» ölkələrini müqayisə etsək, o, danışıqlar prosesinin digər üzvləri ilə müqayisədə öz niyyətinə nail olmağa daha yaxındır.
Amma əgər İran ABŞ-ı regiondan sıxışdırıb-çıxarmaq, bölgədə liderliyi ələ almaq, ərəb dünyasına öz konsepsiyasını qəbul etdirmək və Fars körfəzində sabitliyin qarantı rolunda çıxış etmək niyyətindədirsə, böyük səhvə yol verir. Çünki ABŞ İranın hazırkı rəhbərliyi ilə Yaxın Şərqdə liderə çevrilməsinə heç vaxt imkan verməyəcək.
İranın regional liderliyə can atdığını, onun nüvə proqramının reallaşdırılması istiqamətindəki siyasəti də sübut edir. Bir sıra ekspertlərin fikrincə, Tehran, sadəcə olaraq, situasiyanı qarışdıraraq, özü üçün vaxt udur. Hər şeyə rəğmən, «altılıq» ölkələrinin İrana qarşı həyata keçiriləcək tədbirlərlə bağlı mövqeyi nəzərəçapracaq dərəcədə yaxınlaşıb və bu, Tehrana yaxşı heç nə vəd etmir.
MƏSLƏHƏT GÖR: