
İSRAİL-LİVAN QARŞIDURMASI 3-JÜ SERİYA
Təl-əviv 1978 və 1982-ji illərdəki hərbi ssenarini təkrar edir
Müəllif: Roman NEYMAN Bakı
İki ölkə arasındakı münasibətlərin tarixi ərzində İsrail ordusu iki dəfə güclü bombardmandan sonra Livana daxil olub - 1978 və 1982-ci illərdə. Hər iki halda bu, Fələstin Azadlıq Təşkilatına (FAT) siyasi və hərbi zərbə vurmaq planının tərkib hissəsi olub.
Hazırda FAT rolunda şiələrin "Hizbullah" qruplaşması çıxış edir. Lakin İsrailin öz fəaliyyətinə haqq qazandırmaq üçün istifadə etdiyi motiv əvvəlkindən fərqlənmir - Livan ərazisindən yaraqlıların İsrail ərazilərini atəşə tutmasının qarşısının alınması, Livanın cənubunda rəsmi Beyrutun suverenliyinin bərpası və ümumilikdə İsrailin şimal sərhədlərinin təhlükəsizliyinin təmin olunması.
2006-cı ilin iyulunun qanlı xronikası 1978 və 1982-ci illərdə baş verənlərə çox oxşar olsa da, həmin hadisələrdən daha qanlı olması ilə fərqlənir. Bu gün "Hizbullah" 24 il əvvəlki FAT-la müqayisədə çox güclüdür və bu, əsasən, İranın onlara göstərdiyi hərbi dəstəklə bağlıdır. İsrail isə öz gücünü, müsəlman ölkələrindəki pərakəndəliyi və ABŞ-ın qeyd-şərtsiz dəstəyini hiss edərək, əməliyyatlara daha hirsli və qərarlı hazırlaşıb. Nəticədə, Yaxın Şərq yenidən qan girdabına, zorakılıq və hərbi təlatümlər ocağına çevrilib. Baş verənlərə dünya ictimaiyyətinin reaksiyasına gəlincə, o, bəzi istisnalarla, əsasən, İsrailin tərəfindədir. Təl-Əvivin əməllərinin geniş ictimaiyyət tərəfindən pislənməsi və hərbi əməliyyatların dərhal dayandırılması tələbləri yoxdur. Bu susqun həmrəyliyin içərisində yenə də əvvəlkitək Vaşinqtonun səsi daha çox eşidilir və ABŞ humanitar fəlakət və beynəlxalq normaların pozulması hesabına olsa belə, öz müttəfiqinin özünümüdafiə hüququna dəstək verir. Bununla yanaşı, məlumdur ki, zərbələrin endirildiyi məkanlar kəskin şəkildə məhdudlaşdırılmalı və hərbi obyektlərdən başqa tikililər belə aqibət yaşamamalıdır. Hətta əgər vətəndaşlar üçün nəzərdə tutulmuş binaların (ibadət ocaqları, yaşayış evləri və tikililəri, məktəblər və s.) hərbi məqsədlərlə istifadəyə dair şübhələr olsa belə, yenə də həmin tikililərə zərbə endirilməsi qadağan olunur.
İsrail ordusunun iyulun 12-dən başladığı aviazərbələri 22 iyulda Livanın cənubunda quru qoşunlarının da əməliyyata qoşulması ilə genişləndi. İsrail ordusundakı mənbələrin məlumatına görə, bu əməliyyatların keçirilməsində operativ məqsəd sərhəd ərazilərdə yaraqlıların infrastrukturunun, raket qurğularının, mövqelər və canlı qüvvənin məhv edilməsi, daha sonra mühafizə üçün bir hissəni orada saxlamaqla geri çəkilməkdir. Hazırda israillilər sərhədboyu ilk xətti nəzarətə götürüblər. Hərbçilər "Hizbullah" yaraqlılarını şimala, Litani çayına tərəf sıxaraq, 30 km dərinlikdən bufer zona yaratmaq niyyətlərini gizlətmirlər. Bununla yanaşı, münaqişənin başlamasından iki həftə sonra 380-dən artıq livanlı toqquşmaların qurbanına çevrilib ki, onların da əksəriyyəti dinc sakinlərdir. Həlak olanlar arasında cəmi 30 əsgər və "Hizbullah" yaraqlısı var. İsrail tərəfinin verdiyi itki isə 40 nəfərdir və onların yarısı dinc sakinlərdir. Onu da nəzərə almaq lazımdır ki, İsrail, eyni zamanda, Qəzza zolağında da hərbi əməliyyatları davam etdirir və nəticədə, son ay ərzində 100-dən artıq fələstinli qətlə yetirilib.
BMT Təhlükəsizlik Şurasının reaksiyası
İyulun 15-də BMT Təhlükəsizlik Şurası bağlı qapılar arxasında növbədənkənar toplantı keçirərək, qan tökülməsinə son qoyulması üçün var gücü ilə çalışdı. Lakin hərbi əməliyyatların dayandırılmasına dair hazırlanmış qətnamə layihəsi ABŞ tərəfindən qəbul olunmadı. Vaşinqton sənədi "vaxtsız" və "balanslaşdırılmamış" adlandırdı. Livanın Baş naziri Fuad Sinyora isə emosional tələblə İsraildən hərbi əməliyyatların dayandırmasını tələb etdi. Təl-Əvivin əməllərini "ölüm maşını" adlandıran hökumət başçısı Livanın bütün dünyadakı dostlarını ona kömək etməyə çağırdı. Bir qədər sonra isə münaqişənin həlli imkanlarının araşdırılması üçün regiona BMT missiyası, Almaniya, Fransa və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri, bunun ardınca isə ABŞ-ın dövlət katibi Kondaliza Rays gəldi. O, vəziyyətin normallaşdırılması üçün konkret təkliflər irəli sürməyə də cəhd etdi. İyulun 21-də isə münaqişə tərəflərinin hər ikisi - İsrail və "Hizbullah" BMT-nin Baş katibi Kofi Annanın sülh planını rədd etdi. Qeyd edək ki, K.Annanın planında ilk olaraq tərəflər arasında hərbi toqquşmanın dayandırılması və israilli girovların azad olunması tələb edilirdi. "Biz yalnız atəşin hər hansı ilkin şərt olmadan təcili dayandırılmasına, əsirlərin dəyişdirilməsi haqda isə üçüncü tərəflə danışıqlara razılıq verə bilərik", - deyə "Hizbullah"ın nümayəndəsi Hüseyn Həc bildirib. "Əsirlər" dedikdə o, İsrail tərəfindən terrorçuluqda ittiham olunan məhbusları və terrorçular tərəfindən girov götürülmüş israilli əsgərləri nəzərdə tutub.
K.Annanın planını İsrail də rədd edərək, buna başqa bir səbəb göstərib. "Bizim addımlarımız müharibə aktına cavabdır", - deyən İsrailin BMT-dəki daimi nümayəndəsi Den Gillerman bildirib ki, məhz bu səbəbdən də "əməliyyatlar nə qədər lazımdırsa, davam etdiriləcək". Bundan əvvəl isə İsrailin Baş naziri Exud Olmert Livanda hərbi əməliyyatların dayandırılması müqabilində irəliyə üç şərt sürüb: "Hizbullah" yaraqlıları girov götürdükləri israilli əsgərləri azad etməli, İsrail ərazilərinə raket zərbələri endirməyə son qoymalı, İsrail-Livan sərhədində Livanın nizami ordu hissələri yerləşdirilməlidir".
Rusiya, ABŞ və Avropa Birliyinin mövqeyi
İsrail-Livan sərhədində zorakılıq dalğasının başlanması "böyük səkkizlik" ölkələrinin Sankt-Peterburq sammiti ilə eyni vaxta təsadüf etdi və toplantının gündəliyinin müəyyənləşdirilməsində əsas diqqət mərkəzində olan məsələlərdən birinə çevrildi. G8 sammitinin rəhbəri Vladimir Putin Yaxın Şərqdə baş verənləri şərh edərkən bildirdi ki, ortadakı məsələlərin mürəkkəbliyindən asılı olmayaraq, onların dinc yolla çözülməsinə nail olmaq üçün var güclə çalışmaq lazımdır. Bununla yanaşı, o dedi: "Biz istənilən terror aksiyasını, o cümlədən, insanoğurluğu hallarını pisləyirik. Lakin belə düşünürük ki, İsrail oğurlanmış hərbçilərini qaytarmaqdan əlavə, həm də başqa - daha geniş məqsədlər güdür. Biz onların həllinə nail olunması üçün dinc vasitələrin tapılacağına ümid edirik".
Bir qədər sonra, iyulun 2-də Rusiya Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı bəyanatında açıq şəkildə bildirdi ki, "Qurbanların və dağıntıların analoqu olmayan şəkildə çoxluğu göstərir ki, keçirilən əməliyyatlar antiterror əməliyyatlarından çox kənara çıxıb". Ümumilikdə Moskva Yaxın Şərqdə baş verənlərə kompleks yanaşılmasını lazım sayır. Moskva Yaxın Şərq-də yaranan situasiyanın bütün aspektlərinə istisnasız, BMT TŞ-nin mövcud qətnamələri əsasında baxılmasını vacib sayır.
ABŞ Prezidenti Corc Buş öz növbəsində bildirib ki, regionda baş verənlərdə günahkar "Hizbullah" qruplaşması və onun arxasında dayanan Suriyadır. Bir qədər sonra Ağ evin sahibi bildirib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi göstərir ki, Livandan qoşunlarını çıxarmış Suriya yenidən oraya qayıtmağa çalışır. Bununla yanaşı, C.Buşun sözlərinə görə, Livanın hazırkı rəhbərliyinin hakimiyyətdə qalması dünyanın marağındadır. Amma Yaxın Şərq probleminin tənzimlənməsində liderlik rolunu saxlamaq istəyən və Təl-Əvivin fəaliyyətini birmənalı şəkildə dəstəklədiyi üçün Avropa Birliyindəki müttəfiqləri ilə münasibətləri gərginləşməkdə olan Vaşinqton ərəb və müsəlman ölkələrinin də mövqeyini nəzərə almaq məcburiyyətindədir. Nəticədə, onun rəsmi mövqeyində yeni çalarlar əmələ gəlib. Atəşin dayandırılmasını vaxtsız addım hesab edən ABŞ hamını atəşkəs üçün şəraitin yaradılmasına (yəni İsrailin şərtlərinin qəbuluna) çağırıb. Paralel olaraq, rəsmi Vaşinqton Suriya ilə dialoqa hazır olduğunu da vurğulayıb. Bundan başqa, K.Rays bəyan edib ki, İsrail-Livan barışığı bütün region üçün uzunmüddətli sülh razılaşmasının bir hissəsi olmalıdır. O, münaqişənin köklərinin araşdırılmasını və onun üzərində iş aparılmasını təklif edib.
Avropa Birliyinə gəlincə, aparıcı "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) ABŞ-dan fərqli olaraq, İsrailin qeyri-proporsional güc tətbiq etdiyini qeyd edərək, hərbi əməliyyatların təcili dayandırılmasını vacib sayır. Onların fikrincə, yalnız bundan sonra Təl-Əvivin əlavə tələblərinin yerinə yetirilməsi məsələsinə baxılmalıdır. Avropa Birliyinin xarici məsələlər üzrə koordinatoru Havyer Solana İsrailin xarici işlər naziri Livni, həmçinin, Fələstin nümayəndələri və misirli vasitəçilərlə danışıqlar aparıb. Livni bildirib ki, Yaxın Şərqdə terrorun kökünün kəsilməsi və "Hizbullah"ın dinc israillilər və livanlıların həyatlarına nəzarətinə son qoyulması vacibdir. Solana da öz növbəsində qeyd edib ki, Livan sakinlərinin çəkdikləri bəlaların "Hizbullah" ilə mübarizəyə dəxli yoxdur.
Regionda böyük maraqları olan və bununla əlaqədar daim ərəblərin mövqeyini müdafiə edən Paris daha fəaldır (Fransa daxilindəki müsəlman faktorunu da unutmaq olmaz). Paris BMT TŞ-ni Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına dair qətnamə qəbul etməyə çağırıb. O, həmçinin, təklif edib ki, siyasi və təhlükəsizlik tədbirləri görülməli, atəş altında olan ra-yonlardan qaçmış dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "humanitar dəhlizlər" yaradılmalıdır. Hazırda Avropa ölkələri və BMT nümayəndələri hərbi əməliyyatların dayandırılmasına və ya bir müddət fasilə verilməsinə çalışırlar ki, bununla da onlar Livan vətəndaşlarının təhlükəsiz yerlərə köçürülməsinə, problemin diplomatik yolla həlli vasitələrinin axtarılmasına, həmçinin, Yaxın Şərqin digər hissələrində zorakılıq hallarının baş qaldırmasının qarşısını almağa çalışırlar.
Vaşinqtonun müttəfiqləri, əsasən, Livan vətəndaşları arasında dinc sakinlərin həlak olması hallarının həddindən artıq çox olmasından narahatdır. Onlar, həmçinin, düşünürlər ki, Vaşinqtonun mövqeyi Qərb ilə İslam dünyası arasında gərginliyi artıra, yaraqlıları qızışdıra, radikal islamçıların əlinə oynaya və İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin problemlərini artıra bilər.
İsrail
Təl-Əvivin bu münaqişədəki strategiyası üç istiqamətə yönəlib - "Hizbullah"ın hərbi mövqelərinin məhvi, HƏMAS-ın siyasi cəhətdən neytrallaşdırılması və İranın regiondakı hadisələrə təsirinin azaldılması. İsrailin Baş naziri Exud Olmertin Yaxın Şərqdə vəziyyətin gərginləşməsində İranın əlinin olmasını bəyan etməsi təsadüfi deyil. Onun fikrincə, regionda belə vəziyyətin yaranması İran üçün dünya ictimaiyyətinin diqqətinin Tehranın nüvə proqramından yayınması baxımından vacibdir. Olmert "Hizbullah" qruplaşmasının öz fəaliyyətini İranla koordinasiya etdiyini də bildirib. Hökumət başçısının sözlərinə görə, bu səbəbdən də, iki israilli əsgər girovluqdan azad olunmayana və israillilərə qarşı mövcud olan təhlükə aradan qalxmayanadək, İsrail Livanda məskunlaşmış "Hizbullah"a zərbələr endirməkdə davam edəcək. "Yalnız bundan sonra Cənubi Livanda bufer zonanın yaradılması və onun Livan ordusunun nəzarətinə verilməsindən danışmaq olar", - deyə Olmert qeyd edib.
Son vaxtlar İsrail rəhbərliyi Livanın cənub sərhədlərinə nəzarətin həyata keçirilməsinin NATO qüvvələrinə tapşırılması və onların, həmçinin, Suriyaya yaxın şərq hissələrdə də yerləşdirilməsinin mümkünlüyündən danışır. Bununla yanaşı, rəsmi Təl-Əviv hesab edir ki, bütün bunlar yalnız hazırkı əməliyyatlar başa çatdıqdan sonra nəzərdən keçirilə bilər.
Fələstin
Fələstinlilərə gəlincə, onlar hesab edirlər ki, hazırkı böhranın səbəblərini İsrailin daxilində axtarmaq lazımdır. "Böhran İsrailə ona görə lazımdır ki, ölkəni birləşdirsinlər. Çünki onlara qarşı hansısa kənar təhlükə olmadıqda, Təl-Əviv müharibə aparmadıqda, daxili-siyasi mübarizə qızışır", - deyə Fələstinin xarici işlər nazirinin müavini İbrahim Qüreyşi bildirib: "Niyə heç kəs bizi başa düşmək istəmir? İsrail türmələrində minlərlə məhbus saxlanılır və onların əksəriyyəit ilə bağlı məhkəmə qərarı belə yoxdur. Sadəcə olaraq, hər yarım ildən bir həmin məhbusların həbs müddəti uzadılır. 60 nəfər artıq 30 ildən çoxdur, həmin türmələrdədir. 120 məhbusun yaşı 18-dən azdır. Daha 30 məhbus isə qadındır. Bu, bütün Fələstin xalqının problemidir və o, hamımızı narahat edir".
Fələstindəki bir sıra ekspertlər hazırkı böhranın səbəbi kimi "Hizbullah"ın liberal və radikal qruplaşmaları arasında hakimiyyət savaşını göstərsə də, digərləri İsrailin təxribata əl atdığı qənaətindədir. İsrail-Fələstin Araşdırma və İnformasiya Mərkəzinin rəhbəri Hanna Siyora hesab edir ki, böhran heç də israilli əsgər Gilad Şalitin girov götürülməsi ilə başlanmayıb. "Səbəb bir il əvvəl HƏMAS-ın İsraillə barışıq elan edərək hücumları dayandırmasıdır. Bütün bu müddət ərzində İsrail dəqiq zərbələrlə HƏMAS fəallarını məhv edib. Hamı düşünür ki, Təl-Əviv effektiv işləyərək terrorun infrastrukutrunu məhv edir. Əslində isə o, yeni "Əl-Qaidə" yaradır. Hazırkı əməliyyatlar nəticəsində İsrail həyata keçirdiyi bombardmanla yalnız ona nail olacaq ki, hamı HƏMAS və "Hizbullah"ı dəstəkləməyə başlayacaq", - deyə mərkəz rəhbəri qeyd edib.
Yeri gəlmişkən, Rusiya XİN-in rəhbəri Sergey Lavrov da oxşar mövqe ortaya qoyub. "Kommersant" qəzetinə müsahibəsində o bildirib ki, "Hizbullah"ın özünün daxilində elə qüvvələr var ki, onlar Livan ictimaiyyətinə, siyasi həyatına inteqrasiyaya çalışır. Həmçinin, buna qarşı müqavimət göstərən radikallar da yox deyil. "Hərbi əməliyyatların başlanmasından bir müddət əvvəl Livanda siyasi qüvvələr arasında dialoq başlamışdı və Livan rəhbərliyinin dəvəti ilə bu danışıqlarda "Hizbullah" da iştirak edirdi", - deyən rusiyalı nazir etiraf edib ki, dialoqun gedişi hamıya nikbinliyə əsas verirdi. "Hətta bizim amerikalı və avropalı partnyorlarımız da etiraf edirlər ki, təxribat "Hizbullah"ın radikal elementləri tərəfindən hə-yata keçirildi. Bütünlükdə "Hizbullah"ı və ümumilikdə HƏMAS-ı barrikadanın əks tərəfində dayananların sırasına aid etmək olmaz. Çalışmaq lazımdır ki, həm HƏMAS, həm də "Hizbullah" özlərinin çox hallarda qanuni olan siyasi məqsədlərini terror aksiyaları, zorakılıq vasitəsilə yox, Fələstin və Livanın siyasi həyatında reallaşdırsınlar".
Humanitar fəlakət astanasında
İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti ona gətirib çıxardı ki, İkinci Dünya müharibəsindən sonra Livanda ən genişmiqyaslı evakuasiyaya başlandı. Müxtəlif hesablamalara görə, 800 mindən artıq livanlı qaçqına çevrilib. Bu, ölkə əhalisinin 20%-i deməkdir. Bununla yanaşı, 50 min əcnəbinin də təcili evakuasiya edilməsi lazımdır. Əməliyyatlar nəticəsində Livana bir neçə milyard dollar həcmində zərər dəyib və ölkə 20 il əvvəlki inkişaf səviyyəsinə düşüb. Ölkənin ümumdaxili məhsulunun 15%-ni təşkill edən turizm sənayesi, faktik olaraq, məhv edilib.
Təbii ki, münaqişədən İsrail tərəfi də ziyan çəkir. Bugünədək keçirilən əməliyyatlar ölkəyə 2 milyard dollar ziyan vurub ki, bu da günə, orta hesabla, 140 milyon dollar deməkdir. "Hizbullah"ın atdığı İran raketlərinin radiusu İsrailin sənaye müəssisələrinin 26%-ni əhatə edir. Həmçinin, mehmanxanaların 28, ticarət obyektlərininsə 21%-i həmin məsafələrdədir.
BMT-nin humanitar proqramının kordinatoru Yan Egelann BBC-yə müsahibəsində bildirib ki, Livanda humanitar vəziyyət saatbasaat pisləşir. Toqquşmaların qurbanlarının, əsasən, dinc sakinlər olduğunu deyən Egelannın sözlərinə görə, "Hizbullah" yaraqlıları dinc əhali arasında itkinin daha çox olmasına çalışır. Livanda həlak olanların və yaralananların üçdəbirindən çoxu isə uşaqlardır. İsrail ordusunun körpü və yolları tamamilə sıradan çıxarması üzündən yaralılara yardım etmək mümkün deyil. Egelann İsrailin Livanı bombardman etməsini "dəhşətli hadisə" və "humanitar normaların pozulması" adlandırıb.
Livanda dinc sakinlər arasında ölənlərin sayının getdikcə artması Təl-Əviv üçün xoş olmayan daha kəskin bəyanatların səsləndirilməsinə səbəb olub. BMT-nin insan haqları üzrə ali komissarı Luiza Arbur bəyan edib ki, şəhərlərin pərakəndə şəkildə raket zərbələrinə tuş gəlməsi qabaqcadan planlaşdırılmış əməliyyata bənzəyir və dinc sakinlərin hədəf kimi götürülməsi qəbuledilməzdir. "Dinc sakinlərin həlak olduğu belə şəraitdə hərbi obyektlərə zərbə endirilməsini heç nə ilə əsaslandırmaq olmaz", - deyə Luiza Arbur qeyd edib. O bildirib ki, Livan, İsrail və Qəzza zolağında baş verənlər hərbi cinayət kimi qəbul edilə bilər. BMT rəsmisinin sözlərinə görə, beynəlxalq hüquq dinc əhalinin qorunmasını vacib edir: "Münaqişədə iştirak edən bütün tərəflər proporsianallıq prinsipinə əməl etməlidir".
Ərəb dövlətlərinin mövqeyi
Ərəb dövlətləri isə növbəti dəfə münaqişə ilə bağlı vahid mövqe ortaya qoya bilmədiklərini nümayiş etdiriblər. Ərəb Dövlətləri Liqasının (ƏDL) rəhbəri Əmir Musanın qurumun xarici işlər nazirlərinin toplantısının keçirilməsi istiqamətində ciddi cəhdləri bəhrə vermədi. 22 ölkədən cəmi 9-nun təmsilçisi görüşərək, böhrandan çıxmağın yolları ilə bağlı müzakirələr aparmağa hazır olduğunu bildirdi.
Ərəb dövlətləri daxilindəki nifaqın obyektiv mahiyyətini də araşdırmaq lazımdır. Bir çox ərəb ölkələri, xüsusilə Fars körfəzinin monarxiyaları, həmçinin, rəsmi Misir hesab edir ki, iranmeylli "Hizbullah"a qarşı əməliyyatlar İranın regiondakı nəzarətinə zərbədir. Bu baxımdan onları Tehranın və onun livanlı əlaltılarının mövqelərinin zəifləməsi tamamilə qane edir. Bundan başqa, ərəb liderlərinin əksəriyyəti üçün radikal islam dəstələri əməlli-başlı başağrısına çevrildiyindən, onlara qarşı aparılan hərbi əməliyyatlar narahatlıqla qarşılanmır.
Azərbaycanın perspektivi
və maraqları
Ümumilikdə İsrail-Livan münaqişəsi ilə bağlı dünyanın aparıcı "oyunçuları"nın mövqeyi iki koalisiyada birləşir: bir tərəfdə ABŞ-İsrail, digər tərəfdə isə BMT, Avropa Birliyi və Rusiya. İsrail aviasiyasının BMT müşahidəçilərinin postuna 4 nəfərin həlak olması ilə nəticələnən hücumundan sonra, Təl-Əvivin tənqidçiləri sırasına Çin də əlavə olundu. Lakin siyasi təşəbbüs, hərbi güc bu gün, şübhəsiz, ABŞ-İsrail alyansının tərəfindədir. Özünün böyük Yaxın Şərq konsepsiyasını reallaşdırmaqda maraqlı olan Vaşinqtonun bəyanatları və fəaliyyəti belə düşünməyə əsas verir ki, ABŞ-la İsrail situasiyanın bu cür inkişafına hazır imiş və baş verənlər əvvəlcədən planlaşdırılıbmış.
İsrailin əldə edəcəyi hərbi qələbə (münaqişə tərəflərinin hərbi potensialının qeyri-bərabər olduğunu nəzərə aldıqda, bunun belə olacağına şübhə yoxdur), görünür ki, təhlükəsizlik zonasının yaradılması, orada perspektivdə sülhməramlı qüvvələrin yerləşdirilməsi (Avropanın aparıcı ölkələri hazırkı mərhələdə bu məsələyə çox ehtiyatla yanaşır) ilə bitəcək. Münaqişənin vacib nəticəsi İsrailin regional rəqibləri olan HƏMAS, "Hizbullah" və onların arxasında dayanan Suriya və İranın mövqelərinin zəifləməsi olacaq. Təl-Əviv və Vaşinqtonun hazırkı əməllərinin məhz sonuncuya qarşı yönəldiyi də məlumdur. Çünki İranı birdəfəyə məhv etmək asan de-yil. Amma mərhələ-mərhələ atılan addımlar - Tehranın əvvəlcə Livanın cənubundan sıxışdırılaraq-çıxarılması, İranın Livandakı mövqelərinin zəiflədilməsi ilə İran rejiminə böyük zərbə olardı. Bu uğurun möhkəmləndirilməsi İrana qarşı növbəti siyasi və diplomatik (hətta hərbi) təzyiqlərin edilməsi üçün şərait yaradacaq. Xüsusilə də nəzərə almaq lazımdır ki, Tehranın nüvə dosyesi kimi "rahat bəhanə"ni maraqlı tərəflər artıq BMT TŞ-də gözləyir.
Azərbaycanın maraqlarına gəlincə, Yaxın Şərqdə yaşananlar hazırda islam ictimaiyyətinin nüfuzlu üzvü və vacib regional oyunçu olmağa iddia etmək üçün real imkanlara sahib olan rəsmi Bakının daha aktiv təşəbbüskar mövqe nümayiş etdirməsini tələb edir.
Humanitar planda Azərbaycan öz imkanları daxilində Livan və Fələstin xalqına, xüsusilə son toqquşmalardan əziyyət çəkənlərə maddi və humanitar yardım edə bilər və bunu etməldir.
Siyasi-diplomatik münasibətlərdə Bakı gərginliyin aradan qaldırılması üçün münaqişə tərəflərinin Azərbaycanda rəsmi məsləhətləşmələr keçirməsi və ya qeyri-rəsmi görüşün baş tutması təklifi ilə çıxış edə bilər. Azərbaycanın İslam Konfransı Təşkilatının üzvü kimi statusu və İsraillə tərəfdaş münasibəti bu təşəbbüsün uğurlu alınmasına gətirib çıxara bilər.
Hərbi-sülhməramlı komponenti də unutmaq olmaz və Bakı (maraqlı tərəflərin razılığı əsasında) regiona kiçik sülhməramlı kontingent göndərə bilər ki, bu da bizim regionda mövcudluğumuza (daha sonra isə təsirimizin artmasına) səbəb ola bilər.
Nəhayət, sonuncu, lakin heç də az vacib olmayan məsələ: Azərbaycan diplomatiyası dünyanın iri dövlətlərinin faktik reallaşdırmağa başladığı "demokratik Yaxın Şərq" plaınının gerçəkləşməsi istiqamətində gördüyü işləri diqqətlə izləməlidir. Bu konteksdə bizm üçün xüsusi maraq kəsb edən məsələ qonşu İranın daxilində və xaricində cərəyan edən hadisələrdir. Azərbaycanın maraqları İrandakı rejimin transformasiyasını tələb etsə də, bu dəyişikliklər Cənub qonşumuzun ərazi bütövlüyünü pozmamalıdır, sadəcə, İrandakı azərbaycanlı əhalinin milli-mədəni tələbatlarının ödənilməsinə yönəlməlidir. Perspektivdə Cənubi Azərbaycan faktoru Azərbaycanın regional təhlükəsizliyinin möhkəmlənməsində müsbət rol oynaya, qonşulara qarşı mövqelərimizin möhkəmlənməsinə səbəb ola bilər.
MƏSLƏHƏT GÖR: