
«BÖYÜK SƏKKİZLİK»İN BÖYÜK PROBLEMLƏRİ
ABŞ-ın qlobal liderə çevrilmək kursu Rusiyanın dünyanın aparıjı dövlətləri ilə bərabərhüquqlu partnyor olmaq iddiaları ilə ziddiyyət təşkil edir
Müəllif: Elxan Şahinoğlu, Roman Neyman Bakı
XXI əsrin astanasında dünya daha çox ziddiyyətli olub. Qərblə-Şərq arasında uçurum dərinləşib, terrorçuluq və separatçılıq sərhəd tanımır, enerji mənbələrini ələ keçirmək uğrunda mübarizə qızışır, aclıq, yoxsulluq, infeksion xəstəliklər hökmranlıq edir və s. Bu səbəbdən Sankt-Peterburqda bir araya gələn «böyük səkkizlik» ölkələrinin liderləri «əməkdaşlıq, yoxsa qarşıdurma?» sualına aydınlıq gətirməlidirlər.
«Böyük səkkizlik»in yaranma tarixi 1973-cü ilin payızına təsadüf edir. Həmin il Vaşinqton «diskussiya klubu»na oxşar format təşkil edərək, ABŞ, Qərbi Avropa və Yaponiya arasında iqtisadiyyat və maliyyə sahələri ilə bağlı müzakirələrə başladı. Bu görüşlər problemlərin qeyri-rəsmi səviyyədə müzakirəsinə, məmurların açıq diskussiyalar aparmasına kömək edirdi. Fransa prezidenti Valeri Jiskar d'Esten 1975-ci ildə bu formatdan istifadə etmək qərarına gəldi və ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya liderlərini Parisin bizə yaxşı tanış olan «Rambuye» qəsrinə topladı.
«Altılıq» çərçivəsində keçirilən həmin görüş, ərəb dövlətlərinin tətbiq etdiyi neft embarqosu nəticəsində Qərb ölkələrində yaranmış iqtisadi xaosun aradan qaldırılmasına həsr olunmuşdu.
«Altılıq»ın ikinci sammiti 1976-cı ildə Kanadanın da iştirakı ilə keçirildi ki, nəticədə, «altılıq» formatını dəyişərək «yeddilik» olub.
1991-ci ildə isə «yeddilik» üzvlərinin London görüşünə artıq SSRİ prezidenti Mixail Qorbaçov da qonaq qismində dəvət olundu. SSRİ-nin dağılmasından sonra qurumun toplantılarında Rusiyanın rəhbəri Boris Yeltsin qonaq qismində iştirak edirdi.
1994-cü ildə Neapolda keçirilən toplantıdan başlayaraq, Rusiyanın qarşısında «yaşıl işıq» yandı və o, «yeddilik» üzvlərinin bütün siyasi müzakirələrində iştirak etməyə başladı. Nəhayət, ABŞ-ın eks-prezidenti Bill Klinton 1998-ci ildə rusiyalı həmkarı Boris Yeltsini Denverdə keçirilən sammitə dəvət etməklə, Moskvanın bütün səviyyələrdə müzakirələrdə iştirakının əsasını qoydu. Bundan sonra «böyük yeddilik» «böyük səkkizlik» adlanmağa başlandı. Nəhayət, bu il dünyanın aparıcı dövlətlərinin liderləri Rusiyada toplaşmaq qərarına gəldilər.
Rusiya tədbirin sahibi kimi, Sankt-Peterburqda keçirilən sammitin gündəliyini əvvəlcədən müəy-yənləşdirmişdi: təhsil, enerji təhlükəsizliyi və infeksion xəstəliklər. G8 liderlərinin hər üç məsələni müzakirə edəcəkləri və dörd sənəd qəbul edəcəkləri gözlənilir. Bunlardan üçü bəyanat, biri isə «Qlobal enerji təhlükəsizliyi fəaliyyət planı»dır. Bundan başqa, dövlət idarəetməsində korrupsiya ilə mübarizə (məruzəçi - ABŞ), intellektual piratçılıq və ədəbi saxtakarlıq məhsulları (Almaniya), dünya ticarəti (Avropa Komissiyasının rəhbəri), Afrikanın inkişafı (Fransa və Böyük Britaniya), beynəlxalq terrorçuluq (Rusiya), İran və Şimali Koreya (Fransa və Yaponiya), həmçinin, demoqrafik problemlər (Kanada) kimi məsələlərin də müzakirə olunacağı gözlənilir.
Moskva məsələləri elə qoyub ki, tərəflər arasında ciddi fikir ayrılıqları yaranmasın, konsensus və yekun uğur üçün geniş olsun. Bunun səbəbləri də məlumdur. Nüfuzlu rus politoloqu Liliya Şevtsova hesab edir ki, «Kreml Qərb «superliqası» ilə görüşə hakimiyyətin və şəxsən Vladimir Putinin nüfuzunun artırılması vasitəsi kimi baxır. Onun fikrincə, Rusiya prezidenti üçün dünyanın ən qüdrətli insanları ilə bir cərgədə durmaq və hətta ev sahibi qismində iştirak etmək, onun siyasi karyerasının ən pik nöqtəsi sayıla bilər.
Lakin böyük ehtimalla, fikir ayrılığı və ziddiyyətsiz keçinmək mümkün olmayacaq. Bu gün dünya ictimaiyyəti üçün İranın nüvə proqramı və Şimali Koreyanın raket sınaqdan keçirməsi çox ciddi problemlərdir. Qərb hər iki məsələ ilə bağlı Moskvadan mənalı mövqe gözləyir.
Bundan başqa, Sankt-Peterburqda keçirilən «böyük səkkizlik» sammitinin gedişində Kreml öz maraqlarını, hətta mümkündür ki, öz tərəfdaşlarını müdafiə etməyə, Vaşinqton isə öz mövqeyini Moskvanın diqqətinə çatdırmağa və öz müttəfiqlərinə dəstək verməyə çalışacaq. Özbəkistan Prezidenti İslam Kərimov ABŞ və Avropadan şikayət etmək üçün (Avropa dövlətləri və Amerika Əndican hadisələri ilə bağlı Daşkəndlə münasibətlərini, demək olar, tam dondurublar-red.) Rusiya prezidentinin Soçidəki iqamətgahına baş çəkib. Gürcüstan Prezidenti Mixail Saakaşvili isə əksinə, özünün ABŞ-a «tarixi» səfərindən Moskvanı tənqid etmək və Tbilisinin Avropaya daha dərindən inteqrasiyası, həmçinin, Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşdırılması üçün istifadə edib.
Lakin sammitdə «tərəfdar» və «müttəfiqlər» məsələsinin müzakirə olunacağı ehtimalı o qədər də böyük deyil. Rusiyanın ciddi geosiyasi kompensasiyalar almadan, yalnız Vaşinqtonun istəyini əsas götürərək, bir tərəfdən, Abxaziya və Cənubi Osetiya, digər tərəfdən isə Tbilisiylə bağlı regional və strateji yanaşmalarını dəyişəcəyi real görünmür. Ağ ev də çətin ki Moskva tərəfindən xüsusi əndişəylə yanaşılan məsələlərlə bağlı mövqeyində dəyişiklik etsin.
Rusiyanın onun üçün vacib məsələ olan qlobal enerji təhlükəsizliyi ilə əlaqədar da G8-ki «müttəfiqləri»ndən dəstək alacağına inam çox azdır. Rusiyanın «Kommersant» qəzetinin (13 iyul №126) öz mənbələrinə istinadən verdiyi məlumata görə, sammit ərəfəsində sözügedən məsələ ilə bağlı heç bir prinsipial razılıq əldə edilməyib. Məsələ bundadır ki, Rusiyanın qaz nəqli ilə bağlı uzunmüddətli müqavilələrə dair platforması (söhbət, faktik olaraq, qaz nəqlinin monopoliyaya alınmasından gedir) Qərbdə narazılıqla qarşılanır. Bundan başqa, Böyük Britaniyanın Sənaye və Ticarət Departamenti sammit ərəfəsində ölkənin enerji strategiyası ilə bağlı açıqladığı məruzədə, Avropanın Rusiya qazından asılılığından narahatlıq ifadə edilib və bu problemin qısa vaxt ərzində həllinin vacibliyi vurğulanıb.
Həqiqətən də, Avropa ölkələrinin Rusiya qazından asılılığı həddindən artıq çoxdur. Bunu aşağıdakı rəqəmlər də sübut edir: Almaniya qazın 42%, İtaliya 32%, Fransa 30%, Avstriya 75%, Finlandiya 100%-ni Rusiyadan alır. Bu ilin qışında Ukraynada baş verənləri də xatırlasaq, onda Qərbin enerji resurslarının və siyasi təzyiq faktorunun Rusiyanın əlinə keçməsindən çəkinməsinin motivləri aydındır.
Sankt-Peterburq sammitindən söz açarkən nəzərə almaq lazımdır ki, «böyük səkkizlik» sammitinin gündəliyinə çıxarılan məsələlər heç də həmişə öz həllini tapmır. Məsələn, Böyük Britaniyanın Baş naziri əvvəlki sammitlərin birində «Afrikanın xilası» şüarı ilə çıxış edən zaman dərhal hamı ona dəstək vermişdi. Lakin bundan sonra nəsə dəyişdimi? Situasiya yaxşılaşmadı və yoxsul Afrika ölkələri infeksiya və quraqlıqdan əvvəlkitək əziyyət çəkir.
Və ya «böyük yeddilik»in qərarını da xatırlamaq olar. Rusiyanı sıralarına qəbul edən zaman təşkilat üzvləri bu ölkənin yeni demokratiya quruculuğu modelini mənimsəyə-cəyinə əminliyini bildirir, hətta bu prosesə maddi dəstək verəcəklərini də bəyan edirdilər. Lakin bunlardan da heç biri baş vermədi. Hətta iş o yerə çatdı ki, ABŞ-ın siyasi dairələrində, həmçinin, Konqresdə Rusiyanın G8-dən kənarlaşdırılmasına dair qızğın müzakirələr aparılmağa başlandı.
Moskva ilə Vaşinqton arasında uçurum əvvəlkitək dərindir. ABŞ-ın qlobal liderliyə istiqamətlənən kursu Rusiyanın dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu partnyor olmaq iddiaları ilə ziddiyyət təşkil edir.
ABŞ prezidenti «İranın cəzalandırılması»nın vacibliyini bəyan edir, Kreml astaca bildirir ki, istənilən ölkəyə qarşı yaradılacaq bloka qoşulmayacaq.
Şimali Koreya nüvədaşıyıcı raketləri sınaqdan keçirir və bundan qəzəblənən Qərb və Yaponiya Pxenyana qarşı sərt cavab tədbirlərinin görülməsini tələb edir, Moskva belə mövqenin qəbulolunmazlığını bildirir. Hətta baxmayaraq ki Şimali Koreyanın sınaqları Rusiyanın özünə də təhlükə yaradır.
ABŞ Konqresi Rusiyaya qarşı 1974-cü ildə qəbul olunmuş Cekson-Venik düzəlişini ləğv etmək istəmir. Bundan başqa, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağa çalışan Rusiya məhz «böyük səkkizlik»dəki müttəfiqi ABŞ-ın müqaviməti ilə üzləşir. Bir müddət əvvəl 20 amerikalı senator C.Buşa müraciət edərək, intellektual mülkiyyət hüququnun mühafizəsi və ticarət baryeri ilə bağlı problemlər aradan qaldırılmayınca, Rusiya ilə ÜTT-yə üzvlüklə bağlı imzalanmış ikitərəfli sazişin ləğv edilməsi tələbini irəli sürüb. «ÜTT-yə qəbulla bağlı Rusiya-Amerika ikitərəfli razılaşması amerikalı işçilər, fermerlər və biznesmenlərin xeyrinə olacaq kommersiya şərtləri əsasında tamamlanmalıdır», - deyə senatorlar prezidentə ünvanladıqları məktubda bildirirlər.
Bununla yanaşı, iyulun 13-də Moskvanın ÜTT-yə qəbulu ilə bağlı Vaşinqtonla Moskva arasında ən problemli məsələlərdən birinin aradan qaldırılıdığı elan olunub. Kreml Vaşinqtonun Rusiya bazarlarına xarici bankların buraxılması tələbindən imtina etməsinə cavab olaraq, öz ərazisində xarici sığorta şirkətlərinin filiallarını açmağa razılıq verib. Moskvanın ikitərəfli əməkdaşlıqda böyük əhəmiyyət kəsb edən intellektual mülkiyyət hüququnun qorunması və Rusiyanın maliyyə sektorunun liberallaşdırılması kimi məsələdə güzəştə getməməsinə baxmayaraq, sözügedən məsələ Rusiyanın ÜTT-yə qoşulması prosesini sürətləndirə bilər. Eyni zamanda, bu uğur sammitin gedişində pozitiv impuls ola bilər.
Moskvanın G8 çərçivəsində «köhnə dünya» - Avropa Birliyi ilə münasibətləri də hamar deyil. Moskva Avropa Birliyi ilə ticarət azadlığı haqda razılaşma imzalamağa çalışsa da, Brüssel məsələnin həllini uzadır. Belə ki, sözügedən sənədin imzalanması üçün Rusiyanın ÜTT üzvü olması vacibdir.
Rusiya da öz növbəsində «böyük səkkizlik»in fəaliyyətindən razı de-yil. Prezident Vladimir Putin «böyük səkkizlik» ölkələri liderlərinin Sankt-Peterburq görüşü ərəfəsindəki çıxışlarının birində bildirib ki, bu qurum «bürokratik aparat»a çevrilib. Rusiya dövlətinin başçısı «səkkizlik» üzvlərinin əvvəllər keçirilən sammitlərində qəbul olunan qərarların yerinə yetirilməməsindən də şikayətlənib.
Uzaq olmayan keçmişdə Rusiya prezidenti administrasiyası rəhbərinin köməkçisi, Kremlin əsas ideoloqlarından hesab olunan Vladislav Surkov daha da irəli gedərək belə bir şüarla çıxış edib: «Rusiya özü üçün necə vacibdirsə, elə də hərəkət edəcək». Rusiyanın mövqeyinə Qərbin hörmətlə yanaşmasının vacibliyini qeyd edən Surkov deyib: «Biz «soyuq müharibə»ni uzatmamışıq, sadəcə olaraq, ölkəmizin daxilindəki totalitar sistemi dağıtmışıq».
Rusiya prezidentinin iqtisadi məsələlər üzrə keçmiş məsləhətçisi Andrey İllarionov isə başqa cür düşünür. Onun sözlərinə görə, «Rusiyaya ehtiyatla baxan» dövlətlərin sayı ildən-ilə çoxalır. «Kimsə bu faktorun Rusiyanın güclənməsinə səbəb olacağını düşünürsə, yanılır», - deyə o bildirib. A.İllarionov Kremlin ABŞ-a, Avropa Birliyinə, Baltikyanı ölkələrə, həmçinin, Moldova, Ukrayna və Gürcüstana münasibətini «sərin müharibə» kimi yeni terminlə ifadə edib. Prezidentin sabiq köməkçisi hesab edir ki, G8-in Sankt-Peterburqda keçirilən sammitindən sonra da vəziyyət dəyişməz olaraq qalacaq. İllarionovun fikrincə, «səkkizlik»in hər sammitindən sonra, Vladimir Putin «daha inamlı siyasət» yürüdür.
Həqiqətən də, G8 böyük problemlərin effektiv həlli üçün vasitə deyil. Amma buna baxmayaraq, Sankt-Peterburq sammiti Moskvanın Qərblə növbəti dəfə uzunmüddətli geosiyasi oyunların şərtlərini razılaşdıracağı forum ola bilər. «Kremlin ritorikası ilə yanaşsaq, Putinin komandası Qərbə böyük bir sövdələşmə təklif edir. Həmin təklifin mahiyyətini belə izah etmək olar: bizə yaşamağı öyrətməyin; bizim nüfuz dairəmiz hesab etdiyimiz postsovet məkanına müdaxilə etməyin; bizim enerji dövləti ideyamızı dəstəkləyin», - deyən politoloq L.Şevtsova hesab edir ki, bunun müqabilində, Rusiya Qərbi maraqlandıran məsələlərlə tərəfdaşlıq etməyə hazır olduğuna işarə vurur.
Qərb Moskvanın təkliflərini qəbul etməyə və onun özünəməxsus strukturlara inteqrasiyasını dəstəkləməyə hazırdırmı? Yoxsa Moskvanın təcrid vəziyyətə salınması ilə bağlı ənənəvi tendensiya üstünlük təşkil edəcək? Bəlkə, Qərb bu yanaşmaların hər ikisindən ortaq məxrəcə gələ biləcək?..
Bu sualların cavabları yalnız Sankt-Peterburq sammiti iştirakçıları üçün deyil, bu şəhərdən qat-qat uzaqda yerləşən ölkələr üçün də aktualdır.
MƏSLƏHƏT GÖR: