14 Mart 2025

Cümə, 23:29

OFFŞOR QAYA

Böyük Britaniya ilə İspaniya arasında Gibraltar uğrunda mübahisə yenidən qızışır

Müəllif:

03.09.2013

Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda mübahisə ilə əlaqədar yaşanan son hadisələr yaddan çıxmamış, London əsrlərdir davam edən daha bir problemi də xatırlamalı olub. Söhbət İspaniya ilə Gibraltar uğrunda davam edən çəkişmədən gedir.

Cəmi 6,5 kvadratkilometr əraziyə malik və əslində, sahilyanı qala olan Gibraltarın (Platon onu Gerkules sütunları adlandırırdı, indi isə onu Qaya adlandırırlar) zəngin tarixi var. Ora kimlərin ayağı dəyməyib -  finikiyalılar, romalılar, vandallar, qotlar və mavrlar. O, uzun müddət Kastaliya krallığına, sonradan birləşmiş İspaniya krallığına  aid olub. Hər şey ispan mirası uğrundakı müharibədən sonra dəyişilib - Gibraltar ingilis və holland ordusu tərəfindən ələ keçirilib və 1713-cü ildə imzalanmış Utreht sülh müqaviləsilə tam şəkildə Britaniyanın nəzarətinə verilib. Bununla da o, imperiyanın Aralıq dənizindəki strateji forpostlarından birinə çevrilib. Sonralar İspaniya Gibraltar üzərində suverenliyini bərpa etməyə dəfələrlə cəhd göstərib. Amma onun bütün cəhdləri fiaskoya uğrayıb. İndi əsasən ya siyasi bəyanat, ya da İspaniya kral ailəsinin Britaniya monarxiyasının keçirdiyi mərasimlərə dəvətə etinasızlığı formasında ifadə olunan müasir cəhdləri də uğurlu saymaq mümkün deyil.

Beləliklə, Gibraltar iyulun 13-də Utreht sülh müqaviləsinin imzalanmasının 300-cü ildönümünü təntənə ilə qeyd edib. Madrid isə bu günü heç də sevinc dolu tarix saymır. İspaniya zaman-zaman Londonun Piriney yarımadasının müstəmləkəsinə tam son qoymasının vacibliyini dilə gətirsə də, britaniyalılar danışıqlara getmir. 30 minə yaxın əhalisi olan Gibraltar isə Böyük Britaniyanın xarici ərazisi sayılmaqda davam edir (əvvəllər sadəcə müstəmləkə adlandırılırdı).

İki ölkə arasında əsrlərdir davam edən mübahisə iyulun 24-də yeni mərhələyə qədəm qoyub. Bu, Gibraltar hökumətinin qayanın sahillərində süni rif tikmək qərarından sonra baş verib. Bu məqsədlə artıq sahilə betondan olan 70 blok yerləşdirilib. Hökumət bunu dəniz florası və faunası üçün ekoloji sistemin yaxşılaşdırılması cəhdi kimi təqdim edir. İspaniyalı balıqçılar isə tam fərqli fikirdədirlər. Dənizi dolanşıq üçün yeganə vasitə hesab edən insanlar bildirirlər ki, rif onların işinə mane olur - məsələn, balıq torlarını cırır. Avqustun 24-də İspaniya polisi sahilə yerləşdirilmiş beton blokları oradan yığışdırmaq qərarına gəlib. Bundan başqa, dalğıc-polislər suyun altında İspaniya bayrağı açaraq onun fonunda şəkil çəkdirib, sonradan həmin fotoları Twitter sosial şəbəkəsində yerləşdiriblər.

İspanlar bununla da kifayətlənməyiblər. Madrid Gibraltarla həmsərhəd olan buraxılış məntəqəsində gücləndirilmiş nəzarət sisteminə keçib. Gibraltarda dəbdəbəli istirahət zonasının tikintisi üçün qum aparan yük maşınları oraya buraxılmayıb. Nəticədə sərhəddə böyük piyadalar və avtomobil növbəsi yaranıb. İspaniya hökumətində sərhəddə bu cür nəzarətin tamamilə düzgün olduğunu düşünürlər. Bundan başqa, Madrid anklav ərazisinə girişin pullu olacağına (50 avro) dair də xəbərdarlıq edib.

Nəticədə Avropa İttifaqının icra və məhkəmə orqanlarına ünvanlanmış şikayətlərin ardı-arası gəsilmir. Gibraltar hökuməti növbələrdə qalmış və bundan narazı olan bütün vətəndaşlar adından Avropa Komissiyasına şikayət etmək qərarına gəlib. İnsanlar Madridin bu addımı ilə onların birləşmiş Avropada azad hərəkət etmək hüquqlarının pozulduğunu bildirirlər.

İspaniyanın Kənd Təsərrüfatı, Ərzaq Məhsulları və Ətraf Mühitin Mühafizəsi Nazirliyi isə öz növbəsində Gibraltarın ətraf mühitin mühafizəsinə dair razılaşmanı pozduğunu iddia edir və bu üzdən anklav rəhbərliyini məhkəməyə verib.

Qeyd etmək lazımdır ki, ispanlarla britaniyalılar arasında bu cür qarşıdurmalar əvvəllər də olub. Britaniyanın dəniz polisi tez-tez ispanlara məxsus balıqçı gəmilərini və mülki qvardiyasını sıxışdırır. Vaxtilə hava məkanı və idman sahəsində də qarşıdurmalar yaşanıb. Lakin hələ ki, tərəflər bütün belə halları xüsusi insident olmadan ötüşdürə bilirlər.

Bütün bunlarla yanaşı, Gibraltar ətrafında Britaniya-İspaniya qarşıdurmasının qızışmasının tamamilə başqa səbəbinin olduğu da bildirilir. Məsələ ondadır ki, Qaya vergi cənnəti, offşor ərazidir. Orada dünyanın hər yerindən təxminən 90 min bank və investisiya təşkilatı qeydiyyatdan keçib. Əsas gəlir mənbəyi maliyyə sektoru və onlayn kazinolardır. Gibraltara gedə bilmək üçün Britaniyanın xarici ərazilərinin vizası tələb olunur. Bununla yanaşı, sözügedən ərazi Böyük Britaniya vasitəsilə Avropa İttifaqının üzvüdür. Halbuki, Aİ-nin məsələn, ümumi kənd təsərrüfatı siyasəti və ya gömrük rüsumlarının tənzimlənməsi qaydaları Qayaya şamil olunmur. Gibraltarda gəlir vergisi tətbiq olunmur. Odur ki, İnternet vasitəsilə kazino işlədən şəxslər özlərini orada çox rahat hiss edirlər.

Bu arada son zamanlar offşorların dünya iqtisadiyyatının tənzimlənməsindəki roluna əhəmiyyətli dərəcədə yenidən baxılır. Bu, 2008-ci ildə yaşanmış qlobal iqtisadi böhrandan sonra gündəmə gəlib. Heç kim offşorları məhv etməyə hazırlaşmır. Lakin dünya iqtisadiyyatının elitası bank sirri və maliyyə axınlarına daha çox nəzarət edilməsinin, onlar haqqında ifnormasiyaların daha çox olmasının vacibliyi qərarına gəliblər. Çünki biznesi vergi və dövlətin təzyiqindən qoruyan sakit ada büdcə kəsirlərinin əsas səbəbkarlarından biri sayılmağa başlayıb. Avropanın bir çox ölkələrində olduğu kimi, İspaniyada böhran və işsizlik hökm sürürsə, Britaniyanın xaricdəki ərazisi əksinə, çiçəklənməkdədir. 2012-ci ildə Giraltarda iqtisadi artım 7,8% təşkil edib, işsizliyin səviyyəsi isə cəmi 2,5% olub. İspaniyada isə işsizlik 26%-dir. Gənclər arasında bu rəqəm daha yüksəkdir - 50%-dən çox. Anklavın hər bir sakininin illik gəliri İspaniya vətəndaşının gəlirindən təxminən 30 min çoxdur.

Beləliklə, İspaniya hökumətinin əməllərilə yalnız özlərini yox, bütünlükdə Avropa İttifaqını qoruduqlarına dair bəyanatında Brüsselin səsini eşitmək mümkündür. Avropalı siyasətçilərin təzyiqləri nəticəsində Gibraltar artıq şirkətlərə gəlir vergisinin tətbiq olunmaması qaydasını dəyişməli olub. İndi bu vergi 10% (müqayisə üçün qeyd edək ki, İspaniyada o, 30%-dir) təşkil edir. Bundan başqa, Aİ rəhbərliyinin təzyiqilə Gibraltar hesabların açılması qaydalarına yenidən baxmalı olub, bir sıra ölkələrdə maliyyə informasiyası mübadiləsinə dair müqavilələr imzalanıb, şirkətlərdən illik balans hesabatı vermələri tələb olunmağa başlanıb.

Amma görünən odur ki, bu tədbirlər kifayət deyil. İspaniyanın baş naziri Mariano Raxoy Avropa Komissiyasını Gibraltarda "Avropanın vergiqoyma, qaçaqmalçılıq və çirkli pulların yuyulması ilə bağlı qanunvericiliyinin tələblərinin pozulub-pozulmadığını yoxlamağa" çağırıb. İspanlar anklav ərazisindən milyonlarla keyfiyyətsiz tütün məmulatının daşındığını və bu ticarətin ildən-ilə genişləndiyini bildirirlər. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu artıq sentyabrın əvvəlində Gibraltara sərhədçilərin yoxlanılması üçün xüsusi komissiyanın göndəriləcəyini bəyan edib. Yeri gəlmişkən, ondan bunu Devid Kemeron istəyib. Britaniyanın baş naziri əmindir ki, ispanların əməlləri siyasi məqsədlər daşıyır və Avropa İttifaqı vətəndaşlarının hüquqlarını pozur.

Bütün bunlarla yanaşı, sözügedən münaqişənin beynəlxalq arenaya çıxması ehtimalı da kifayət qədər realdır. Madrid artıq məsələnin BMT-də müzakirə edilə biləcəyini bildirir, üstəlik Argentinanı bu məsələdə öz tərəfinə çəkməyə çalışır. Bəzi məlumatlara görə, İspaniyanın xarici işlər naziri artıq gələn ay Buenos-Ayresə yollanmaq fikrindədir. O, Argentinada "müstəmləkəçi Britaniya imperiyasının qalıqlarının yox edilməsi" məsələsinin BMT-də qaldırılmasını müzakirə etməyi planlaşdırır.

Müşahidəçilər isə Madridin bu hədələrinin mənasız olduğunu bildirirlər. Birincisi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan London üçün bu qurumda müzakirə o qədər də qorxulu təsir bağışlamır. İkincisi, İspaniyanın özü də hələ ki, müstəmləkəçi keçmişindən tam qopa bilməyib və hələ də Mərakeşdə iki forposta sahibdir. Üçüncüsü, 2002-ci ildə Gibraltarda keçirilmiş referendumda anklav sakinləri İspaniyal ilə birgə idarə olunmanı yekdilliklə rədd ediblər. Yeri gəlmişkən, Folklend adalarının siyasi statusu ilə bağlı bu yaxınlarda keçirilmiş və səsvermə hüququ olan insanların 91%-nin qatıldığı referendumda seçicilərin demək olar ki, hamısı (99,8%-i) adaların Britaniyanın xaricdəki ərazisi kimi qalmasına səs verib. Nəhayət, dördüncüsü, Madridin özü də Londonla açıq qarşıdurmaya getməyə o qədər də cəhd göstərmir. Məsələn, İspaniyanın baş naziri Mariano Raxoy Londona 2012-ci ildə etdiyi səfəri zamanı Gibraltar mövzusuna ümumiyyətlə toxunmamışdı. Belə bir fikir də var ki, Madrid Gibraltar hökumətinin əməllərinə etiraz etməklə bəlkə də, öz vətəndaşlarının diqqətini ciddi iqtisadi və daxili siyasi problemlərdən yayındırmağa çalışır.

Britaniyalılar isə daha qərarlıdırlar. Dumanlı Albion siyasətçilərindən biri, hətta 1982-ci ildə Folklend adalarına edilmiş qələbə yürüşünü belə, xatırlatmağı lazım bilib. Ola bilsin ki, Gibraltara "Vestminster" freqatının göndərilməsi də bununla bağlıdır (rəsmi versiyaya görə, hərbi gəmi oraya Aralıq dənizində planlaşdırılmış təlimlərdə iştirak niyyətilə göndərilib). London Avropa Məhkəməsinə İspaniyadan şikayət oluna biləcəyini də istisna etmir.

Beləliklə, görünən odur ki, dünya birlyinin iqtisadi böhranı necə aradan qaldıracağından və İspaniyanın borc məngənəsindən çıxa bilib-bilməməsindən asılı olaraq, ispan mirası uğrunda müharibə davam edəcək. Bu mənada Britaniya ilə Brüssel arasında münasibətlərin necə inkişaf edəcəyini də diqqətlə izləmək lazımdır. Çünki Aİ-yə üzvlük nəticəsində iqtisadi, sosial və digər qazanclardan məhrum olma gibraltarlıları Britaniya ilə bağlı prioritetlərinə yenidən baxmağa vadar edə bilər...



MƏSLƏHƏT GÖR:

748