14 Mart 2025

Cümə, 10:34

PRİORİTETLƏRİ DƏYİŞMƏK VAXTIDIR

Dünya Azərbaycana lazımi diqqətin ayrılmadığını anlamağa başlayıb

Müəllif:

10.09.2013

Ötən həftə Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NBM) ilə Madrid Klubu arasında "Ali səviyyədə görüş" keçirilib.

Forumda yüksək rütbəli qonaqlar iştirak ediblər: müxtəlif ölkələrin sabiq dövlət və hökumət başçıları, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və s.

Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarına təbrik məktubu ünvanlayıb. Dövlət başçısının məktubunu oxuyan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov görüşün məqsədini də açıqlayıb: "Birgə Cəmiyyətlər Forumu 2014"ə layiqli hazırlıq, yaxın il üçün iş planı və strategiyanın hazırlanması, dünyada Azərbaycan haqqında məlumatların yayılmasına yardım. O, tədbirin Bakıda keçirilməsinin müsəlman dünyasında baş verən təlatümlər fonunda Azərbaycandakı sabitlik və firavanlıqla bağlı olduğunu da qeyd edib.

Daha sonra Latviyanın sabiq prezidenti, NBM-in həmsədri Vayka Vike Freyberqa görüşün əsas məqsədinin BMT-nin dayanıqlı inkişafı ilə bağlı iclas üçün tövsiyələrin hazırlanması olduğunu bildirib. Onun sözlərinə görə, birgə cəmiyyətlər layihəsi milli, irqi, cinsi əlamətlərə görə ayrı-seçkiliyin yayıldığı cəmiyyətin problemlərinin həllinə yönəldilib.

İsgəndəriyyə Kitabxanasının direktoru, NBM-in həmsədri və Madrid Klubunun üzvü İsmail Serageldin bu cür beynəlxalq forumların Bakıda keçirilməsini yüksək qiymətləndirib, görüşün birgə cəmiyyətlər layihəsinin reallaşdırılmasına töhfə olacağına ümidini ifadə edib.

Finlandiyanın sabiq baş naziri Tarya Halonen birgə cəmiyyətlər layihəsinin 2015-ci ildən sonrakı dövr üçün də  inkişaf proqramının hazırlanması baxımından əhəmiyyətini, NBM və Madrid Klubunun bu işə marağını vurğulayıb.

Niderlandın eks-prezidenti, Madrid Klubunun prezidenti Vim Kok isə görüşün gündəliyində duran məsələlərin gələcək fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi baxımından vacib olduğunu bildirib.

Forumun əsas mövzularından biri dünya ictimaiyyətinin Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın digər regionlarında hələ də böyük diqqət mərkəzində olan bənzər problemlər kontekstində daha fəal iştirakı perspektivlərinin müzakirəsi olub. Bundan başqa, tədbir iştirakçıları Azərbaycanda öz həllini çoxdan tapmış açıq cəmiyyətlərin qurulması, dini dözümlülük, milli azlıqların və qadınların hüquqları kimi məsələlərə də xüsusi diqqət yetiriblər.

Qeyd etmək lazımdır ki, bu,  forumda iştirak etmiş fəxri qonaqların Bakıya ilk gəlişi deyil. Ölkənin dünyada artan əhəmiyyəti, son dərəcə qeyri-sabit regionda Azərbaycana "qeyri-sabit dünyada sabitlik adası" adını qazandırmaq praqmatik, ölçülüb-biçilmiş siyasət getdikcə keçmiş və indiki siyasətçilərin diqqətini daha çox cəlb edir. Maraqlıdır ki, artıq Azərbaycan haqqında yalnız enerji resursları ilə zəngin bir dövlət kimi danışmırlar. Hər bir sıravi azərbaycanlı üçün dövlətlərarası münasibətlərin kiçik dövlətlərə xas olan "vassal-süzeren" prinsipi yox, bərabərhüquqlu əsaslar və qarşılıqlı hörmət prinsipi əsasında qurulması, ətrafdakı ölkələrin böhran içində çapalağıdı bir vaxtda iqtisadi sabitliyin təmin olunması artıq adi hal kimi görünür. Halbuki, dünyanın bir çox ölkələri bu yanaşmanı götürmək üçün Azərbaycan reallıqlarını daha dərindən öyrənməyə çalışırlar. Xarici ölkələri cəlb edən ən başlıca amil isə əlbəttə ki, Azərbaycandakı tolerantlıq ənənəsi, çoxmillətli dövlətin əsrlərboyu müxtəlif dinlərə, millətlərə məxsus insanların birlikdə dinc şəkildə yaşamasına yaratdığı imkandır. Halbuki, regionun digər ölkələrində müntəzəm olaraq müxtəlif qarşıdurmalar yaşanır.

Geniş beynəlxalq ictimaiyyətin Azərbaycan haqqında məlumatlandırılması Bakının xarici siyasətində çoxdandır ki, əsas prioritetlərdən biridir. Azərbaycan dünyada yalnız enerji resursları ilə tanınmasını istəmir. Belə forumların keçirilməsi kimi addımlar da bu istiqamətdə ciddi işlərdən biridir. Forumun keçirildiyi həftə, həmin tədbirdən bir neçə gün əvvəl Bakıya xarici ölkələrin nüfuzlu ekspertləri gəlmişdilər. Onların arasında Amerikanın ən nəhəng "beyin mərkəzləri"ndən olan "Stratfor"un rəhbəri Corc Fridman, Ceymstaun Fondunun rəhbəri Qlen Hovard, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Ölkələrinin Tədqiqi Mərkəzinin direktoru Stanislav Çernyavski və digərləri var idi. Onlar, həmçinin Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumunun digər iştirakçıları çıxışlarında dünyanın Azərbaycana lazımi diqqəti göstərmədiyini, onun özü üçün başqa, əksər vaxtda yanlış prioritetlər müəyyənləşdirdiyini bildiriblər. Bu fikri təsdiqləyən bir neçə sitata nəzər salaq.

"ABŞ Cənubi Qafqazda təhlükəsizliyin təmininin nə qədər vacib olduğunu tam ciddiliyi ilə anlayır. Amma bununla yanaşı, məsələyə lazımi qədər diqqət göstərilmir", - deyə Q.Hovard bildirib.

"Azərbaycanın dünyəvi əhəmiyyət daşıması heç də onun Rusiya, İran və Türkiyə ilə həmsərhəd olması ilə bağlı deyil. Rəsmi Bakı həm də ABŞ-ın tərəfdaşıdır və Azərbaycanın gələcəyi yalnız regionla yox, dünya ilə bağlıdır. Bununla yanaşı, bu gün Azərbaycan böyük risklərlə üz-üzədir və o, bu risklərin öhdəsindən təkbaşına gəlmək məcburiyyətindədir", - deyə D.Fridman qeyd edib.

"Mənim fikrimcə, Rusiya hələ ki, Azərbaycan diplomatiyasının uğurlarından kifayət qədər istifadə etmir. Bu, Qafqazda mövcud olan problemlərə də aiddir", - deyə S.Çernyavski bildirib.

Dünyanın diqqətinin Azərbaycana yalnız onun enerji resursları və ya regional problemlər (İran, Yaxın Şərq və sair) kontekstində cəlb edilməsi kökündən yanlış yanaşmadır və son dövrlər bu daha sıx-sıx qeyd edilməkdədir. Politologiya professoru, Kanzas Dövlət Universitetinin (ABŞ) Rusiya və Şərqi Avropa üzrə aparıcı eksperti Deyl Hersprinq Azərbaycana bu qədər diqqətsizlik göstərilməsindən hiddətini gizlətmir: "Düşünürəm ki, Vaşinqtonda Amerikanın bu regionda kifayət qədər fəal siyasət aparmadığına dair məsələni qaldırsam, məni dəli adlandırarlar. Deyərlər, Aralıq dənizi regionunda baş verənlərə bax...", - deyə ekspert bu cümlələrin müəllifi ilə söhbətində bildirib.

Azərbaycanın potensialı həqiqətən də Xəzər regionunun inkişafı ilə bağlı geosiyasi strategiya quranların diqqətindən çox tez-tez yayınır. Nüfuzlu amerikalı ekspert, Uilson Mərkəzinin məsləhətçisi Aleksandros Petersen bunu açıq şəkildə dilə gətirib. Amerikanın "The New-York Times" qəzetində çap olunmuş məktubunda A. Petersen bu qəzetdə bir müddət əvvəl Cənubi Qafqazın üç ölkəsi  ilə bağlı dərc olunmuş tənqidi məqalənin müəllifləri  ilə razılaşmadığını qeyd edir. O, hesab edir ki, məqalənin müəllifləri (onların arasında ABŞ-ın Bakıdakı sabiq səfiri R.Kozlariç də var) Azərbaycan və Gürcüstanın geosiyasi əhəmiyyətinə diqqət yetirməyiblər. Halbuki, bu gün Bakı ilə Tiflis öz müstəqilliklərini təkbaşına qoruyub-saxlayırlar. "İndi bu aparıcı dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin müzakirə olunması vaxtıdır. Xüsusilə bir məqam nəzərə alınmalıdır ki, onların Şimalda və Cənubdakı daha nəhəng qonşuları ilə münasibətlərində gərginlik var", - deyə ekspert qeyd edib. Beləliklə, görünür, dünya Azərbaycanı və onun imkanlarını düzgün qiymətləndirmədiyini anlamağa başlayıb. Azərbaycan əvvəllər olduğu kimi, indi də dünyaya açıqdır, ona təbii resurslar, investisiyalar və sair kimi maddi dəyərlərdən daha çoxunu  təklif edir. Azərbaycanın əhəmiyyəti artıq region çərçivəsini aşıb. Bu gün o, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, regional sabitlik və inkişafda həlledici amil, dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi hərəkatının təşəbbüskarıdır, beynəlxalq arenada özünü əhəmiyyətli oyunçu kimi təsdiqləyir, qlobal miqyaslı məsələlərin həllində ciddi rol oynayır. Bir sözlə, dünya ictimaiyyətinin bu əməkdaşlıq təklifini tam qiymətləndirməsinin və uzanan bu əli sıxmasının vaxtıdır.



MƏSLƏHƏT GÖR:

693