13 Mart 2025

Cümə axşamı, 16:59

"İYİRMİLİK" PARÇALANDI

"G20" üzvləri Suriya məsələsində barrikadanın müxtəlif tərəflərindədirlər

Müəllif:

10.09.2013

İqtisadi və maliyyə problemlərinin müzakirəsi üçün nəzərdə tutulmuş meydanda Suriya məsələsinin əsas diqqət mərkəzində olması heç kimi təəccübləndirmədi. "İyirmilik"in toplantısı əvvəlcədən planlaşdırılmışdı. Bu üzdən də dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin üz-üzə gəlməkdən başqa, yolu yox idi. Və əlbəttə ki, bu yüksək səviyyəli dialoqu bütün dünya diqqətlə izləyəcəkdi. Çünki vəziyyət çox qarışıqdır. Yaxın Şərqə artıq xeyli hərbi qüvvə toplanıb, münaqişənin potensial iştirakçılarının sayı ilə bağlı müşahidəçilərin verdiyi proqnozlar isə insanda Üçüncü Dünya müharibəsinin başlana biləcəyi fikrini yaradır. Məsələn, "The Wall Street Journal" yazır ki, İran Suriyaya hərbi müdaxilə təqdirində, Bağdaddakı Amerika səfirliyi və digər obyektlərə hücum olunacağına söz verib. Amerikalıların "Hizbullah" qruplaşması ilə bağlı da müəyyən narahatlığı var. Bunların fonunda Suriya ətrafında baş verənlərin iqtisadiyyata da birbaşa aidiyyətinin olduğu bəllidir - hərbi əməliyyatlar dünya iqtisadiyyatının əsas enerji resursları tədarükçüsü olan regionda yaşana bilər.

Amma "iyirmilik" liderləri iradə nümayiş etdirərək, əsas müzakirə mövzusundan yayınmadılar - dünyanın iqtisadi sisteminin tədricən canlandırılması, vergilər, işsizliklə mübarizə məsələləri müzakirə edildi. Suriya məsələsi isə səhər yeməyinə, nahara və şama saxlanıldı. Bu zaman dövlət başçıları jurnalistlərin iştirakı olmadan, qeyri-formal müzakirələr apara bilirlər. Amma liderlərin süfrəsindəki ləzzətli yeməklər də gərginliyin azalmasına yardım etmədi. Qərb KİV-in birbaşa Sankt-Peterburqdan verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Pentaqondan Suriyaya zərbələrin endiriləcəyi obyektlərin sayını artırmağı tələb edib. Əvvəlcə söhbət yalnız artıq Aralıq və Qırmızı dənizlərdə, həmçinin Fars körfəzində olan gəmilər və sualtı qayıqlardan Suriyaya raket zərbələrinin endirilməsindən gedirdisə, indi ilk dəfə olaraq, əməliyyatlarda Amerika və Fransa təyyarələrindən istifadənin mümkünlüyü haqda da danışıldı.

Bundan başqa, "G20" məhz ilk şam yeməyindən sonra tam yarı bölündü. Rusiya, Çin, Hindistan, İndoneziya, Argentina, Braziliya, CAR kimi ölkələr Suriya probleminin dinc yolla həllinə tərəfdardırlar. Fərqli fikirdə olanlar isə Fransa, Avstraliya, Türkiyə, Kanada, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya, İspaniya və Böyük Britaniyadır. Londonun bu mənada vəziyyəti daha çətindir. Çünki Britaniya parlamenti Suriyaya raket zərbələrinin endirilməsi ideyasını dəstəkləməyib. Almaniya və İtaliya isə tərəddüd içindədir.

Aİ daxilində də Suriya problemilə bağlı tam pozğunluq hökm sürür. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, Avropa İttifaqı Şurasının prezidenti Herman vann Rompey və Avropa Parlamentinin sədri Martin Şults hərbi müdaxiləyə qarşı çıxıblarsa, Litvanın milli müdafiə naziri Yuozas Olekas Aİ müdafiə qurumları rəhbərlərinin Suriyada kimyəvi silahdan istifadə faktını qəbul etdiklərini açıqlayıb. NATO-nun baş verənlərlə bağlı hər hansı səs-küylü bəyanat yaymaması və özünü son dərəcə sakit aparması da çox maraqlıdır. "NATO Suriya münaqişəsinin həllində rolunu genişləndirməyi düşünmür. O, sadəcə müttəfiqlərin müzakirələr aparması üçün meydandır və Türkiyənin müdafiəsi üçün əlindən gələni edir", - deyə NATO-nun informasiya bürosunun direktoru Robert Pşel Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Bütün bunlarla yanaşı, Obama Suriyanın bombalanması qərarına hələ ki, evin içində də tam dəstək ala bilmir. Məsələ ondadır ki, respublikaçı konqresmenlər Bəşər Əsədin getməsini istəməklə yanaşı, deyəsən demokrat prezidentin imicinin korlanmasının da əleyhinə deyillər. Demokratlar isə "öz seçicilərinin mövqeyi haqda düşünürlər. Bu seçicilər amerikanın yeni müharibəyə başlamasına qarşıdırlar". Həqiqətən də, aparılmış son araşdırmalar amerikalıların 48%-nin Suriyaya raket zərbələri endirilməsinə qarşı olduğunu göstərib. Eyni qədər respondent isə Obamanın Suriyaya hansı səbəbdən zərbələr endirilməli olduğunu açıq-aydın izah etmədiyini deyir.

Bunun fonunda bütün Qərb politoloqları Suriyaya tam dəstək verən Putinin mövqeyinin arxasında nəyin dayandığı haqda düşünürlər. Əksəriyyət hesab edir ki, burada söhbət heç də Əsədi qorumaq niyyətindən getmir. Putinin məqsədi Rusiyanın qlobal oyunçu statusunu qoruyub-saxlamaq, daha doğrusu, bərpa etməkdir. Politoloqların fikrincə, Rusiya prezidenti bununla Moskvanın razılığı olmadan taleyüklü qərarların qəbulunun mümkünsüzlüyünü nümayiş etdirməyə çalışır. Bu işdə Kremlin sahibi artıq müəyyən nailiyyətlər də əldə edib. Putini faktiki olaraq, Suriya böhranının həllində əsas fiqur kimi qəbul ediblər və əlbəttə ki, son sammitin Rusiyada keçirilməsi bu effekti daha da artırıb. Hətta Roma Papası Fransisk "G20" sədri kimi, Putinə məktub ünvanlayıb və Rusiyanı bundan sonra da münaqişənin sülh yolu ilə həlli uğrunda mübarizəyə çağırıb. Pontifik problemin hərbi yolla həllini "əbəs və boş cəhd" adlandırıb. Bu səviyyədə yazılmış məktubun nümayişinin nadir fakt olduğu vurğulanır. Odur ki, əslində bu məktub Putinə müraciət deyil. O, Putinin mövqelərinin etirafı və müharibə tərəfdarları qarısında qoyduğu arqumentlərin qəbulu deməkdir.

Rusiya, əlbəttə ki, münaqişənin böyüməsi halında o qədər də sabit olmayan Şimali Qafqazda gərginliyin arta biləcəyindən də narahatdır. Bu üzdən də sammitin yekununda keçirilən mətbuat konfransında Putin ölkəsinin Suriyaya kömək edəcəyini açıq şəkildə dilə gətirdi: "Biz onlara indi də kömək edirik. Silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik".

Moskva mövqeyini Suriyada avqustun 21-də kimyəvi silahdan istifadə olunduğuna dair informasiyanı təxribat sayması ilə izah edir.

 "Bu, əksər istiqamətlərdə qələbə qazanmaqda olan Əsəd ordusunun nəyinə gərək idi?" - deyə Rusiya tərəfi sual edir: "Əsədin günahkar olduğunu bizə sübut edin və biz onu cəzalandırmaq istəyənlərə qoşulaq". Rusiya ilə Qərbin Suriya ilə bağlı istifadə etdikləri terminlərdəki fərq də kifayət qədər maraqlıdır. Məsələn, Qərbdə Əsədə qarşı olan qüvvələr "müxalifət" adlandırılırsa, Rusiya onları "yaraqlı", ən yaxşı halda isə "qiyamçı" adlandırır. Belə qənaət yaranır ki, indiki mərhələdə Rusiya  Qərb ilə diplomatik qarşıdurmada kifayət qədər uğurlu təbliğat aparır. Amma eyni zamanda Moskvanın bəxti də gətirir. Səsi "ya mübahisələrdən, ya da soyuqdəymədən" xeyli xırıltılı çıxan Rusiya prezidenti mətbuat konfransında qalib kimi görünürdü - sanki yorğun və xəstədir, amma təslim olmağa hazırlaşmır...

Təəssüf ki, daha bir siyasi-iqtisadi sammitin nəticəsi Rusiya ilə ABŞ arasında münasibətlərin sürətlə pisləşməkdə davam etməsi oldu. Artıq romantik "yenilənmə" dövrünü heç kim xatırlamır və hazırkı vəziyyət daha çox "gərgiliyi" xatırladır. Üstəlik bu, bütün cəbhələrə aiddir - Suriya, HHM, Snouden. "G20" sammitindən az əvvəl Obama Moskvaya sentyabrın 3-4-də etməli olduğu səfərini də təxirə salıb. "İyirmilik"in sammitinə qatılan Ağ Evin sahibi bununla yanaşı, Putinlə təkbətək görüşdən imtina edib. Bunadək isə Qərb KİV-in yazdığı kimi, Putin amerikalı həmkarını hətta aeroportda qarşılamamışdı. Amma sonradan Putinlə Obamanın "ayaqüstü" yox, əyləşərək söhbətləşdikləri, lakin hər birinin öz mövqeyində qaldığı məlum oldu. Yaxın vaxtlarda isə Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Lavrov ilə Kerri arasında dialoq olmalıdır. Kapitolidə soyuq qarşılanacaqları proqnozlaşdırılan Rusiya parlamentariləri isə Vaşinqtona getməyəcəklər.

Bütün baş verənlər fonunda açıq təəssüf yaradan məqam BMT-nin imicinə daha bir zərbənin dəyməsidir. Təşkilatın baş katibi Pan Gi Mun sammitə qatıldı, çıxış etdi və hər kəsi sülhə çağırdı. Amma hər kəs bilir ki, onun sözləri sadəcə fon yaratmaq üçündür və heç nəyi həll etmir. Faktlar göstərir ki, bu gün ABŞ Konqresində danışılanlar BMT Təhlükəsizlik Şurasında baş verənlərdən daha ciddi  nüfuza malikdir.

Beynəlxalq hüquq normalarına görə, suveren dövlətə hərbi güc tətbiqi yalnız iki halda mümkündür - ya özünümüdafiə məqsədilə, ya da BMT TŞ-nin sanksiyası əsasında. Obama isə öz növbəsində kimyəvi silahdan istifadəni qadağan edən bəyannamənin olduğunu önə çəkir. Doğrudur, bu məsələdə o, haqlıdır. Amma bu iki məsələdən hansının, niyə və hansı halda daha güclü olduğunu kim izah edə bilər? Hər halda, dünyanın aparıcı dövlətlərinin liderləri bu suala cavab vermək iqtidarında deyillər. Kimlərsə tam haqlı olaraq bədnam vetonun Təhlükəsizlik Şurasını iflic etdiyini söyləyə bilər. Amma belədirsə, BMT Nizamnaməsi dərhal yenidən nəzərdən keçirilməlidir. Amma bu, hər bir saatın dəyərli olduğu, söhbətin insan həyatından getdiyi böhran dövründə edilməməlidir.

Diplomatların məsləhətləşdiyi, ekspertlərin sübutları laboratoriyalarda araşdırdığı, jurnalistlərin "iyirmilik" liderlərinin fikirləri və davranışlarını təhlil etdiyi vaxtda dinc əhali arasında qurbanların sayı durmadan artır. Və belə bir fonda artıq hər şey adama simvolik gəlir - hətta "G20" ölkələrinin liderlərinin hansı ardıcıllıqla - rus, yoxsa ingilis əlifbası ilə oturması ətrafında mülahizələr də. Adətən, ardıcıllıq məhz ölkələrin adlarının əlifba sırası ilə müəyyənləşir. Lakin rus variantına üstünlük verildiyi təqdirdə Putinlə Obama "iyirmilik"in sammitində, demək olar ki, yanaşı əyləşməli idilər - onların arasında yalnız Səudiyyə Ərəbistanı kralı olmalı idi. Bu üzdən də ardıcıllığın ingilis əlifbası ilə müəyyənləşdirilməsinə üstünlük verilmişdi. Bu halda Kreml və Ağ Ev sahiblərinin arasında beş həmkarı otururdu. Bu rokirovka sosial şəbəkələrdə çoxsaylı lətifələrə və anlaşılmaz şərhlərə yol açıb. Bütün dünyadan olan İnternet istifadəçiləri məsələnin bu qədər qəlizləşdirilməsinə anlam verə bilmirlər - məgən prezidentlər savaşacaqdılar?

"İyirmilik"in sammitində Obama ilə Putin çox "dinc" şəkildə fikir ayrılıqlarını qoruyub saxladılar. Amma bir sual açıq qaldı: hansı tərəf qalib gələcək - "rus", yoxsa "ingilis"?

İstərdik ki, onlar birlikdə fəaliyyət göstərsinlər. Həm də hamıya aydın olan, hər kəs tərəfindən qəbul edilən ümumi qaydalarla...



MƏSLƏHƏT GÖR:

627