
İRAQ ZORAKILIQ ÜZRƏ REKORD VURUR
Dini zəmində düşmənçiliyin qızışdırılması hədəf yox, vasitədir
Müəllif: İrina XALTURİNA Bakı
İlk baxışdan Suriya ətrafında baş verənlər İraqı dünya ictimaiyyətinin diqqət mərkəzindən sıxışdıraraq çıxarıb. İnternetdə və ya çap mətbuatında İraq şəhərlərindən birində törədilmiş növbəti terror aktı haqda məlumatı nəzərdən keçirdikdə biz, güman ki, etinasız şəkildə xəbərin başlığını oxumaqla kifayətlənirik. Nədənsə artıq İraqda ölənlər jurnalistləri və beynəlxalq hüquq müdafiəsi təşkilatlarını Suriyada baş verənlər qədər dəhşətə gətirmir. Sanki artıq hamı İraqın yalnız dünya sivilizasiyasının beşiyi, bir çox millətlərin və etnik-dini qrupların vətəni yox, həm də sünnilərlə şiələr arasında şiddətli toqquşmalar meydanı olmasına öyrəşib. Artıq hamı İraqı qarışıq, daim çalxalanan, xaos və vətəndaş müharibəsindən hələ çox uzaqda olan demokratiyaya keçməyə çalışan ölkə kimi qəbul edir. Səddam Hüseyn asılıb, Buşun "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin gö- yərtəsindəki qələbə çıxışının əks-sədası çoxdan yox olub, Üsəma ben Ladenin qalıqları haradasa okeanın dibindədir, amerikalı əsgərlər evlərinə qayıdıblar, artıq 7 ildir İraq hökuməti fəaliyyətdədir, lakin, bu Yaxın Şərq ölkəsində zorakılığın səviyyəsi getdikcə yeni rekordlar vurur. BMT-nin məlumatına görə, bu ilin əvvəlindən İraqda 5000-dən artıq insan qətlə yetirilib. Onlardan 804-ü bu ilin avqustunda öldürülənlərdir. Bu dövr ərzində ölkədə yaralananların sayı 10 min nəfər civarındadır. Bu, 2008-ci ildən sonrakı dövrdə ən yüksək rəqəmdir.
Sentyabrın 15-də isə İraqı bir-birinin ardınca törədilən silsilə partlayışlar əməlli-başlı silkələdi. Terror aktları nəticəsində, təxminən, 60 nəfər həlak oldu. Partlayışların əksəriyyəti şiə əhalisinin üstünlük təşkil etdiyi şəhərlərdə baş verib. Terrorçular avtomobilləri, bazarları, ərzaq dükanlarını partladıblar. Bundan başqa, sənaye rayonlarında, tikililərin yaxınlığında və hökumət məmurlarının kortejinin hərəkət etdiyi yollarda da partlayışlar törədilib.
Amma İraqda yalnız şiələrin zərər çəkdiyini söyləmək olmaz. Bu terror aktından 2 gün əvvəl Bakuba şəhərində sünnilərə məxsus məsciddə törədilmiş terror aktı nəticəsində, təxminən, 30 nəfər həlak olmuş, 25 insan yaralanmışdı. Partlayış insanların cümə namazından sonra evlərinə qayıtdıqları zaman baş vermişdi. Bundan bir gün sonra kamikadze İraqın şimalında, Mosul şəhəri yaxınlığında keçirilən dəfn mərasimində özünü partlatdı. Bu, 20 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb oldu. Onların hamısı milli-dini qrupun üzvləri - şabaklar idilər. Şabaklar özlərini müsəlman sayırlar (əsasən şiə, bəzən isə sünni). Lakin onların dinində xristianlıq və zərdüştlük elementləri də var. Müqəddəs Ramazan ayı ərzində də İraqda həm şiə, həm də sünni rayonlarında partlayışlar olub. Hətta həmin ay son 5 ilin ən qanlı ayı kimi yadda qalıb...
Zorakılığın əsas səbəbi kimi İraqın sünni və şiə icmaları arasındakı düşmənçilik göstərilir. Bu tarixi hər kəs bilir - Səddam Hüseynin hakimiyyəti dövründə sünnilər hakimiyyət başında idilər, hökumət, ordu və iqtisadiyyat onların nəzarətində idi. Şiələr, xüsusilə şiə ruhanilər isə əksinə, hökumət tərəfindən təqib olunurdu. İraqın şiələrin yaşadığı cənub hissəsi iqtisadi baxımdan daha kasıb idi. Onlara sosial yardımlar da çox az miqdarda göstərilirdi.
Lakin 2003-cü ildə həyata keçirilmiş "İraq azadlığı" əməliyyatından sonra ölkəyə rəhbərlik əsasən şiələrin əlinə keçdi. İndi onlar sünnilər tərəfindən vaxtilə özlərinə qarşı törədilmiş cinayətlərdə ittiham olunurlar - repressiyalar, əsarət, kütləvi həbslər və s. Sünnilər baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi şiə hökuməti tərəfindən sistemli ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edirlər.
Bununla yanaşı, əl-Maliki hökumətinin ölkəyə Səddam Hüseyn qədər sərt və möhkəm nəzarət etdiyini söyləmək mümkün deyil. Əksinə. Bu mənada iyulda iki həbsxanaya (Əbu-Qreyb və Taci) edilmiş hücumları xatırlatmaq kifayətdir. Həmin insidentlər nəticəsində "Əl-Qaidə" ilə əlaqədə təqsirləndirilən minədək məhbus (!) türmədən qaçıb. Türmələrin mühasirəsi bir neçə saat davam edib və ora hücum edənlər minaatanlar da daxil olmaqla, ağır silahlardan belə, istifadə ediblər.
Həbsxanalara edilən hücumlara, həmçinin şiə rayonlarındakı son partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Amma əsas şübhələr "Əl-Qaidə"nin yerli qanadı olan "İraq İslam Dövləti"nin (İİD) üzərindədir. İİD şiə hökumətilə mübarizəni yalnız şiələrin yaşadığı rayonlarda partlayışlar törətməklə deyil, hökumət və hüquq-mühafizə orqanları nümayəndələrinin qətlilə apardığını dəfələrlə bəyan edib. ABŞ Dövlət Departamenti bu ilin avqustunda yaydığı müraciətdə İraqda növbəti partlayışlar dalğasını pisləyib və baş verənlərin "Əl-Qaidə" yaraqlılarının təşkil etdikləri terror aktlarına bənzədiyini vurğulayıb.
İraq hökumətisə təhlükəsizlik baxımından "Şəhidlərin qisası" adlı kampaniyaya başlayıb. Kampaniyanın gedişində təhlükəsizlik qüvvələri paytaxtın rayonlarında "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən qüvvələrdən təmizləməyə çalışıb. Əməliyyatlar, əsasən, Bağdadın sünnilərin yaşadığı rayonlarında aparılıb, yüzlərlə insan həbs olunub. Sünnilər isə həbs olunanların əksəriyyətinin əsassız yerə tutulduğunu bildirirlər. Yeri gəlmişkən, bundan bir qədər əvvəl Havica şəhərində sünnilərin keçirdikləri nümayiş odlu silahdan istifadə ilə dağıdılmış və bu zaman onlarla insan həlak olmuşdu.
Belə çıxır ki, hər iki tərəf eyni mübarizə üsullarından istifadə edir və bu, əksər vaxt "ölüm eskadronu" üsulu olur...
Bütün bunlara rəğmən, İraqda hər növbəti terror aktı haqda xəbərlərdə əksər hallarda dini məqam haqda heç nə deyilmir - sadəcə bunun "radikal islamçıların" işi olduğu bildirilir. Bu islamçıların kimlər olduqlarına, ölkəyə haradan gəldiklərinə (yaxud dünyanın ən güclü ordusunun 10 illik səylərinə rəğmən, onların nədən bitmədiklərinə) dair suala heç yerdən dəqiq və birbaşa cavab almaq mümkün deyil. Bu islamçıların nüfuz dairəsinin sərhədlərinin harada bitməsi, onların haradan və necə maliyyələşdikləri haqda suallar da cavabsız qalır. Məsələn, İraqda bu yay ərzində baş vermiş terror aktlarının miqyası göstərir ki, onları təşkil edən kimdirsə, bu "kim"in maliyyə problemi yoxdur.
Nəhayət, daha bir önəmli məqam - bu radikallar bitib-tükənməyən terror aktları ilə nəyə nail olmağa çalışırlar? Yaxın Şərq üzrə ekspertlərin, demək olar ki, hamısı suala eyni cavabı verir: "Radikal islamçıların hədəfi islamdakı iki cərəyan arasında düşmənçiliyi qızışdırmaqdır". Amma axı, bu, öz-özlüyündə hədəf ola bilməz - məntiqlə aydındır ki, "düşmənçiliyin qızışdırılması" yalnız vasitə ola bilər. Amma bu vasitə ilə nəyə nail olunmağa çalışılır? Hədəf nədir?
Bundan başqa, bu radikal islamçılar arasında kimin kimə tabe olduğunu, kimin kimin arxasında dayandığını və ideologiyanın, dinin harada bitdiyini və başqa maraqların haradan başlandığını da anlamaq çətindir.
Yeri gəlmişkən, bu qarışıqlıq Suriyadakı hazırkı vəziyyətə çox bənzəyir. "The Telegraph" IHS Janes araşdırma mərkəzinə istinadən yazır ki, hazırda Suriyada minlərlə qrup öz aralarında və Əsəd ordusuna qarşı vuruşur. Onların ən radikalı isə "Əl-Qaidə" və onun artıq çoxdan tam müstəqil fəaliyyət göstərən İraq "filialı" ilə əlaqəli qruplarıdır.
"Le Figaro" da BMT-nin məlumatlarına istinadla eyni şeyi yazır. Bununla yanaşı, görünən odur ki, adları çəkilən müxtəlif qruplara məxsus yaraqlılar sərbəst şəkildə bir ölkədən başqasına keçir və bunun üçün onların vizaya, əlbəttə ki, ehtiyacları yoxdur - silah gəzdirməyə olmadığı kimi. KİV-də isə artıq onların yeni adına da rast gəlinir - "İraqda və Levantada islam dövləti". Deyəsən, Suriyada baş verənlər diqqəti İraqdan nəinki çəkmir, əksinə, daha da dərinləşdirir. Yoxsa bu bir zəncirin bəndləridir?
İraqda baş verənləri yalnız sünnilərlə şiələrin bir-birlərinə nifrətilə əlaqələndirmək də çox primitivlik və həyasızlıq olardı. Məgər, bu insanlar arasında düşmənçilik o qədər dərindir ki, onlar icmalarının ən gənc və perspektivli üzvlərini hər gün qurban verməyə, bombaların qadınları və uşaqları hissələrə bölməsinə tamaşa etməyə hazırdırlar? Sünnilər və şiələr islamın eyni fundamental qanunlarına əməl edirlər. Sadəcə dini qanunlara və təcrübəyə fərqli yanaşırlar. Aydındır ki, bu, uzun illər davam edəcək qanlı müharibəyə əsas deyil. Üstəlik, bu, 21-ci əsrdə, qanuni yolla seçilmiş dünyəvi hökumətin mövcud olduğu bir dövlətdə...
MƏSLƏHƏT GÖR: