14 Mart 2025

Cümə, 10:34

KATALON OCAĞI

Getdikcə güclənən separatçılıq İspaniyaya rahatlıq vermir

Müəllif:

24.09.2013

Dünyanın separatçılıq zəmnində yaşanan ən uzunömürlü münaqişələrindən biri bu günlərdə yenidən gündəmə gəlib. Müasir dövrdə o, istisnasız olaraq dinc yolla cərəyan etsə də, prosesin inkişafı və daha vacibi, mümkün fəsadları Avropanın aparıcı dövlətlərindən birinin taleyində həyati rol oynaya bilər. Söhbət Kataloniya muxtariyyətinin Madriddən tam müstəqillik tələb etdiyi İspaniyadan gedir.

Katalonların yenidən fəallaşması ötən il yerli parlamentə keçirilən seçkidə millətçi qüvvələrin qələbə qazanması ilə başlayıb. Sonradan 2013-cü il yanvarın 23-də katalon parlamentarilər böyük səs çoxluğu ilə Kataloniyanın "suveren hüquqi və siyasi subyekt" statusu haqqında bəyannaməni qəbul ediblər. Bu, 2014-cü ildə muxtariyyətin gələcəyilə bağlı referendumun keçirilməsinin yolunu açıb. Mayda İspaniya Konstitusiya Məhkəməsi bu bəyannaməni ləğv edib. Sentyabrın ortalarında isə İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya muxtariyyətinin müqəddəratını təyin etməsi və onun mümkün müstəqilliyi məqsədilə referendum keçirilməsinə dair sorğunu rədd edib.

Amma kataloniyalılar hələ Madridin ortaya bu qədər sərt mövqe qoymasınadək izdihamlı bir aksiya keçirmişdilər. O, muxtariyyət əhalisinin ən azı bir hissəsinin müstəqillik qazanmaqda israrlı olduğunu üzə çıxarmışdı. Sentyabrın 11-də Kataloniya sakinləri Kataloniya paytaxtı Barselonadan Piriney dağlarınadək 400 kilometr uzunluğunda canlı zəncir yaratmışdılar. Bu "zəncir" 86 yaşayış məntəqəsindən keçirdi. "Kataloniyanın müstəqillik yolu" adlandırılan aksiya tarixi günə - İspaniya qoşunlarının Kataloniyanı ələ keçirməsi və Kataloniyanın müstəqilliyinə son qoyulmasının 299-cu ildönümünə həsr edilmişdi (Kataloniyada separatçı hərəkatının öz başlanğıcını 1714-cü ilin 11 sentyabrından götürdüyünü söyləmək mümkündür).

1936-cı ildə Kataloniyaya muxtariyyət statusu verilib. Həmin dövrdə İspaniyada Xalq Cəbhəsi hakimiyyətdə idi. Sonradan başlayan vətəndaş müharibəsində  Xalq Cəbhəsinin əsas dayağı da məhz Kataloniya idi. Lakin kataloniyalı fəalların kütləvi şəkildə edamı ilə sonuclanmış müharibədə general Fransisko Franko tərəfdarlarının qalib gəlməsindən sonra Kataloniya muxtariyyəti ləğv olundu. Yalnız 1979-cu ildə, Frankonun ölümündən 4 il sonra İspaniyanın yeni, ölkənin 17 muxtar regiona bölünərək federasiyaya çevrilməsini nəzərdə tutan Konstitusiyanın qəbulundan sonra katalonlar yenidən muxtariyyət statusu əldə etdilər. 2006-cı ildə keçirilmiş referendumda isə kataloniyalılar Madriddən müstəqilliyin genişləndirilməsinə səs verdilər; regional parlamentə yerli vergiqoyma və mühakimə üsulu sahələrində əlavə hüquqlar verildi. Lakin tezliklə katalonlar tam müstəqillik iddialarını ortaya qoymağa başladılar. Onların yeni Konstitusiya la-yihələrində katalonlar ayrıca xalq kimi göstərilir, dilləri isə kastil (ispan) dili ilə yanaşı, dövlət dili elan olunur.

Sonradan İspaniya Konstitusiya Məhkəməsi bu qərarları qanunsuz elan edib. Amma katalonlar onlarla ispanlar arasında ciddi fərqin olduğunu israrla önə sürməkdə davam edirlər. Məsələn, onlar korridanı nümunə kimi göstərərək bildirirlər ki, ispanların bu qanlı əyləncəsi katalonlar üçün tam yaddır. Aparılan sosioloji sorğular Kataloniya əhalisinin, təxminən, 60%-nin İspaniyadan tam ayrılmağa müsbət baxdığını göstərir. Belə düşünənlər fikirlərini əsasən iqtisadi məsələlərlə əsaslandırırlar. Qeyd edək ki, Kataloniya İspaniyanın sənaye sahəsində ən inkişaf etmiş regionudur və ölkənin ümumi daxili məhsulunun, təxminən, dörddə biri məhz Kataloniyanın payına düşür. Yerli hökumət hesab edir ki, mərkəzi hökumət Kataloniya və katalonlara qarşı nəinki dil və mədəniyyət məsələlərində ayrı-seçkilik edir, üstəlik, muxtariyyətə investisiya formasında verdiyindən daha artığını ondan vergi kimi geri alır. İspaniyada tüğyan edən iqtisadi böhran isə Kataloniyada etirazları daha da artırıb. Katalonların liderləri ölkənin dotasiya ilə yaşayan regionlarının Kataloniya iqtisadiyyatı hesabına dolanmasından narazıdırlar.

Əlbəttə ki, Madrid katalonların referenduma hazırlaşmalarını pisləyir və dövlətin parçalanmasına imkan verməyəcəyini bildirir. Üstəlik, İspaniya Konstitusiyası onun regionlarının dövlətdən ayrılmasına icazə vermir. Mərkəzi hökumət katalon separatçıların əməllərinin konstitusion yolla alınacağını bildirir, lakin hamıya bir xəbərdarlığı da edir: dövlət regionlardan yerli özünüidarə hüququnu ala bilər və Konstitusiyaya əsasən, "ölkənin bütövlüyünü qorumaq üçün ordudan da istifadə olunması mümkündür".

Mərkəzin arqumentləri ümumilikdə başadüşüləndir. Madridli sosioloq Qabriela Rospide hesab edir ki, "kataloniyalı separatçıların ayrılma haqda danışmaq üçün əsasları yoxdur". Onun sözlərinə görə, regiona geniş muxtariyyət verilib və İspaniyada ən yüksək yaşayış şəraiti məhz Kataloniyadadır. Odur ki, "bizim qarşılaşdığımız şovinizmdir. Onlar suveren dövlət yaratmaq, limuzinlərdə BMT iclaslarına getmək arzusu ilə alışıb yanırlar".

Kataloniyalı separatçıların səsi daha yüksəkdən eşidilməyə başlasa da, vəziyyət elədir ki, muxtariyyətdə referendumun baş tutacağı təqdirdə, cavab heç də müstəqillik arzulayanların istədiyi kimi olmaya da bilər. Nəzərə almaq lazımdır ki, Kataloniyada skeptiklərin mövqeləri də kifayət qədər güclüdür. Söhbət Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə, çox şey itirəcəyini düşünənlərdən gedir. Onlar müstəqillik halında İspaniya bazarının əldən çıxacağına diqqət çəkir. Kataloniya məhsullarının 90%-i məhz İspaniya bazarlarında satılır. Üstəlik, separatçılıq artıq indidən investorları qorxutmağa başlayıb. Hər halda, artıq bir neçə nəhəng Avropa və Afrika şirkəti (məsələn, "Koka-kola"nın qablaşdırılması və satışı ilə məşğul olan Cobega qrupu, Eurovegas əyləncə şəhəri tikməyi planlaşdıran amerikalı maqnat Adelson) Kataloniyadan Madridə köçüb.

İqtisadi amillərlə yanaşı, burada geosiyasi məqamlar da var. İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqaldo Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə, "dərhal Avropa İttifaqını tərk edəcəyini" bildirib. Eyni xəbərdarlıqla Brüssel də çıxış edib. Avropa Komissiyası Aİ-nin bu və ya digər ölkəsindən ayrılacaq ərazisinin avtomatik olaraq qurum üzvlüyünü itirəcəyini açıqlayıb. Beləliklə, kataloniyalılar üçün o qədər də perspektivli olmayan bu məqam muxtariyyətdə müstəqillik arzulayanların sayını azaldır. Əlbəttə, Kataloniyada bir çoxları düşünür ki, müstəqillik halında Aİ onları öz sıralarına qəbul edə bilər. Lakin İspaniya, şübhəsiz ki, Kataloniyanın Aİ-yə qoşulmasına veto qoyacaq.

Və daha bir məqam: Kataloniya İspaniyadan ayrılacağı təqdirdə, Aİ-nin yardımından da məhrum ola bilər. Bu isə heç də az məbləğ deyil. Barselona 2007-ci ildən 2010-cu ilədək Brüsseldən 7 milyard avro alıb. 2013-2020-ci illərdə isə muxtariyyətin yalnız aqrar sektoruna daha 3 milyard avronun ayrılması planlaşdırılır. Bundan başqa, müstəqil Kataloniya Aİ daxilində qüvvədə olan rüsumsuz ticarətin verdiyi imtiyazları da itirəcək.

Bütün bu amillər belə düşünməyə əsas verir ki, Barselona Madridlə münasibətləri dinc yolla və gərginliyi artırmadan çözməyə üstünlük verəcək. Kataloniyada separatçılığın, həqiqətənmi, yalnız daxildə olması, dünya güclərinin siyasətilə əlaqəsinin olmaması məsələsi isə tam fərqli mövzudur. Bəlkə, onlar hesab edirlər ki, qloballaşma dövründə dövlət sərhədləri və suverenlik əlavə yükdür və fövqəldövlətlər öz nüfuzunu dağılmaqda olan ölkələrin xarabalıqlarında yaradılmış kiçik birliklərinə yaymaları daha asandır. Bunu nəzərə alsaq, dünyada kimlərin İspaniyanı separatizm təzyiqi altında saxlamaqda maraqlı olduğunu istisna etmək olmaz. Çünki Madrid heç də ondan edilən tələblərə hər zaman müsbət cavab vermir. Bu baxımdan, İspaniyanın Kosovo məsələsindəki mövqeyini xatırlamaq kifayətdir. Həmin vaxt Madrid birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünü dəstəklədi. Bundan başqa, ispanlar Cəbəllütariq məsələsilə bağlı da vaxtaşırı xüsusi kobudluq nümayiş etdirirlər. Amma bütün bunlar əllərində Kataloniya bayraqları ilə küçələrə çıxaraq ispanlardan "fərqli xalqın" əsrlik müstəqillik arzusunun tezliklə reallaşmasını tələb edən yüz minlərlə insanı çox az maraqlandıran başqa bir söhbətin mövzusudur.



MƏSLƏHƏT GÖR:

727