Müəllif: Məryəm MANAFOVA Cəfər İMAN, Bakı
Azərbaycanda «quş qripi»nin yayılmasından bəhs edən məqalənin «R+»da dərcindən çox keçməyib. Ancaq bu mövzuya yenidən qayıtmalı olduq - virus-mutant ölkəmizə güclü zərbələr vurmaqdadır. Əlbəttə, aradan keçən qısa vaxtda ölkənin Səhiyyə Nazirliyi əlini-qolunu sallayıb oturmamışdı, ötən Xoruz ilindən (2005) Yer əhlinə miras qalan bəla ilə «mübarizə»ni özünəməxsus şəkildə davam etdirirdi.
Ölkəmizin, eləcə də Rusiyanın kütləvi informasiya vasitələri Salyan rayonunda (Azərbaycanın cənub-şərqi) 3 nəfərin naməlum xəstəlikdən, ehtimal ki, «quş qripi»ndən ölməsi barədə xəbərlər yaymaqdaykən, Səhiyyə Nazirliyi qibtədoğuracaq inadkarlıqla bildirirdi ki, virus-mutant (H5N1) barədə söhbət gedə bilməz və o insanlar sətəlcəmdən ölüblər. Bütün bunlar isə quşların kütləvi qırılması və yerli əhalinin ev quşlarını yığıb-yandırmasından bəhs edən ürəkdağlayan kadrların televiziyalarda nümayiş etdirilməsi fonunda baş verirdi.
Ölü quşlar necə olsun?
Məmurlarımız mümkün və qeyri-mümkün metodlarla bu suala cavab verməkdən yayınmağa cəhd edirdilər. Bu zaman onlar quşlar arasında yayılmış «Nyukasl» və taun kimi xəstəliklərə istinad edir, qırılan quşların məhz bu xəstəliklərdən öldüyünü bildirirdilər. Günahkarlar da tapılmışdı. Bunlar jurnalistlər idi. Səhiyyə xadimlərinin versiyasına görə, jurnalistlərin günahı «qığılcımdan alov doğurmaqlarında» idi və guya ki, məhz ondan sonra insanlar təşvişə düşərək quş əti almaqdan imtina ediblər. Bildirilirdi ki, həmin səbəbdən fermalarda quşların sıxlığı əmələ gəlib və qanadlı heyvanların kütləvi ölümü qaçılmaz olub. Ancaq atalar demişkən, «od olmasa, tüstü çıxmaz»dı, quşçuluq fabriklərindən birində quşların kütləvi qırılması «quş qripi» haqqında əfsanəni yenidən dillərə saldı.
Bu arada...
Salyanda «quş qripi»nin üç nəfərin ölümünə bais olması barədə xəbərlər təsdiq olunur. Azərbaycanın Səhiyyə Nazirliyi mart ayının 14-də Ümumdünya Səhiyyə Təşkilatı mütəxəsislərinin apardıqları araşdırma nəticəsində ölkənin üç sakininin «quş qripi»ndən öldüyü barədə ilkin diaqnozu təsdiq etmələri barədə açıqlama ilə çıxış etdi. Səhiyyə naziri Oqtay Şirəliyev öz növbəsində bildirdi ki, ölkənin tibb müəsisələrinə «quş qripi»nin əlamətlərinə bənzər simptomlarla xəstələrin gətirilməsi davam edir.
Xatırladaq ki, Salyan rayonunun üç sakini hələ fevralın axırlarında «quş qripi»ndən vəfat edib. O zaman bu rayonun daha 6 sakini H5N1 virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq ÜST mütəxəssisləri həmin xəstələrin orqanizmində təhlükəli virusun olduğunu təsdiq etməmişdilər. Bununla belə, səhiyyə nazirinin sözlərinə görə, əhali əvvəlki kimi təşviş içərisindədir. Bu yaxınlarda Bakıda 7 saylı xəstəxanaya bədənində təhlükəli virusu daşımaqda şübhəli bilinən 100-dən artıq insan yerləşdirilib. Elə şəhərdə də çoxları epidemiyadan danışır. Ancaq nazir epidemioloji araşdırmaların bu xəstələrin tamam başqa xəstəliklərə yoluxduğunu aşkar etdiyini deyərək əhalini sakitləşdirməyə çalışdı.
Necə deyərlər, Allah saxlayanda saxlayır. Ancaq narahatlıq üçün əsas həddindən artıqdır - hələ 2005-ci ilin oktyabrında ÜST-ün ekspertləri «quş qripi»nin qlobal miqyasda yayılması təhlükəsi barədə xəbərdarlıq etmişdilər.
İçdiyimiz su...
"R+"un yazdığı kimi, bir müddət öncə Ceyranbatan su anbarının sahilində ölü quşların tapıldığı zaman ajiotaj yaranmışdı. Laboratoriyada aparılmış analizlər göstərmişdi ki, bu quşlar H5N1 virusundan ölüblər. Təhlükəli virusun suda yayılmasının qarşısını almaqdan ötrü hazırda Ceyranbatan gölündə hər gün reydlər keçirilir - çünki ölü quşların cəsədləri anbarın suyunu H5N1 virusu ilə müntəzəm «təmin edir». Epidemioloji xidmət işçiləri təsdiq edirlər ki, suyun müvafiq analizi aparılır, onun təmizlənməsi və xlorlaşdırılması xüsusi nəzarət altında saxlanılır.
Çimərlikləri unutmaq lazım gələcək
Ancaq bu, hamısı deyil. Xəzər dənizinin demək olar ki, bütün Azərbaycan sahilləri quş cəsədləri ilə doludur. Şahidlər bildirirlər ki, çimərliklərdə ayaq basmağa yer yoxdur, hər yer quş leşidir. Bu yandan da yaz gəlir. Bu baxımdan insanlar əndişəlidir: bu gün-sabah yay olacaq, çimərlik mövsümü başlayacaq, görəsən, dəniz suyu insanlar üçün təhlükəli olmayacaqmı? «R+» əməkdaşının bu barədə paytaxtın sanitar-epidemioloji təmizliyinə cavbdeh olan şəxslərə ünvanladığı suala ağıllı və qaneedici cavab almaq mümkün olmadı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova:
- Bu, olduqca aktual problemdir. Biz bu barədə Səhiyyə Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə dəfələrlə söhbət etmişik. Ancaq adı çəkilən struktruların rəsmi açıqlaması olmayınca biz heç bir qadağa tətbiq edə bilmərik.
Ekoloji Proqnozlaşdırma Milli Mərkəzinin prezidenti Telman Zeynalov öz növbəsində təsdiq edir ki, əgər ölü quşların cəsədləri dənizdən vaxtında yığılmasa, cəsədlər suda çürüyəcək və bu, ekoloji fəlakətin yaranmasına səbəb olacaq: «Biz nəzərə alırıq ki, dənizə düşmüş ölü quşlar balıqlar üçün ziyafətdir. Hər bir xırda balıq bu müftə ətdən öz payını götürmək istəyəcək. Xəzərdə bu kimi ac balıqcıqlar saysız-hesabsızdır. Sonradan «təcrübəli» brakonyerlər həmin ölü quş yeyib kökəlmiş balıqları tutacaq və qara bazarda camaata satacaq. Bu halda nələrin baş verəcəyini düşünmək belə dəhşətdir.
“Quş qripi” pişikləri təhdid edir
Azərbaycanda «quş qripi»nin yayılması ortaya başqa bir problem də çıxarıb - Bakı əhalisinin 35 fizdən artığı xoşbəxt it-pişik sahibidir. Hər gün it saxlayanlar öz sevimli məxluqlarını gəzməyə çıxarır, pişik yiyələri isə məstanlarına «azadlıq saatı» bəxş edirlər və pişiklər küçələrdə sərbəst gəzişəndən sonra evə qayıdırlar. Bu heyvanların «XXI əsrin bəlası»na yoluxması fikri heyvansevərlərin arasında ciddi təşvişin yaranmasına səbəb ola bilər. Əgər bir adam öz pişiyini küçəyə buraxırsa, pişik bayırda xəstə çöl quşları kontakta girə, «quş qripi» virusuna yoluxa bilər, bundan sonra yoluxmuş heyvanın başqa evlərə soxulması və oradakı heyvanları, eləcə də dilqanmaz uşaqları yoluxdurması tamamilə mümkün olan bir işdir. Bu yaxınlarda Almaniyada pişiklərin «quş qripi» virusundan ölməsi faktları açıqlanıb. Ölü pişiklər bu ölkənin Baltik dənizində yerləşən Ryuqen adasında tapılıb. Bir az əvvəl bu adada H5N1 virusuna yoluxaraq ölmüş yüzlərlə quş cəsədi tapıldığından mütəxəsislər ölü pişikdə təhlükəli virusun olub-olmadığını yoxlamaq qərarına gəliblər və məlum olub ki, pişiklər də «quş qripi»nə yoluxa bilərlər.
“Quş qripi”nə necə yoluxurlar?
Yoluxma şəraiti müxtəlif ola bilər, ancaq Səhiyyə Nazirliyinin zəruri və mümkün olanın kiçik bir hisəsini etməsi faktı təəccüb doğurur. Məsələn, küçədə insanlara «quş qripi»ndən qorunmağın yollarına aid broşüralar yaymaq olar. Yaxud da analoji informasiyaların bütün telekanallarda yayılmasını təşkil etmək mümkündür.
H5N1 virusuna yoluxmanın iki yolu var. Birincisi hava-damcı vasitəsilə baş tutur. Burada yoluxmanın mexanizmi insanın adi qripə yoluxması kimidir. Quş öskürür, asqırır, infeksiyalı selik yaxınlıqda dayanmış insanın tənəffüs yollarına düşür. İkinci yoluxma vasitəsi qidalanmadır. Bu, o halda ola bilər ki, insanlar lazımi şəkildə bişirilməmiş xəstə quş ətini yesin. Yaxud insan xəstə quş zılının qalıqlarına bulaşmış əlləri ilə yemək yeyərkən bu virusa yoluxa bilər.
«Quş qripi» xəstəliyinin simptomları adi qripin əlamətlərilə identikdir: qızdırma, halsızlıq, boğaz ağrısı və öskürək. Bəzi hallarda insanda konyuktivit də əmələ gələ bilər. «Quş qripi» onunla təhlükəlidir ki, o, insanda sürətlə sətəlcəm yarada, ürəkdə və böyrəkdə fəsadlar törədə bilər.
Yoluxmadan necə qorunmalı?
Ən yaxşı müdafiə vasitəsi quşlarla ünsiyyətdən qaçmaqdır. Nəzərə almaq lazımdır ki, «quş qripi» özünü atipik şəkildə büruzə verir - tamamilə sağlam görünən, hərarəti olmayan quş birdən-birə yıxılır və ölür. Quş cəsədinə toxunduqdan, hətta quş zılının düşə biləcəyi torpaqla təmasda olduqdan sonra əlləri dezinfeksiya etmək lazımdır. Əgər siz quş əti yeyirsinizsə, onun çiy olmadığına əmin olun: normal hərarət zamanı virus məhv olur. Yumurtanı da ilıq yox, bərk bişirib yemək gərəkdir.
Bununla belə əksəriyyət risk etmək istəmir. «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, quş qripi virusu əhalinin toyuq ətini istehlak etməsinə ciddi təsir göstərib. Belə ki, respondentlərin 65,6%-i toyuq ətini öz qida rasionlarından tamamilə çıxardıqlarını bildirib (diaqr.1). Rəyi soruşulanların 22,5%-i toyuq ətindən istifadə davam etdirsələr də, bunun əvvəlki həcmdən az olduğunu qeyd eiblər. Nəhayət, respondentlərin 11,9%-i virusa yoluxacaqlarından çəkinmir və əvvəlki qaydada toyuq ətindən istifadə edirlər. Ümumilikdə götürdükdə respondentlərin 20,9%-i virus təhlükəsini «şişirdilmiş» sayırlar (diaqr.2). Epidemiya təhlükəsinin ciddi olduğuna isə respondentlərin təxminən 80%-i inanır.
ÜST keşikdə
Yaranmış situasiya ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana iki ekspert göndərəcək və onlar martın axırına qədər baş verənlərin səbəblərini araşdırmaqla məşğul olacaqlar. Bundan başqa, ÜST-ün bayrağı altında «quş qripi» ilə mübarizə üçün səfərbər edilmiş həkimlər, epidemioloqlar və başqa peşələrin təmsilçiləri üçün Azərbaycanda treninqlər təşkil olunacaq. ÜST-ün Azərbaycandakı nümayəndəliyindən «R+» əməkdaşına verilən məlumata görə, treninqlərin keçirilməsində məqsəd onların «quş qripi» xəstəliyinə dair bilik səviyyələrinin artırılması və iş təcrübələrinin təkmilləşdirilməsidir.
Hazırda ÜST Səhiyyə Nazirliyi ilə birlikdə bu xəstəliklə mübarizə üçün səfərbər ediləcək mütəxəssislərin sayını dəqiqləşdirir. Treninqlərdə ölkənin bütün rayonlarından gəlmiş həkimlər iştirak edəcəklər.
Bundan başqa, yaxın günlərdə Azərbaycanın Təhsil Nazirliyi Bakının, Sumqayıtın və Xəzəryanı rayonların məktəblərində «quş qripi» ilə bağlı xüsusi bukletlər, vərəqələr yayacaq. Tədbirin məqsədi müəllimləri və şagirdləri qorxulu virus barədə məlumatlandırmaqdır.
Bu bukletlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın Aqrobiznes Mərkəzinin maliyyə yardımı ilə nəşr olunub. Asiya İnkişaf Bankının direktorlar şurası Azərbaycanda «quş qripi» ilə mübarizə məqsədi ilə 39 milyon dollar həcmində vəsait ayrılması barədə qərar qəbul edib.
Bununla yanaşı, UNİSEF-in Bakı ofisinin iştirakı ilə plakatlar hazırlanıb və Təhsil Nazirliyinin xətti ilə ölkənin bütün təhsil ocaqlarında yayılacaq. Nə demək olar, vaxtı çoxdan çatmışdı.
MƏSLƏHƏT GÖR: