15 Mart 2025

Şənbə, 02:43

DUBAYDAN REPORTAJ

Müəllif:

01.04.2006

Ötən sayımızda biz oxucularımızı Birləşmiş Ərəb Əmirliklərinin tarixi və Dubayın bəzi «möjuzələri» ilə tanış etdik. Bu gün əmirlik iqtisadiyyatının əsasını təşkil edən sferalar barədə bəhs edəcəyik. Hər şeydən öncə onu demək lazımdır ki, ölkənin, xüsusilə də Dubayın iqtisadi siyasətinin prioriteti neft asılılığından azad olmaqdır (hərçənd dünyada kəşf olunmuş neft yataqlarının 10, təbii qaz yataqlarının 5 faizi BƏƏ-dədir).

Böyük mənfəət gətirən əsas sahələrə diqqət yetirək. Bu, ilk növbədə ticarət, maliyyə sektoru (banklar, birjalar, qiymətli kağızlar), turizm və tikintidir.  

2001-2003-cü illərdə Dubayın daşınmaz əmlak sektorunun cəlb etdiyi investisiyanın həcmi 5-7 milyard ABŞ dollarına yaxın olub. Maliyyə analitikləri 2010-cu ildə sərmayə axınının 50 milyard dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Bununla yanaşı, yatırımlar dünya ölçüləri ilə təəccübdoğuracaq dərəcədə mənfəət gətirirlər. Məsələn, 2002-2003-cü illərdə qiymətlərin artımı 30-50, 2003-2004-də 40-60 % təşkil edib, 2004-2005 mövsümündə isə 100 % mənfəət əldə olunub. Hazırda  (2005-2006-cı il) qiymətlərin kəskin artımı bir qədər zəifləyib və invesitisiyaların gətirdiyi gəlir  50-70 % civarındadır. 

Cəmi 5-6 il əvvəl Dubay hakimiyyətinin Fars körfəzinin bu incisinə 2010-cu ilədək 15 milyon turist cəlb etmək niyyəti istehza doğurardı, ancaq bu gün, Dubayın umümi daxili məhsulunun (ÜDM) tərkibində turizm sənayesindən  əldə olunan gəlirlərin həcminin 20 %-ə yaxınlaşdığı vaxt, bu iddia artıq fantaziya kimi görünmür. Üstəlik, BƏƏ-nin iqtisadiyyatında turizm sektoru neft sənayesini üstələyib və artım tempinə görə, ticarət bölməsinnin göstəricilərinə yaxınlaşır. 

BƏƏ-də biznes qurub-yaratmaq üçün şərtlər də idealdır. Təəccüblüdür, ancaq faktdır: ölkədə vergi yoxdur - nə gəlir vergisi, nə mənfəət vergisi, nə də satışdan vergi. İdxal rüsumu 4 %-dirr. Ticarət lisenziyasının illik dəyəri icarəhaqqının 10 %-ni təşkil edir. Məsələn, əgər siz ildə 20 min dollara mağaza icarəyə götürmüsünüzsə, dövlətə 2 min dollar ödəyirsiniz və bir il dövlətlə heç bir işiniz olmur. Nejə deyərlər, qazandınsa, hamısı sənindir, batırdınsa, öz problemindir. Təbii ki, belə sadə və qolay sistem biznes strukturlarını cəlb etməyə bilməz.  

Hazırda Dubayda valyuta nəzarəti, kvotalar, ticarət maneələri yoxdur. İdxal rüsumları ya çox cüzidir, ya da ümumiyyətlə yoxdur. Yerli valyuta - dirhəm sərbəst dönərlidir və onun kursu ABŞ dollarına bağlanıb. Dubayda 4 yerli və iri beynəlxalq bankın təmsil olunduğu aktiv bank sektoru inkişaf edib. Bank sektoru bütövlükdə xarici investisiyalar üçün açıqdır. Qeyd etmək lazımdır ki, xarici bankların BƏƏ vətəndaşlarını işə götürmələri xüsusilə təşviq edilir. Bu siyasət «əmirləşdirmə» adlanır və müəyyən dərəcələrdə əmirliyin əsas iqtisadi sektorlarında həyata keçirilir. Bütövlükdə bank sektorunda milli kapital üstünlük təşkil edir - ölkədə fəaliyyət göstərən bütün milli bankların aktivləri 65 milyard dollar civarındadır. BƏƏ-dəki xarici bankların ümumi kapitalı isə cəmi 22 milyard dollara bərabərdir.  

Neft və bank sektorları istisna olunmaqla, Dubayda şirkətlərdən və fiziki şəxslərən gəlir vergisi tutulmur. Bundan başqa, kapitalın artmasına və gəlirlərin ölkə xaricinə repatriasiya (geri qaytarma) edilməsinə görə də vergi yoxdur - BƏƏ ikiqat vergiqoymadan qaçmaq üçün 20-dən artıq dövlətlə saziş şəbəkəsi yaradıb. Belə vəziyyət beynəlxalq biznesin vergi planlaşdırması strukturları üçün Dubayı cəlbedici örnəyə çevirir. 

Tez-tez BƏƏ-nin xarici investorlar üçün cəlbediciliyinin sirri barədə suallar səslənir.  Şübhəsiz ki, uğur açarlarından biri vergi sisteminin maksimal sadələşdirilməsi, daha dəqiqi, onun yoxluğudur. Əlbəttə ki, gizli vergiqoma mövcuddur və bu, dövlət büdcəsinə böyük gəlirlər gətirir. Bu, fəaliyyət növündən asılı olmayaraq, şirkətlrin hər il lisenziyalaşdırılmasından ibarətdir. Ancaq mənfəət vergisi olmadığına görə, investiya axını ilbəil artır. 

Ölkədə xidmət infrastrukturu ideal səviyyədə qurulub. Böyük miqdarda restoranlar, mağazalar, kimyəvi təmizləmə məntəqələri, nəqliyyat xidmətləri var. Bir xırda, amma parlaq nümunə göstərək. Dubayda belə bir xidmət növü - qadınlar üçün taksi - geniş yayılıb. Bu xidmət növü üzrə fəaliyyət göstərən maşınların sürücüləri qadınlardır və yalnız qadınların çağırışına gedirlər. Elə çıxa bilər ki, bu, müsəlman ölkəsi üçün xarakterik haldır. Ancaq heç də təkcə orada yox. Bu yaxınlarda Londonda belə bir xidmət növü təkilf edən şirkət böyük sürətlə populyarlıq və uğur qazanıb. Bu nümunə bariz şəkildə göstərir ki, kiçik ölkənin parlaq təcrübəsi hətta Böyük Britnayia kimi inkişaf etmiş Avropa ölkəsində də tətbiq oluna bilər.  

Söhbət nəqliyyatdan düşmüşkən, qeyd edək ki, 2006-cı ildə Dubayda ilk metro xəttinin tikintisinə başlanıb və 2008-ci ildə, o, istifadə veriləcək. Burada bir mühüm ştrix də var ki, nəqliyyatın bu növünü əhali üçün əlverişli və cəlbedici edir: metro vaqonları 3 kateqoriyalı olacaq - birinci biznes-klass, ikinci yalnız qadınlar üçün, üçüncü isə ucuz, yəni hamı üçün. Beləliklə, nəqliyyat kimi kütləvi xidmət növünə individual yanaşma sistemi bəri başdan üğüra məhkumdur. 

Yəqin ki, tezliklə bu təcrübəni də Avropanın hansısa ölkəsində təkrarlamaq istəyəcəklər. 

Yaşayarıq, görərik.


MƏSLƏHƏT GÖR:

397