15 Mart 2025

Şənbə, 01:39

"SƏRT RƏQABƏT DÖVRÜ"

Müəllif:

01.04.2006

«Yaponiya» sözünü eşitdikdə yadınıza ilk növbədə nə düşür? Adətən, assosiasıiyalar bir-birinə bənzər olur: böyük olmayan ada dövləti, tez-tez baş verən zəlzələlər, karbohidrogen resurslarına malik olmayan, lakin kibrit qutusundan robot düzəldə bilən insanların yaşadığı «hi-tejh» (yüksək texnologiyalar) məmləkəti, iqtisadi cəhətdən dünyanın ən tez inkişaf edən imperiyalarından biri…Bunların hamısı belədir. Amma Yaponiyanın bütün bunlara nəyin hesabına nail olduğu çoxumuza məlum deyil.

 

İxrac, ya ölüm

İşlər belə gətirib ki, XX-ci əsr planetin xəritəsini kökundən dəyişib. Bu dəyişikliklər iqtisadi dəyişmələrlə də nəticələnib. Öncüllər sırasına daxil olmaq üçün bəzilərinin 100 il, bəzilərinin isə cəmi 20 il vaxtı var idi. Sonuncu müddət məhz Yaponiyaya aiddir - bu ölkə cəmi 20 ilə öz iqtisadiyyatını kökündən dəyişib və uğurlu inkişaf yoluna çıxıb. Nəzərə alsaq ki, bu ölkədə ABŞ-da olan transmilli nəhənglər («Gerenral Electric», «General Motors», «Ford», «Texaso» və s.) olmayıb - bu, belə osaydı, ölkənin iqtisadi sabitliyi artıq təmin olunmuş olardı  və bu sabitlikdən faydalanaraq, milyonlarla sahibkar riskə gedə bilərdi, milyonlarla texnoloq bütün istiqamətlərdə axtarışlar aparardı. Bəs «yapon möcüzəsi» nədən ibarətdir?

İkinci dünya müharibəsindən sonra Yaponiya, onun hərbi müttəfiqi Almaniya kimi, xarabalığa dönmüşdü. İstehsal müharibədən əvvəlkinə nisbətən cəmi 14 faiz təşkil edirdi. İen dəyərini itirmiş, real əmək haqqı 8 dəfə aşağı düşmüşdü. 10 milyon yapon vətəndaşı işsiz qalmışdı. 1950-ci ildən sonra Yaponiyanın müəyyən etdiyi dirçəliş strategiyası makroplanlaşdırma üzərində qurulmuşdu. «İxrac, ya ölüm» - bu, ölkənin öz qarşısında qoyduğu ambisiyalı şüar idi. İlk əvvəl ölkə uğursuzluqla da qarşılaşdı - ixracı, müharibədən əvvəl olduğu kimi, tək ucuz əmək ehtiyatları hesabına artırmaq mümkün olmadı - Amerika texnologiyaları o dərəcədə irəli getmişdi ki, hətta ucuz işçi qüvvəsinin mövcudluğu amerikalıların istehsal etdiyi məhsulla rəqabət aparmağa imkan vermirdi. Bunu dərk edən yaponlar əsas qüvvələrini yeni texnlogiyaların ölkəyə gətirilməsinə yönəltdilər. Qənaət olunmuş vəsaitə Yaponiya yeni texnologiyalar alır, bunların əsasında yüksək keyfiyyətli mallar istehsal edir və satırdı. Bunun hesabına ölkə daha çox xammal idxal edirdi, və bu da, öz növbəsində, əmək məhsuldarlığının artırılmasına xidmət edirdi. Yapon iqtisadi sistemi yeni texnologiyaların tətbiqinə köklənmişdi, bu isə kapitalın ölkədən çıxmasına mane olmaq üçün imkanlar yaradırdı.

Yaponiya iqtisadi inkişafını ümumi dövlət planı əsasında qurmuşdu. Ölkə hökuməti bizim keçmiş Dövlət Plan Komitəsinə bənzər plan təşkilatı, Xarici Ticarət və Sənaye Nazirliyi yaratimışdı. Sonuncunun tərkibində kömür sənayesi xidməti, sənaye məhsulları üzrə müfəttişlik, ticarət və inkişaf bürosu, ağır sənaye şöbəsi və s. bölmələr yaradılmışdı. Özəl biznesin işini koordinasiya etmək üçün «Kaydanren» adlı xüsusi iqtisadi təşkilat təsis olunmuşdu. Bu qurum əslində ölkənin ümumi maraqlarını təmin edən 100 aparıcı özəl sənaye assosiasiyasının federasiyası idi. Eyni zamanda Yaponiya hökuməti ölkə daxilində azad rəqabətin yaranmasına da dəstək verirdi. Aparıcı altı avtomobil şirkətindən biri maliyyə çətinlikləri ilə qarşılaşırdısa, o, dövlətdən maliyyə yardımı alırdı və sanasiya edilirdi (sağlamlaşdırılırdı). Ölkənin Xarici Ticarət və Sənaye Nazirliyi (MİTİ) öz işində yanlışlıqlar yapmadan da keçinə bilməyib. Məsələn, «MAZDA» və «HONDA» şirkətləri avtomobil biznesinə daxil olan ərəfədə nazirlik, onların zəif olduğunu zənn edərək, şirkətləri bu addımdan çəkindirmək istəyirdi. Digər misal - MİTİ «SONY» şirkətini tranzistor radioqəbulediciləri istehsalından yayındırmaq cəhdləri ilə yanaşı, çox da səmərəli işləməyən gəmiqayırma və dağ-mədən şirkətlərinə himayədarlıq edirdi. 

Yapon hökumətinin seçdiyi strategiya ölkənin fenomenal inkişafını təmin etmişdi - cəmi 15 il ərzində həm ölkənin özü, həm də onun dünyadakı nüfuzu kökündən dəyişmişdi. Qərb ölkələri arasında ən yüksək inkişaf templərinə (1961-1970-ci illərdə ildə 11 faiz) nail  olan Yaponiya  1961-ci ildə Fransa, Böyük Britaniya və Qərbi Almaniyanı ötərək, ümumi daxili məhsul istehsalına görə dünyada 2-ci yerə çıxmışdı. Bu zaman polad, gəmi, radioqəbuledicilər və televizorlar istehsalı üzrə «gündoğar ölkə» artıq dünyada birinci idi. 

70-ci illərin energetik böhranı Yaponiya iqtisadiyyatından da yan keçmədi - bu ölkə, öz resurs bazası olmadığından, bütün xammalı və enerji ehtiyatlarını idxal edir. Böhran yapon mallarının ixracatında da müəyyən çətinliklər yaratdı. Bu ixracatın həcmindən narahat olan Qərb ölkələri ona məhdudiyyət qoymağa başladılar, digər tərəfdən Yaponiya daxili bazarının Qərb malları üçün açılması tələbi qoyuldu. Tələb qəbul olundu, amma bunun nəticəsində rəqabətə dözməyən bəzi yapon şirkətləri müflis oldu. İqtisadi artım templəri aşağı düşdü və yeni, islahat mərhələsi başladı. Sərt enerji qənaəti siyasəti, inqilabi texnologiyaların tətbiqi və total iqtisadi islahatların hesabına Yaponiya neft böhranından böyük itki vermədən çıxa bildi. Bu, hələ harasıdır - ölkə iqtisadiyyatı əvvəlkindən də artıq dərəcədə rəqabət qabiliyyətli oldu! Məsələn, məhz bu illərdə Yaponiyanın istehsal etdiyi az yanacaq işlədən avtomobillər bütün dünyaya yayıldı. Demək olar ki, bu, Yaponiyanın müasir avtomobil sənayesinin təməlini qoydu. Birinci neft böhranından sonra ölkənin illik artım templəri 3,7 faizi aşmırdı, amma bunun özü də Yaponiyanın 1981-ci ildə ABŞ-ı ötərək, minik avtomobillərin istehsalına görə dünyada birincilik qazanmasına imkan verdi.       

İqtisadi qüdrətinin arxasınca Yaponiyanın maliyyə qüdrəti də artırdı. 1985-ci ildə «Plaza» otelində bağlanan məşhur razılaşmadan sonra, yapon ieni də dəyərini artırmağa başladı. Hərçənd, bu səbəbdən daxili istehsalın maya dəyəri də artdı, ixrac olunan malların da. Yapon şirkətləri bunun da yolunu tapdılar - istehsal sahələri daha ucuz işçi qüvvəsi olan digər Asiya ölkələrinə köçürülməyə başladı, bununla eyni vaxtda xarici ölkələrə böyük yatırımlar qoyuldu. Bu proseslərin nəticəsi olaraq, bütün ağır və əməktutumlu istehsal sahələri xaricə çıxarıldı, ölkənin özündə isə əsasən yüksək texnologiyalar üzərində qurulan müəssisələr qaldı. Nəticə etibari ilə bu proses ona gətirib çıxardı ki, Yaponiyanın qoyduğu sərmayə və texnologiyalar hesabına bir çox Asiya ölkələri öz sənaye potensialını artırdı, müasir texnologiyalara yiyələndi.   

 

Yenə də birincilər siyahısında 

20 ildən sonra, 90-cı illərdə yapon iqtisadiyyatının ilk gur inkişaf dövrü bitib. İnkişaf templəri aşağı enib, iki konyunktur tənəzzülü dövrü yaşanıb. Birincisi - 1992-1993-cü illərdə ümumi daxili məhsulun artımı templərində və sənaye istehsalının həcmində yaşanan tənəzzül, ikincisi - 1997-1998-ci illərdə hər iki göstəricinin mütləq azalması. Yaponlar nə etdi?  Dövlət infrastruktura və ixracata böyük sərmayələr qoydu, daxili bzarda yeddi istiqamətdə - səhiyyə, əyləncə sferası, telekommunikasiyalar, lizinq, reklam işi, mənzil tikintisi və ətraf mühitin qorunması sahələrində dövlətin iştirakını minimuma endirdi (derequlyasiya). Böyük univermaqların açılmasına və işləməsinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı, benzin və düyünün pərakəndə satışının lisenziyalaşdırılması ləğv olundu, azad telekommunikasiya bazarı yaradıldı. Bundan başqa, 1947-ci ilin antiinhisar qanunu ilə qadağan olunmuş holdinq forması bərpa olundu. Yapon şirkətlərinə multivalyuta hesablaşmaları və klirinq əməliyyatları aparmağa (bundan əvvəl bu hüquqlara yalnız banklar malik idi), hətta valyuta risklərinin azaldılması üçün daxili bazarda da dollar hesablaşmalarına icazə verildi. Derequlyasiya öz iqtisadi bəhrəsini verdi - 1990-1995-ci illərdə ÜDM-in orta illik artımı 1,69 faiz təşkil etdi. 1995-ci ilin sonuna yaxın iqtisadiyyatın durğunluq dövründən çıxması və inkişafın başlanğıcı əlamətləri artıq göz qabağında idi. Bu inkişaf artıq tək ixracat və dövlət sərmayəsi hesabına yox, həm də özəl sənaye sərmayələri və əhali tərəfdən tələbatın artması hesabına təmin olunmuşdu. Yeri gəlmişkən, ekspertlər hesab edir ki, 90-cı illərdə Yaponiyanın inkişaf templəri olduğundan yüksək ola bilməzdi - buna nail olmaq üçün ölkədə istifadə edilən texnologiyarın tətbiqi sürəti yeni texnologiyaların işlənib hazırlanması ilə eyni tempdə aparılaydı. 

Bundan başqa, inkişaf etmiş ölkələr sırasına daxil olan Yaponiya kiçik və təmərküzləşmiş qərarlara doğru istiqamətlənə bilməmişdi. İnkişaf strategiyasında buraxılan səhvlər artıq ölkə iqtisadiyyatına təsir etməyə başlamışdı. Yaponiya iqtisadiyyatında baş vermiş uzunmüddətli durğunduq məhz bununla izah olunur.

Durğunluğun digər səbəbləri arasında yapon sənayesində istifadə olunan intellektual mülkiyyətin kifayət dərəcədə qorunmaması da var. Nə qədər ki, yapon müəssisələri dəgər ölkələrin texnologiyalarından istifadə edirdi, o, üstünlüyə malik idi. Artıq öz texnologiyalarını yaradan yaponlar bunların hüquqi cəhətdən qorunmamasının acısını çəkir. İcazəsiz olaraq yapon texnologiyalarından istifadə edən ölkələrdən «birincisi» Çindir.  İndiyədək maşınqayırma və radiolektronikada ixtisaslaşan yaponlar proqram təminatı istehsalında hələ ki geridə qalırlar. İndi bu istiqamət yeni texnologiyaların əsasını təşkil edir - yaponlar bu sahədə də öz məharətlərini göstərmək niyyətindədir. «Çip» istehsal etməyən, radioelektronika mallarında Cənubi-Şərqi Asiya malları ilə qiymət rəqabəti apara bilməyən Yaponiya yeni inkişaf modelini hazırlamalıdır. Yalnız bunu etdikdə «gündoğar ölkə» XXI-ci əsrdə də özünün sabit iqtisadi dinamikasını qoruya, dünya iqtisadiyyatının liderləri sırasında qala bilər.  

 

Yaponlardan dərs alaq

Yapon biznesinin təşkilində də müəyyən özəlliklər var - geriləmənin aradan qaldırılması şəraitində əsas önəm «feodal ailəçilik» prinsipinə verilib. Elə indinin özündə bu ölkənin əmək bazarı «qapalı»dır - bu amil hər işçini məhz öz çalışdağı yerdə təkmilləşməyə vadar edir. Liderlik xüsusiyyəti olan insanlara, maaşları az olan zaman da rəğbətlə yanaşırlar. Yaponlar həddindən artıq istehlaka meylli deyil, gözütoxdurlar. Onlar kollektivdən aralı gəzmir, onun yazılmamış qanunlarına riayət edirlər. Tipik yüksək rütbəli yapon rəhbəri çox sadə yaşayır, axşamadək işdə olur, təqaüd və məzuniyyətin nə olduğunu bilmir. Əgər şirkət öz ağır günlərinin yaşayırsa, işçilər müəyyən müddətə öz maaşlarının azaldılmasına da razıdır. Bu gün yapon qida məhsullarını çıxmaq şərti ilə digər malların və xidmətlərin istehlakını artırmaq istəmir - sərbəst qalan vəsaitini o, adətən Amerika şirkətlərinin qiymətli kağızlarına yerləşdirməyi üstün tutur.   

Bu ölkədə hətta kiçik bir qrup işçilər arasında səmərələşdiricilik fəaliyyəti təqdir olunur. Məhz Yaponiyada keyfiyyətin idarə olunması üzrə total sistem ixtira olunub. Yəni, qısa müddət ərzində Yaponiya özünün əsas üstünlüyünə nail olub - bu, keyfiyyətdir. Məhz bu amil milli gəlir artımının böyük hissəsini təmin edir. 1977-ci ildən başlayaraq hətta amerikalılar yaponlardan keyfiyyətin idarə olunması sistemini öyrənir (düzdür, yaponlar bu məsələdə də «eksklüzivliyi» əldən verib - artıq bir çox ölkədə bu sistemdən istifadə olunur). 

İşin səmərəli təşkilinə dair üç əsas prinsip də yaponlara məxsusdur: gələcəyi görmək, daimi innovasiyalar etmək, əla keyfiyyət və ustalıq. Yaponiya sisteminin əsas şüarı budur: «Bu gün öz işini dünənkindən yaxşı görməlisən». Onun adı da münasibdir - «Daimi təkmilləşmə». Bu ölkənin istənilən müəssisəsində istənilən işçiyə «İşini təkmilləşdirmək üçün sən bu gün nə etmisən?» sualını versək, o, tərəddüd etmədən aydın və təfsilatlı cavab verəcək. Tək iqtisadi novatorluğun yox, «əmək» anlayışına yanaşmanın nəticələri də göz qabağındadır: 1950-ci ildə dünyanın ÜDM istehsalında payı cəmi 1 faiz olan (ABŞ-50 faiz) Yaponiya bu gün dünya ÜDM-nin 17 faizini istehsal edir (ABŞ - 26 faiz). 

Ölkənin qızıl-valyuta ehtiyatları 200 milyard dollara çataraq, bu gün dünyanın ən böyük ehtiyatı sayılır. Yaponiya vətəndaşlarının hesablarında 10 trilyon ABŞ dolları məbləğində maliyyə vəsaiti var. Hər il Yaponiya hökuməti digər ölkələrin inkişafına 11 milyard dollar pul xərcləyir - bu, «gündoğar ölkə»nin dünyanın ən iri donoru olması deməkdir. Bundan başqa, ölkə bütovlükdə dünya iqtsadiyyatının sabitliyinə də müsbət təsir göstərir - onun Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna ödədiyi üzvlük haqları əsas yerlərdən birini tutur.

Beləliklə, əhalisi planet əhalisinin cəmi 2,5 faizini, ərazisi - planet ərazisinin cəmi 3 faizini təşkil edən Yaponiya bu gün iqtisadi qüdrətinə görə dünyada ABŞ-dan sonra ikinci yer tutur. Bu ölkənin payına dünyada sənaye istehsalının 12 faizi düşür. Gəmi, avtomobil, traktor, metal emalı avadanlığı, məişət elektronikası və robotların istehsalı üzrə Yaponiya artıq birincidir. Onun ixracatının əsasını maşın və avadanlıq, elektronika, metal və metal məmulatı, kimya məhsulları təşkil edir, idxal olunan mal və məhsullar bunlardır - sənaye xammalı və yarımfabrikatlar, yanacaq və ərzaq. 

Yeri gəlmişkən, Azərbaycan-Yaponiya iqtisadi əlaqələrində üstünlük hələlik energetika sektoruna verilir. Azərbaycanın energetikasına qoyulan sərmayənin böyük qismi yapon şirkətlərinin payına düşür. Azərbaycan rəhbərliyinin qeyri-neft sektorunun inkişafına yetirdiyi diqqəti nəzərə alsaq, iki ölkə arasında əməkdaşlıq potensialı çox böyükdür. Bunu anlamaq üçün Azərbaycana Yaponiyadan idxal olunan mallara baxmaq kifayətdir. Məsələn, «hi-tejh» sahələri - sənaye, yol tikintisi, səhiyyə, sosial infrastruktur, nəqliyyat sektoru. Bir sözlə, bu gün yaponlar Azərbaycan iqtisadiyyatı üçün prioritet sayılan məsələlərin həllində fəal iştirak edə bilər. 

2006-cı il martın 7-10-da Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyaya baş tutan rəsmi səfəri müşahidəçilər tərəfindən artıq iki ölkə arasındakı münasibətlərdə dönüş mərhələsinin başlanğıcı kimi dəyərləndirilib. Azərbaycanın dövlət başçısı ilə görüşdə Yaponiyanın baş naziri Dzünitiro Koidzumi prezident İlham Əliyevin səfərinin əhəmiyətini vurğulayaraq bu səfərin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ olacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Yaponiya Azərbaycanı dost ölkə və layiqli tərəfdaş sayır və Bakı ilə əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdirilməsinə maraq göstərir. Söylənilən fikirlərin məntiqi davamı olaraq, prezident İlham Əliyev və Yaponiyanın hökumət başçısı D.Koidzumi iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair Birgə Bəyannamə imzalayıblar. Bundan əlavə iki ölkə arasında Texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş və Azərbaycan və Yaponiya xarici işlər nazirlikləri arasında əməkdaşlıq Proqramı imzalanıb. 


MƏSLƏHƏT GÖR:

453