
YEREVANIN TƏHLÜKƏLİ OYUNLARI
Müəllif: T.ANSARİ Bakı
Prezident İlham Əliyevin Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına alan hər hansı bir sənədə imza atmayacağı barədə xəbərdarlığından və Ermənistanın bundan sonra da qeyri-konstruktiv mövqe tutmaqda davam edəcəyi təqdirdə Azərbaycanın öz mövqeyinə yenidən baxa biləcəyi barədə bəyanatından sonra Bakıda Qarabağ münaqişəsinin tənzimlənməsnə dair yeni proqramm səciyyəli açıqlamalar səslənmədi.
Burada başa düşürlər ki, bu kimi bəyanatları tez-tez verərək, onları qiymətdən salmağa dəyməz. Ancaq Rambuye danışıqlarındakı uğursuzluq Qarabağ konfliktinin tənzimlənməsi ilə məşğul olan fiqurların sürətli tempdə hərəkətlənməsinə gətirib çıxarıb.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqtondakı görüşü olduqca dumanlı sonluqla bitdi: həmsədrlər martın 20-də İstambulda görüşmək barədə vədələşdiklərini desələr də, müzakirələrin təfərrüatı barədə danışmadılar. Bu, növbəti «işgüzar səfər»in baş tutmasına səbəb oldu. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann və ABŞ dövlət katibinin köməkçisi Daniel Frid (xatırladaq ki, bu şəxs ötən il keçirilən parlament seçkiləri ərəfəsində də Bakıya gəlmişdi) regiona səfərə gəldilər. Bakıda keçirdikləri mətbuat konfransında vasitəçilər bəyan etdilər ki, konfliktin hərbi yolla həlli perspektivsizdir, Azərbaycan investisiyalar, neft layihələri barədə düşünməlidir və münaqişənin tənzimlənməsi üçün yeganə məqbul yol Ermənistanla danışıqlar aparmaqdır. Yeri gəlmişkən, Azərbaycanın konfliktin sülh yolu ilə həllinə önəm verməsini daima təkrarladığını nəzərə alsaq, Mann və Fridin Bakıdakı bəyanatlarındakı «təzyiq əlamətləri»nin yeri yoxdur. Başqa məsələdir ki, ABŞ-ın narahatlığı başadüşüləndir: Vaşinqton Xəzər regionunda neft və neftin nəqli üzrə layihələrin inkişafına çox ciddi yatırımlar qoyub, ona görə də bu proyektlərin «qulağının dibində» irimiqyaslı müharibənin başlanmasını istəmir.
Ancaq Vaşinqtonun həm Azərbaycana, həm də Ermənistana yaxşı münasibət bəslədiyi barədə vasitəçilərin verdiyi bəyanat özünə daha ciddi diqqət tələb edir. Əlbəttə, nəzəri olaraq bunu «vasitəçilik etikası»nın tələbləri ilə izah etmək mümkündür, ancaq burası da aydındır ki, Ermənistanın hərəkətlərinə siyasi və hüquqi baxımdan qiymət verməyin vaxtı çoxdan çatıb. Bu, xüsusilə də Köçəryanın Rambuye danışıqlarında tutduğu «ayaqyolu diplomatiyası»ndan sonra Yerevanda səslənən bəyanatların fonunda xüsusilə aktualdır.
Şübhəsiz ki, bu məsələdə müvafiq təşəbbüs ilk olaraq Köçəryanın özündən gəldi. Məhz o, televiziya müsahibəlrinin birində vəd etdi ki, əgər Azərbaycan danışıqlarda qeyri-konstruktiv mövqe tutsa, o, nə az, nə çox, «Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq». Ondan az sonra Ermənistanın müdafiə naziri Serj Sərkisyan media məkanında «parladı». Rusiyalı jurnalistlərlə söhbətində o, bəyan etdi ki, Ermənistan müharibə istəmir, ancaq ona hazırdır və Ermənistanın yaxşı silahlanmış, döyüş qabiliyyətli silahlı qüvvələri isə regionda hərbi əməliyyatların bərpasından çəkindirici rol oynayır. Söhbət zamanı konkretləşdirmələr də oldu. Sərkisyan rusiyalı jurnalistləri əmin etdi ki, Ermənistan ordusu müdafiə olunmaq baxımından yaxşı mövqelərdədir: «12 il ərzində biz öz mövqelərimizi yaxşı təchiz etməyə, etibarlı istehkam yaratmağa nail olmuşuq».
Ancaq əgər Serj Sərkisyan «zirehimiz möhkəm, tankımız sürətlidir» cümləpərdazlığı ilə kifayətləndisə, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan «Şant» telekanalına verdiyi müsahibədə bəyanat etdi ki, Azərbaycan Qarabağ münaqişəsini iki dəfə hərbi yolla həll etmək istəyib, üçüncü cəhdi isə axırıncı olacaq. XİN rəhbəri əmin olduğunu bildirdi ki, rəsmi Bakı münaqişənin hərbi yolla həllinə getməyəcək: «Əgər Azərbaycan tərəfi Qarabağ problemini kompromislər yolu ilə tənzimləməyə risk etmirsə, onda o, heç vaxt məsələnin hərbi yolla həllinə əl atmayacaq. Çünki bu ölkədə xərclənən investisiya milyardları müharibənin ilk qurbanı olacaq». Bu məntiqdən çıxış edən Oskanyan əmindir ki, heç kəs müharibənin asanlıqla başlanmasına imkan verməyəcək. Onun qənaətinə görə, ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yoluyla həllinə çağırışı Ermənistana yox, müstəsna olaraq Azərbaycana ünvanlanıb. Sülh yoluna gəlincə, Ermənistan XİN-inin başçısı qeyd edib ki, Yerevan tərəfindən kompromis olmayacaq: «Ermənistanın ümumi maraqları və infkişafını nəzərə alaraq, mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar masasında olan və bizim razılaşdığımız məqamlar son həddir, Ermənistan bundan artığına gedə bilməz. «Şant»a verdiyi müsahibədə Oskanyan deyib: «Azərbaycan isə bu həddə yaxın da gəlməyib. Bu gün danışıqlar masasında balanslaşdırılmış həll variantı mövcuddur. Bu, ağrılı ola, ancaq böyük imkanlar da aça bilər. Azərbaycan danışıqlarda kompromislərə hazırlıq dərəcəsini göstərməlidir ki, biz qısa müddətdə bu gün yaranmış vəziyyətdən istifadə edə və regionda sülhün bərpasına nail ola bilək».
Sonra Vardan Oskanyanın «Azq» qəzetində yeni hərbi bəyanatları yer aldı: «Qarabağ erməni torpağıdır. Min illərlə bu torpaqda yalnız ermənilər yaşayıblar və öz müstəqilliklərini qoruyublar». Bundan başqa, nazir onun ölkəsinin digər dövlətlərə qarşı ərazi iddiasında olmaqda ittiham olunacağı barədə danışarkən deyib ki, belə bir təhlükə yoxdur: «Ermənilərdə heç vaxt öz hüquqlarından kənara çıxan ərazi iddiası olmayıb. Qarabağ Azərbaycanın tərkibində olmayıb və olmayacaq, ola da bilməz, bu ərazi həmişə erməni torpağı olub, erməni torpağı olaraq da qalacaq. Üstəlik, Azərbaycan Dağlıq Qarabağa hər hansı bir iddia etmək üçün mənəvi haqqını 90-cı illərdə, bir neçə dəfə hərbi yolla təzyiq göstərməyə, hətta Dağlıq Qarabağ xalqını etnik təmizləməyə məruz qoymağa cəhd edərkən itirib. Əgər o vaxt ermənilər müqavimət göstərməsəydilər, bu gün Qarabağ olmazdı».
Əlbəttə, Oskanyanın gurultulu bəyanatına cavab olaraq tarixi araşdırmalara baş vurmaq, Qarabağda Azərbaycan dövlətçiliyinin tarixindən danışmaq və burada bütün tarixi dövrlər ərzində erməni dövlətçiliyinin olmadığını xatırlatmaq olar. Rusiya arxivlərinə istinad edərək 19-cu əsrdə məhz azərbaycanlıların yaratmış olduğu Qarabağ xanlığının Rusiyaya birləşməsi, ermənilərin bu regiona İrandan və Türkiyədən köçürülməsi barədə tarixi sənədlər göstərmək də mümkündür. Ancaq çətin ki, Ermənistan diplomatiyasının rəhbəri dünyanın Azərbaycanı və Ermənistanı hansı sərhədlər çərçivəsində tanıdığını, Dağlıq Qarabağın hansı dövlətin tərkib hissəsi sayıldığını bilməmiş olsun. Böyük Britaniyanın Ermənistandakı səfiri ülyahəzrət kraliça hökumətinin 1915-ci il hadisələrini «ermənilərin genosidi» kimi dəyərləndirmədiyi barədə verdiyi bəyanatdan sonra Ermənistanın xarici siyasət idarəsinin mətbuat katibi Hamlet Qasparyan belə bir açıqlama ilə çıxış etmiş və səfirə məsləhət görmüşdü ki, «o, erməni xalqının hisslərinə hörmət etsin». Bununla da çoxlarına Ermənistanda geniş auditoriyaya dezinformasiya ötürülməsi ənənəsinin hansı həddə çatdığı aydın olmuşdu. Mahiyyət etibarı ilə Qasparyan işarə vermişdi ki, rəsmi Yerevan xarici diplomatik nümayəndəliklərin 1915-ci il hadisələrini yerli əhaliyə Ermənistanda qəbul olunduğundan fərqli təqdim etmələrini istəmir. Ancaq Oskanyanın münaqişənin hüquqi aspektləri haqqında «kursda olmamasıı» artıq siyasi analiz üçün material deyil, parodiya üçün süjetdir. 1988-ci ildə Yervanda keçirilən mitinqlərdə olduğu kimi isterik bəyanatlar verməkdən son vaxtlara qədər çəkinən Oskanyan şübhəsiz ki, öz sözlərinin həqiqətdən nə qədər uzaq olduğunu bilir.
Söhbətin növbəti militarist təbliğatdan getməsi barədə versiya ən azı yaşamaq haqqına malikdir. Ermənistanda, elə Azərbaycanda da bütün ölkədaxili siyasi təbəddülatlar həmişə hakimiyyətə yönəlik «Qarabağı satıblar» ittihamı ilə başlayır. Kim də olmasa, Köçəryan bunu yaxşı bilir. 1997-ci ildə onun sələfi Levon Ter-Petrosyan məhz «Qarabağ kartı» ilə vurularaq hakimiyyətdən uzaqlaşdırıldı və yerinə həmin bu Köçəryan gəldi. Bu məqam bir çox məsələləri izah edə bilər, ancaq heç də hər şeyi yox. Yerevanda dünya birliyinin reaksiyasını açıq-aşkar «testdən keçirirlər» və özəlliklə Minsk Qrupu tərəfindən lazımi reaksiyanın verilmədiyini görüncə, növbəti addımları atırlar. Bununla yanaşı, ermənilər «geri çəkilmək üçün dəhliz» saxlayır, analitiklərə, vasitəçilərə, diplomatlara və başqalarına mülahizə yürütmək üçün «qida» verirlər. Onlar öz sözlərini rəsmi bəyanatlarda yox, müsahibələrdə deyirlər - diplomatik təcrübəyə əsasən siyasilərin müsahibələrinə reaksiya verilməyə bilər. Xüsusilə də o vaxt ki, hansısa səbəblərdən reaksiya vermək istəyi yoxdur.
Ancaq məhz dünya birliyinin bu sayaq fəaliyyətsizliyi Qarabağ münaqişəsinə dair aparılan danışıqlar prosesini, hər iki tərəfdən səslənən sərt bəynatlardan da artıq təhlükə altına qoyur. Bundan başqa, ən azı o istisna olunmur ki, Ermənistan tərəfi sadəcə «söz savaşı» aparmır, bilərəkdən danışıqlar və sülh prosesini «neft nişangahından» zərbələrə məruz qoyur. Təəssüf ki, dünyada Oskanyanın və Mannın da haqqında danışdığı Xəzərətrafı neft və neftdaşıma layihələrini pozmaq istəyən qüvvələr var. Yerevanda radikal ərəb rejimləri ilə kəsilmiş əlaqələri bərpa etməyi düşünürlər. Avropa üçün Xəzərdə neft mənbəyinin açılması və ərəb dünyasına alternativ olan təchizat imkanlarının yaranması bu rejimlərin ürəyinə saplanmış bıçaq kimi bir şeydir. Bu isə o deməkdir ki, vasitəçilərin «situasiyanın gərginləşməməsi»nə çalışmaları, vaxtilə Münhendə Hitlerin yola gətirilməsi cəhdlərinin İkinci Dünya müharibəsi ilə sonuclanması kimi, regionda müharibəyə səbəb ola bilər.
MƏSLƏHƏT GÖR: