
ONUN MUSİQİ DUYUMU
Fəxrəddin Kərimov:"Arzulayıram ki, valideynlərimin işğaldan azad olunan vətənində - Şuşada bayram konsertində iştirak edim"
Müəllif: Elya ƏNVƏRLİ, Zərifə BABAYEVA Bakı
Dahi alman şairi, dövlət xadimi, mütəfəkkir İohan Volfqanq fon Gete deyirdi: "İncəsənətin dahiliyi daha aydın şəkildə özünü musiqidə göstərir". Eyni sözləri özünü musiqi incəsənətinə həsr edən insan barədə də demək olar. Bu fəaliyyətdə o, təkcə öz dahiliyini deyil, eyni zamanda bacarığını, inadını və ən əsası öz işinə olan sevgisini də göstərir. Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Bakı Musiqili Akademiyasının professoru Fəxrəddin KƏRİMOV barədə klassik musiqinin konsertlərinə tez-tez gələnlər deyirlər: "Əgər dirijor pultu arxasında Fəxrəddin Kərimovdursa, o zaman yaxşı musiqisinin incə interpretasiyasını eşitməyə imkan verəcək uğurlu gecəyə ümid etmək olar". Bizim müxbirlə söhbəti zamanı məşhur maestro öz işi, hobbisi və musiqiyə sevgisi barədə danışıb.
- Siz skripka üzrə Moskva konservatoriyasını bitirmisiniz, sonradan isə dirijor olmusunuz. Necə oldu ki, siz musiqi incəsənətinin məhz bu istiqamətini seçdiniz?
- Dirijor peşəsinə mən hələ məktəb illərindən vurulmuşdum və məniz arzum çin oldu. Hələ Moskvada oxuyarkən və Fuad Mansurov, Qennadi Rojdestvenski, Kiril Kondraşin kimi möhtəşəm dirijorların rəhbərliyi altında tələbə orkestrində oynayarkən mən anlayırdım ki, dirijorluq etmək istəyirəm və bu istək daxilimdə böyüyürdü. Bakıya gələndə mən maestro Niyazinin rəhbərliyi altında filarmoniya simfonik orkestrinin konsertmeysteri kimi işləyirdim. O, öz obrazlı jestləri və mimikası ilə mənə silinməz təsir göstərirdi. Onun musiqiçilərə etdiyi dəqiq qeydləri də yada salıram. Maestro bir çoxlarına məişətdə kömək edirdi, cəmiyyətdə böyük nüfuza sahib idi və onun xahişləri də hörmətlə qəbul olunurdu.
Maestro Niyazi ilə əməkdaşlıq məni oxumağa inandırdı. Leninqradda (Sankt Peterburq) isə mənim bilavasitə müəllimlərim professor İlya Musin və Valeri Qerqiyev idilər. Bir çox dirijorların sənətinə nəzər salanda deyə bilərəm ki, həyatımda vacib rolu bu peşədə dəyərli məsləhətlərini verən xalq artisti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, maestro Rauf Abdullayev də oynayıb. Xoşbəxtəm ki, indi özüm musiqini təfsir və kollektiv musiqiçilik prosesinə rəhbərlik edə bilərim. Əminəm ki, hər bir musiqiçi həyatında bir dəfə də olsun özünü bu sənətdə sınamaq istəyərdi, lakin heç də hər kəs buna nail ola bilmir.
- Siz uzun müddət Türkiyədə işləmisiniz və bu ölkə ilə əlaqələriniz davam edir...
- 20 ildən çoxdur mən Türkiyə musiqiçiləri ilə əməkdaşlıq edirəm. Türkiyə həyatımda təhsil illərimdən sonra, praktikada opera, simfonik, kamera musiqisinin bir çox layihələrini həyata keçirə bildiyim bir növ incəsənət meydanı oldu. İstanbul bələdiyyəsi yanında mən bu il 20 illiyini qeyd edəcək opera və simfonik orkestri yaratmışam. Bir neçə il mən İzmirdə Dövlət Opera və Balet Teatrının baş dirijoru olmuşam. Türkiyədə işlədiyim müddətdə xaricdə öz qastrol çıxışlarımı və dünya klassikasının nümunələrinə dirijorluğu birləşdirərək, mən həmçinin dinləyicilərdə böyük marağa səbəb olan Azərbaycan bəstəkarlarının da musiqisini ifa edirdim.
Türkiyədə bizim istər həmyerlilərimizin, keçmiş Sovet İttifaqı respublikaları nümayəndələrin və istərsə də xarici musiqiçilərin işlədiyi çoxlu sayda opera teatrı və orkestri var. Opera teatrları İstanbulda, Ankarada, İzmirdə, Samsunda, Mersində və Antalyada mövcuddur. Bundan başqa, bir çox şəhərlərdə dövlət, özəl simfonik və kamera orkestrləri yaradılıb, konservatoriyalar açılıb. İncəsənətin bu sahələrinin, xüsusi ilə musiqinin inkişafı Türkiyə hökuməti tərəfindən yaxşı maliyyələşdirilir və dəstəklənir.
- Sizin geniş repertuarınız var, bəs hansı bəstəkarın musiqisi sizə daha yaxındır?
- Kimisə konkret deyə bilmərəm, lakin mənə XIX-XX əsrlərin Qərbi Avropa, Rusiya bəstəkarlarının musiqisi xüsusi ilə yaxındır. Demək olar ki, hər proqramda bizim publikaya əvvəllər tanış olmayan əsərləri ifa etməyə çalışıram. Beləliklə, Bakıda ilk dəfə Volfqanq Amadey Motsartın, Frans Şubertin, Qektor Berliozun, Florin Şmittin, Frans fon Zuppenin, Ottorino Respiqinin, Paul Xindermitin, Leonard Bernstaynın, Anatoli Lyadovun, Antonin Dvorjakın, Pyotr Çaykovskinin və digərlərinin bəzi əsərləri ilk dəfə ifa olunub. Eyni zamanda mənim rəhbərliyim altında ilk dəfə Firəngiz Əlizadə, Azər Dadaşovun, Sərdar Fərəcovun, Rauf Əliyevin, İlyas Mirzəyevin, Arif Məlikovun və digər müasir Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
- Siz bir çox ölkələrdə konsertlərlə çıxış etmisiniz, təəssüratlarınız barədə danışın...
- Təəssüralar çoxdur və hər bir konsert, mənim Polşa, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan şəhərlərində işlədiyim hər bir orkestr kimi özünəməxsus və maraqlıdır. Həmçinin Sankt Peterburqun Mixaylovks opera və balet teatrı ilə Yaponiyada qastrollardan parlaq və unudulmaz təəssüratlar var. Fəxrlə bizim orkestrimizin Fransada, sonradan isə Yunanıstanda Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Azərbaycan Mədəniyyət Günləri zamanı orkestrimizin bir neçə uğurlu çıxışlarını xatırlayıram.
- Maraqlıdır, siz konsertə necə hazırlaşırsınız? Yeni əsərləri ifa edərkən, partituranı nəzərdən keçirərkən, daxilinizdəki musiqini, səslərini eşidirsinizmi?
- Şübhəsiz. İllərlə qazanılan təcrübə ilə mən dirijorlar arasında mövcud olan gözəl bir fikri təsdiq edə bilərəm: "Partituranı öyrənəndə, gözlərlə eşitmək və qulaqlarla görmək lazımdır". Əlavə etmək istəyirəm ki, hər bir dirijor çıxışa hazırlaşarkən, təbii ki, öz fərdi yanaşmasına sahibdir. Partituranı öyrənəndə, biz musiqini royalda oynayırıq, yazılarda dinləyirik, templəri, nüansları və s. fikirləşirik.
- Uşaqlarınız musiqiçi olmadılar, həyat yoldaşınız isə bacarıqlı pianoçudur...
- Yuliya ilə biz Leninqradda oxuyurduq, bəzən birlikdə konsertlərdə çıxış edirik. Peşələrin ümumiliyi birgə sənət layihələrində həllərini daha dəqiq tapmağa imkan verir. Mübahisələr və diskussiyalar isə adrenalin əlavə etməklə, bizim gündəlik həyatınızı rəngli edir. Uşaqlara gəlincə, onlar bugünün gəncləri maraqların və imklanların geniş oldğunu vaxtda yaşayırlar və mən hesab edirəm ki, əsas məqsəd - bizim övladlarımızı həyatın reallıqlarına hazır etməkdir. Hələlik isə onlar təhsil alırlar və bizi uğurları ilə sevindirirlər.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtım demək olar olmur - hər şeyi iş tutur. İstədiyi işlə məşğul olan və tələbat duyulan - hər kəs xoşbəxt insandır. Hobbi isə mənim işimlə üstü-üstə düşür. Əgər boş vaxt olursa, o zaman nəyisə oxumağa, yaxşı filmə və ya futbol matçına baxmağa, dostlarla ünsiyyətdə olmağa çalışıram...
- İnsanda daha çox nəyi dəyərləndirirsiniz?
- Ünsiyyətdə səmimilik, dostluqda təmənnasızlıq, doğruluq, qərar qəbul etdikdə cəsarətlilik. Həmçinin müxtəlif vəziyyətlərdə lazım olan yumoru da çox dəyərləndirirəm. Burada məşhur alman filosofu İmmanuil Kantın bir vaxtlar dediyi sözləri yada salmaq yerinə düşərdi: "Yumor - bu ruhun daha yaxşı vəziyyətində sərbəst olmaq bacarığıdır".
- Arzunuz var?
- Təbii ki. Dinc və xoşbəxt Azərbaycanda yaxınlarım və doğma insanlarımın ətrafında yaşamaq. Dağlıq Qarabağın işğal edilmiş ərazilərinin tez bir zamanda azad edilməsini və valideynlərimin erməni işğalından azad olunan vətənində - Şuşada bayram konsertində iştirak etməyi diləyirəm.
MƏSLƏHƏT GÖR: