Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanda "Reklam haqqında" qanunun yeni redaksiyası qüvvəyə minib. Sənəd çoxdan müzakirə olunurdu və müəlliflər onun ölkənin reklam bazarında indiyədək müşahidə olunan qarışıqlığı, nəzarətsizlik elementlərini aradan qaldıracağını deyirlər. Həqiqətən də, qanunda istehlakçıları narahat edən bir çox məqamlar əksini tapıb. Məsələn, yeni qanunun qəbulu ilə bezdirici SMS-lər, spirtli içkilərin reklamı, dövlət dilinin normalarına riayət edilməsi kimi məsələlər həllini tapacaq. Bununla yanaşı, ekspertlər sənədin yeni redaksiyasında əks olunmuş məqamlara nəzarətin gücləndirilməsinin vacibliyini bildirirlər.
Qeyd etmək lazımdır ki, bu qanunun işlənməsi zamanı ona maraq kifayət qədər yüksək idi - bir çox nazirlik və idarələr sənədə öz təkliflərini, qeydlərini vermiş, marketoloqlar, PR mütəxəssisləri arasında fəal müzakirələr aparılmışdı. Ekspertlərin özlərinin qiymətləndirməsinə görə, nəticə pis alınmayıb və sənəd reklam sahəsində indiyədək mübahisəli olan bütün məqamları özündə əks etdirir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə hesab edir ki, "Reklam haqqında" qanun Azərbaycanda iqtisadi münasibətlərin inkişafına ciddi töhfə verəcək. Deputat ölkədə sağlam rəqabət atmosferinin güclənməsi, iqtisadi münasibətlərin inkişafı baxımından da bu sənədin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə, sənədin işlənilməsi zamanı beynəlxalq təcrübə nəzərə alınıb, həmçinin orada istehsalat və reklamın yayılması sahəsinin dövlət tənzimlənməsi ilə bağlı bir sıra yeniliklər öz əksini tapıb. "Qanun layihəsi nəinki ölkənin reklam bazarının inkişafına kömək etməlidir, o, həm də yerli və xarici şirkətlərin reklam bazarına marağını artırmalı, reklam bazarı subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrin qarşısını almalı, ağır maliyyə sanksiyalarının tətbiqinin, süründürməçiliyin, bürokratik əngəllərin və digər mənfi məqamların qarşısını almalıdır", - deyə Ə.Həsənov qeyd edib.
Məsələn, yeni redaksiyada müəllif hüquqları, vicdansız, qeyri-dəqiq, gizli reklam, reklamın təkzib edilməsi ilə bağlı tələblər sərtləşdirilib. Sənəddə açıq şəkildə göstərilir ki, reklam zamanı "Dövlət dili haqqında" qanunun bütün tələblərinə əməl olunmalıdır. Məsələn, reklam verən reklamda xarici dildən istifadə olunmasını istəyərsə, o, yalnız Azərbaycan dilində yazılmış mətndən sonra yazıla bilər. Bununla yanaşı, xarici dildə yazılmış mətn reklam lövhəsinin 1/3 hissəsindən çoxunu tuta bilməz.
Yeni qanunda sosial və sponsor reklamı anlayışları genişləndirilib, müxtəlif məhsulların reklam edilməsi xüsusiyyətləri, reklamın yayılması vasitələri göstərilib, dövlət nəzarəti, reklam sahəsində özünüidarə ilə bağlı məqamlar əksini tapıb. Məsələn, reklam yayıcılarının hamısı reklam vaxtının və yerinin, ən azı, 8%-ni sosial reklamlara ayırmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunda bu, 5% idi. Bundan başqa, telekanallarda sosial reklamların nümayişi üçün dəqiq vaxt müəyyənləşdirilib - 09:00-dan 24:00-dək.
Milli Məclisin deputatı, qanun layihəsinin müəlliflərindən biri olan Vahid Əhmədov bildirir ki, "sosial reklam tez-tez gecə saatlarında verilir. Bu da insanlarda xüsusi maraq doğurmur. Televiziya və radio şirkətlərinin maraqları nəzərə alınaraq, qanunda sosial reklam üçün ayrılmış vaxtın ümumi reklam trafikinə daxil edilməməsi də nəzərdə tutulub. Düşünürəm ki, bu maddələr sosial reklam verənlərlə reklam yayanların maraqlarının toqquşmasını önləyir".
Reklamların yetkinlik yaşına çatmamış şəxslərə mənfi təsirinin qarşısının alınması ilə bağlı maddəni də sosial tədbirlərə aid etmək olar. Məsələn, reklamlar uşaqlarda kobudluq, nifrət hissi, aqressivlik, zərərli vərdişlər aşılamamalıdır. Ən əsası, reklamlar elə olmalıdır ki, uşaqlar həmin məhsulu almağa valideynlərini məcbur etməsin. Yəni, elə fikir yaranmasın ki, reklam olunan məhsulu almağa istənilən adamın maddi imkanı çatar.
Bir sözlə, reklamda uşaqların, yeniyetmələrdə fiziki və psixoloji tarazlığı pozacaq bütün elementlərin istifadəsi qadağandır. Yeni qanunun daha bir müsbət məqamı tədris müəssisələrində, dərs ləvazımatlarında, materiallarında, gündəliklərdə, dəftərlərdə, albomlarda və yetkinlik yaşına çatmamış şəxslər üçün nəzərdə tutulmuş kitablarda reklamdan istifadənin qadağan edilməsidir.
Yeni qanun telekommunikasiya operatorlarına və provayderlərinə, bezdirici SMS-lərə də "öz üzünü göstərəcək".
Yeri gəlmişkən, son zamanlar müxtəlif operatorların bu SMS-ləri abonentlərdə əməlli-başlı qıcıq yaradır. Qanunda qeyd olunduğu kimi, operatorlar bundan sonra reklam SMS-lərini abonentlərə yalnız fərdi qaydada, onlarla müqavilənin imzalanacağı təqdirdə göndərə biləcəklər. Abonentin razılığı olmadan ona bu tipli SMS göndərilərsə, yaxud, qanuna zidd reklam yayımı baş verərsə, telekommunikasiya operatoru və provayder buna görə məsuliyyət daşıyacaq.
Daha bir qadağa film və tamaşa nümayişi zamanı reklam bilbordlarından istifadə olunmasınadır. Lakin o, filmin nümayişinin başlanmasınadək göstərilən reklamlara, kinotetr və teatrların foyesində reklam stendlərinin yerləşdirilməsinə aid deyil.
Bundan başqa, reklamların televiziya tamaşaçılarına, radio dinləyicilərinə mənfi və müsbət təsirləri nəzərə alınaraq, onun yayım tezliyi məsələsi də nəzərdən keçirilib. "Bu məsələ ilə əlaqədar olaraq, işçi qrup mütəxəssislə, nazirliklərlə məsləhətləşmələr aparıb, reklamın insanlar tərəfindən optimal şəkildə qəbul edilməsi, onun insan psixikasına mənfi təsirinin qarşısının alınması üçün reklamlar arasında interval müəyyənləşdirilib". Qanun layihəsinin yeniliklərindən biri idman yarışlarının yayımı zamanı reklam vaxtının məhdudlaşdırılmasıdır. Belə reklamların əhalinin psixologiyasına təsiri nəzərə alınaraq, 23:00-dan 7:00-dək onların yayımı məhdudlaşdırılıb.
Əvvəlki qanundan fərqli olaraq, spirtli içki reklamına da yeni yanaşma ortaya qoyulub. Yeni qanunda tündlüyü 5%-dən artıq olan spirtli içkilərin reklam olunması vaxtına məhdudiyyət tətbiq edilib (7:00-dan 23:00-dək). Onların nəşrlərin cildində və son səhifəsində reklamı isə qadağan edilib. Bundan başqa, spirtli içkilərin reklamında onlardan istifadənin insanın ictimai statusunu qaldırdığına dair fikir formalaşdırılması, insanın fiziki və ya emosional durumunun yaxşılaşdırılmasının təbliği, sağlamlığa faydalı olması haqqında fikirlərin yer alması qadağandır. Reklamda spirtli içki qəbul etməyən şəxslərin məzəmmət olunmasına, spirtin tündlüyünün keyfiyyət göstəricisi olduğuna dair fikirlərin yer almasına da icazə yoxdur. Qanunda uşaq və dini verilişlərin arasında bu cür reklamların yayımının yolverilməzliyi xüsusi vurğulanır.
Daha qəti qadağa tütün, tütün məmulatları, ona aid məhsulların - elektron siqaret, qəlyan, alışqan və s. reklamına tətbiq edilir. Lakin bu məqam ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Hətta qanun layihəsinin müzakirəsi zamanı parlamentdə belə fikirlər səsləndirilib ki, bu cür tam qadağa bütün spirtli içkilərin reklamına da tətbiq edilməlidir. "Məgər alkoqol tütün məmulatlarından az zərərlidir?", - deyə bu versiyanın tərəfdarları bildiriblər.
Bununla yanaşı, V.Əhmədov müəlliflərin qərarını Azərbaycanda müxtəlif tündlüklə spirtli içkilərin istehsal olunması ilə əsaslandırıb. "Dünya təcrübəsində bu amil (spirtin tündlüyü) onun reklamında həlledici rola malikdir. Belə məhsulların istehsalı ilə məşğul olan əksər şirkətlər idman yarışlarına sponsorluq edir, reklam verən qismində tanınır. Digər tərəfdən, qlobal telekommunikasiya məkanında məhdudiyyət tətbiq etmək praktiki olaraq, mümkün deyil. Üstəlik bu, gözlənilən nəticəni vermir. Beləliklə, biz öz istehsalçımızı reklam bazarından sıxışdırıb çıxara bilərik. Odur ki, biz məsələyə həmin ölkələrin təcrübəsinə əsasən yanaşmanı daha doğru sayırıq", - deyə V.Əhmədov qeyd edib.
Qanunun daha bir prinsipial maddəsi dərman reklamına aiddir. Sənədə əsasən, Azərbaycanda yalnız reseptsiz satılan və müvafiq icra orqanı tərəfindən sertifikat almış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra orqanı tərəfindən qadağan olunmamış tibbi texnika, həmçinin müalicə, profilaktika, diaqnotika və bərpa üsulları reklam oluna bilər. Əgər dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlərlə müşayiət olunursa, bu, reklamda öz əksini tapmalı, həkimlə məsləhətləşmənin vacibliyi orada qeyd edilməlidir. Qanunda reklam vasitəsilə sağlam insanda reklam olunan dərmandan istifadənin vacibliyinə dair fikir formalaşdırılması qadağandır. Xüsusi hazırlıq tələb edən dərmanlar və tibbi texnika haqda informasiya yalnız tibbi sahədə ixtisaslaşmış çap məhsulları vasitəsilə, həmçinin tibb işçiləri və əczaçılar üçün təşkil edilən tədbirlərdə yayıla bilər. Hamiləliyin süni yolla pozulması və süni mayalanman ilə bağlı tibbi xidmətlərin reklamı qəti qadağandır.
Qeyd edək ki, Səhiyyə Nazirliyi indiyədək bu sahədə mövcud olan xaosa dəfələrlə etiraz edib. Yerli telekanallarda bir sıra hallarda nazirliyin lisenziyasını almamış dərman preparatlarının reklam olunduğu sirr deyil. Bundan başqa, özəl klinikalar ayrı-ayrı ölkələrdən tibb işçilərini Azərbaycana dəvət edir, onlar isə televiziyalardakı çıxışları zamanı öz xidmətlərini, texnikalarını reklam edirlər. Sonda məlum olur ki, əslində həmin xidmətlər və texnika heç də reklamda təqdim olunduğu qədər keyfiyyətli dyil. Prezident İlham Əliyev də reklam biznesilə məşğul olan bəzi sahibkarların vicdansızlığı ilə bağlı kifayət qədər sərt danışıb. "Dərman insanların həyatı, sağlamlığı deməkdir. Bu işdə nöqsanlara yol verənlər vicdansızdırlar", - deyə dövlət başçısı qeyd edib. Düşünmək olar ki, "Reklam haqqında" qanunun qəbulu ilə bu sahədə nəzarətin gücləndiriməsi üçün əlavə imkanlar yaranır.
Açıq desək, yeni qanunun digər maddələrilə də tanış olan zaman belə təəssürat yaranır ki, o, əsasən müxtəlif qadağalardan ibarətdir. Bununla yanaşı, Azərbaycanda hələ də bu sahəyə nəzarət edən vahid struktur yoxdur. Yəni, bəzi ekspertlər düşünürlər ki, reklam bazarı ilə bağlı tələblərin təkmilləşdirilməsinə, bir sıra maddələr üzrə sərt məhdudiyyət tədbirlərinin görülməsinə baxmayaraq, onlar kağız üzərində qalacaq.
Azərbaycanın Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev isə əksinə, hesab edir ki, "Reklam haqqında" yeni qanunda əsas yenilik reklam bazarına nəzarət funksiyalarının həddlərinin müəyyənləşdirilməsidir. Əgər əvvəllər bu funksiya yalnız şəhər icra orqanlarının üzərinə qoyulmuşdusa, indi onlar dövlətlə sahənin bilavasitə iştirakçıları arasında bölünür. Yəni, indi ölkədə reklam fəaliyyətinin tənzimlənməsi üçün feni forma yaranacaq. "Bazara hər yanda nəzarət olunmalıdır - yalnız paytaxtda deyil, bütünlükdə ölkə ərazisində. Aydındır ki, dövlət strukturları bazara nəzarət edəcək, pozuntuları vaxtında üzə çıxara biləcək əməkdaşlar ştatına malik deyil. Odur ki, sahə üzrə özünütənzimləmə reklam bazarında əlavə tənzimləyici alət kimi çıxış edə bilər", - deyə o, qeyd edib.
PR sahəsində ekspert Afət Yaqubovanın fikrincə, reklam bazarına nəzarət sahəsində böyük dövlət strukturunun yaradılması məqsəduyğun deyil. O hesab edir ki, qanunda əlavə izahların verilməsi, yol verilən reklamlar, onların vaxtı, yeri, yayım dililə bağlı məqamların göstərilməsi daha effektiv olardı. Vəziyyətin müstəqil ekspertlər və monitorinq qrupları tərəfindən dəqiq monitorinqi göstərir ki, vəziyyəti qısa zamanda səhmana salmaq mümkündür.
MƏSLƏHƏT GÖR: