24 Noyabr 2024

Bazar, 00:50

VƏTƏNDAŞ HACIYEV

XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatının məşhur şəxsiyyətlərindən biri

Müəllif:

01.09.2015

XX əsrin əvvəllərində Bakının ictimai-siyasi həyatının koloritli fiqurlarından biri tacir, gəmi sahibi, gerçək fəxri vətəndaş Kərbəlayi İsrafil Hacı Cəbrayıl oğlu Hacıyev olub. Təəssüf ki, həmin dövrün bu son dərəcə nüfuzlu insanı haqda az şey bilirik. Lakin milli arxivdə aşkar etdiyimiz sənədlər və qəzet əlavələri az da olsa, Kərbəlayi İsrafil Hacıyevin obraz və xarakterini yaratmağa imkan verir.

 

Görkəmli ictimai xadim

Ötən yüzilliyin əvvəllərində Bakının iqtisadi, siyasi, ictimai və mədəni həyatında nəinki Qafqazda, həm də Rusiya imperiyasının bütün müsəlman məkanında böyük nüfuza malik Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev və digər bu kimi görkəmli xadimlər parlayırdılar. Buna baxmayaraq, hazırda əminliklə söyləmək olar ki, hətta yuxarıda qeyd edilən məşhur şəxsiyyətlərin həyat-yaradıcılığı yaxşı öyrənilməyib. Məsələn, bu gün tədqiqatçılardan az nəfərinə məlumdur ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi məhkəmələrdə vətəndaşların maraqlarının səlahiyyətli nümayəndəsi qismində də çıxış edirdi. Odur ki, Kərbəlayi İsrafil Hacıyevlə bağlı məlumatların olmaması heç də təəccüblü deyil. Məlumdur ki, onun gəmisi olub və Volqa ilə neft daşıyıb. Onun Şamaxı küçəsində (indiki Cəfər Cabbarlı) 12№-li evi vardı. Sonuncu sovet illərində bu binada Bakının Oktyabrski rayonunu İcra komitəsi, müstəqillik illərində isə Yasamal RİH yerləşir. Onun daha bir evi Qəbiristanlıq küçəsində (hazıkı Mehdi Hüseyn) idi, amma o, sökülüb. 

10 oktyabr 1905-ci ildə əlahəzrət imperatorun Qafqazdakı köməkçisi, qraf Vorontsov-Daşkov Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətinin nizamnaməsini təsdiq edib. Cəmiyyətin təsisçiləri 21 görkəmli azərbaycanlı olub. Onların sırasında İ. Hacıyev də daxil idi. Cəmiyyətin ilk təsis yığıncağı 15 noyabr 1905-ci ildə Bakı Şəhər Dumasının zalında keçirilib. 136 nəfər cəmiyyətin üzvü olmaq istəyini bildirib. Bu iclasda ilk idarə heyəti seçilib. İdarə heyətinin sədri Q. Tağıyev, onun müavini isə İ. Hacıyev olub. Sonuncu bir neçə dəfə Bakı Şəhər Dumasının qlasnısı seçilib. O, xeyli səs yığmışdı. Belə ki, 1907-ci ildə Şəhər Dumasında seçkilərdə 500 seçici iştirak edib. Səslərin sayılmasından sonra məlum olub ki, 80 seçilmiş qlasnıdan ancaq 20-si 300-dən artıq səs toplayıb. Bu H. Tağıyev, M. Muxtarov, İ. Hacınski və həmçinin 337 səs yığmış İ. Hacıyev idi.

Qeyd edək ki, 1907-ci ildə Bakı Şəhər Dumasına ilk seçkilər keçirildi. Bu seçki zamanı qaydalardan yayınmaya yol verilmişdi, yəni yerli əhali, daha doğrusu, azərbaycanlılar deputat yerlərinin yarıdan çoxunu tuta bilməzdilər. Qüvvədə olan bu qanunun ləğvi üçün Əhməd bəy Ağayev və Kərbəlayi İsrafil Hacıyev daha fəal çıxış edirdilər. Bu direktivin ləğvi üçün azərbaycanlıların mübarizəsinin israrlığı Bakıda məskunlaşan digər xalqların məşhur nümayəndələrinin diqqətini çəkdi və xüsusilə də ermənilərin. Dumaya, həqiqətən, layiqli şəxslərin seçiləcəyini və eyni zamanda milliyyətin heç bir əhəmiyyət kəsb etməyəcəyini əmin etmək üçün ermənilərlə danışıqların aparılmasını məhz azərbaycanlıların yığıncağına həvalə etmişdilər. Necə olsa da, yeni qaydalar üzrə keçirilən seçkilərin nəticəsində azərbaycanlılar Dumada 80 yerdən 50-nə, ermənilər isə 20-nə sahib oldular. İ. Hacıyevin namizədliyi seçkilərin gedişi zamanı 1907-ci ildə Rusiyada Dövlət Dumasına təşkil edilib. Lakin o, ikinci Dövlət Dumasının deputatı seçilən Ağa İsmayıl Tağıyevin (H. Tağıyevin oğlu) xeyrinə namizədliyini geri götürüb. 

 

Kəskin natiq

İ. Hacıyevin çıxışları Dumanın iclaslarında birbaşa olması və kəskinliyi ilə seçilirdi. Belə ki, 1907-ci ildə Şəhər Dumasında çarın bu qanunverici orqanın buraxılması barədə fərmanına qarşı etirazı olan Vıborq çağırışını imzalayan deputat kimi, Əlimərdan bəy Topçubaşovu Bakı Şəhər Dumasının qlasnılar sırasından xaric edilməsini nəzərdə tutan və Sankt Peterburqdan göndərilən rəsmi bildiriş nəzərdən keçirilirdi. Bu məsələ ilə bağlı məlumat hazırlayan upravanın üzvü Məmməd Həsən Hacınski qlasnının bu xəbərə lazımi şəkildə cavab verəcəklərinə ümid etdiyini bildirmişdi. İlk sözü İ. Hacıyev demişdi: "... Qoy, hökumət onu xaric olunmuş hesab etsin, qoy, onun hansı rahat üsullarla istəyir təqib etsin, amma biz, onun yoldaşları onu yaxşı tanıdığımız üçün öz sıralarımızdan xaric edə bilmərik... Qlasnılar bu qərar əsasında onun xaric olunmasını imzalaya bilməzlər, şəxsən mən bunu edə bilmərəm". 

Duma Bakı qradonaçalnikliyinin saxlanılmasına dair xərclər haqda məsələ müzakirə edilərkən də o kəskin çıxış etmişdi: "... Axı, gözəl bilirdilər ki, biz vaxtında yüz min ödəməyə bilmirdik və bunun iki dəfə artığını necə verəcəyik... "Əynimizdən axırıncı köynəyi çıxarmaq istəyirlər?" Bu gün - sabah biz vəsait olmadığına görə məktəbləri, xəstəxanaları, sığınacaqları və başqa nələri bağlamalı olacağıq. Burda isə hər gün polisin saxlanılması üçün xərcləri artırırlar". Bəlkə də, elə bu tipli çıxışlar 1902-1904-cü illərdə Bakı şəhərinin rəhbəri postunu tutan A. Novikovun İ. Hacıyev haqda "Şəhər rəhbərinin qeydləri" kitabında mənfi fikir söyləməsi üçün bəhanə olmuşdu. 

 

Ailə

İ. Hacıyevin ailəsi ilə bağlı məlumdur ki, o, 1892-ci ildə Umu Səlma Xanım Ağa bəy qızı Səlimxanla evlənib. Həmin vaxt qızın 17 yaşı olub. Bu nikahdan 1896-cı ildə İskəndər adlı oğlan dünyaya gəlir. O, Birinci Dünya müharibəsi illərində Petroqrad Universitetinin hüquq fakültəsinin tələbəsi olur. Həmin dövrün zəngin şəxsləri kimi İ. Hacıyevin də ikinci arvadı olub - Sona xanım Hacıyeva. S. Hacıyeva azərbaycanlı Rza Abdullayev və rus İrina Gerasimovanın nikahdankənar qızı olub. O, 19 may 1873-cü ildə anadan olub. Anadan olarkən Mariya adı verilib və pravoslav etiqadı əsasında xaç suyuna salınıb. Dörd yaşında anasını, bir il sonra isə atasını itirib. Qızı atası tərəfdən əmisinin həyat yoldaşı Umleyla Seyid qızı himayəyə götürür. Sonralar S. Hacıyevanın qeyd etdiyi kimi, xalası onu "müsəlman dini ruhunda" tərbiyə edib.

1898-ci ildə o, 50 il müvəqqəti nikaha daxil olub - Kərbəlayi İsrafil Hacıyevin siğəsi, ikinci həyat yoldaşı olub. Cəmiyyət arasında S. Hacıbəyovaya İ. Hacıbəyovun "rus arvadı" deyirdilər. Bu nikahdan iki qız dünyaya gəlib - Züleyxa (13 noyabr 1900-cü il) və Minə (31 avqust 1901-ci il). 1908-ci ildə S. Hacıyeva rəsmi şəkildə İslamı qəbul edir. O, Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinin ən fəal üzvlərindən biri olub. Müharibədən zərər çəkmiş müəslmanlar üçün pul və əşyaların toplanılmasında köməklik göstərib. Hərbi əsir götürülən türklərin saxlanıldığı Nargin adasına gedib. 1915-ci ildə adadan səkkiz türk hərbi əsir düşmüş zabitin qaçmasında şübhəli bilinərək, polisdə ifadə verməli olub. 

Kərbəlayi İsrafil Hacıyev 17 oktyabr 1916-cı ildə vəfat edib. Onun ölümündən sonra rəhmətliyin əmlakının arvadları və uşaqları arasında bölmək məsələsi ortaya çıxır. Burada məlum olur ki, nə Sona xanım Hacıyeva ilə nikah, nə də bu nikahdan uşaqların doğulması məsciddəki yaş dəftərlərinə salınmayıb. Bu boşluqların aradan qaldırılması üçün 1916-cı ilin noyabrında o, Bakı dairəvi məhkəməsinə müraciət edir. Ərizənin təsdiq edilməsinə qarşı İ. Hacıyevin birinci həyat yoldaşı Umu Səlma xanım və oğlu İskəndər, Sona Hacıyevaın İ. Hacıyevlə nikahının qanunu sayılmaması və nəticə etibarilə qızlarının mirasdan məhrum olmaları üçün məhkəməyə ərizə ilə müraciət edirlər. Lakin məhkəmə Sona xanım Hacıyevaya dəstək olur.


MƏSLƏHƏT GÖR:

671