23 Noyabr 2024

Şənbə, 23:48

"GÜCLƏNDİRİLMİŞ" REJİMDƏ

Yer kürəsi qlobal istiləşmə dövrünə davam gətirə biləcəkmi və bunun Azərbaycana təsiri necə olacaq?

Müəllif:

08.09.2015

Müasir insanın zaman maşını olsaydı və o, təxminən, milyon il əvvələ gedə bilsəydi (Yerin yaşı ilə müqayisədə bu, təxminən, bir dəqiqədir) Azərbaycanın, ümumiyyətlə, bütünlükdə Qafqazın yerində sadəcə dəniz görərdi. Bəli, planetimizdə iqlim dəfələrlə dəyişib və bu, zaman-zaman baş verməkdədir. Bu dəyişikliklər nəticəsində buzlaq dövrü qlobal istiləşmə dövrülə əvəzlənib. Alimlər hələ də bizim hazırda hansı dövrdə yaşadığımıza dair yekdil fikrə gələ bilməyiblər. Əksəriyyət qlobal istiləşmə dövrünün yetişməkdə olduğu qənaətindədir. O, təəssüf ki, heç də yalnız Yerin dövretməsilə bağlı deyil. Son 100 ildə burada ətraf mühitin çirkləndirilməsi, ilk növbədə, havada karbon qazının miqdarının artması, atmosferin ozon qatının dağılması da öz rolunu oynayıb.

Bütün bu amillər birlikdə ona gətirib çıxarıb ki, planetin buzlaqları itir - Arktika və Antarktida əriməyə başlayıb, orada nəhəng buzların qoparaq okeanlara tərəf hərəkət etməsi daha intensiv hal alıb. Belə dəyişikliklər dəfələrlə baş verib. Elə vaxtlar olub ki, hazırda buzla örtülmüş Antarktidada Sibir havasına uyğun hava şəraiti hökm sürüb, orada gözəl göllər, çaylar, meşələr olub. Bu gün həmin dövrün geri qayıda biləcəyinə dair xəbərlər daha çox yayılmaqdadır. Antarktida buzlaqlarının əriməsi müasir ekoloq alimlərin üzərində baş sındırmalı olduqları əsas problemlərdən biri, bəlkə də, birincisidir.

Mütəxəssislər artıq yarım əsr sonra bütün qitələrdə sahilyanı şəhərlərin suyun altında qala biləcəyindən ehtiyatlanırlar. Onların fikrincə, suyun səviyyəsinin cəmi 1-2 metr qalxması faciəvi nəticələr verəcək. Alimlərin araşdırmaları göstərib ki, vəziyyət dəyişməzsə, 30 ildən sonra yeni ümumdünya daşqını yaşana bilər. Hesablamalara görə, ABŞ-ın bütünlükdə şərq sahilləri, Kanadanın şimalı, Latın Amerikası sahilləri, Avstraliyanın əhalinin ən sıx olduğu bölgələri daşqın zonasına düşür. Və bütün bunlar artıq 2050-ci ildə, yəni 35 il sonra baş verə bilər. Məlumata görə, Avropanın bütün nəhəng meqapolisləri, sahilyanı şəhərləri, hətta bir sıra ölkələr bütünlükdə risk zonasına daxildirlər. Qlobal faciə yarım əsr sonra 150 milyon iqlim qaçqınının peyda olması ilə nəticələnə bilər. Bəs, böyük hissəsi Xəzər dənizilə əhatə olunmuş Azərbaycanın taleyi necə olacaq?

 

Dəyişkən Xəzər

Xəzər dənizinin xüsusiyyəti onun bütün dənizlərlə müqayisədə okean səviyyəsindən ən aşağıda yerləşməsidir. Xəzər dünyanın ən böyük gölü sayılır. Çünki onun Dünya okeanına çıxışı yoxdur. Xəzərin daha bir xarakterik cəhəti səviyyəsinin kəskin şəkildə (əsrlər nöqteyi-nəzərindən) qalxması və enməsidir. Bunun əsl səbəbi hələ də tam aydın deyil. Ola bilsin ki, bu, dənizə tökülən çaylarda suyun həcminin dəyişməsi, dənizin dibindəki seysmik dəyişikliklər, yeraltı sular, nəhayət, qeyd olunan iqlim dəyişikliklərilə bağlıdır. Müasir araşdırmalar göstərir ki, 10 min il ərzində dənizin səviyyəsi düz 20 metr səviyyəsinə qalxıb və ya enib. Məlumdur ki, bizim eranın ilk əsrlərindən VII əsrədək Bakı buxtası o qədər quru olub ki, Bakıya yaxın adalar quru ilə bitişib. Ptolemey xəritəsində (bizim eranın II əsri) Bakı dənizdən xeyli uzaqda yer alır. Lakin VII əsrdən Xəzərdə suyun səviyyəsi kəskin şəkildə artmağa başlayıb və bu, IX əsrədək davam edib - elə o zaman Bakı buxtası yaranıb. Ən güclü dəyişikliklər isə XVII əsrin sonlarında baş verib - Xəzərin səviyyəsində artım 10 metrdən çox olub. XIV əsrə aid italyan coğrafiyaçısı Marina Sanuto o günlərdə deyirdi: "Xəzər dənizi hər il bir ovuc böyüyür və bir çox gözəl şəhərlər artıq su altındadır". Coğrafiyaçı Əbd ər-Rəşid əl-Bakui isə 1403-cü ildə Xəzərin Bakının bir hissəsini örtdüyünü, suyun məscidə çatdığını bildirirdi. Bəli, bu, dəniz sularının Qız qalasına çırpıldığı illər idi. Qaladan qızın özünü dənizə atması ilə bağlı əfsanə də həmin dövrə aiddir. O illərdə Bakı buxtası qayasının üzərində tikilmiş Səbayıl qəsri tamamilə suyun altında qalmışdı.

O dövrdə dənizin səviyyəsi uzun müddət yüksək həddə qalıb və eniş yalnız XIX əsrdə başlayıb.

Uzaq 1837-ci ildə ilk dəfə Xəzərin dərinliyinin müntəzəm şəkildə ölçməyə başlayıblar və 1930-cu ilədək onun səviyyəsində dəyişiklik, demək olar ki, baş verməyib. Yalnız 1940-cı ildə dəniz suyunun səviyyəsi birdən-birə, təxminən, 2 metr artıb. Sonralar 70-ci illərdə müəyyən azalma müşahidə olunub, 90-cı illərdə isə Xəzərin suyu yenidən artıb. Suyun köhnə bulvardakı beton plitələrə çırpıldığı, küləkli havada bir neçə metr yüksəkliyə atıldığı dövrü, yəqin ki, hər birimiz xatırlayırıq.

 

Gözləntilər

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzərin səviyyəsilə bağlı illik proqnoz metodikası su balansı elementlərinin hesablanmasına əsaslanır. Bu, özünü 90-95% doğruldur. Dənizdə suyun səviyyəsinin dəyişməsilə bağlı uzunmüddətli (5-10 il üçün) proqnoz isə çox çətin işdir. Çünki o, iqlim şəraitilə əlaqəlidir. Hətta müasir tədqiqat üsulları belə, maksimum 6 ay sonra üçün nəticə əldə etməyə imkan verir.

Regional iqlim dəyişikliklərinə əsaslanan proqnozlara görə, 2020-ci ilə Xəzərdə suyun səviyyəsi 70-80 santimetr artacaq. Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə Yer kürəsini ciddi ekoloji kataklizmlərin gözlədiyinə dair fikirlərlə razı deyil. O, şəhərlərin su altında qala biləcəyi haqda proqnozları qəbul etmir. Zeynalovun fikrincə, Yerdəki iqlim dəyişiklikləri buzlaqların əriməsilə bağlı deyil: "Bütün iqlim tərəddüdləri dövrü xarakter daşıyır və Günəşin aktivliyilə bağlıdır. Belə tərəddüdlər hər 40-50 ildən bir baş verir. Günəşin "yuxuda" olduğu dövrdə Yer öz-özünü qızdırır, hər kəsin haqqında eşitdiyi istixana effekti yaşanır. Buzlaqların əriməsi nəticəsində şirin suyun artması isə əksinə, atmosferi sərinləşdirir. İqlimə isə iki amil təsir göstərir - artıq qeyd olunan Günəş aktivliyi və El-Nino isti Atlantik axınının aktivliyi".

Onun erkən "oyanması" (yanvarda) nəticəsində şimal ölkələrində leysan yağışlar yağır, cənubda isə əksinə, havalar çox isti keçir. Son illərdə yaşananları müşahidə etdikdə bu təbiət qanunauyğunluğunu görməmək mümkün deyil: şaxtalı qışdan sonra yay anomal istilərlə müşahidə olunur.

"Bu gün müşahidə etdiyimiz 50 dərəcəyədək isti bizim üçün yenilik deyil", - deyə alim bildirir: "XX əsrin ikinci yarısının ortalarında - 50-60-cı illərdə də vəziyyət eyni idi: şiddətli şaxtalar və yayda dözülməz isti hava. Lakin, bu, dənizin səviyyəsinə təsir göstərmir".

Azərbaycana gəlincə, yarım əsrdən bir baş verən və ümumilikdə, adi olan bu dəyişikliklər bizə ciddi təsir göstərməyəcək. Xəzərdə suyun səviyyəsi 1985-ci ildən 1997-ci ilədək 2,5 metr qalxıb. 2013-cü ildən 2020-ci ilədək o, daha 1 metr arta bilər. Lakin bu, bir anda baş verən yox, uzun prosesdir. Beləliklə, istənilən halda bakılıların bu dəyişikliyə hazırlşmaq üçün kifayət qədər vaxtı olacaq.

 

Antropogen amil

Azərbaycanlı ekspert T.Zeynalovdan fərqli olaraq, rusiyalı ekoloq, "Ekozaşita!" beynəlxalq ekoloji qrupun həmsədri Vladimir Slivyak nikbin deyil. O, "R+" jurnalına açıqlamasında bildirib ki, artıq Yerdə iqlim dəyişikliklərinin getməsi faktına heç kəs şübhə etmir. "Bu prosesdə antropogen amilin həlledici olduğunu bu sahənin alimlərinin böyük əksəriyyəti qəbul edir. Başqa sözlə, bu gün insan Yerdə orta hərarətin sürətlə artmasına və iqlim dəyişikliyi prosesinə müəyyən "töhfə"lər verir - bu, elmi faktdır. İnsanların atmosferə karbon qazı buraxması ilə bağlı faktlara və planetdə qlobal hərarətin artmasına dair məlumatlara birlikdə nəzər saldıqda, buna şübhə yeri qalmır.

Şübhəsiz ki, planet müxtəlif dönəmlərdən keçib - istiləşmə, soyuq dövr. Lakin, bu dövrlər belə sürətlə keçməyib. İnsanların istixana qazları ilə iqlim dəyişikliyi prosesini sürətləndirdiyi indiki dövrdə isə dəyişikliyə nə insanların özləri, nə də digər canlılar adaptasiya olmağa macal tapır. Bu səbəbdən də, artıq yüzilliyin ortalarında panetdəki canlıların təxminən 30%-nin məhv ola biləcəyinə dair proqnozlar var. Proqnozlara görə, eyni vaxtda Yerin bir hissəsi suyun altında qalacaq, bir çox ada dövlətləri yox olma təhlükəsilə üz-üzə qalacaq. Amma bunlar iqlim dəyişiklikləri nəticəsində bəşəriyyəti gözləyən bütün və hətta heç də ən dəhşətli fəlakətlər deyil. Bizim qlobal istiləşmə prosesini xeyli sürətləndirməmiz çox ciddi problemdir və indi bəşəriyyət bu əməlinə görə cəzasını almaqdadır. İnsanlıq bu cəzanın nə qədər ağır olacağını hələ də anlamır", - deyə ekoloq bildirib.

Bununla yanaşı, mütəxəssis hesab edir ki, ən mənfi fəsadları hələ də önləmək mümkündür. Onun fikrincə, bunun üçün, ilk növbədə, atmosferə qlobal səviyyədə istixana qazlarının atılması ciddi şəkildə azaldılmalıdır: "Məsələ ondadır ki, artıq mədən yanacağının (neft və s.) hasilatı və satışı ilə məşğul olan şirkətlərə subsidiyaların verilməsinin dayandırılması məsələsi beynəlxalq səviyyədə müzakirə olunmaqdadır. Atmosferə istixana qazlarının atılmasının ciddi şəkildə azaldılmasına dair geniş beynəlxalq konsensus əldə olunarsa, əsas zərəri belə şirkətlər görəcək və onlar həddindən artıq böyük vəsait itirəcək".

Proqnozlaşdırılan iqlim dəyişikliklərinə adaptasiya olmaq üçün həyata keçiriləcək tədbirlər də böyük önəm daşıyır. Öz siyasətini qurarkan bütün dövlətlər iqlim dəyişikliklərinin doğura biləcəyi mümkün fəlakətlər və adaptasiya üçün tələb olunan addımları da nəzərə almalı olacaqlar. "Alternativ yol da var - heç bir iş görməmək və hər şeyin özbaşına keçib gedəcəyini düşünmək. Lakin, yalnız təhlükənin miqyasını dərk etməyən insanlar belə düşünə bilər. Məsələn, tamamilə su altında qala biləcək Maldiv adaları hökuməti iqlim dəyişikliyi, onun antropogen xarakterilə bağlı mübahisə etməyi ağlından belə, keçirmir. MDB-nin bu kiçik, lakin ağıllı dövlətdən öyrənəcəyi şeylər var. Çünki biz heç bir tədbir görməsək, Maldiv adaları iqlim dəyişiklikləri nəticəsində yoxa çıxacaq ilk ölkələrdən olacaq, sonra isə növbə bizə çatacaq. Üstəlik, bütün bunlar minlərlə il sonra deyil, artıq XXI əsrdə baş verə bilər", - deyə ekspert bildirib.


MƏSLƏHƏT GÖR:

636