Müəllif: Nurlanə QULİYEVA Bakı
Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrinin parametrlərini açıqlayıb. Əvvəlcədən 2016-cı ilin büdcəsi dünyada iqtisadi vəziyyətin reallıqlarını nəzərə almaqla, yanaşı, öz sosial istiqamətini saxlayan qənaətli mövqe də sərgiləyib.
Neft amili
İlk öncə qeyd edək ki, büdcənin neftin 1 barrelinin 50 dollardan götürülərək, hazırlandığına dair bir qədər əvvəl yaranan məlumatlar özünü doğrultdu. Düzdür, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, həmişə olduğu kimi, ehtiyatda daha iki ssenari - 40 və 60 dollar - var. Amma son illərin təcrübəsinin göstərdiyi kimi, neftin dünya qiymətlərində ən kritik dəyişikliklər olduğu təqdirdə belə, hökumət əvvəlcədən təsdiqlənmiş plana uyğun hərəkət etməyə üstünlük verir. Büdcədə manatın ABŞ dollarına məzənnəsi 1,05 manat nəzərdə tutulub. Təbii ki, neftin proqnozlaşdırılan qiymətinin düşməsi ölkənin əsas iqtisadi sənədinin göstəricilərində əks olunmaya bilməzdi. Dövlət büdcəsinin gəlirləri 14, 566 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-nin 25,2 faizi həcmindədir. Xərcləri isə 16, 264 mlrd. manat (28,2 faiz), büdcə kəsri - 1,698 mlrd. manat və ya ÜDM-nin 2,9 faizini (onun həcmi 57,7 mlrd. manat həcmində müəyyənləşdirilib) təşkil edir. Bununla yanaşı, əvvəlki illə müqayisədə, gəlirlər 25,1 faiz, xərclər isə 22,9 faiz azalacaq. Sənədin girişində deyildiyi kimi, 2016-cı il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri qeyri-neft gəlirlərinin xüsusi çəkisinin artırılması və Dövlət Neft Fondundan transfertlərin həcminin tədricən azaldılması seçilib. Bunu nəzərdə tutulmuş göstəricilər də təsdiq edir - gələn il neft sektorunun ümumi büdcə gəlirlərində payının 53,5 faizə qədər azalması gözlənilir. Halbuki 2015-ci ildə bu rəqəm 65,3 faiz proqnozlaşdırılmışdı. Transfertlərə gəldikdə isə burada azalmanın həcmi böyükdür - 2016-cı ildə bu rəqəm 6 mlrd. manat təşkil edəcək, yəni bu da 2015-ci illə müqayisədə (8,1 mlrd. manat) 42,2 faiz az deməkdir. Hərçənd, ARDNF-nin öz gəlirlərinin gözlənilən azalması fonunda bu rəqəm tamamilə məntiqidir: fondun gəlirləri 2016-cı ildə 6,71 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 3,53 mlrd. manat (34,5 faiz) azdır. Bununla yanaşı, fondun xərcləri 8,2 mlrd. manat (33,4 faiz az) qeyd edilib və dövlət büdcəsinə transfertlər bu məbləğin 73,2 faizini təşkil edir. Samir Şərifovun sözlərinə görə, transfertlərin həcminin azalması düzgün siyasətdir. Çünki "qarşımızda ortamüddətli perspektivdə valyuta rezervlərini saxlamaq, onları səmərəli şəkildə istifadə etmək vəzifəsi durur".
Bu dərəcədə böyük azalma, əlbəttə ki, dünya bazarlarında neftin qiymətinin düşməsi ilə əlaqədardır. "Biz bu vəziyyətin (neftin ucuz qiyməti) hələ bir neçə il davam edəcəyini gözləyirik, bundan sonra, bəlkə qiymət yüksəldi. Məlum olduğu kimi, dünya iqtisadiyyatı mərhələlərlə inkişaf edir və xammalın qiymətinin baha olduğu dövr bitdi, böyük durğunluq dövrü başlayıb", - deyə S. Şərifov qeyd edib. Nazir əlavə edib ki, neftin ucuzlaşması, xüsusən də ABŞ-da hasilatın xeyli artması ilə əlaqədardır. "Bununla yanaşı, OPEC-ə daxil olan ölkələr hasilatı azaltmadılar. Nəticədə, bazarda təklif tələbatı üstələyir. Eyni zamanda, biz burada iqtisadi məntiqə zidd olan siyasi oyunları da istisna etmirik. Lakin reallıq odur ki, neftin qiyməti çox düşüb və biz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq", - maliyyə naziri bildirib.
Gəlirlər: güzəşt az, vergi çox
2016-cı ildə büdcə gəlirlərinin səviyyəsinin enməsinin əsas səbəbi gəlir vergisi yığımlarının həcminin azalması ilə bağlıdır. Belə ki, bunun böyük hissəsi "Azəri-Çıraq-Günəşli" blokunda neft hasilatına operatorluq edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK), habelə SOCAR-ın vergi köçürmələri hesabına yaranır.
Qeyd etmək lazımdır ki, ümumilikdə, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə gəlirlər 2015-ci ildə gözlənilən faktiki göstəricidən 5,8 faiz az olacaq və 6,6 mlrd. manat təşkil edəcək.
Bununla bərabər, Vergi Məcəlləsində müəyyən dəyişiklilər gözlənilir - gələn il bəzi vergi güzəştləri ləğv edilə və ya məhdudlaşdırıla bilər. Məsələn, sadələşdirilmiş vergi sistemi ödəyicilərini "sürpriz"lər gözləyə bilər: 2016-cı il dövlət büdcəsi layihəsində deyildiyi kimi, onun təkmilləşdirilməsi gözlənilir, bununla əlaqədar mövcud qanunvericiliyə dəyişikliklər ediləcək. Həmçinin planlaşdırılan əsas tədbirlərdən biri hesablanmış vergilərin yığımlarının səmərəliliyinin artırılmasıdır. Yeniliklər 2016-cı ildə dövlət büdcəsinə 1,59 mlrd. manat gəlir təmin edəcəyini vəd verən gömrük orqanlarının işinə də təsir edəcək. Prinsipcə, bu göstərici cari ilin səviyyəsində saxlanılıb, amma onu müasir iqtisadi şərtlərdə yerinə yetirmək bir qədər çətin olacaq. Ona görə də gömrük idxal rüsumlarının azpilləli sistemə keçidi istiqamətində işlərin sürətləndirilməsi qərara alınıb; Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə əsasən, elektron ticarət və s sahəsində də yeni məhdudiyyətlər, habelə bir sıra gömrük güzəştlərinin ləvğini gözləmək olar. 2016-cı il dövlət büdcəsi layihəsi çərçivəsində, həmçinin dövlət büdcəsinə dövlət torpaqlarının icarəsi və özəlləşdirmə hesabına gəlirlərin artırılması üzrə tədbirlər planlaşdırılıb. Bundan başqa, iqtisadiyyatın bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələlərlə məhdudlaşdıraraq, özəl investitiyaların cəlb edilməsi istiqamətində işlər davam etdiriləcək.
Xərclər: qənaət və səmərəlilik
Beləliklə, gəlirlərlə məsələ az və ya çox aydındır. Bəs dövlət vəsaitlərinə "qənaət" necə göstəriləcək, bu, bilavasitə əhaliyə necə təsir edəcək? Dərhal sualın ikinci hissəsinin cavabından başlayaq. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, 2016-cı ilin dövlət büdcəsi sosialyönümlülüyünü saxlayır. Bundan başqa, əməyin ödənişi, pensiya və müavinətlər, dərman vəsaitləri, ərzaq və s. daxil olan bu istiqamətdəki xərclərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq, xərclərin ümumi həcminin 36,1 faizi təşkil edib. Yəni yuxarıda qeyd edilən maddələrin maliyyələşməsində həcmin azalması və ya vaxtın ötməsindən söz belə gedə bilməz. Həmçinin müdafiə sahəsinin xərcləri də artır - 2015-ci ilin proqnozları ilə müqayisədə, 3,3 faiz. Ümumilikdə, müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3 faizi həcmində vəsait nəzərdə tutulub. 2016-cı ildə dövlət xəzinəsindən daha çox vəsait sərf olunacaq sahələr sırasında təhsil (0,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və s. (1,9 dəfə), kənd təsrrüfatı (0,1 faiz) durur. Bununla yanaşı, dövlətəsaslı vəsait qoyuluşu (48,7 faiz), sənaye və tikinti (48,5), yanacaq və energetika (25,8 faiz) sahəsinə xərclər xeyli azalacaq. Eyni zamanda, səhiyyə 4,2 faiz, nəqliyyat və rabitə 10,6 faiz, sosial müdafiə və sosial təminat 7,1 faiz, elm 12,5 faiz, prokurorluq, məhkəmə və hüquq-mühafizə oqranlarının xərcləri 7,2 faiz və s. azalacaq. 2016-cı ildə ölkənin dövlət borcunun maliyyə xərcləri artacaq. Bu, manatın məzənnəsinin devalvasiyası ilə bağlıdır.
"Əsas dövlət proqramlarının yerinə yetirilməsi davam edəcək. Lakin ola bilsin, qənaət məqsədilə başlanılan infrastruktur və digər iri layihələrin reallaşdırılma vaxtı uzansın. Eyni zamanda, biz büdcənin cari xərclərini optimallaşdıracağıq", - S. Şərifov qeyd edib. O, əlavə edib ki, ötən illər ərzində ölkədə infrastrukturun, enerji, qaz və su təchizatının yaxşılaşdırılması üçün işlər görülüb. Bu isə nəzərdə tutulan iqtisadiyyatı reallaşdırmağa imkan verəcək. Digər tərəfdən, bir çox sahələrdə dövlət investisiyalarını özəl investisiyalarla əvəz etmək, onlara xarici və yerli investorları cəlb etmək vaxtı çatıb. "Bu, sahibkarlığın da inkişafına öz töhfəsini verəcək", - nazir qeyd edib.
Beləliklə, dünyada iqtisadi və siyasi vəziyyətin təsiri, əlbəttə, Azərbaycan büdcəsinə xətərsiz keçə bilməzdi. Nəticədə, son illər ərzində ilk dəfə büdcənin gəlirləri və xərclərinin azalmasına səbəb oldu. Ola bilsin bu, növbəti il Azərbaycanın kredit reytinqinə də təsir göstərəcək. S. Şəfirovun sözlərinə görə, "reytinq tərtib olunarkən, neftin qiymətinin düşməsi ilə yanaşı, hökumətin atdığı addımlar da nəzərə alınır. Enerjidaşıyıcılarının qiymətinin düşməsinə baxmayaraq, hökumətimiz zəruri addımlar atdı və bu faktor bizim beynəlxalq kredit reytinqimizi "B-" səviyyəsində saxlamağa səbəb oldu. Bununla belə, neft ucuzlaşır və bu bizim gəlirlərə təsir edir. Bununla yanaşı, geosiyasi gərginlik də müşahidə edilir, bu iki faktor bizim reytinqə mənfi təsir göstərə bilər". Eyni zamanda, əvvəlki illərdə qoyulan iqtisadi təməl, dünya iqtisadiyyatının inkişafının zəifləyən mərhələsinə nisbətən xətərsiz keçidinə ümid etməyə imkan verir. İnfrastruktura sərmayə qoymaq, iqtisadiyyatın müxtəlif sahələrində iri müəssisələr yaratmaq artıq öz faydasını verməlidir.
MƏSLƏHƏT GÖR: