
DÜŞƏNBƏ SAMMİTİNİN SİQNALLARI
KTMT terror təhlükəsinə nə dərəcədə reaksiya göstərə bilər
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə sammiti Avrasiya geosiyasəti baxımından kifayət qədər maraqlı hadisə oldu. Birincisi, o, təşkilatın simasının müəyyənləşməsi və məzmununun ortaya çıxması baxımından önəmili idi. İkincisi, sammit Yaxın Şərqdə və KTMT-nin perimetri boyunca yaşanmaqda olan dramatik hadisələr kontekstində, həmçinin bu olaylarla bağlı regional və qlobal miqyasda təhlükələr baxımından maraq kəsb edirdi.
Prioritet - terrorla mübarizədir
Görünən odur ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan liderləri postsovet məkanında yeganə hərbi-siyasi birlik olan KTMT-nin perspektivindən, qurum çərçivəsində gələcək əməkdaşlığın mümkün formalarından, həqiqətən, ciddi narahatlıq keçirirlər. Sırf təşkilati baxımdan bu, özünü Rusiya Prezidenti Vladimir Putinin blokun siyasi rəhbərliyində dəyişikliklər edilməsi təşəbbüsündə göstərib. Dəyişikliyə əsasən, qurumun 12 ildir Nikolay Bordyujanın rəhbərlik etdiyi baş katibliyinin başçısı bundan sonra rotasiya ilə təyin olunacaq. Amma bu məsələ ilə bağlı konkret qərar yüksək səviyyədə yalnız ilin sonunda, Bordyujanın səlahiyyət müddəti başa çatan zaman veriləcək.
KTMT-nin fəaliyyətinə gəlincə, üzv dövlət başçılarının qəbul etdikləri birgə bəyanatda bir tərəfdən, yeni təhlükələrin artmasından narahatlıq ifadə olunur, digər tərəfdən, təşkilat üzvlərinin bu təhlükələrə qarşı birgə mübarizəyə hazır olduqları bildirilir. Söhbət, ilk növbədə, istər Əfqanıstan, istərsə də "İslam dövləti" (İD) terror təşkilatının hücumlarını gündən-günə artırdığı Yaxın Şərqdən gələn terror təhlükəsindən gedir. Üstəlik, Qazaxıstan və Qırğızıstan prezidentləri Nursultan Nazarbayevlə Almazbek Atambayev İD-nin Əfqanıstanda da populyarlığını artırmaqda olduğuna diqqət çəkiblər. Halbuki, bunadək Əfqanıstan "Taliban"ın "oylağı" sayılırdı.
KTMT-yə üzv ölkələr ekstremizm və digər təhlükələrlə bağlı mübarizənin koordinasiyasının Moskvada yerləşən Böhrana Reaksiya Mərkəzi vasitəsilə həyata keçiriləcəyinə dair razılığa gəliblər. O, faktiki olaraq, Rusiyanın Milli Müdafə İdarəsi Mərkəzinin himayəsi altında fəaliyyət göstərəcək. Lakin ən böyük rezonansı bu yox, Rusiya Prezidenti Vladimir Putinin müttəfiqlərini və bütünlükdə dünya birliyini İD-yə qarşı mübarizədə birləşməyə çağırması yaradıb.
Bununla yanaşı, Putin qarşıya qoyulmuş vəzifəyə - Yaxın Şərqdə terror hücumlarının qarşısının alınmasına - nail olmaq üçün Suriya Prezidenti Bəşər Əsədə dəstək verilməsini vacib sayır. Bu baxımdan, Putin rəsmi Dəməşqə qarşı olan Qərb mərkəzlərini "geosiyasi maraqları unutmağa" çağırıb.
Rusiya prezidenti hesab edir ki, hazırda İraq və Suriyanın böyük bir ərazisinə nəzarət edən, "Məkkəyə, Qüdsə, həmçinin Avropa, Rusiya, Mərkəzi və Cənub-Şərqi Asiya şəhərlərinə istiqamət almış" İD ilə geniş mübarizə cəbhəsinə Suriya ordusu, Suriyanın mötədil müxalifəti və kürd qeyri-nizami qoşunu daxil ola bilər. Moskvanın Suriya hökumətini dəstəklədiyini etiraf edən Putin Dəməşqə bunda sonra da lazımi hərbi yardımı göstərəcəklərini söyləyib.
Beləliklə, Moskva bir daha bəyan edib ki, rəsmi Dəməşqin fəal iştirakı olmadan Suriya böhranının həlli və İD üzərində qələbə qazanılması mümkün deyil.
Putin terrorla mübarizə məqsədilə Əsəd hökuməti ilə dünya birliyi arasında əməkdaşlıq təşəbbüsünü Avropa üçün son dərəcə çətin mərhələdə irəli sürüb.
Məlum olduğu kimi, hazırda Avropa müharibənin bürüdüyü Şərqdən kütləvi qaçqın axını ilə üz-üzə qalıb. Bəs İD-yə qarşı beynəlxalq koalisiya yaratmış ABŞ və Aİ Putinin terrorçularla mübarizədə Suriya prezidentinə arxalanmaqla bağlı təklifini qəbul edəcəklərmi? Axı, Qərb Bəşər Əsəd rejimini çoxdan "qanunsuz" elan edib. Nəzərə alsaq ki, Suriyada terrorun tüğyan etməsinə məhz son illərdə bir sıra müsəlman ölkələrində münaqişələri qızışdıran, İraqa və Liviyaya hücum edən Qərbin siyasətinə səbəb olub, bu o qədər də inandırıcı görünmür. Bu səbəbdən, ABŞ və Aİ-nin Putinin çağırışına dəstək verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Onlar, çətin ki, Moskvanın KTMT üzvləri ilə əsədpərəst anti-İŞİD koalisiya yaratmasına dəstək versinlər.
Bununla yanaşı, Düşənbə sammitində KTMT-yə üzv dövlət başçılarının İD-nin fəallaşmasından narahatlıq ifadə etmələri göstərir ki, postsovet hərbi-siyasi bloku hazırkı mərhələdə öz maraqlarına əsas təhlükəni məhz İD-də görür. Maraqlıdır ki, İD-dən gələn təhlükə fonunda sammitin yekun bəyanatında Ukrayna böhranının təhlükəsindən, ümumiyyətlə, danışılmır. Halbuki, bu, yalnız Rusiyanın deyil, bütünlükdə keçmiş SSRİ ölkələrinin diqqət mərkəzində olan məsələdir.
KTMT-yə üzv ölkələrdən birini isə daha çox beynəlxalq terrorla mübarizədəki peripetiyalar deyil, öz təcavüzkar siyasətinin perspektivləri narahat edir. Hər halda, onun bu siyasəti beynəlxalq hüquqa, dövlətlərin və xalqların sivil mövcudluğu prinsiplərinə tamamilə ziddir. Söhbət Azərbaycan ərazilərinin işğalını davam etdirən, Bakının öz torpaqlarını güc yolu ilə azad etmək qərarı verəcəyi təqdirdə, məhz KTMT-yə üzvlüyün onun köməyinə gələcəyini düşünən Ermənistandan gedir.
Ermənistanın strateji iflası
Ermənistan prezidenti Serj Sarqsyan hələ KTMT-nin Düşənbə sammitindən bir neçə gün əvvəl Azərbaycana göstərilən hərbi yardımdan gileylənmişdi. Sarqsyan bunu onu Moskvaya çağırmış Vladimir Putinlə görüşdə deyib. Görüşdə Ermənistan prezidenti rusiyalı həmkarına bu məsələni KTMT sammitində qaldırmaq niyyətində olduğunu da söyləmişdi.
Sarqsyan sammitdə bunu həqiqətən də edib. O bildirib ki, guya "Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdlərinə adekvat beynəlxalq reaksiyanın olmaması bütünlükdə regionda sabitliyi poza bilər". Lakin sammit iştirakçılarının Sarqsyanın bəyanatına reaksiyası göstərib ki, Ermənistan prezidentinin "Azərbaycandan gələn təhlükə" ilə bağlı iniltisi yalnız Putin üçün maraqsız deyil. Onun bu "şikayət"inə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri də heç bir reaksiya göstərməyiblər. Bu mənada, ortaya bir sual çıxır: doğrudanmı, Sarqsyan düşünür ki, KTMT-yə üzv dövlət başçıları Azərbaycan ərazilərini hansı dövlətin işğal etdiyini, bu torpaqlardan bir milyon azərbaycanlını kimin qovduğunu bilmirlər? Məgər, onlar bu insanların 20 ildən artıqdır, məcburi köçkün statusunda yaşamasının günahkarının kimliyindən bixəbərdirlər?
Beləliklə, pərt olmuş erməni ekspertləri indi yalnız bir qənaətdədirlər: KTMT üçün Qarabağ məsələsi və bu problem, ümumiyyətlə, mövcud deyil. Bu üzdən də Sarqsyanın səylərinə rəğmən, Düşənbə sammitinin yekun bəyanatında sözügedən problemlə bağlı bir cümlə belə, yer almayıb. Ermənistan KİV İrəvanın strateji vəzifəsinin öhdəsindən gələ bilmədiyini, KTMT-ni "ayılda" bilmədiyini açıq şəkildə etiraf edir. Erməni mətbuatı blokun əksər üzvlərinin Ermənistanla ümumi maraqlarının olmadığını, üstəlik, onların Azərbaycanın strateji müttəfiqləri olduqlarını da yazır.
2016-cı ildə Ermənistan KTMT-yə sədrliyə başlayacaq. O zaman İrəvanın işğalçı siyasətinə bu təşkilatdan az da olsa, dəstək almağa çalışacağına şübhə yoxdur. Lakin ermənilərin bu cəhdlərinin uğursuzluğa düçar olacağını indidən söyləmək mümkündür. Birincisi, KTMT-nin digər üzvləri Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı lazımi bilgiyə malikdirlər və onlar Azərbaycanın ədalətli mövqeyinə qarşı çıxmayacaqlar. İkincisi, hazırda bütün diqqəti beynəlxalq terrorizmlə mübarizəyə yönəldən KTMT üçün daxili resurslarını və enerjisini özünün ən zəif bəndi olan Ermənistana "xərcləməsi" heç cür sərf etməz.
MƏSLƏHƏT GÖR: