13 Mart 2025

Cümə axşamı, 06:50

EFFEKTİV ÜÇBUCAQ

Türkiyə XİN başçısının Azərbaycan və Rusiyaya səfərləri regional problemlərin həllində yeni dəyişikliklərin müjdəçisi ola bilər

Müəllif:

22.09.2015

Türkiyə Azərbaycan üçün "1 nömrəli" strateji tərəfdaşdır. İki ölkənin yüksəkrütbəli məmurlarının qarşılıqlı səfərləri bu münasibətlər tarixində ənənəvi hal sayılır. Bu səbəbdən, təcrübəli diplomat Feridun Sinirlioğlunun Türkiyənin müvəqqəti hökumətində XİN başçısı təyin olunduqdan dərhal sonra Bakıya səfər etməsi heç də təəccüblü deyil. Bununla yanaşı, səfərə regional və beynəlxalq proseslər kontekstindən yanaşdıqda, Azərbaycanı narahat edən təhlükəsizlik məsələlərinin həllində müəyyən irəliləyişlərə ümid yaranır.

 

Suriyadan - energetikayadək

F.Sinirlioğlunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etmədiyi sahə yoxdur. Onun sözlərinə görə, Bakı ilə Ankara arasında siyasi, iqtisadi, enerji və mədəniyyət sahələri də daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlıq uğurlu nəticələr verir. Prezident ikitərəfli əlaqələrin genişləndirilməsi ilə əlaqədar müntəzəm müzakirələrin aparıldığının vacibliyini vurğulayıb. İ. Əliyev Türkiyə XİN başçısının Azərbaycana səfərinin ikitərəfli və regional məsələlərin müzakirəsi baxımından, yaxşı imkan olduğuna əminliyini qeyd edib.

F. Sinirlioğlu isə öz növbəsində, ölkəsinin Azərbaycanı "G-20" formatında Antalyada keçiriləcək görüşə dəvət etdiyini bir daha yada salıb.

Sinirlioğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. İki nazirin görüşdən sonra keçirdikləri birgə brifinqdə məlum olub ki, onlar, əsasən, ikitərəfli əməkdaşlıq və regional problemlərə dair müzakirələr aparıblar. Söhbət regional təhlükəsizlik məsələlərindən, ilk növbədə, Azərbaycan ərazisinin beşdəbirinin işğalından gedir. F. Sinirlioğlu Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini "beynəlxalq hüququn açıq şəkildə pozulması, regional təhlükəsizliyə əsas təhdid" adlandırıb. Nazir bildirib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini stimullaşdırmaq üçün əlindən gələn edir. O, bunun münaqişə zonasında status-kvonun tezliklə dəyişməsi üçün vacib olduğunu söyləyib. "Dağlıq Qarabağ münaqişəsinin həllində, ilk növbədə, Ermənistanın özü maraqlı olmalıdır. İrəvanın bu münaqişəni nə qədər uzada biləcəyini deyə bilmərəm. Ermənistan sabitlik və inkişaf istəyirsə, "dondurlmuş münaqişə" mövqeyindən imtina etməlidir", - deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib.

Danışıqlarda enerji sahəsində əməkdaşlıq mövzusu da müzakirə olunub. Söhbət Azərbaycanın enerji resurslarının Türkiyəyə, oradan isə Qərbə nəqlini nəzərdə tutan boru xətti layihələri çərçivəsində əməkdaşlıqdan gedir. Bu yaxınlarda Bakı-Tbilisi-Ərzurum qaz kəmərində son zamanlar fəallaşmış Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının terror aktı törətməsi bu mövzunu xüsusilə aktuallaşdırıb. 

F. Sinirlioğlu Türkiyənin Bakı-Tbilisi-Ceyhan və TANAP layihələrinin təhlükəsizliyinin təmini istiqamətində addımlar atdığını söyləyib: "Terrorçuların Türkiyə ərazisindəki bütün layihələri hədəf seçməsi ehtimalı var. Bu, enerji layihələrinə də aiddir. Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, TANAP kimi boru kəmərlərinin təhlükəsizliyinin təmini çox vacibdir. Bu məqsədlə biz təhlükəsizlik tədbirləri görürük".

Bundan başqa, nazirlər siyasi, iqtisadi və təhlükəsizlik sahəsində ikitərəfli və regional əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər. Onlar regional sabitliyə yaranmış yeni təhlükələri diqqətdən kənarda qoymayıblar. Elmar Məmmədyarovun jurnalistlərə bildirdiyi kimi, Bakı danışıqlarında tərəflər Suriya böhranını, onun nəticələrini, ilk növbədə, bu ölkədən Türkiyə vasitəsilə Avropaya qaçqın axınının yaratdığı problemləri müzakirə ediblər. "Bu, çox ciddi məsələdir. Azərbaycan bunu çox yaxşı dərk edir. Çünki bizim də öz qaçqınlarımız və məcburi köçkünlərimiz var", - deyə E. Məmmədyarov qeyd edib. O, yalnız Türkiyədə, təxminən, 2 milyon suriyalı qaçqına sığınacaq verildiyini xatırladıb. Nazir Suriya probleminin tezliklə həllinə, miqrantların öz evlərinə qayıtmasına tərəfdar olduğunu bildirib.

Suriyalı qaçqınlar məsələsi Azərbaycan üçün həqiqətən ciddi problemdir.

Suriya-Türkiyə sərhədinin ayrı-ayrı hissələrində mühafizənin zəif olması Türkiyənin dünyanın bir çox ölkələrindən olan minlərlə insan üçün əlverişli tranzit marşrutuna çevrilməsinə imkan verir. Onlar məhz bu ölkədən keçməklə Suriyaya gedərək, oradakı vətəndaş müharibəsinə qoşulurlar. Müxtəlif mənbələrin məlumatına görə, belə könüllülər arasında Azərbaycan vətəndaşları da var. Onların əksəriyyəti, demək olar ki, bütün Yaxın Şərqdə azğınlıq edən "İslam dövləti" (İD) qruplaşmasına qoşulub. Azərbaycanda bu şəxslərin vətənə qayıdacaqları təqdirdə, onlardan hansı təhlükələrin gələ biləcəyini yaxşı anlayırlar. Bu səbəbdən, Bakı ilə Ankara həmin tranzit yolunun qapadılması istiqamətində fəaliyyətlərini çoxdan koordinasiya edir. Bu məsələ regional təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın əsas məqamlarından biridir.

Bundan başqa, Bakı artıq neçə illərdir, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında erməniəsilli suriyalı qaçqınların qanunsuz şəkildə yerləşdirilməsi məsələsini beynəlxalq instansiyalarda qaldırır. Bununla yanaşı, cinayət yalnız Azərbaycanın işğal altında olsa belə, suveren ərazilərində demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi deyil. Azərbaycandan siyasi sığınacaq istəyən erməni müxalifətçi, "Milli azadlıq hərəkatı"nın lideri Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında kifayət qədər maraqlı məqamlar açıqlayıb. Onun açıqlamaları suriyalı qaçqınlarla bağlı problemin respublikanın milli təhlükəsizliyi üçün son dərəcə ciddi təhdid olduğunu göstərib. Martirosyanın sözlərinə görə, İrəvan Suriya və Liviyadan olan erməni qaçqınlardan yaraqlı qruplaşmaları yaradır və onları işğal altındakı Dağlıq Qarabağda yerləşdirir. "Yaxın Şərq münaqişəsi nəticəsində, 15-20 min Suriya və Liviya ermənisi tarixi vətənlərinə qayıdıb. Onların bir hissəsi sonradan yenidən geri dönüb, bir hissəsi Avropaya yollanıb, bir qrupu isə Qarabağda məskunlaşıb. Dəqiq məlumata görə, bu qaçqınlar arasında terror təşkilatlarının üzvü olmuş şəxslər də var. İrəvan onlardan kiçik qruplar yaradır və Qarabağa yerləşdirir", - deyə erməni müxalifətçi bildirib.

Beləliklə, Azərbaycan və Türkiyə XİN başçılarının görüşündə Suriya problemi ilə bağlı da müzakirə olunacaq məqamlar var idi.

 

Maraqlar üst-üstə düşəndə...

F.Sinirlioğlu Bakı səfərindən dərhal sonra rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Soçiyə yollanıb. Lavrovun cəmi bir neçə gün əvvəl Bakıda səfərdə olduğunu nəzərə alsaq, analitiklər düşünürlər ki, bu üç ölkə arasında yeni strateji üçbucaq yaradıla bilər. Onların fikrincə, söhbət, ən azı, ümumi problemlərin həllində effektiv Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığından gedə bilər. Regional təhlükəsizlik və enerji siyasəti ilə bağlı tərəflərin mövqeyində bəzi fikir ayrılıqlarının, hətta bəzən kəskin ziddiyyətlərin olmasına baxmayaraq, üç ölkənin ümumi maraqları da var. İlk növbədə, onların hər biri Qərblə, xüsusilə Avropa ilə münasibətdə tarixin heç də ən yaxşı dövrünü yaşamır. Bu, Bakı, Ankara və Moskvanı öz regionları çərçivəsində əməkdaşlığı möhkəmləndirməyə stimullaşdırır. "Azərbaycan Aİ-nin son dərəcə subyektiv, qərəzli münasibəti ilə üzləşib. Məsələ o yerə çatıb ki, avropalılar tələm-tələsik qətnamələr qəbul edir, özlərinin yol verdikləri pozuntularda bizi günahlandırırlar. Rusiya daha çətin vəziyyətdədir və Avropa ona qarşı sanksiyalar tətbiq edib. Türkiyəyə gəlincə, onun müstəqil xarici siyasət yürütməsi Qərbdə müəyyən dairələri qıcıqlandırır. Fikrimcə, bu ümumi dəyərlər bizi yaxınlaşdırır. Hər üç dövlətimizə yaxın olan müəyyən məsələlər var. Düşünürəm, Sinirlioğlu Lavrovla təsadüfən görüşməyib. Buna regionumuzda baş verənlər fonunda baxmaq lazımdır", - deyə politoloq Fikrət Sadıqov "R+" jurnalına açıqlamasında bildirib.

Bu üç ölkənin iqtisadi maraqları hələ ki, bir-birinə çox da yaxın deyil. Lakin onların hər biri regionda sabitliyin olmasında maraqlıdır. Yeni müharibə ocaqlarının yaranması, Cənubi Qafqaza suriyalı qaçqınların və onlarla birlikdə müxtəlif ekstremistlərin üz tutması regionun bütün ölkələri üçün başağrısına çevrilə bilər. Bakıda hesab edirlər ki, bu məqamlar regionun aparıcı dövlətlərinin Azərbaycanı narahat edən problemləri həll etmək istəyini daha da artırır.

F. Sinirlioğlu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan və iflasa uğramış "futbol diplomatiyası"nın ideoloqlarından və bələdçilərindən biri kimi tanınır. Odur ki, Sinirlioğlu ermənilərlə türklərin barışığı məsələsinə Qarabağ nizamlanmasından kənar baxılmasının nəticə verməyəcəyini hər kəsdən yaxşı bilir. Bakı isə bu iki problem arasında birbaşa əlaqənin olduğunu lap əvvəldən bəyan edib. İndi Azərbaycan regionda yaranmış vəziyyətdən və Türkiyənin imkanlarından istifadə edərək, Rusiyanı Cənubi Qafqazda sülhün bərqərar olması işinə daha ciddi girişməyə stimullaşdıra bilər. Rusiya və Türkiyə XİN başçılarının Bakıya ardarda etdikləri səfərlər bu məsələdə maraqların üst-üstə düşdüyünü, Azərbaycanın isə bunun əvəzində qarşı tərəfə verə biləcəyi nələrinsə olduğunu göstərir.



MƏSLƏHƏT GÖR:

462