
AVROPA PRAQMATİZMİ
Çexiya Azərbaycanla strateji tərəfdaşlığa dair ikitərəfli razılaşma imzalayan 8-ci Aİ ölkəsi oldu
Müəllif: Fasim ƏLİZADƏ Bakı
Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri ölkənin Avropa Parlamenti ilə münasibələrinin açıq anti-Azərbaycan qətnamə ilə əlaqədar kəskinləşməsi fonunda baş tutub. Avropa Parlamentinin bu cür qeyri-dost addımına cavab olaraq, Azərbaycan, hətta "Avronest"də iştirakdan imtina edib, Aİ ilə strateji tərəfdaşlığa dair danışıqları dayandırıb.
Zemanın səfəri isə Azərbaycanın Aİ ölkələri ilə ikitərəfli münasibətlərində heç bir problemin olmadığını, əksinə, qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşdirilməsinin mümkünlüyünü göstərdi.
İki ölkənin imzaladığı "Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında strateji tərəfdaşlığa dair birgə Bəyannamə" Bakı ilə Praqa arasında ikitərəfli işgüzar münasibətlərin inkişafı üçün ciddi özül olacaq. Yeri gəlmişkən, Çexiya Azərbaycanın strateji tərəfdaşlığa dair ikitərəfli razılaşma imzaladığı 8-ci Aİ ölkəsidir.
Lakin Azərbaycan və Çexiya sahibkarları arasında işgüzar əlaqələrin dərinləşməsi perspektivindən danışmazdan əvvəl, hazırda bu iki ölkə arasında işgüzar əlaqələrin hansı səviyyədə olduğuna nəzər salmaq yerinə düşərdi.
Azərbaycanla Aİ ölkələri arasında klassik ticarət dövriyyəsi
Azərbaycanda ixrac əsasən nest-qaz sektoru ilə əlaqəlidir və bu, tamamilə başadüşüləndir - ölkə Avropa qitəsinin əsas neft tədarükçülərindən biridir.
Bu gün Çexiyanın idxal etdiyi neftin 30%-i Azərbaycanın payına düşür. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatından məlum olur ki, 2015-ci ilin ilk yarısında Azərbaycan məhsullarının Çexiyaya ixracı 284 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. 2015-ci ilin ilk yarısında Azərbaycanün ümumi ixracının 4,57%-i Çexiyanın payına düşür.
Çexiyadan Azərbaycana məhsul idxalı ilə bağlı göstəricilər daha məhduddur. Bu ilin ilk yarısının yekununa görə, idxal cəmi 23,839 milyon dollar təşkil edib. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 6,8% çoxdur. 2015-ci ilin ilk yarısında Çexiyanın xarici ölkələrə ümumi mal xracının cəmi 0,51%-i Azərbaycanın payına düşüb.
Qeyd edək ki, hazırki mərhələdə Çexiya dəmir yolu tikintisində, vaqon və lokomotivlərin tədarükündə, həmçinin enerji sektoruna aid layihələrdə iştirak edir. Çexlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizinin tikintisində də iştirak ediblər. Çexiya prezidentinin Bakıda keçirilən birgə biznes-forumda qeyd etdiyi kimi, nəqliyyat sektou ilə bağlı planlardar biri Gəncə şəhərində şəhər nəqliyyatı ilə bağlı layihənin reallaşdırılmasıdır. Həmçinin Çexiyadan Azərbaycana aşağı gərginlikli sürətli tramvayların gətirilməsi də nəzərdə tutulub.
Azərbaycan Şimal-Cənub layihəsinin potensialına işarə edir
Azərbaycan Prezidenti İlham Əliyev isə çexiyalı biznesmenlərin BTQ dəmir yolu layihəsində fəal iştiraklarını davam etdirmələri təklifini səsləndirməklə yanaşı, Fars körfəzi ölkələri bazarına çıxışla daha bir əməkdaşlıq istiqamətini göstərib.
"Şərq-Qərb dəmir yolu dəhlizinin tamamlanması mərhələsindəyik. Həmçinin Çex Respublikası banklarının dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinin son mərhələsindəyik. Bu layihə Azərbaycan və digər ölkələr vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və yeni daşımalar dəhlizini açacaq. Bu, Bakıda yeni Beynəlxalq Dəniz Limanının və Xəzər dənizinin şərq sahilində oxşar məkanların tikintisi ilə eyni zamanda baş tutacaq. Bununla olduqca etibarlı, iqtisadi baxımdan sərfəli daşımalar marşrutlarını yaradacağıq. Dünən mən qonağımıza, həmçinin Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub dəhlizi haqqında məlumat verdim. Şimal-Cənub dəhlizi milyonlarla ton əlavə yükün Azərbaycan və qonşu ölkələr vasitəsilə daşınmasını mümkün edəcək. Bu isə fikrimcə, Asiyada, bizim bölgəmizdə və Avropada bütün iştirakçılar üçün faydalıdır. Mən Çexiya maliyyə təsisatlarını bu layihəyə sərmayə qoymaq və maliyyə dəstəyi göstərmək üzərində ciddi düşünməyə dəvət edirəm", - deyə İlham Əliyev qeyd edib.
Yəni, Çexiya ilə Azərbaycan arasında ənənəvi əməkdaşlıq sektoru daha da dərinləşməlidir. Bu işdə Azərbaycan xüsusilə maraqlıdır. Çünki o, coğrafi mövqeyindən maksimum yararlanaraq, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə nəhəng investisiyalar cəlb etmək istəyir.
Əməkdaşlığın önəmli istiqamətlərindən biri də aqrar sektor olmalıdır. Xatırladaq ki, Çexiya prezidentinin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində çexiyalı və azərbaycanlı biznesmenlərə aqrar sektorda birgə müəssisələrin yaradılması təklif olunur. Bu, kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa, onları regionda, o cümlədən Rusiyada satmağa imkan verəcək.
Xüsusi qeyd etmək lazımdır ki, Çexiyanın işgüzar dairələri Azərbaycandakı əlverişli investisiya iqlimindən, xarici investisiyaların qorunması səviyyəsindən razıdırlar.
Bununla əlaqədar olaraq, çexiyalı sahibkarlar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya yatırmaq, burada biznes qurmaq imkanlarını əldən qaçırmamağa çalışırlar.
Çexiya Azərbaycana çex məhsullarının tədarükünü artırmağı təklif edir
Çexiyanın Azərbaycanla xarici ticarətdə nəzərəçarpacaq mənfi saldoya malik olduğunu görmək çətin deyil. Bununla əlaqədar olaraq, Çexiya prezidenti çex məhsullarının Azərbaycana ixracının artırılması niyyətlərini dilə gətirib.
Məsələn, söhbət avtomobil sənayesindəqn gedir. Çexiyalı sahibkarlar Azərbaycan yollarında "Şkoda" minik, "Tatra" yük avtomobillərini, həmçinin Çexiya avtomobil sənayesinin digər məhsullarını daha çox görmək istəyirlər.
Bununla yanaşı, Çexiya tərəfi Azərbaycan rəhbərliyi ilə müdafiə sənayesi sahəsində də əməkdaşlığı fəallaşdırmağın əleyhinə deyil. Çexlər Azərbaycan polisi üçün radarların və digər silah növlərinin satışında da maraqlıdırlar.
Əlbəttə ki, Prezident Miloş Zeman turizm sahəsində Azərbaycan investisiyalarını görmək arzusunu da dilə gətirib. O, azərbaycanlı sahibkarları Çexiya mehmanxanalarına, kurortlarına fəal investisiya yatırımına çağırıb.
Ümumilikdə Azərbaycan və Çexiya prezidentlərinin, həmçinin işgüzar dairələrinin görüşündə ikitərəfli münasibətlərin inkişafının vacibliyi vurğulanıb. Bu gün Azərbaycan Aİ ölkələri üçün vacib və sabit neft tədarükçüsüdür. Bu onilliyin sonunadək Azərbaycan həm də Cənub-Şərqi Avropa ölkələrinə təbii qaz nəqlinin şaxələndirilməsində vacib ölkələrdən birinə çevriləcək. Yeri gəlmişkən, Azərbaycanda təbii qaz hasilatının davam etdirilməsi fonunda perspektivdə Çexiyaya da "mavi yanacaq" ixracı istisna olunmur.
Azərbaycan son dərəcə çətin regionda siyasi və maddi sabitlik "adası" olaraq qalır. Region ölkələrində yaşanan silahlı münaqişələri nəzərə alsaq, Azərbaycan Aİ-dən Asiya istiqamətində yüklərin tranziti üçün vacib alternativ marşruta çevrilə bilər. BTK dəmir yolunun inşasının başa çatdırılması Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə yükdaşımalarının canlandırılmasına imkan verəcək. Söhbət Avropa ölkələrinə çıxışı olacaq Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutundan gedir.
Qərbin Çexiya Prezidenti Miloş Zeman kimi məsuliyyətli siyasətçiləri Azərbaycan rəhbərliyi ilə enerji, maliyyə və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini yaxşı anlayırlar. Onlar bunun Aİ ölkələrinin inkişafı və çiçəklənməsi baxımından vacib olduğunun fərqindədirlər.
MƏSLƏHƏT GÖR: