24 Noyabr 2024

Bazar, 14:26

ÖZ CİBİNDƏN

Dünya iqtisadiyyatının reallıqları Azərbaycanın valyuta ehtiyatlarının yatırımını yerli dövlət şirkətlərinin layihələrinə yönəldir

Müəllif:

29.09.2015

Azərbaycanın iqtisadiyyatında da müəyyən problemlərə yol açan dünyada neftin qiymətinin azalması, tez-tez siyasi səbəblər, aparıcı qüdrətli dövlətlər tərəfindən təsir dairələrinin növbəti bölgüsü ilə əsaslandırılır. Belə bir nəticəyə hökumətdə də üstünlük verilir.

Belə ki, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, neftin ucuzlaşması xüsusi ilə ABŞ-da neft hasilatının nəzərəçarpacaq dərəcədə artması ilə əlaqələndirilir. Bununla yanaşı, OPEK-ə daxil olan ölkələr, hasilatını azaltmadılar. Bu da bazarda təklifin tələbat həcmindən üstün olmasına gətirib çıxardı. "Lakin iqtisadi məntiqə uyğun olmayan siyasi oyunlar da istisna olunmur", - deyə  S. Şərifov əlavə  edib.

Bununla belə, Azərbaycan neftinin dünya bazarlarında satışından gəlirlərin azalmasına görə hökumət dövlət büdcəsinin doldurulması üçün yeni mənbələr  axtarmağa məcburdur. Və bu mənbə kimi istər ölkənin xaricində, istərsə də daxilində daha gəlirli yerləşdirilmə nəzərə alınmaqla, Azərbaycanın mövcud maliyyə ehtiyatları ola bilər. Uzun müddət ərzində Azərbaycan hökuməti valyuta ehtiyatlarının yerləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə institutlarının məsləhətlərinə ciddi riayət edirdi. Məsələn, onların yüksək etibarlılığa malik, lakin sərmayə reytinqindən aşağı olmayan qiymətli kağızlara yerləşdirilməsi kimi. Bundan başqa, BMİ-lər ölkə iqtisadiyyatının dünya bazarlarında "qara qızıl" qiymətinin dəyişməsindən asılılığını dərinləşdirməmək üçün sərbəst vəsaitlərin neft-qaz sektorunda yerləşdirilməsinin tərəfdarı deyildilər. Cari ilin əvvəlindən Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi aktivlərin idarə edilməsindən gəliri artırmaq məqsədi ilə sərmayə portfelinin coğrafiyasını inkişaf etmiş ölkələrdən inkişaf etməkdə  olan ölkələrə tərəf dəyişdirməyə  başlayıb. Halbuki qeyd olunan vəziyyətdə siyasətin kəskin dəyişməsindən danışmaq olmaz, çünki fond öz vəsaitlərini BBB sərmayə reytinqindən aşağı olmayan səviyyədə yatırım etməyə davam edir.

Lakin sərmayələrin neft-qaz sektoruna yatırmamasına dair məsləhətlərdən hökumət görünər ki, imtina etmək qərarına gəlib. Bunu SOCAR-ın Azərbaycan Mərkəzi Bankından 1,8 mlrd. manat borc götürməyə hazır olması ilə bağlı xəbər əyani şəkildə təsdiq edir və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq  Abdullayevin sözlərinə görə, Azərbaycan hökuməti bu sövdələşməyə artıq razılıq verib. Qeyd edək ki, ABM 2015-ci ilin iyulun 13-də müəyyənləşdirilmiş uçot dərəcəsinin illik 3% səviyyəsində belə SOCAR-ın kreditləşdirilməsindən xeyli udacaq. Unutmaq lazım deyil ki, AMB-nin valyuta vəsaitlərinin idarə edilməsindən gəlirləri heç 1%-dən çox deyil.

İlin əvvəlində illik 6,95%-lə 750 mln. dollar məbləğində 15 illik  avrobondlar yerləşdirən Dövlət Neft Şirkəti də uduzmayacaq. Hazırda neft qiymətinin aşağı olması ilə əlaqədar, maliyyə  dairələri  nəzərəçarpacaq dərəcədə neft-qaz şirkətlər üçün borc vəsaitlərinin dəyərini artırıb və xarici KİV-lərin məlumatına görə, bu rəqəm illik 10%-ə çatıb. SOCAR-a gəlincə, onun borc vəsaitləri üzrə faiz dərəcələri 2013-cü ildə 4,75%-dən 2015-ci ilin əvvəlində 6,95%-dək artıb.

Bu, 1,8 mlrd. manat vəsait xaricdən cəlb edilsəydi, borcun faiz dərəcələri SOCAR üçün 8-9% olacaqdı. Yəni söhbət artıq borc üzrə illik 150-160 mln. Manat  səviyyəsində ödənişdən gedir. AMB-nin SOCAR üçün kredit ayırması qərarı faktiki olaraq hökumətə bu məbləğə qənaət etməyə imkan verir, çünki şirkət 100% olaraq dövlətə məxsusdur.

Müvafiq qərarın  bazara məqsədəuyğunluğu ilə bağlı bir sıra ekspertlərin şübhələrinə baxmayaraq, unutmaq olmaz ki, bu qərar dünya iqtisadiyyatında  qeyri-stabil və qeyri-ordinar vəziyyət fonunda qəbul olunur. Bu da hökumətlərdən adekvat reaksiya tələb edir. Ona görə də, Azərbaycan hökumətinin daxili iqtisadi maraqları qorumaq niyyətini kifayət qədər məntiqli və əsaslandırılmış hesab etmək olar.

Qeyd etmək lazımdır ki, gözlənilən kreditin "əsas hissəsi" Heydər Əliyev adına neft-emalı zavodunun modernləşdirilməsinə yönələcək. Bu da 2018-ci ilin sonuna qədər orada Avro-5 səviyyəsində yüksəkkeyfiyyətli benzin və dizel yanacağı istehsal etməyə imkan verəcək. Bu isə öz növbəsində, yüksək keyfiyyətli benzinə olan daxili tələbatı ödəməyə və onun idxalından imtina etməyə imkan yaradacaq. Ola bilsin ki, Azərbaycan hökuməti ölkənin valyuta ehtiyatlarından istifadəsi mümkün olan bir neçə layihə  tapacaq (məlumat üçün: ARDNF-in sərmayə portfeli 2015-ci ilin ilk yarımilliyində 35,7 mlrd. dollar, AMB-nin 2015-ci ilin avqustun 31-ə olan valyuta ehtiyatları isə 7,3 mlrd. dollar təşkil edib). Təbii ki, söhbət səhmləri  100% dövlətə məxsus olan müəssisələrdən gedir. Xüsusi ilə, SOCAR-dan başqa bu siyahıya "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" SC və s. daxil etmək olar. Çünki dünya bazarlarında çətin şərtlər fonunda Azərbaycan nefti sayəsində yığılan maliyyə resursları, ilk növbədə, ölkə iqtisadiyyatına işləməlidir. Azərbaycan iqtisadiyyatı ucuz borc vəsaitlərinə, ARDNF və AMB-nin strateji valyuta ehtiyatlarının əsas hissəsi yerləşdirilən qiymətli kağızlara  inkişaf etmiş ölkələrindən  daha çox ehtiyac duyur. Cari vəziyyətdə isə illik 1% səviyyəsində yerləşdirilən Azərbaycan vəsaitləri elə Azərbaycan şirkətlərinə ən azı illik 7%-lə verilir. Nə üçün dünya bazarlarında bu qədər qeyri-sabit vəziyyətdə  xarici banklara və maliyyə strukturlarına əlavə gəlir verilməlidir ki? Azərbaycan hakimiyyəti tərəfindən yerli şirkətlərin ucuz borc vəsaitlərinə olan ehtiyaclarının ödənilməsinə yönələn yeni iqtisadi siyasətin həyata keçirilməsi -  dünya bazarlarının bu dərəcədə qeyri-sabit dövründə milli iqtisadiyyatın dayanıqlı və sabit  inkişafının zəmanətidir.


MƏSLƏHƏT GÖR:

547