Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Yaxın Şərq və Şimali Afrikadan olan qaçqın axını qarşısında mühacirlərin yolundakı sonuncu bastion - Polşa da "ağ bayraq" qaldırıb. Aİ-nin qaçqınları qəbul etməkdən qəti şəkildə imtina edən yeganə ölkəsi, istəməsə də, yüzlərlə ərəbə, tuareqə, əfqana və digərlərinə qucaq açmaq məcburiyyətində qalıb. Aİ üzvləri isə hələlik əsas sualın cavabını tapa bilmirlər: miqrasiya axınının qarşısını necə almaq olar?
Bu günlərdə Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri 120 min qaçqının ittifaq ərazisinə paylaşdırılması ilə bağlı qərarı səs çoxluğu ilə qəbul ediblər. Qərarın yaxın 2 ildə qüvvəyə minməsi gözlənilir. Çexiya, Slovakiya, Rumıniya və Macarıstan qərarın əleyhinə çıxıb, Finlandiya isə bitərəf qalıb.
Slovakiyanın baş naziri Robert Fiso miqrantların bölüşdürülməsilə bağlı kvotanı qəbul etməkdən imtina edib. O, Aİ-nin bu addımını "göstəriş" kimi qiymətləndirib. "Mən çoxluğun bu diktatına əməl etməkdənsə, Slovakiyaya qarşı cinayət işinin qaldırılmasına (Aİ tərəfindən) razılaşaram", - deyə Fiso qeyd edib. O, Avropa İttifaqı Şurasındakı çoxluğu rasional arqumentlərə etinasız yanaşmaqda günahlandırıb. Baş nazir hesab edir ki, konsensusun əldə edilməməsinin səbəbi də budur.
Fransa prezidenti Fransua Olland isə buna cavabında miqrantların kvota sistemilə bölüşdürülməsinə qarşı çıxan ölkələri sanksiyalarla hədələyib. O, Qərbi Avropanın keçmişdə vaxtilə sovet düşərgəsinə aid olmuş dövlətlərə böyük dəstək göstərdiyini xatırladıb. "Lap onların bəziləri planı dəstəkləməyiblər. Qərar səs çoxluğu ilə qəbul olunub və demək, planın əleyhinə səs verənlər də qaçqınları qəbul edəcəklər", - deyə Olland qeyd edib.
Azərbaycan olaraq, biz söhbətin həmvətənlərimizdən getmədiyi halda belə, qaçqın probleminin nə qədər ağrılı məsələ olduğunu bilirik. Etno-dini fərqi olan qaçqınlarla bağlı durum isə daha ağır olur.
Beləliklə, Avropada nə baş verir? Sivilizasiyanın sonunun başlanğıcı, yoxsa növbəti sosial böhran? Tanınmış polşalı politoloq və publisist Lukaş Yasina "R+"a müsahibəsində bu və digər suallara cavab verib.
- Avropa qaçqın axını qarşısında aciz qalıb. Onlara praktiki olaraq, Almaniyayadək "yaşıl dəhliz" ayrılıb. Bu axının qarşısını alacaq effektiv vasitə varmı? Bu miqyasda miqrasiya Aİ daxilində sistem dəyişikliklərinə səbəb olmayacaq ki?
- Problem ondadır ki, qaçqın axınına Avropanın əsas institutları tərəfindən nəzarətin olub-olmadığı Qərbi, Şərqi və ya Cənubi Avropada heç kəsə bəlli deyil. Söhbət Avropa İttifaqından, Avropa Komissiyasından və digər strukturlardan gedir. Mərkəzi və Şərqi Avropa ölkələri Macarıstanda, Sloveniyada, Slovakiyada, Xorvatiyada və digər dövlətlərdə baş verənləri gördükdə miqrasiya böhranın olmadığını, "qaçqınların yerləşdirilməsilə bağlı cüzi çətinliklərin olduğunu" iddia edən ümumavropa institutlarına inamlarını itirirlər. Görünür, ümumavropa strukturları hazırda Avropada görünməmiş miqrasiya böhranının yaşanmaqda olduğunu dərk etmir.
- Bəs, baş verənlər dərk olunmursa, vəziyyət gözlənilməz fəsadlar verə bilər, axı. Deyilənə görə, milyonlarla əhalisi olan Nigeriyadan, Çaddan, müharibənin getdiyi Yəməndən də insanlar Avropaya axışmağa hazırlaşır...
- Artıq 6 milyon potensial miqrantdan danışırlar. Söhbət, ilk növbədə, Şimali Afrikanın ərəb ölkələrindən - Əlcəzairdən, Mərakeşdən və digərlərindən gedir. Avropadakı müasir sistem buna nə siyasi, nə iqtisadi baxımdan hazırdır. Bu, ukraynalıların dediyi kimi, "böyük xaos" olacaq.
Hazırda ən ciddi problem qaçqın axını yox, Avropanın Almaniya və Şərqi Avropa ölkələri kimi, ən iri dövlətləri arasında münaqişənin yaşanmasıdır: onlar qaçqınların qəbulu, maliyyələşdirilməsi məsələlərində razılığa gələ bilmirlər. Qaçqınları Şərqi və Mərkəzi Avropa ölkələri - Macarıstan, Polşa, Çexiya maraqlandırmasa da, Almaniya, Böyük Britaniya və digər Qərbi Avropa dövlətləri miqrantların qəbulu ilə bağlı yükün, məsuliyyətin bir hissəsini şərqli qonşularının üzərinə qoymağa çalışırlar. Polşa da qaçqınları qəbul etməyə razılıq verib. Lakin müxalifət partiyaları, ən başlıcası isə Polşa ictimaiyyəti bu qərara qəti etiraz edir. Hökumət seçkiyə 1 ay qalmış ictimaiyyət arasında populyar olmayan qərar qəbul etməklə, özünə ciddi problemlər yaradır.
- Almanlar qaçqınları gül-çiçəklə qarşılayıb. Bəs, polyaklar onlardan niyə bu qədər qorxurlar?
- Polşa sabitlik istəyir. Bir çox polyak Avropada yaşayır və onlar Qərbi Avropada mövcud olan dini fundamentalizmlə, ekstremizmlə tanışdırlar. Odur ki, polşalılar miqrant axınından ehtiyatlanırlar. Polşa və Macarıstan kimi ölkələrin əhalisi onların ölkələrində də Fransa və ya Böyük Britaniyada olduğu kimi, gettonun yaranacağından qorxur. Onlar terror aktlarından, sosial düşərgəni dağıtmaqla əldə etdiyi nailiyyətləri itirəcəklərindən qorxurlar.
- Qaçqınlarla birlikdə İD, "Əl-Qaidə", "Taliban" və digər təşkilatlara aid terrorçuların da Avropaya axışması mümkündürmü?
- Müharibələrdən, məhrumiyyətlərdən qaçan yüz minlərlə qaçqının içərisində Avropaya "İslam dövləti" və "Taliban" kimi qruplaşmaların terrorçularının da üz tutması mümkündür. Lakin birincisi, biz Avropanın xüsusi xidmət orqanlarının terrorçuluqla mübarizə təcrübəsinə çox ümidliyik. İkincisi, ABŞ və Avropada indiyədək törədilmiş terror aktlarından görünür ki, terror təhlükəsi ölkəyə yeni gəlmiş miqrantlardan yox, dini radikalların ikinci nəslindən, Avropada doğulmuş və böyümüş ərəblərdən, pakistanlılardan, əfqanlardan gözlənilir.
- Paris, London ətrafındakı "şərq məhəllələri"ndən görünür ki, Yaxın Şərq və Asiyadan gələrək orada yaşayan insanlar yaşadıqları ölkənin ictimaiyyətinə inteqrasiya etməyə meyilli deyillər. Miqrantlar arasında doğum sayı artır, ərəb, pakistanlı, türk icmaları isə qapalı olaraq qalır. Bu, Avropada ksenofobiyanın, sağçı qüvvələrin mövqeyinin güclənməsinə səbəb olmayacaq ki?
- Tam təbii olaraq, sağçı qüvvələrin mövqelərini gücləndirəcəklərini gözləmək olar. Kütləvi miqrasiya dalğası fonunda Fransada 2 il sonra keçiriləcək seçkidə "Milli Cəbhə"nin lideri Mari Le Penin uğur qazanması tamamilə gözləniləndir. Almaniyada, Çexiya və Macarıstan kimi Mərkəzi Avropa ölkələrində də sağçıların populyarlığı artacaq.
- Bəzi Qərb siyasətçiləri miqrasiya böhranının ABŞ-ın xarici siyasətinin (İraqda, Əfqanıstanda hərbi əməliyyatlar, Suriya müxalifətinin dəstəklənməsi) nəticəsi olduğunu düşünürlər. Həmin dairələr yaşananlarda müəyyən mənada amerikalıları günahlandırırlar...
- Bu, yalnız ABŞ-ın yox, həm də Avropa ölkələrinin günahıdır. Fransa Liviyaya qarşı hərbi kampaniyada, Suriya müxalifətinin dəstəklənməsində fəal rol oynayıb. Polşa İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda ABŞ-a dəstək verib. Problem ondadır ki, ABŞ artıq Avropa İttifaqını dəstəkləməkdə maraqlı deyil. Barak Obama Avropanın problemlərindən uzaq durmaq xətti seçib. Ukrayna böhranının həllində ABŞ-ın iştirak etməməsi də bunu göstərir. Obama Rusiya ilə münasibətləri korlamaq istəmir. Baş verənlərə görə bütün məsuliyyət Avropanın çiyninə düşür. Bu, Avropa-Amerika münasibətlərindəki problemdir.
- Bəziləri elə düşünür ki, Avropada doğum sayının azalmaqda olması, pensiyaçıların artması nəzərə alınarsa, Avropa ölkələri miqrasiyadan yalnız qazanacaqlar. 2030-cu ildə Qərbi Avropa ölkələrində əsas işçi qüvvəsini miqrantların təşkil edəcəyi də deyilir.
- Demoqrafiya problemi ilə yaşamaq və işləmək imkanları fərqli məsələlərdir. İqtisadi böhrandan sonra Avropada miqrantlara yalnız bəzi Qərb dövlətləri iş təklif etmək iqtidarındadır. Şərqi Avropa ölkələrinə, məsələn, Polşaya gəlincə, 3-4 milyon polyak qazanc ardınca başqa ölkələrə üz tutublar. Miqrantların demoqrafik problemləri müəyyən qədər həll etmələri mümkündür. Lakin əksər ölkələr miqrantlara mənzil, pul vermək, Yaxın Şərqdə olduğundan daha yaxşı həyat yaratmaq imkanına malik deyil.
İqtisadi inkişaf perspektivi baxımdan isə miqrasiya yalnız Almaniya üçün müsbət məqamdır. Qalan ölkələr üçün onun yalnız mənfi tərəfləri var.
- Qaçqınlar sanki Avropaya təşkilatlanmış, koordinasiya edilmiş şəkildə axışmağa başlayıblar. Burada söhbət Avropanın görünməmiş miqrant dalğası ilə üz-üzə qoyulması ilə bağlı layihədən gedə bilərmi?
- Belə layihənin mövcud olduğu, qaçqınlara Avropaya axışmaq göstərişinin verildiyi ideyası sağçı qüvvələr arasında çox populyardır. Fərziyyə olaraq, bu layihəni Fars körfəzinin monarxiyaları həyata keçirə bilər. Lakin hələlik miqrant böhranının kimlər tərəfindənsə idarə olunduğunu təsdiqləyən tutarlı dəlillər yoxdur.
- Aİ-nin bəzi ölkələri artıq öz daxili sərhədləri çərçivəsində azad hərəkətə məhdudiyyətlər qoyur. Macarıstan isə ümumiyyətlə, sərhədlərinə hasar çəkməyi düşünür. Bu, Şengen razılaşmasının ləğvilə nəticələnə bilərmi?
- Macarıstan Serbiya, Rumıniya, Xorvatiya, hətta bəlkə də Avstriya ilə sərhəddə "Berlin divarları"na bənzər divar tikmək fikrindədir. Bizim üçün ən məyusedici olanı Almaniya kanslerinin ölkəsi ilə Avstriya arasında azad hərəkətin müvəqqəti dayandırılması qərarıdır. Aydındır ki, müvəqqəti qərar effekt verərsə, o, daimi qərara çevrilə bilər. Ümid edirik ki, Şengen razılaşması miqrasiya böhranına rəğmən, bərpa olunacaq. Azad hərəkət birləşmiş Avropanın əsas prinsipidir. Bu böhranın öhdəsindən gəlinməzsə, Avropa İttifaqının sonu çatacaq.
MƏSLƏHƏT GÖR: